Oktyabrın 8-də Krım körpüsü partladıldı. Ertəsi gün - oktyabrın 9-da "Drina körpüsü"nün müəllifi İvo Andriçin doğumunun 130-cu ildönümü tamam oldu...
Azər TURAN
Tanrı Drinanın sahilindəki bədbəxt qəsəbəni tərk etmişdi. Amma Drinanı "tərk etdisə bütün dünyanı, yeri, göyü tərk etmədi ya". Axı hələ dünyada Allaha sayqı duyan insanlar vardı.
"Drina körpüsü" mədəniyyətlərin, dinlərin çarpazlaşması, birləşməsi, ayrılması və çatışması barədə romandır. Ədəbiyyatın, ədəbiyyatın araçılığı ilə isə Molla İbrahimlə Rahib Nikolanın eyni vaxtda gördüyü yuxudur. İvo Andriçin 1961-ci ildə Nobel ödülü qazanmış romanı sivilizasiyaları, mədəniyyətləri, dinləri birləşdirən körpünün, az qala, 500 illik yuxusudur. Ədəbiyyatın hüsnünə yansımaqla onu (yəni ədəbiyyatı) bir az daha estetikləşdirən bu roman yaddaşın qırçınlarına qoşulub axan (yaxud həkk olunub qalmış) tarixin portretidir. Bu tarixdə fərqli etnik zümrələrin qaynayıb-qarışması da, ayrılması da, birinin digərinə qənim kəsilməsi də, sevgisi də, nifrəti də var. Sokullu Mehmet Paşa (Mehmet Sokoloviç) Drina körpüsünü yaddaşında yalnız xəfif bir sızıltı kimi qımıldanan ata yurdu Bosniyanı İstanbula (və Şərqə) birləşdirmək amacıyla inşa etdirdisə də, az sonra bu körpü dünyanın mədəniyyətlərarası bağlantı xətlərindən birinə döndü. Qan və qırğınları çox gec səngisə də, mədəni vəsfinə görə xeyli cazibədar olan Balkan modelinin əsas ilham qaynağı oldu. Şərqlə Qərbi birləşdirdi. Birləşdirdi, amma Osmanlının çöküşü ilə Qərblə Şərqi bir-birinə bağlamaq missiyasını əldən verdi. Qitələrin və mədəniyyətlərin deyil, daralıb, daralıb Vişeqrad boyda qalmış balaca dünyanın - bir şəhərin iki səmtinin yoluna və zəif bəndinə çevrildi. "Drina körpüsü" körpünün sağ sahilindəki müsəlmanlarla, sol sahilində sakin xristianların daş yuxusudur. Bu daş yuxunun metafizik hörgüsündə "İncil" və "Quran", Sırat körpüsü və Ponti Pilat, mifoloji sehrində xristian uydurması - körpünün qurulmasını istəməyən su pəriləri, məchul bir kimsənədən hamilə qalan dəli İlinkanın ölü doğduğu əkizlər, yenə də güya körpünün təməlinə qoyulmuş Stoya və Ostoya adlı əkiz körpələr, qaranlıq otaqda - qara dəlikdə yaşadığına inandıqları Ərəb, "çox qədim zamanlarda küffarın buralara girməsinə əngəl olmaq üçün şəhid düşmüş" və indi də çayın "o biri sahilində, körpünün üst tərəfindəki məzarında" dincələn, amma bir gün yenidən diriləcəyinə və körpüyə yaxınlaşmağa cəsarət edən düşmənin yolunu kəsəcəyinə etiqad etdikləri Şeyx Turxan...
Üstəlik, dünyanın ilk körpüsü barədə təsəvvürlər. Əli Xocanın atasından, onun da Şeyx Dədədən eşitdiyi əfsanə: Qadiri-mütləq dünyanı yaratdığı zaman Şeytan Allahın adəmoğluna bu bəxşişinə qısqanmış, hələ yer üzü sərtləşməmiş və xəmir kimi yumşaqkən Allahın torpaqlarını uzun dırnaqlarıyla mümkün olduğu qədər dərin qazımağa başlamış. İnsanlarla ölkələri bir-birindən ayıran uçurumlar, irmaqlar beləcə meydana gəlmiş və Allahın Adəmoğluna bir bağça kimi hədiyyə etdiyi dünyada onların bir yerdən başqa yerə getmələrini imkansız bir hala gətirmişdir. Allah bu məlunun etdiyi işləri görüncə qəzəblənmiş, insanlara yardım etmələri və hər şeyi asanlaşdırmaları üçün mələklərini yollamış. Mələklər zavallı insanların bu dərinlikləri və uçurumları aşa bilmədiklərini, işlərini görə bilmədiklərini, bir sahildən o biri sahilə səslənərək boş yerə vaxt itirdiklərini görüncə, bu yerlərin üstünə qanadlarını gərmişlər, insanlar da bir yandan o biri yana mələklərin qanadı üstündə asanca keçə bilmişlər. Adəmoğlu da körpünün necə qurulduğunu mələklərdən öyrənmiş... Odur ki, Sokullu Mehmet Paşanın gözəl əsərinin - Drina körpüsünün başında daima bir mələk keşik çəkir. Və cənabi-Haqq ona nə qədər ömür verdisə körpü də o qədər duruş gətirəcəkdir.
