"Ədəbiyyat qəzeti"nin "1 şeir/2 rakurs" layihəsində təhlilə cəlb olunan Aqşin Evrənin "Dünya yaşıl olanda" şeiridir.
Aqşin EVRƏN
Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik,
Başını çiynimə söykəmisən,
Qolumu şərf kimi dolamışam boynuna.
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub
Günəşə sarı tələsir.
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur,
Çətirimizin üstünə balaca mələklər yağır.
Ölü dəniz balıq doğur,
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava.
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə.
Bütün dinlərin surələri eynidir:
"Əxlaq"
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub "oyuncaq və əyləncə mərkəzləri".
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü.
Bütün əlifbalarda "X,O,Ş,B,Ə,X,T,L,İ,K"
kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm.
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.
Əsəd Cahangir
Poetik utopiya
"Dünya yaşıl olanda" şeri poetik utopiyadır. Azərbaycan poeziyasında üç utopik nümunə oxumuşam. Nizaminin "İskəndərnamə"sində xoşbəxtlər ölkəsinin təsviri, Abbasağa Azərtürkün "Nağıl" şeri və bir də Aqşin Evrənin bu şeri. Birincisi on ikincisi əsrin feodal hərc-mərcliyi içində yaşayan dahinin ümumbəşəri xoşbəxtlik arzularını ifadə edir; ikincisi, əsl insan səadətini saxta kommunist utopiyasına qarşı qoyan dissident ruhlu bir el şairinin qəzəbli ruhunun bədii əksidir; üçüncüsü iyirmi birinci əsrin milli və dini münaqişələri zəminində insan xoşbəxtliyini arayan bir gəncin utopik düşüncələrindən ibarətdir.
"Ölü dəniz balıq doğur/ Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava - bu, Aqşinin utopiyasının ekoloji yönüdür; "Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində /Ozon dəliyini örtürlər çərpələnglə - bu utopiyanın ekoloji yönünə müəyyən siyasi çalar qarışır; "Bütün dinlərin surələri eynidir - əxlaq! - bu dini utopiyadır; "Qocalar evində sükut, otaqlar boş /Uşaq evləri olub" oyuncaq və əyləncə mərkəzləri - bu gənc şairin sosial utopiyasıdır; Teatrlarda anşlaq...- bu mədəni utopiyadır; və nəhayət, Marksın kommunizmin dünyanın bütün ölkələrində eyni vaxtda baş tutacağına dair ideyasını təsdiqləyən qlobal anlaşma, ümumbşəri sülh, bunun nəticəsi kimi ümum bəşəri saədət məsələsi - Bütün dövlətlərin adı Yer kürəsidir / bütün bayraqlar göyərçin qanadı / bütün musiqilər körpə gülüşü/ Bütün əlifbalarda "X,O,Ş,B,Ə,X,T,L,İ,K" kimidir hərflərin düzülüşü.
Aqşinin fikrincə, fərdi xoşbəxtlik ümumbəşəri səadət içində mümkündür. Şeir göy qurşağında əyləşən iki sevgili gəncin romantik təsviri ilə başlayır: Göy qurşağından asılmış yelləncəkdəyik/Başını çiynimə söykəmisən/Qolumu şərf kimi dolamışam boynuna/Bizdən bir qədər aralıda/yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi. Və bütün planeti eşqin ucalığından seyr edən çağdaş aşiqin sevgilisinə müraciəti də tamamlanır: Nə müharibə var /nə göz yaşı, nə də qəm/Astaca pıçıldayıram sənə/Əzizim, dodağını gətir söz deyirəm. Şerin bu quruluşu onun alt qatından bütün şeir boyu ağır-ağır axıb gedən əsas fikrə aydınlıq gətirir: insanın səadəti təbiətlə harmoniya və bütün dünya ilə vəhdətdə mümkündür. Və buna aparan düşüncə sevgidən keçir.
Şerin tamam yeni, bəzən oxucunu riqqətə gətirəcək qədər gözlənilməz, orijinal bədii tərəfi onun ideya-məzmun tərəfini tamamlayır. Mətnin uğurunu təmin edən cəhətlərdən biri planetar, ümumbəşəri problemlərin uşaqcasına sadə, məsum yolla həlli cəhdidir. Bu şerə oxucunu həm güldürən, həm də mütəəssir edən bir səmimiyət gətirir və şeir alınır.
Şairin ən böyük uğuru isə gözlənilməz dərəcədə uğurlu final akkordunda üzə çıxır. Bu final mətnin ilk misrasından başlayan və misra-misra yüksələn uğurlu tapıntılara vurulan təsdiqedici möhürdür. Baxın - qulağını gətir yox, dodağını gətir, öpəcəm yox, söz deyəcəm. Əslində isə o söz deyilməyəcək, çünki sevgi sözün bitdiyi məqamdır. Elə bir məqam ki, orda aşiq məşuqa "sevirəm" demir, onu sadəcə sevir. Və elə bir məqam ki, şair sözü demir, sözü öpür. Füzulinin yonub-yonub cilaladığı, Ramiz Rövşənin tozunu aldığı sözü öpməkdən başqa Aqşinə nə qalır ki?
