Yoxsulların anası - xeyriyyəçi Gövhər ağa Cavanşir - Mətanət VAHİD

Mətanət VAHİD

 

Ömrü boyu analıq hissini dadmasa da, etdiyi yaxşılıqlar sayəsində şuşalılar onu "Yoxsulların anası" adlandırırdılar. Şuşanın ictimai tarixinə hətta Qarabağın sərhədlərindən kənarda yaşayan sənət və elm adamlarına belə hamilik edən xeyriyyəçi və maarifpərvər, səxavətli xanım kimi yazılmış Gövhər (əsl adı Gövhərnisə) ağa İbrahimxəlil xanın 11 qızının səkkizincisi idi. Gürcü knyazı Abaşidzenin qızı Sofiya (Cəvahir) ilə nikahından doğulmuşdu - Ağabəyim ağanın bacısı, Xurşidbanu Natəvanın bibisi. Gövhər ağanın anabir doğma bircə qardaşı Abbaqsqulu ağa 13 yaşında digər 17 nəfər ailə üzvü ilə birlikdə Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilmişdi.

Qarabağ xanının sarayında oğlan-qız ayrı-seçkiliyi qoyulmadan xanzadə və bəyzadələrin təhsilinə xüsusi önəm verildiyindən İbrahimxəlil xanın digər övladları kimi, Gövhər ağa da (1790-1888) mükəmməl təhsil görmüşdü. Bəzi mənbələrdə qəzəl və fəxriyyələri olduğu, Azərbaycan və fars dilində şeirlər yazdığı da qeyd olunur. Lakin onun ədəbi irsindən dövrümüzə cəmi iki beyt gəlib çatıb.

Gövhər ağa atasının sağlığında Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilklərdən biri olan Cəfərqulu xan Xoyski ilə evləndirilmişdir. Mənbələrə görə, o vaxt 16 yaşı olan Gövhər ağa altmış yaşlı Cəfərqulu xanın üçüncü həyat yoldaşı olub. Xanın əvvəlki evliliklərindən altı övladı dünyaya gəlsə də, Gövhər ağa ilə övladları doğulmayıb. 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək Şəki xanı təyin edilmiş Cəfərqulu xan 1814-cü ildə isitmə xəstəliyindən ölmüş və Gövhər ağa Qarabağa qayıdaraq ömrünün sonuna kimi Şuşada yaşamışdır. Ona mərhum Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi rus hökuməti tərəfindən 10 min manat (2 min rus rublu) məbləğində təqaüd kəsilmişdir.

Uzun müddət dul qalan Gövhər ağa sonradan əmisi oğlu vəkil Xankişi bəy Cavanşirlə ailə qurur. Amma şəhər əhalisinin Xankişi bəydən xoşu gəlmədiyindən xan qızının bu seçimi şuşalılar arasında etiraz doğurur. Ədəbiyyatşünas Vilayət Quliyevin yazdığına görə, Heydəroğlu adlı Şuşa şairi Xankişi bəyə və onun layiq olmadığı izdivacına narazı münasibətini "Xərmöhrəyə (eşşək ayağının palçığı - V.Q.) layiq olmayan xər \ Tapdı bu aləm içrə gövhər..." beyti ilə ifadə etmişdir. Dəqiq tarixi bəlli olmasa da, 30-cu illərin əvvəlində dünyasını dəyişən Xankişi bəyin tək varisi olaraq Gövhər ağa qalır. O, bundan sonrakı bütün ömrünü xeyriyyəçilik fəaliyyətinə həsr edir.

Xanın digər qızları "bəyim" titulu daşısa da, Ağabəyim və Gövhər "ağa" idilər. Görünür, onlar xarakter və davranışları etibarilə bu mərtəbəyə yetmişlər. Şuşada "Darüş-şəfa" xəstəxanası, məşhur "Ağa körpüsü" də olmaqla, iki körpünün inşası, iki məktəb, iki hamam və şəhərin iki ən əhəmiyyətli dini məkanı - Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri də onun adı ilə bağlıdır.

