Əbədi səadət axtarışı, əbədi məyusluq - Hamlet sualları, Ərtoğrol Cavid şərhi - Mətanət VAHİD

Mətanət VAHİD

 

 

1937-ci il. Qanlı repressiyaların tüğyan etdiyi, haqqı deyən səslərin həmişəlik susdurulduğu vaxt 18 yaşlı Ərtoğrol Cavid "Olum, ya ölüm?.." dilemmasını çözə bilməyən Hamletin suallarına cavab arayırdı...

Hüseyn Cavidin yadigarı, bircə oğlu Ərtoğrol 24 illik ömrünə çoxşaxəli sənət axtarışlarını sığdıra bilmiş, bəstəkar, musiqi tədqiqatçısı, rəssam, şair, nasir, pedaqoq, filoloq kimi bir-birinə yaxın və uzaq sahələrdə fəaliyyət göstərmişdi. Ərtoğrolun rəngarəng və zəngin irsində onun "Hamlet" pyesi haqqındakı kurs işi xüsusi diqqətə layiqdir.

Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsi tələbəsi olduğu dövrdə (1936-1940) üstün zəkası, ictimai fəallığı, yüksək qiymətləri ilə seçilən Ərtoğrol həm də Azərbaycan Dövlət Konservatoriyası yanında Musiqi Elmi Tədqiqat Kabinetində elmi işçi kimi çalışır, atasının həbsindən sonra himayəsində qalan anası və bacısının maddi təminatına səy göstərirdi. Çətin günlər idi, istər maddi, istər mənəvi, psixoloji baxımdan. Bunlara rəğmən tələbə Ərtoğrol dərslərini də gözardı etmir, savad və çalışqanlığı ilə müəllimlərinin rəğbətini qazanmağı bacarırdı.

İdealist insanın faciəsi mühitlə münasibəti tənzimləyə bilməməsində, şərtlərlə barışmadan qəbul edə bilmədiyi riyakarlıq və xeyirlə pərdələnmiş şərə qarşı mübarizəyə gücü çatacağına kor-koranə inamındadır. Məşhur bir ifadədə deyildiyi kimi, 20 yaşında üsyankar olmayan ruhsuz, 40 yaşında üsyankar olan ağılsızdır. Ərtoğrol "Hamlet" əsəri haqqında referatı ruhunda üsyanın tüğyan etdiyi yaşlarda yazmışdı. Bu pyesin fonunda öz narahatlıq və təbəddülatlarını təhlil müstəvisinə gətirirdi: "Hamlet bir intiqamçı kimi çox geniş baxır. O, xüsusi qətl üçün deyil, cəmiyyətin qətlçiliyini ifşa üçün intiqamçıdır".

Həqiqətin gözünə dik baxaraq onu cəsarətlə təsvir edə bilən Şekspirin digər müsbət obrazları kimi, xudpəsəndlik və fərdiyyətçilikdən uzaq Hamlet də humanizm ideyası və azad insan idealını əks etdirə bilir. Əlbəttə, Hamletin faciəsi yalnız mühitlə barışıq halda yaşaya bilməməsindən deyil, həmçinin öz daxili ziddiyyətləri və ruhi-psixoloji halından qaynaqlanırdı. Faciə fəlsəfi təhlillərə ən çox açıq olan janrdır. Şekspirin həyatın, zamanın, mühitin bütün ziddiyyətlərini çılpaqlığı ilə əks etdirən faciəsi də tədqiqatçıdan hərtərəfli, panoramlı münasibət tələb edir. Ərtoğrol "Hamlet"i məhz bu cür, geniş rakursdan dəyərləndirir, təhlillərində birtərəfli mövqe sərgiləmir: Hamletin faciəsini ruhunda hiss edir, özündən daha artıq mühitinin obrazını incələyir, fəlakətə düçar olmuş dünya üçün onunla birlikdə üzülür, bədbinləşir. O, Şekspir qəhrəmanının ruhi-emosional vəziyyətini, artıb-azalan fəallığını izləyərkən psixoloji cəhətdən əsaslandırmaqla kifayətlənmir, həmçinin özündən əvvəlki ayrı-ayrı tədqiqatçıların və nəzəri məktəblərin qənaətləri ilə razılaşdığı və inkar etdiyi məqamları da vurğulayır.

