Mübariz Məsimoğlu-60
İmzasını xeyli müddət əvvəl təsdiq etdirmiş, şeirləri ətrafında ab-hava qazandırmış, ədəbi şəxsiyyət kimi tam formalaşmış Mübariz Məsimoğlu bir an belə bədii yaradıcılığından qalmır. O, şairdir! Çılğın natiq təsiri bağışlayan Mübariz Məsimoğlu məclisdə hansı mətləbdən söz salsa, axırda nitqini mütləq şeirlə bitirir. Şeir damarında axan duru qanıdır, hiss və duyğularının rəsmidir və bütövlükdə bütün varlığıdır.
Şeir heçdən yaranmır, hər bir yaxşı təzə poeziya nümunəsinin, "kəşfin" mübhəm ilahi təyinatı var. Yaşıdlarından fərqli bu təyinat Məsimoğlunun yaradıcılığında qabarıqdır. Deməli, əsl şeir elə haqdan yaranır. Şeir yaza-yaza ona nifrətini ifadə edən qədim dünyanın ən nəhəng filosofu Platon əbəs demirdi: "Şeir - Allahın dilidir". Əgər həqiqətən Platon deyəndisə, o dili susdurmaqmı olar? Əlbəttə, yox.
Ən nəhayət, mənim şəxsi təsnifatıma və qənaətimə görə Mübariz Məsimoğlunun 60 illiyi ərəfəsində hazırladığı bu yeni poeziya toplusunun beş istiqamətdə təhlilini aparmaq olar. Bu səciyyəvi cəhətlər mövzu seçimi ilə bağlıdır. Əvvəla, Mübarizdə ictimai-siyasi hadisələrə özünəməxsus baxış var. Şairin məlum yöndə yazdığı şeirləri üçün yüksək pafos xarakterikdir. Ancaq pafos ritorik deyil, çox zaman mətnin məzmununa uyğundur. Müəllif fikrini ifadə edərkən qışqırmır, hay-küydən uzaqdır, qara-qışqırıqdan gendir.
İkinci əsas məqam Türkçülük, Turançılıq, Azərbaycançılıqdır. Bu tipli poeziya nümunələri böyük vətənpərvərliklə, yurdsevərliklə üzvi surətdə birləşir. Mən cəsarətlə deyərdim, bu qlobal mövzu Məsimoğlunun yaradıcılığından ana xətt kimi keçir. Məlumdur ki, okeanın uzaq o tayı, sivil qonşumuz Avropa, beş addımlığımızda Çin daim kölgəmizi qılınclayıb, onlar birmənalı surətdə şumeri, hun imperiyalarını, göy türkləri qəbul ediblər, lakin varislərinin adı çəkiləndə səksəniblər, qıcıqlanıblar, səhnədə yoxmuş kimi. Müasir Rusiya "xalqlar həbsxanasıdır" (Soljenitsın) , Çin hələ də 100 milyon uyğur türkünü millət saymır, "vəhşi, köçəri, çölçü tayfa" adlandırır. Tarixin indiki mərhələsində niyə də türk xalqlarının mənəvi birliyi olmasın, Turançılıq gerçəkləşməsin, dövlətçilik ortaya atılmasın? Mübarizin poeziyası bu ruhda böyük milli yük, tərbiyəvi əhəmiyyət daşıyır və yeni nəslin ideya baxımından silahlanmasında, oyanmasında mühüm rol oynayır.
Üçüncüsü, təbiətin və cəmiyyətin vəhdətinin poeziyası. İnsan və onun mürəkkəbdən mürəkkəb daxili dünyasına nüfuz etmək səyi, özünün bəsirət gözüylə qeyri-adi aləmin təbəllüatlarını görmək bacarığı. Təbiətsiz cəmiyyət, cəmiyyətsiz təbiət yoxdur. Adi ağacın da, daş-kəsəyin də, bulaq suyunun da, yağışın da, yarpağın da, quru tapdaq torpağın da yaranma səbəbi, bir az öncə izah etdiyimiz kimi təyinatı var. Məsələn: Kür çayı haqqında yüzlərlə şeir yazılıb. Müdrik Molla Pənah Vaqif deyirdi:
Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur!
