Hekayə diskurs kimi: Mirmehdi Ağaoğlunun “İşıq” hekayəsi - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Son zamanlar nəsrimizdə qəhrəmanın daxili vəziyyətini, ünsiyyət çətinliyini, tənhalığını, yorğunluğunu önə çəkən və oxucunu obrazı idarə edən duyğulara, fikirlərə yönəldən hekayələr daha çox yazılmaqdadır və bu, çox yaxşı haldır. Mirmehdi Ağaoğlunun “İşıq” hekayəsi də emosiyaları obrazın daxili qatında yaşanan, soyuqqanlı təhkiyə ilə yazılmış mətndir. Burada  minimal həddə endirilmiş əhvalatın, təsvir informasiyasının içində güzəran çətinliyinin küncə sıxışdırdığı insanın əhvalatı, insan gerçəkləri nəql edilir.

Mirmehdi Ağaoğlu hekayədə modernist təhkiyə modelinə uyğun olaraq, qəhrəmanın daha çox daxili dünyasına, psixoloji təbəddülatlarına yönəlir. Zahiri təsvirləri arxa fona yerləşdirərək obrazın içdə yaşanan vəziyyətinə, ruhi durumuna fokuslanır. Obrazlar üzdə bir-biri ilə danışırlar. Amma oxucu anlayır ki, daha bir dil var gizlində - kədərli, yalqız, içinə tökülən göz yaşı kimi səssiz. Mirmehdi bu səsi vizuallaşdırır hekayədə.

“İşıq” hekayəsi vizual dərinliyi ilə diqqəti çəkir. Kiçik bir həyət evi, yarıqaranlıq evdə gündəlik həyatının ritmi ilə yaşayan ana, onun yanına borc pul istəmək niyyəti ilə gələn, fəqət bunu heç bir vəchlə dilə gətirə bilməyən oğul. Yazıçı qələminin obyektivi yalnız personajlara fokuslanmır, evin təfərrüatlı işlənən interyerindən tutmuş ən adi detaldakı təsvirlərə qədər vurğu salmaqla  kompozisiyanın bədii-estetik keyfiyyətini yüksəldir. Təhkiyədəki ləng temp, az dialoq, məişətdəki dar pəncərələr, fon kimi verilən ala-qaranlıq dəhliz və mətbəx, hətta mətbəxdəki əşyaların ekspressiv təsvirinə qədər hər şey qəhrəmanın içinin çöküş ovqatı, depressiv vəziyyəti ilə ifadə olunur.

Hekayənin ən mühüm məziyyəti Mirmehdi Ağaoğlunun insan hisslərinin dərinliyini obrazın yaşantısında stenoqrafik dəqiqliklə, həm də dilin bütün poetik imkanlarını işə salaraq izləməyə çalışmasıdır. Yazıçı bu dərinlikdəki insan çarəsizliyini, sosial problem içində çırpınan həyatları, maddi ehtiyacların ağır məngənəsində əzilən fərdlərin hisslərini səliqəli bir axarda yazmağa çalışır. Hətta müəllifin ara-sıra etdiyi müdaxilələri, obrazın ailəsi, atası ilə bağlı xəsisliklə vardığı ştrixlər, keçmişi, bu günü ilə bağlı beynində sayqışan xatirələr, yəni qəhrəmanın həyatı fonunda yaradılan müxtəlif şərhlər, dialoqlar belə bu hisslərin axarını pozmağa gücü yetmir. Yazıçı həyatın bu boz, darıxdırıcı prozası içində daha ağır olanın – psixoloji çırpıntının, ruhu təlatümün ifadəsini verməyə köklənir.

Belə bir inadkarlıq yazıçıya nə üçün lazımdır? Hisslərin hərəkətini izləməklə qəhrəmanın daxili aləmində yuva salmış problemin dəqiq ölçülərini göstərmək üçün. Oğul anasına ehtiyacını, ata evinə pul istəmək üçün gəldiyini deyə bilmir. Bunu hər dəfə dilinin ucundan qaytaran oğulun simasında yazıçı yalnız insanın sosial-psixoloji xarakterini predmetləşdirmir, həmçinin fərdin psixoloji məzmununa, iç dünyasına təmas etməyə imkan yaradır. Yazıçı təhkiyəsinin strukturuna səssizliyi, sükütü da əlavə edərək, onu üslub baxımından daha da zənginləşdirir.

