Elvin İntiqamoğlunun "On dördüncu qızılgül" şeir kitabından "ləçək" misraları ilə kitab nəşrə hazırlanan ərəfədə tanış olmuşdum. Yaxşı mənada təəccüblənmişdim şeirlərdəki lakonik söz rəngləndirilmələrinə. Sözlərin məcaziliyi ilə maraqlı ifadə tərzi və ən əsas da fikir yükü olan şeirlər digər müəlliflərdən "Elvin İntiqamoğlu" imzasını fərqləndirə biləcəkdi.
Onun şeir dünyasında əsasən iki sözə tez-tez rast gəlmək olar: "Daş" və "qızılgül". Bu ümumiləşdirmə Elvinin xarakterini də simvolizə edə bilər, zənnimcə. Daş kimi möhkəm iradəli, cəsur Vətən Qəhrəmanı və qızılgül kimi zərif ruhlu, həssas müşahidə qabiliyyətinə malik bir gənc. Bu cəhətlərdən biri olub digəri olmasa, insan - kişi mənəvi cəhətdən qüsurlu olar. Ona görə də sağlam Ruhlu İnsan olaraq Elvinin özü qədər sözü də dəyərlidir. Və beləcə, Elvinin şeiriyyətindəki "daş"lar bir-bir yerinə düşür:
Deyirlər, cahan düzəlir:
varlı, kasıb olmayacaq
daş dövründəki kimi -
İnanan daşa dönsün...
"Daşa dönmək" insanın bəzən qorxusu (Niyə gəldin? // Cavab ver, // Daş heykələ oxşama), bəzən gücü, bəzən də arzusuna çevrilər. Ən təsirli bir and-aman ifadəsi olur bəzən: İnanan daşa dönsün...
Digər tərəfdən isə məzarları üzərinə böyük-böyük daşlar qoyub heykəlləşmək arzusunun bir adı da "daşa dönmək" istəyidir elə. Nədir bu daşa dönmək həvəsi insanda? - Əbədi həyat arzusunun, unudulmamaq çabasının başqa bir adıdır, yəqin. Amma təbii ki, bu, boşuna edilmiş cəhddir. Əbədilik özün üçün tikdirdiyin məqbərələr, heykəllər, qəbirüstü abidələrlə əldə edilmir, o qəbrə qoyulana qədər edilən əməllər, qoyduğun izlə qazanılır...
Daş atmağın daşın atdım,
Axır-əvvəl anladım ki, daşın düşən yeri var...
Körpəliyin, uşaqlığın, daha sonra subaylığın daşlarını ətəyinə yığan lirik qəhrəman şeir-şeir bu "daş"ları ətəyindən tökür:
Hələ ki peşman deyiləm,
Allah bilir, subaylığın daşını atsam nə olar?
Subaylığın da evliliyə gedən yolu yenə daşdan keçirmiş - Elçi daşından:
- Yəqin, elçi daşından yorulmusan,
gəlməyib ağ atlı oğlan -
Daşdan səs çıxdı,
Səndən yox...
Danış səsinə qurban!
Həyatın bir səhifəsi də elçi daşı ilə başdaşının arasında yaşadıqlarımızdan ibarət olur. Elçi daşına qədərki ömrümüzdə baş qəhrəman həmişə özümüz olmuruq, uşaqlıq, saflıq, məsumluq bitir elçi daşında. Bir az nağıl kimi olur o dövr, müəllifi bəzən özümüzə də məlum olmayan nağıl ya qorxulu, yaxud sehrli nağıl kimi. Sonra iki daşın arasında nağıldan çıxıb gerçək həyata, müharibənin, mühasirənin ortasına düşürük:
12 oktyabr,
Füzuli,
İki daşın arasında
tora düşdük iki dağın arasında:
Ermənidir dörd tərəfi...