Vaqifin işlətdiyi ifadələrə diqqət yetirək: Kür qırağı, seyrəngah, yaşılbaş sona. Şair əvvəl gözəlliyi vəsf edir, fotoqraf kimi şəklini çəkir, sonra nəyinsə çatışmazlığını, yoxluğunu bəhanə gətirir, ironik münasibətini qabardır və yaxud xələfi Səməd Vurğun söyləyəndə:
Kiçicik bir sudur Yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə könlümdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə
- artıq mənzərə canlanır. Kürün dünya xəritəsində yeri dərhal görünür, çayın səsini dinləyə-dinləyə şairin də qəlbində ümmanlar çağlayır. Çağdaş şeirimizin ən ünlü ismi Əli Kərimin "Kür, sənə bənzəyən nəğməm olaydı" etirafı, Kürü insanlaşdırır, çayı cilvələndirir, suyunu ləpələndirir. Məsimoğlunun kitabında bu cür xələf-sələf bağlılığı və qohumluğu böyük önəm kəsb edir və inanırsan ki, təbiətlə insanın birgə harmoniyası elə fövqəlgücün qüdrətinin təsiridir. Və Mübariz talantlı doğulduğu üçün vergilidir, Allahın xoşbəxt bəndəsidir.
Dördüncüsü, müəllifin məhəbbət lirikasıdır. Səmimilik, dürüstlük, etiraf Mübariz Məsimoğlunun sevgi poeziyasına xasdır. Ədəbiyyatımızda bu istiqamətdə Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Şirvani ənənəsi və təcrübəsi var və Mübariz həm klassik şeirdən təsirlənib yararlanır, həm də çağdaş ədəbiyyatdan barlanır, gözəl nümunələr yaradır. Mehmet Doğanın sözləridir: "bütün köklü ədəbiyyatlarda şair başlanğıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir şey deyildir. "Fikrini inkişaf etdirən müəllif qənaətini daha orijinal surətdə hasil edir, eşqə, hətta İlahi bir qaynağa yol açar...". Şeir İlahi mesajı yayan peyğəmbərlərə deyil, şairlərə məxsus bir sənətdir". Mən bu yerdə hörmətli Mehmet Doğanın əvəzinə "sənətdir" yox, "haldır" işlədərdim, çünki "sənət" termindir, "ruhi hal" isə ürək, duyğu işidir.
Beşincisi, Mübariz Məsimoğlunun poeziyası maraqlı forma, qəlib məsələsidir. O, nadir hallarda sərbəst şeirlər yazır. Demək olar ki, ənənəvi heca şeirimizin bütün bölgü və qəliblərinin qapısı onun üzünə açıqdır. Lakin Məsimoğlu hecada da tam sərbəstlik hüququnu qoruyub saxlayır, mühafizəkar, radikal deyil, necə deyərlər, vəznin əsiri olmur, formanın sərhədlərini aşır, imkanlarını genişləndirir, "xəritəsi"ndən kənara çıxır. Təbii, o, müasir dövrün şairidir, folklor, xalq ədəbiyyatı klassik şeirlə bahəm yaradıcılığında qoşa qanad kimi təzahür edir, birləşir, sintez olunur. Bu, təkcə qəlib-bölgü bağlılığı deyil, məzmunun, özünəxas baxışın əlvanlığıdır, ölçü-biçisidir.
Mübariz Məsimoğlu hələlik bu yeni kitabını "İyirmi bir min doqquz yüzüncü Günəş" adlandırır. Toplum başdan-ayağa son dörd ilin (2018-2022) şeirlərinin bir hissəsidir və inanılmaz məhsuldarlığı ilə seçilən şair qalan bədii nümunələrini də imkan tapıb çap etdirsə (azca redaktə ilə) rahat halda iki kitab yaranar. Peyğəmbər yaşı ərəfəsində məsuliyyətini dərk edən müəllif isə indiki məqamda bundan uzaq qaçıb. Və öz kitabını doqquz bölməyə ayıran şairə Allahdan və taledən ömür diləyirik, bəxtinə təzə-təzə günəşlər doğsun, o, səylə işığından pay götürsün. Gözəl-gözəl əsərlərin bünövrəsini qoysun, yazıb-yaratsın! Axı, hər dəfə günəş şairin ömrünə doğarkən ömrü-günü təzələnir, ürəyinə təpər, cisminə xoş əhval-ruhiyyə, ovqat gətirir.
Müəllif simvolik surətdə ön sözdən sonra kitabın ilk şeirin ömür-gün yoldaşına həsr etdiyi "Bağrıma basıram mən səni, yarım" xitabıyla başlayır. Bu əsərdə Mübariz bütün tərəflərdən, parametrlərdən görünür, özünü gizlədə bilmir. Bu şeir həm də bir sədaqətli ailə başçısının etirafnaməsidir. Və şair 7-8 bəndlik şeirdə öz surətini də yaradıb:
Acımı acına acı etməyi,
Sevgini sevgimə bacı etməyi,
Çevrəmdə kim varsa, məni onların
Qaldırıb başının tacı etməyi -
Sən necə bacardın, sən necə qarım?
