Cavanşir YUSİFLİ
Mirmehdi Ağaoğlunun "uzun" hekayəsinin ("İşıq") ana mətləbi işıq metaforası vasitəsilə məmləkətin bir guşəsində insanların hansı gündə yaşaması, hansı qayğılardan bezib dərd içində itib-batmasını göstərir və bu bədii mətnin müxtəlif seqmentlərində yenə də işıq selini parçalayan ağ-qara bənzətmələrin köməyi ilə əyaniləşir. İşıq metaforası mətnə necə gəlir və sonda necə çilik-çilik olur? Bunu bilmək üçün mətnin özünü də bölmək, hissələrə ayırmaq, sonra fikrində birləşdirməlisən, bunu etmək istədikdə eyni şeylər sənin də başına gəlir, çünki işığın öləziməyindən qaçıb-qurtulmaq mümkün deyildir. Bu üsulla biz həm də, hekayədəki qüsurları necə gəldi göstərmədən müəllifin yazı metodunun nədən ibarət olduğunu açıqlamağa çalışacağıq. Hekayənin ekspozisiya hissəsi bədii mətnin sonuna çatdıqda daha aydın şəkildə anlaşılır, yəni giriş adlandıra biləcəyimiz hissələrdəki bəzi nüanslar hekayəni mütaliə etdikdən sonra dəqiq mənalar qazanır, ekspozisiyadakı "mürəkkəblik", "çətin oxunma" prosesinin səbəbi məhz budur.
Diqqət edin: "Qapı sürgüsünün onunla əylənirmiş kimi çölə çıxmış nazik, uzun dilindən yapışıb bir az hirs, bir az da acıqla dörd-beş dəfə yuxarı-aşağı yellətdi. Tanış yorğun səs rəngi avazımış paslı, dəmir qapının bağrından qopub, pilləkəndən diyirlənən girdə daş kimi ağır-ağır ətrafa yayıldı. Dil dediyi qapının içində yerləşən siyirmə dəmir çubuğun hər iki tərəfə uzanan qanadlarıydı. Bu dəmir qanadlar ilə qapını içəridən də, çöldən də rahatca açmaq mümkündü, azcana geri itələnməyə bənd idi.
Gözlədi, gözlədi, səsin əks-sədası qulaqlarından tamam çəkildi, dili təkrar oynatdı. Yenə o tanış, yorğun səs... bayırda əsən əfəl payız küləyinə qoşulub dayça təki atıla-atıla dərhal uzaqlaşsa da, ümid vardı ki, içərinin payına düşəni də badminton topu kimi divarlarda əks-səda verə-verə axır kiməsə dəyəcək". Bəzən insan ən doğma, mərhəm bildiyi adama da deyə bilmədiyi şeyləri dilinin altında o qədər saxlayır, o dərəcədə içində var-gəl edir ki, hər şeyə - uşaqlıqdan üz-gözünün öyrəşdiyi əşyalara belə içindəki sıxıntının bərəlmiş gözləri ilə baxır və heç nə anlamır və anlada bilmir, personajın sıxıntısının gizləndiyi aləm qum saatı kimidi, damıb qurtarıb, tərsinə çevrilib. Personajın bu hissədəki bir-iki hərəkəti sonrakı pasajlarda yelpik qanadları kimi açılır, bəzən nələrəsə ilişib açılmamış qalır, ancaq növbəti fraqment həmin ilişən fraqmenti də əvəz edir. Mirmehdinin yazı üsulunun incələnməsinə bu nöqtədən başlamaq lazımdır. Adicə səsin, səs qırığının köhnə evin solmuş divarlarına badminton topu kimi dəyməsi (bu zaman çıxan səsi divarların yüzillik sükutu udur, "top" geri qayıtmır...), o səsin, sürgüdən çıxan səsin pilləkən boyu yuxarıdan aşağı diyirlənən girdə daşla müqayisəsi, uşaqlığının keçdiyi, kasıblığının, pulsuzluğunun rast gəldiyi qapını köhnə dost kimi mərhəmcəsinə bağrına basması... bütün bu ilkin detal və işarələr mətndəki semiotik mənzərəni hissə-hissə, ağ-qara rənglərin növbələşməsində, yanıb sönən işıq fonunda canlandırır, işıq dalğasının bəlkə də bir zərrəciyində üzləri basan qırışların dərinliyi görünür (mətndə anasının güləndə qırışlarının təsvirinə diqqət edin-!), o dərinlikdən bu yana yol yoxdur, o dərinlik həmin işıq dalğasının təsiri ilə atasının dükanın qabağında əfəl payız küləyi kimi dayanması, var-gəl etməsi... bütün təsvir elementləri ilə birləşib ekspozisiya hissəsində yaradılan mənzərəni mikroskop altına gətirir. Bədii mətndə belə bir xüsusiyyət - hər şeyin ləng, ancaq qəliz, çoxmərtəbəli müqayisə və metaforalardan istifadə edilərək göstərilməsi onların hansı məqamdasa gün işığına çıxacağı anlamını bədii vurğu altına salır, bir məqamda bu işarələr bir müstəvi üzərində çulğaşıb müəllifin demək istədiklərini danacaq, ortaya daha geniş, bütöv mənzərə qoyacaqlar, bu zaman hekayənin əvvəlindəki səs parçalanması (bədii mətnlərdə səs problem-!) mətnin alt qatındakı, müxtəlif yaruslarındakı hecaları bir araya gətirib bağıracaq, küydən qulaq tutulacaq.
