Hüseyn Cavid ilə bağlı bir qeyd - 24 noyabr 2019-cu il tarixli gündəlikdən - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

 

 

Artıq xeyli vaxtdır repressiya olunmuş şair və yazıçılarımızla bağlı materialları oxuyuram. Rafiq Həşimovla bərabər çəkdiyimiz "Sözün repressiyası" sənədli filmi üçün. Az əvvəl Hüseyn Cavidin dindirilmə protokollarını oxudum. Dəhşətdir. Cavidi düşünürəm. Əlbəttə, heç vaxt yazıla bilməyəcək şeylər var.

Kimdir Cavid?

Düşünürəm ki, elmi-texniki və mədəni inkişaf deyilən bir şey varsa və bu inkişaf "ümumdünya səciyyəsi" daşıyırsa, biz tarixi-siyasi, coğrafi reallığımız səbəbilə bu inkişaf prosesində heç vaxt ahəngdar şəkildə yürüyə bilməmişik. Çünki əziz xalqımız öz varlığını imperiya və böyük dövlətlərin əhatəsində, onların maraqlarının, qanlı çəkişmələrinin mərkəzi nöqtəsində sürdürüb; xüsusən son üz yüz illik tariximiz bu qənaətimi qətiləşdirir. Amma bu inkişafdan da faciəvi dərəcədə geri qalmışıq da yaza bilmirəm. Səbəbi çox adi və bir az da qəribədir.  Çünki xalqımız elə insanlar yetişdirib ki, məhz onların hesabına biz dünya xalqları və dövlətlərinin 200-250 illik bir dövrdə keçdiyi yolu 30-40 ilə, sanki bir az daha sıx şəkildə keçməli olmuşuq.

Axundovun, Zərdabinin, Cavidin, Üzeyir bəyin ömürləri, həyat və yaradıcılıqları bu qənaətimin ən doğru nümunələridir.

***

Şərq elləri irişilməz "xəyal" için yaşarkən,

Qərb aləmi az da olsa həqiqətdən xoşlanar.

Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən,

Onlar yeni bir silah kəşfini səadət sanar.

 

***

Kimdir Cavid? "Dünya ədəbi-mədəni prosesi"ndə böyük dövlətlərlə bizim aramızda olan böyük bir bərabərlik işarəsi. Ümumdünya səciyyəsi daşımalı olan prosesdəki xalqımızın bəxtinə yazılımış bir div ki, onun böyük, azman addımları və canatımları hesabına "geridəqalmışlığın" məsafəsi qısalıb, boşluqlar doldurulub. Hə, belədir. Bu necə olub? Hüseyn Cavid bunu necə edib?

Dindirilmə protokollarındakı bir məqam bu sualın ən doğru cavabıdır.

Müstəntiq deyir ki, filankəs, filankəs və filankəs sizi əksinqilabçı, burjua, millətçi, müsavatçı (və sair və sair və sair) hesab edir, dövlət əleyhinə iş aparmısınız.

Hüseyn Cavid bu deyilənlərin doğru olmadığını söyləyir.

Müstəntiq niyə həmin adamların belə söylədiklərini sual edir.

Hüseyn Cavid eləcə "bilmirəm" deyir: nə o adamları söyür, nə onları yalançı adlandırır, nə də başqa hər hansı xoşagəlməz ifadə işlədir. Eləcə "bilmirəm" və "doğru deyil" söyləyir. Bu, dəfələrlə təkrarlanır.

Düşünürəm, görəsən, aqibətini bilən, üzərinə şər atılan bir adam bu işi edənləri niyə təhqir etmir ki? Halbuki həmin adamları ən yumşaq formada olsa belə yalançı, böhtançı, nə bilim şərçi adlandıra bilərdi.

Çünki Hüseyn Cavid doğrudan bilmirdi: onun əleyhinə donos verənlərin niyə belə etdiyini, ümumiyyətlə, donos verib-vermədiklərini, yaxud bu baş veribsə, hansı şərtlərdə baş verdiyini bilmirdi, bilə bilməzdi.

Odur ki, o, ən xırda  "yalanı" belə özünə rəva görmür. Üstəgəl, bu dürüstlüyü ilə həmkarlarını da qoruyur, öz alicənablığını saxlayırdı.

20 il keçəcək, Cavid əfəndi və elə başqa böyük ədiblərimiz bəraət alacaq, o vaxt dindirilənlərin bir çoxu təkrar sorğu-sual ediləcək, bir çoxu öz ifadələrindən imtina edəcəkdilər; deyəcəkdilər ki, həmin ifadələri müstəntiqlər onların adından yazıblar. Biz indi hər şeyin həqiqətdə necə baş verdiyini bilmirik.

Amma Hüseyn Cavidin "bilmirəm" sözü bütün zamanlar üçün doğru və "alnıaçıq" cavab  idi. Onun böyük ruhundan, arınmış nəfsindən, dühasından, sevgisindən, imanından xəbər verirdi. Əlbəttə, xalqların və  millətlərin məhz Cavid kimi şəxsiyyətlərin hesabına öz tarixlərindəki boşluğu doldura bilməsi (bu haqda əvvəldə yazdım deyəsən) adi, sıravi məsələ deyil.

Hüseyn Cavid kimdir?

Fikirləşirəm ki, əgər Hüseyn Cavid adlı bir insan bu yer üzünə gəlməsəydi, "Maral", "Şeyda" pyesləri, "Ana", "Şeyx Sənan", "Uçurum" və "Afət" faciələri,  "Peyğəmbər" və "Topal Teymur" kimi bir-birindən dərin, fərqli, bəziləri dahiyanə olan bu əsərlər, yaxud "Bir ahi-məzlumanə", "İştə bir divanədən bir xatirə", "Hübuti-Adəm"  kimi poemalar yazılmasaydı və hardansa, necəsə müəllifini tanımadığım "Qız məktəbində" şeiri əlimə keçsəydi, mən həmin şeirin adını ömrün boyu oxuduğum, sevdiyim şeirlərin siyahısında, lap əvvəldə yazardım.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!