Gövhər ağanın kifayət qədər böyük olan əmlakının gəlirləri (Mehriban Vəzirə görə, Qarabağdakı mal-mülkündən əlavə, nəhəng Zəngəzur meşələri də onun mülkiyyətində idi) bu mədrəsə və məscidlərin vəqfi idi. Mənbələrdə Şuşanın məşhur ədəbi məclisi - "Məclisi-fəramuşan"ın Gövhər ağanın vəsaiti hesabına mövcud olduğu, toplantılarının çox vaxt bu məscidlərin hücrələrində keçirildiyi qeydini görmək olar. Xanın xeyriyyəçi qızının dəstəyi hesabına "Məclisi-fəramuşan" həm də ehtiyacı olan yazı əhlinə maddi yardım göstərən vəqf olaraq fəaliyyət göstərirdi.

Gövhər ağanın xahişi ilə Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadə tərəfindən tərtib edilmiş "Vəqfnamə"də (1848) onun mülklərinin vəqf olunması faktı və bununla bağlı ətraflı məlumat və siyahı yer alır. Əsas hissəsi fars dilində yazılmış 24 vərəqlik "Vəqfnamə"də ərəb dilində xeyir-dua və hədislərdən sonra "...Şuşa qalasında olan iki Gövhəriyyə mədrəsəsi və iki məscidin vəqfləri aşağıdakılardır..." cümləsi ilə başlayan siyahı verilir. Burada Şuşadakı 11 dükan və karvansarayın, Qarabağın Cavanşir mahalındakı Maqsudlu və Qarabağlı kəndləri, Kəbirli mahalındakı Evoğlu kəndi, Şelli kəndindəki bağı, Daruğludakı mülk və əkin yerləri iki məscid və iki mədrəsəyə vəqf edilir. Siyahıdan sonra "Vəqfnamə"də Gövhər ağanın bu sözləri verilib: "Hər kim qeyd olunan mövqüfata zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının əbədi lənətinə tutulsun..."

Burada həmçinin vəqfin gəlirlərinin nəyə və necə sərf ediləcəyi haqqında ətraflı qeydlərdən görürük ki, Gövhər ağa gəlirlərin hər il 3 hissəyə ayrılmasını; birinci hissənin məscid və mədrəsələrin vaxtlı-vaxtında təmir işlərinə, ikincinin bu binaların məişət problemlərinin (işıqpulu, qışda kömür pulu, müəzzinlərin və gözətçilərin məvacibi və s.) həll olunmasına, 3-cü hissənin isə mədrəsə kitabxanalarına kitabların alınması, müqəddəs günlər və ayinlər münasibətilə xərclənməsi, o cümlədən əhaliyə ehsanlar verilməsi, məscid işçilərinin ailələrinə və ümumiyyətlə, ehtiyacı olanlara yardımlar və s. kimi xeyriyyəçilik işlərinə xərclənməli olduğunu vəsiyyət edir. "Vəqfnamə" ilə bağlı ətraflı məlumat verən tədqiqatçı N.Süleymanova sənədin Axund Molla Məhəmməd Hüseyn Oruczadə tərəfindən imzalandığını və imzanı Yelizavetpol (Gəncə) quberniyası məclisinin sədri Qazızadə və məclis üzvü Hacı Mollazadənin imza və padşahlıq möhürü ilə təsdiqlədiyini yazır.

Gövhər ağa ölümündən 3 il əvvəl vəsiyyətnamə yazaraq təmir və digər məsələlərlə bağlı qardaşı Əbülfət xanın oğlu Məhəmmədəli xanı qəyyum təyin etmiş, bu işlərlə məşğul olacaq vəkillər heyətinə mühasib olaraq Mir Möhsün Nəvvabı daxil etmişdir. Gövhər ağanın birinci dərəcəli qəyyumu Məhəmmədəli xan ondan əvvəl vəfat etdiyindən onun dəfn və təziyə mərasimi ilə bağlı vəsiyyətlərini qardaşı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan və bacısı uşaqları yerinə yetirmişlər. Yeri gəlmişkən, qeyd edək ki, bibisi Gövhər ağanın Natəvanın təlim və tərbiyəsində çox böyük rolu olmuşdur.

Öz dəfn xərcləri üçün iyirmi min gümüş pul ayrılması və Kərbəlada dəfn olunması istəyi də vəsiyyətnamədə yer alır. Vəsiyyətinə əsasən, Gövhər ağa Kərbəla şəhərində, İbrahimxəlil xanın dövründə Şuşa şəriət məhkəməsinin qazisi olan Seyyid Kazım Rüştinin məzarı yanında dəfn edilmiş və məzarı üzərində məqbərə inşa edilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!