Hekayədə metaforaların bir-birini nəfəs dərmədən izləməsi bədii mətndə assosiativ effekt yaradır, hekayə mətninə işıq metaforasının gəlişini də məhz bu assosiativ keyfiyyət yaradır: "İçəridən hay verən olmayınca sürgünün dilini geri itələyib qapını köhnə dost kimi sinəsinə sıxdı. İçəri onunla birlikdə bir parça işıq da ayaq basdı. Qapı xəstə qocalara xas cırıltılı səsi ilə "məni ört" deyə yalvarsa da, örtmədi, gözlədi, gözləri qaranlığa alışanadək o bir parça işığı da içəridə girov saxladı". Mirmehdinin yazı metodunda əsas məsələlərdən biri də budur: qəsdən assosiativliyə geniş yer vermək, real mənzərədən qaçaraq onu yaratmaq, cizgilər ilk versiyada ixtiyari və nahavmar olsa da bu, müəllif ideyasının və metodunun diktəsidir: hər şey bir az yayğın və nahamvar olmalıdır ki, üzərində işləyəndə çatışmayan yox, məhz artıq şeylər - detal və işarələr bəllənsin. Bilinir də. Yuxarıdakı mənzərədə (verilən sitatda) bir parka işıq yarı örtülü qapı ağzında girov saxlanılır, bu detal işarədir - təhkiyə irəlilədikcə buradan şüalanan zərrəciklər mətləbin daha geniş kontekst tələb etdiyini bildirir. Allahın işığı sən qapını açan kimi qapı ağzında saxlanılır, işıq təbiətin hamıya eyni dərəcədə pay verdiyi əvəzsiz səxavətdir, amma adam olmasaydı da, bu qapıdan keçə bilmir, həmişə nələrəsə ilişib qalır. Burdansa (assosiativliyin gücünə-!) dustaq, türmə metaforası rişələnir: "İçəridən hay verən olmayınca sürgünün dilini geri itələyib qapını köhnə dost kimi sinəsinə sıxdı. İçəri onunla birlikdə bir parça işıq da ayaq basdı. Qapı xəstə qocalara xas cırıltılı səsi ilə "məni ört" deyə yalvarsa da, örtmədi, gözlədi, gözləri qaranlığa alışanadək o bir parça işığı da içəridə girov saxladı. O bir parça işıq ürkək quşcığaz kimi çırpına-çırpına əvvəl dördgözün, sonra qabyuyanın, daha sonra soyuducunun, lap axırda stolun başına dolandı. Tula gözləri də o bir parça işığı qovaladı, qovaladı, anasının mətbəxdə olmadığını yəqinləşdirincə köhnə qapını rahat buraxdı ki, qapının o üzündə qalmış axşamüstünün yorğun aydınlığına qovuşaraq bir azdan şəhərdən aralaşıb dağların qoynunda yatmağa getməsi üçün işıq parçasını da azad eləsin. Mətbəxinsə balaca, tutqun şüşəli pəncərələrindən hələ də içəri oğrun-oğrun işıq lopaları boylanmaqdaydı; görünür, bayaqkı dustaq yoldaşlarını axtarırdılar".
Sonra gəlir əsas hissələr, onlar da fraqmentlər formasında, əvvəl anası, burda başqa bir detal var, anasının olması güman edilən otağın qapısı bünövrədən tərs qoyulub, buna görə qapı kip örtülmür, bəlkə anası orda çimir vurur, əlləri, ayaqları, ürəyi büsbütün yorğun düşən atası isə güc-bəla ilə kirayələdiyi dükanın qarşısında müştəri gözləyir, çölə qoyduğu malları içəri nə zillətlə yığıb şər qarışanda evə dönməlidir, oğulsa onu gözləməyə taqətsizdir, şübhələr əlindədir. Adi bir şey, çox adi, ən məhrəm, istədiyi an ağız aça bildiyi adamlara dərdini deyə bilmir. Əslində dərd də deyil, güzəran məsələsidir, dolanışıq qayğısıdır. Amma elə bir problem ki, insanı mənasızlaşdırır, əfəl külək kimi hara gəldi qovur.