Ərtoğrol "Hamlet" əsəri haqqındakı araşdırma yazısında Şekspir pyesinin qaynaqlarını araşdırır, özünəqədərki filosofların təlimi və bədii mətnlərin ideya-estetik məzmunu ilə qarşılaşdırır. 18 yaşlı gəncin pyeslə bağlı şərhləri, situasiya və qəhrəmanları antik yunan mifologiyası, Tomas Kidin, Esxilin, Volterin... əsərləri ilə müqayisədə təhlili bir tədqiqatçı üçün ən vacib xüsusiyyətlərdən biri olan analitik təfəkkürünün göstəricisidir. O həmçinin özündən öncəki fikirlərə alternativ münasibət yürütməkdən də çəkinmir. Məsələn, Don Kixotla Hamleti müqayisə edib üstünlüyü birinciyə verən Turgenev haqqında Ərtoğrol yazır: "Turgenevin başqa görüşü ola bilməzdi. O ölmüş feodal nümayəndəsi olmaqla öz həmsinfi Don Kixotu müdafiə etməli idi".

Referatın xeyli hissəsi Ərtoğrolun pyes haqqında oxuduqlarından (rus dilində) qeydlər şəklindədir: Gertsen, Tolstoy, Heyne, Brandes, Hüqo, Belinski, Veber, Altman və digərləri də olmaqla, 36 müəllifin əsər haqqında fikirlərinə istinadlar edir. Nəzərə alsaq ki, indiki kimi bir kliklə istədiyin məlumatın qarşına gələcəyi bir dönəm deyildi, bu gəncin atasının həbs olunduğu, ailənin mənəvi-psixoloji, maddi sıxıntılarla çarpışdığı bir zamanda dərslərdən sonra imkan tapıb Milli Kitabxanada saatlarla oxuyub öyrənməsi də əzmkarlıq nümunəsi idi.

Ərtoğrolun pyesdəki əsas hadisə və obrazlara münasibəti qısa və konkretdir, onları uzun-uzadı şərh etmir. Buna görə də daha çox qeydlər şəklində olan "Hamlet" faciəsi haqqındakı referat bir qədər də tamamlanmamış təsiri bağışlayır. Əsər barədə qənaətlər bizi heyrətləndirəcək dərəcədə fövqəladədirmi? Fikrimcə, deyil. Rəğbət doğuran məqam pyes haqqında ədəbiyyatımızda hələ geniş tədqiqatlar yazılmadığı bir dönəmdə 18 yaşlı gəncin belə ağıllı, əsaslandırılmış qənaətlərə gələ bilməsi, təhlilində doğru istiqamət götürməsi idi. Ərtoğrol Cavidin bütün əsərlərini toplayıb nəşr etdirən (2005) Azər Turan yazır ki: "Məncə, Azərbaycan ədəbiyyatşünaslığında, Cəfər Cəfərovun yazdıqları istisna olunarsa, "Hamlet kimdir?" sualı hələ bu günəcən Ərtoğrolun yanaşdığı miqyasda tədqiqata cəlb olunmayıb".

Hamletin monoloqlarını şərh edən Ərtoğrol daha çox məşhur "Olum, ya ölüm?.." sualının yer aldığı monoloq üzərində dayanır.

 

Yalnız budur, eylər bizi

            illərcə sürüklənməyə məcbur!

Kim yoxsa dözərdi

Dünyadakı bu zülmə, fəsada?

Həp müstəbidin kibrinə,

Həp güclülərin cəbrinə, təhqirinə,

Min dərdinə bir qaytarılıb çeynənən eşqin?

Hakimlərin azğınlıq, utanmazlığına,

Qanundakı gücsüzlüyə,

Ya doğruluğun bir yaramazlıq kimi təqdirinə

Kim, kim dayanardı?

 

Hamletin bu monoloqunda səsləndirdiyi həlledici "Olum, ya ölüm?.." sualı pyes boyu həyatın mənası haqqında düşüncələrini yönləndirir, qarşısını almaqda aciz olduğu riyakar mühitə qarşı passiv mübarizəsini şərtləndirir. "Not to be" (ölüm) aciz olmaq, göz yummaq, susmaq, barışmaq deməkkən "to be" (olum) mübarizə deməkdir. "Olum, ya ölüm?.." - taleyi əbədi məyusluqla nəticələnən əbədi səadət axtarışından ibarət olan Hamletin, həmçinin Ərtoğrolun dilemması idi. "Olum, ya ölüm... Budur məsələ!" - Ərtoğrol Cavid olumu seçdi, yolu ölümdən keçən...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!