Həm nəvə, həm nənə, həm ana kimi,
Hayana istəsən, o yana kimi,
Bağrıma basıram, mən səni yarım!
"Sənə qul olmaqda səhv etməmişəm", "Bu həyatı başa düşdüm axır ki...", "Mənə nə oldusa, anidən oldu", "Xatirələr lal olub...", "Eşq bir az da dərinləşib", "...Ruhumu oxşayır "Kəsmə şikəstə"", "Hicranlar eşqləri diri saxlayır", "Mən səni unuda bilmirəm, niyə?", "Gəl sənə bir gözəd qəzəl oxuyum", "Sən nəfəs alırsan mənsiz hələ də", "Bir qərib söz kimiyəm", "Sən mənə inanmırdın", "Bir qız vardı", "Səndən o tərəfi sevmədim", "Tək sənə ürək verdim", "Film kimi bir həyat", "Məni sənin sevgin meyxoş eyləyib" və s. bədii parçalarda sevən bir qəlbin bütün döyüntülərini eşidirsən. Bu şeirlərdə sünilik, bər-bəzək, zar-zar ağlamaq, sızıltı, inilti əksinə, həm qarşı tərəfin, həm də müəllifin bütün iradi keyfiyyətlərilə yazdığı misralara qaynaq olunub.
İctimai-siyasi, fəlsəfi notlar Məsimoğlunun yaradıcılığında bütöv baxış, hadisə kimi təzahür edir və oxucu heyrətamiz şəkildə özünü olayların içində görür. "Şöhrət azarına tutulanlar, nəfsinə qul olan kəslər" elə başa düşürlər ki, həqiqətən "dünya başdan-başa şeytan bazarı"dır. Şairin təcrübəsinə görə, "naşılar bələdçi donuna girib", "bir kimsə görünmür olduğu kimi". Doğrudur, Mövlana Cəlaləddin Ruminin "yeddi qızıl qaydası"nda bu fikir işlənib. "Ya göründüyün kimi ol, ya olduğun kimi görün!". Mübariz Ruminin bu nəsrvari fəlsəfi-idrakı baxışından şair kimi təsirlənib - bu təsir uğurlu və səmərəlidir. ("Öldürür hamını şöhrət azarı"). Bəzən isə "qazilər, intihar edir, şairim" qaşqırığı mövcud real cəmiyyətin naqisliklərinə balta çalır. Müəllif "Durub kimi gözləyirsən" şeirində pırtlaşıq, dolaşıq suallarına cavab axtarır:
Zadələri zadələrə,
Sadələri sadələrə,
Badələri badələrə
Vurub kimi gözləyirik?
"Millətin halı" bölümü kitabın ən ağır və təsirli "Necə sağlam olsun necə bu millət" başlıqlı elegiyası ilə açılır. Mübariz xoşbəxtlikdən bütün şeirlərini ağlının və hiss-həyəcanlarının süzgəcindən keçirir. Əslində dövlət, millət dərdi Vətən dərdidir. XIX əsrdə M.F.Axundov bunu xitabən çatdırırdı. XX yüzilliyin ilk illərində xalqın bu halı Mirzə Cəlili, Sabiri coşdurdu, əsəblərini tarıma çəkdi. Bu da millətsevər, yurdsevər şairin bəzi məmurlara yağdırdığı tənə, əsrdaşlarına ittihamı:
Elə su tökülür bir yandan belə,
Fəqət boş quyular dolmur ki dolmur.
Dövlətin, millətin, vətənin dərdi,
Vəzirin, vəkilin eyninə olmur.
Başqa eyni mövzulu bir şeirin ilk bəndi misal çəkdiyimiz şeirlə tənbətən səsləşir və elə bilirsən ki, onun damıdır. Bağlılıq, əlaqə mükəmməllikdir və hər şeirdə şahidinə çevrilirsən.
Çöldə xoruzuna fərə bəydisə,
Zalımı bərədə bərəbəydisə,
Səyləri dərədə dərəbəydisə,
Yazıq o millətin halına, yazıq.
Bu məqamda şairin gücü özünə çatır: "Dərd yenə başıma ip salıb mənim, çünki "su yenə qurşaqdan yuxarı qalxıb".
Etiraz və ehtiras, fərdilik və fərqlilik, alilik və adilik Mübariz Məsimoğlunun şeirlərin məğzidir, məzmunudur, predmetidir. Məncə, bu istiqamətdə onun poeziyasının hələ möhtəşəm uğurlarının çox şahidi olacağıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!