Nargis
18+
Poeziyanın liderlik etdiyi çağdaş Azərbaycan ədəbiyyatında Aqşin Evrən imzası son zamanlar diqqətləri üzərində toplamağı bacarıb. Sevgi yüklü şeirlərin məğzində dayanan sosial, bəşəri problemlərin bədii əksi, yenilikçi şairin maraqlı manevrləri oxucuların fərqlilik axtarışlarına dərman olub. Aqşin Evrənin "Dünya yaşıl olanda" şerində diqqət çəkilən məqamlara nəzər yetirdikdə görürük ki, dünyanı maraqlandıran, qlobal problemlər ələ alınıb. Qeyd edim ki, burada bədii sözün qüdrəti ilə rəsm edilən reallıqlar insanı ürkütmür. Qafiyələrdə yaradılan realizmin romantik ifadəsi insanı düşünməyə məcbur edir:
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə-
kimi misraları dərk etmək üçün fikrimcə, oxucuların elmi və intellektual biliyi orta səviyyədə olmalıdır. Şeir böyüklər üzərində himnvari təsir buraxır. Bu şeri yaxşı mənada 18+ adlandırmaq mümkündür.
Sosial problemlərin axıcı şəkildə qabardılması həqiqətən də bildiyimiz, bəlkə də hər gün eşidib dərk etmək istəmədiyimiz reallıqları elan edir və bizi papağımızı qarşımıza qoyub düşünməyə vadar edir. Dünya bizimdir, bunu qorumalıyıq, dünyamıza sahib çıxmalıyıq devizi altında romantik hisslər ekzotik bir ab-havaya bürüyür misraları.
Gündəlik həyatımız içində bir obyektin həqiqi formasını görmədən, onunla minlərlə dəfə qarşılaşırıq. Ancaq bizdən onun formasını və quruluşunu təsvir etməmiz istəndiyində çaşıb qalırıq. Şeir bu cür boşluqları doldurur. Dünya ilə insan arasındakı yadlaşmanı yox edərək, onları bir-birinə yaxınlaşdırır. Gündəlik həyatında həqiqətin daxili siması ilə müəyyən məsafədən əlaqədə olan insanlar, şeir yoluyla, həqiqətlə orqanik bir şəkildə əlaqəyə girirlər. Sənətin həqiqətlə əlaqəsinə əks etdirmə prinsipi baxımından digər ədəbiyyat sənətlərindən fərqli olaraq, şeir həqiqətlə birbaşa əlaqədədir.'
Bütün dinlərin surələri eynidir:
"Əxlaq"-deyən şairin kozmopolitanizm ideyasından çıxışı maraqlıdır. Etik və mədəni bir tutum olaraq kozmopolitanizm insanlığın birliyini, fərqliliklərin xoş görülməsini, bütün insanların eyni əxlaq birliyinin parçası olduğunu, fərdi şəxsiyyətin formalaşmasına fərqli mədəniyyətlərin mənbə olmasını və insanların birlikdə həyata meylini əhatə edir.
Şairin şerini yazdığı dövrdə hakim olan düşüncə sisteminə zehniyyət deyilir. Hər şair az çox zamanındakı zehni quruluşdan təsirlənir və bunu əsərlərində əks etdirir. Bu baxımdan şerin yazıldığı dövrdəki, mədəniyyətin, insanlar arasındakı əlaqələrin, ictimai və siyasi hadisələrin, inanc sisteminin, davam etdirilən həyat tərzinin, dövrün sənət zövqünün, ənənənin və s. şeir üzərində təsiri vardır. Bu səbəblə hər dövrün şeri öz içində bu kimi xüsusiyyətləri daşıyır. Çünki yazılan şeirlər dövründə hakim olan əxlaq və estetik dəyərlərlə eyni xəttdə yazılır, dövrün sənət zövqünə xitab edir. Yazılan şeirlərdəki dil və qrammatika qaydaları da dövründən izlər daşıyır.
Bu şeirdə də ictimai reallıqların qabardıldığı misralarda sənət cəmiyyət üçündür anlayışı yer alıb. Hər yaradıcı insan, şüurunu və yaradılışına səbəbiyyət verən çağına qarşı ictimai bir məsuliyyətə malikdir. Yaradıcı insan ictimai bərabərsizlikləri və istismarı görərək, öz şüurunda estetizm edir və bunu bədii bir yaradıcılıq formasında cəmiyyətə təqdim edir.
Qeyd edim ki, mən Aqşin Evrəni həmin bu haqqında danışdığımız şerindən sonra ciddiyə aldım. Yəni içimdə dedim ki, bu gənc istedadlıdır. Şeirdə qabardılan qlobal problemlər, faciə və reallıqlar şerin ilk və son misralarındakı romantikanı qətiyyən pozmayıb. Əksinə, bu misralarda düşünən insan, düşünən gənclik modeli ön plandadır. Bu isə bizim və ədəbiyyatın qazancıdır. Bəzən sosial mövzu və problemlər şerin təməlini zəiflədə də bilir, ancaq bu şeirdə bu cür neqativliklər nəzərə çarpmır.
Bir dəfə Aqşin Evrəndən "Dünya yaşıl olanda" şeirini hansı təəssüratlarla yazdığını soruşmuşdum. Gənc şair cavab vermişdi: "Soyuqdur. Məncə, o şeir haqqında çoxlu-çoxlu susmaq olar. O şeir də sırf gənclik vaxtlarımda yazılıb. Həqiqətən onda gözəl bir dünya görmək arzusunda idim, buna inanırdım. Həmin ərəfələr Somalidə aclıq məsələləri gündəmdə idi. Gözəl dünya görmək arzumuz var idi".
Bəşərilik ideyası ilə yazılan bu şeir, gənc şairin aşırı emosional hisslərinin elanı kimi son dərəcə əhəmiyyətlidir.
Aqşin Evrən də bu şeirdə dünyadakı problemləri romantik aura başlığı altında toplamaqla yanaşı, sanki dünyanı necə görmək istəyərdim? -sualını da cavablandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!