Hekayədə gündəlik həyatın, məişət təsvirlərinin simvollarla, qüssəli poetik dillə ifadəsi yer alır. Yazıçı mənaların, sözlərin, hətta sükütün belə çoxqatlılığını poetik struktura çökdürə bilir. Məsələn, yazıçı evin sosial durumunun informativ təsvirini vermir, oxucu özü bunu bir neçə detaldan anlayır - özünün şəpşəplərini oğluna verib soyuq daşların üstündə ayaqyalın dayanan, dərmanları baha olduğuna görə qənaətlə qəbul edən ananın durumundan, bir lampanın növbə ilə işığı sönən üç ayrı məkana çıxarılıb taxılmasından və s.

Bunlar hələ məişətin təsvirlərindən görünənlərdir. Bir də görünməyən, təsvir edilməyən, yəni “gizlədilənlər” var mətndə və onlar əslində obrazların iç durumu haqqında daha mühüm informasiya daşıyıcısıdır: obrazların söhbət zamanı bir-birindən gizlətməyə çalışdıqları üzləri, pərtlikləri, səslərindəki qüssə, ürkəklik, yalan danışmaq əzabı. Bu mənada, hekayədəki işıq detalı, onun müxtəlif situasiyalara uyğun müxtəlif rakurslardan ön plana gətirilməsi, çəkilib qabarması, ilğım kimi görünüb yoxa çıxan  gizli və aşkar məqamları tutmaq üçün dəqiq düşünülüb və mətndəki ideyanın effektivliyinə xidmət edir.

Bütün mətn boyu obrazın emosiyası, həyəcanı  onun içində, səssizliyində, daxili intonasiyasında qərar tutur və yazıçı bir kiçik nüans ilə - hamamdan lampanı çıxardığı hissədə bu yaşantını, gərginliyi kulminasiya nöqtəsinə çatdıraraq oxucuya keçirə bilir: “Anasına deməyə dili gəlmədi, dili gəlmədi desin ki, ana, ay ana, hamama girib patrondan ehmalca yapışdı, bu dəfə lampanın içinin tökülməsindən qorxduğundan yox, qolu gücdən düşdüyündən belə edirdi, vallah, cibimdə bircə manatla qapınızdan girmişəm, şüşə kürədən yapışıb sola burdu, Bilgəhə müsahibə götürməyə getmişdim, ana, suyu süzülə-süzülə hamamdan çıxdı, yol uzaqdı, olan-qalan pulum da yola getdi, ay ana, bayaq anasının oturduğu stula çıxdı, ordan da stolun üstünə dırmaşdı, evdə də bir qəpiyim qalmayıb, ay ana, xarab lampanı açıb qaranlığa uzatdı, yolüstü burda düşdüm ki, sizi yoluxum, həm də, lampanı kəpənək formalı lüstrın partonuna bağladı, həm də varsa sizdən 5-10 manat əl borcu götürüm, ana, ay ana. Deyə bilmədi”.

Bu epizod əslində iki “gizlədilən” nüansın bir-biri ilə çulğaşma anıdır. Qəhrəmanın qəlbini didən sözün ağırlığı burada zilə qalxır və elə bu zildə də sönüb itir. Sanki qəhrəmanın daxilində qəfil partlama baş verir və bu partlayışın qalıqları yenə də onun öz içinə tökülür. Bundan yalnız oxucu xəbər tutur və qəhrəmanın situasiyasına dərindən sarsılır.  Və bu ona görə baş tutur ki, yazıçı oxucunu tədqicən bu ovqata hazırlayaraq onu mətnin atmosferinə sala bilmişdir. Həmçinin qurama və qeyri-reallıqdan qaçaraq süjet xəttinin inkişaf tərzinə uyğun dil materialını düzgün seçmiş, detal və təfərrüatların təbii vəhdətini təmin etmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!