Hekayədə təsvirlər, müəllif, yaxud təhkiyəçinin dedikləri sanki qaranlıqdan gəlir, elə bir yerdən ki, ümidlər yalnız boğulur, hərəkətlər isə, məsələn, anasının gəlişi işıq lopasıdır, parıltıdır, atasısa gəlib çıxmır, demək onun işi heç alınmır. Oğul da belə bilir. "Odey... Əyri qapının açıldığı tunel kimi uzunsov, alaqaranlıq otağın o biri başında parıltı göründü. Yağlı boya kimi əriyib itməkdə olan axşamçağının soyuq mavi işığının içində anasının rüku halındakı namaz qılana bənzəyən əyilmiş doğma siması dikəlib uzaqdanca ona səsləndi:
- Gəlmisən? Xoş gəlmisən!".
Bu aləmdə, bu mikro-dünyada qaranlıq səsin açdığı cığırla yox olur, işıq lopaları həmin cığırla gəlir, eymənə-eymənə, demək ümid azdı, ümidlər tükdən asılıdı, hekayədəki adi məişət detalları qlobal dərdləri çevrələyir, səsin açdığı cığırda ağrıyan, ancaq bunu sönük təbəssümlə pərdələyən adamların siluetləri ucalır, kimsə yıxılır - kölgə kimi, kimsə işıq dirəyi kimi birdən alışan naqillərin oduna tutaşır, yəni kimsə üçün çıxış yolu yoxdur... Hekayə əslində dərin kədər üstündə köklənib, kədər təhkiyənin alt qatında, danışa bilməyən dillərin altında qalıb inləyir...
Sonra personajın etdiyi hərəkətlər sanki həmin o nazikdən nazik, bəlkə də bu insanların ömründən keçib nazilmiş səs çığırının üzərində gerçəkləşir, hər şey o qədər təhlükəli, ən adi şeylərin içində elə bir faciəvi sonluq gizlənib ki, qəfildən bu adi insanların, intervü almağa gedən oğlanın, balasını yedizdirməkdən usanmayan ananın (...Anası söhbəti uzatmaq istəmədiyini göstərən əda ilə boynunu qucaqlayıb yanaqlarından öpdü, o dəqiqə də eyni əda ilə oğlundan aralaşıb qaz balonunun üstünə əyildi. O, bu tövrün səbəbinin soyuqluq deyil, istilik olduğunu dərhal anladı), dükanın qabağında avara qalan kişinin həyatı darmadağın olar, yəni kəpənək effekti...
Diqqət edilərsə ev həm çöldən, ona yaxınlaşdıqda, həm də içəridən təsvir edilir, həm də necə gəldi, əşyanın zahiri cizgilərini guya dəqiq cızan, amma mahiyyəti gizləyən metaforalar vasitəsilə, bu əşyaların düzüldüyü xaos çıxıb getməyi, yola düzəlməyi təkid edir.
Hekayədə balaca bir evdə, çox kiçik bir ailədə - ailə şaxələnməsində insanlar arası münasibətlər də o məkanın ənənələrinə uyğun verilir, ana oğulun "bibim necədi" sualına dərhal cavab vermir, işarə vurur ki, əvvəl atanı soruşmalısan. Qapının kandarından o yanda pişiklərin külmələrin əzilmiş baş sümüklərini necə çeynəmələri, daş tavada lığalığ dağ yağda qızaran, sevincək atılıb-düşən külmələr bütün səhnənin əzəmətini, həm də mənasızlığını nəzərə çarpdırır.
Ana oğulun xətrinə yalanı yalana calayır, ayaqyalın gəzir, uşağının yeyib doymasını gözləyir. Və yalan deyir. "...Bu yaşa çatmışdı, hər dəfə yalan danışanda kəlmələr gülləsi lülədə ilişib qalmış tüfəng kimi ağzında partlayırdı".
Hekayə məlum vəziyyəti, bir ailənin gündəlik vəziyyətini məhz gülləsi lülədə ilişib qalmış tüfəng timsalında göstərir. Mənzərə kədərlidir. Çox kədərli... Otaqlarda, mətbəxdə, dəhlizdə sırayla işıqların sönməsi kimi... Bu isə ümidsizliyə fondur. Dünyanın sonu kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!