Daşlı misralar tez-tez dəydi "ayağıma" bu poeziyada gəzişəndə. (Bircə ayağımın göz yaddaşı var: // Daşları üzdən tanıyır, // yıxılmır...) Maraqlı, rəngli, qeyri-adi daşları toplamağı sevirəm. Götürdüyüm bir maraqlı "daş" misra da bu oldu:
- Hava xəbərlərində
daş deyiblər axşama!
***
Şair qızılgül əkir
Sözün bitdiyi yerə...
14 Fevral. Sevgililər günü. Qız ona gətirilən buketdəki qızılgülləri saydı: 13 idi.
- On üç niyə?
- On dördüncü sənsən...
Daha həsrətdən saralıb
Vərəqlərin arasında quruyub xatirələr -
Qızılgülün gül qoxuyan
zamanların verin mənə...
Şair üçün qızılgül - qoruyub saxlamaq istədiyi duyğunun, duyğu qalmadıqda belə xatirəsinin adıdır, yoxsa solmuş gülü niyə istəsin:
Düzün qızılgülləri -
solanların verin mənə...
Qızılgül bağu-bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
- deyən Şah babamız Xətaidənmi öyrəndi qızılgül ləçəklərinə sevgisini yazmağı şair? Qızılgüllər sevgidən doğulan körpələr kimidir. Sevgilər qarşılıqlı olmayanda gül buketləri istənilməyən yeni doğulmuş insan övladları kimi atılır küçələrə, zibil qutularına, ən yaxşı halda yoldan keçən birinə "hədiyyə olunur"... Amma qarşılıqlı sevgilərə şahidlik edən qızılgüllər sevgililərin əllərində elə bəxtəvər görünürlər ki. Sevginin gözə görünən şəkillənmiş halı olurlar o zaman. Buna görə solsalar belə, dəyərli olurlar:
Məndən sənə
aldığım qızılgülün solan ləçəyi qaldı,
Səndən mənə
Bir şüsəlik xatirə
O da qızılgülün ətri azaldıqca azaldı.
İlk ən böyük sevgisinə - Anaya da ithaf etdiyi şeirində "gül" şahidliyi var Elvinin:
Səkkiz martda
əlimdə gül
"Ana" şeiri oxuyardım...
İndi ona oxuduğum şeirləri
mən yazıram...
Anam bilmir!
Qızılgüllü anaların layla ilə böyütdüyü oğulların sevgisi Vətən boyda olar. Laylasız böyüyənlər, layla ehtiyacı duymayanlar Vətən uğrunda can fəda edərlərmi? Qərənfillər içində uyuyan şəhidlərin də yuxularını körpə olanda qızılgüllü laylalar bəzəmişdi axı:
Layla deyim yatasan
Qızılgülə batasan.
Qərənfil deməmişdi
qızılgül demişdi ana.
Elvinin şeirlərində maraqlı misralar çoxdur. Onlardan bir neçəsini qeyd etmək istərdim:
- Başa düşmür bir-birin // lal qaranlıq, kar işıq...
- Bu işıqlı dünyada // hamımız bir qarışıq...
- Gözündən yaş gəlir kişi dərdimin...
- Təbrik edirəm səni // Necə qayıdım, necə unudum - deməyəsən...
- Qismətimdə bədxassəli şiş tapılıb...
- Həsrətində olduğumuz torpağı
daddırdı bizə
palçıqlı gölməçələr...
- Bəlkə, uzaq dəhlizlərdə görünmür
Laçın pəncərələri -
Havası çatmır Vətənin, boğulur,
açın pəncərələri...
İstedadla mükafatlanıb Elvin. Bu qutsal mükafatı ona verən Tanrı onun özünü də - İkinci Qarabağ müharibəsi qazisini "doğulanda hələ tanımadığı iki nəfərə" mükafat verdi növbəti dəfə - 2020-nin Payızında... Sinəsindəki medal üzünün ağlığı, "On dördüncü qızılgül" kitabı isə sözünün ucalığı oldu. Başı uca olsun. Tanrı gözləri dolusu, ürəyi dolusu versin: Elvini sevdiklərinə, uğurlarını isə Elvinə! Amin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!