Yuqoslav yazıçısı İvo Andriç İkinci Dünya müharibəsi illərində qələmə aldığı bu romanda dünya birliyi modelini Drina körpüsünün və Şeyx Dədədən eşidilən bu hədisin timsalında ifadə edir. Bunu danışan Xoca Əli isə bir gün qulağından divara mismarlanacaq, əzab çəkəcək və rüsvay olacaqdı...
Vişeqradlı xristianlar hələ doğulduqları ilk günlərdə türklərin qurduğu körpüdən keçərək, müsəlman məhəlləsinə gətirilib vəftiz olunurlar - xaç suyuna salınırlar. Fəthin xatirəsi də, zülmün ağrısı da, diləyə yetişməyən sevgilər də "Drina körpüsü"ndə bir harmoniyanın qoynunda və qarğaşaya yer vermədən yan-yana və iç-içədirlər. Müharibənin də, düşmənliyin də, xristian təəssübkeşi kinli Radisavın payaya keçirilməsi də, onu əvvəlcə qızmar zincirlə döydürüb, sonra da payaya keçirilməsinə əmr verən daşürəkli memar Abid Ağanın zalımlığı (və mərhəməti də), sevmədiyi Nail bəyə gəlin gedərkən özünü Drina çayına atan Fatonun ölümünün təsviri də ədəbiyyat dilindədir, estetdir. Andriç bu estetizmi dinlərüstü bir yazıçı tavrı sərgiləməklə gerçəkləşdirib, yalançı milli təəssübkeşliyi qələminə yaxın buraxmayıb, romanını bir xristianın, yaxud bir müsəlmanın, bir slavyanın, yaxud bir türkün dilindən anlatmayıb. Andriç insanı yazıb. İnsanın taleyini, insanın sarsıntısını, insanın suçunu, insanın aldanışını, insanın qəzəbini və sevgisini yazıb...
Drina körpüsündə əsgəri növbə çəkən Fedunu işvəsiylə yoldan çıxaran "müsəlman qızı" əslində, Fedunun fəlakətinə yol açan Yelenkadır. Yelenkanın "qoca nənəsi" əslində Yelenkanın çarşaba bürünmüş sevgilisi haydut (qaçaq) Yakovdur. Bu epizod özünün kədər dolu anlamında, mühtəvasında misilsiz bir eşq dastanının ilməsidir. Fedun belə bir qorxulu, həm də məsum oyunun qurbanı olur. İntihar edir. Amma intihar edən adamı xristian məzarlığında dəfn etmək olarmı? Olmaz, olmayacaq təbii. Fedun məzarlıqda deyil, gözdən uzaq bir yerdə, bir hasarın dibində basdırılmalıdır. Son söz Rahib Nikolanındır. Rahib Nikola Uniat məzhəbinə bağlı birinin günahını əfv edə bilərmi? Bu da fanatik bir dartışmaya səbəb olacaq. Rahib Nikola isə qərarını üzərinə türk səccadəsi sərilmiş kürsünün üstündə verəcək: "Kim ağlı başındaykən həyatına qıya bilər? Kim onu bir dinsiz kimi, heç bir rahibin yardımı olmadan bir divarın dibinə basdırmaq sorumluluğunu üstünə ala bilər?.. Göməlim. Həm də məzarlığa... Başqa bir yerə deyil! Günahlarını mən əfv edəcəyəm... Həyatında bədbəxt olması yetmirmi ki?.. Yuxarıda hamımızın günahlarının hesabını soracaq olan, varsın, onun da günahlarının hesabını sorsun".
Yazarın pozisyonu nəinki millətlərüstü, görüldüyü kimi, hətta dinlərüstü bir miqyas alıb. Rahib Nikola təmsil etdiyi dinin bağnazı, fanatı kimi deyil, sadəcə, insan olaraq düşünür və qərar çıxarır. İvo Andriç yaratdığı obrazın mənəvi və psixoloji yapısına, özülünə humanizm daşları düzür. Həm də, yuxarıda dediyim kimi, yazıçının önə çəkdiyi milli məsələ deyil, insani məsələdir. Sevən də insandır, xəyanət edən də insandır. Ölən də, öldürən də insandır. Ya Əli olsun, ya da Corc. Oxunan türkü ya serb türküsü olsun, ya da Bosniya müsəlmanlarının türküsü. Səslər, ifalar və hətta sözlər də eynidir.
Modern axınların güclü dalğası ən sonunda yola, yol isə böyüyüb-böyüyb qaranlığa dönüşür. Xoca Əlini öldürən də elə yolun (daralması deyil) qaralması, qaralan yolun genişlənməsi olur. Dairə belə qapanır. Böyük bir qaranlıq və Xoca Əlinin ölümü. Siyasi qaranlıq, insanlığın çöküşü Drina körpüsünün qutsallığını sozaldır və onu heçə endirir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!