Bütün dövrlərdə istedadın çalarları öz müxtəlifliyi ilə seçilib, yəni rəssam olan şəxs yaxşı şeir də yaza bilib, kino aktyoru həm tanınmış rəssam və ya şair olub və ya əksinə. Bütün sənətlərin fövqündə istedad dayanır.
Bu mənada şeirlərindən bəhs etdiyim Xalidə Hicran rəssamdır, gözəl sənət əsərlərinin müəllifidir. Görünür, Xalidə xanım öz rəngarəng duyğularını rənglərə sığdıra bilməyib. Nəticədə şeirə müraciət edib. Çünki rəsmlə şeir arasında bir yaxınlıq var, ikisi də insan duyğularını ifadə sərgiləyir. Hər ikisində süjet xətti insan hisslərinin inkişafına dərin təsir göstərir. Böyük Mikayıl Müşfiq deyirdi:
Rəssam, sevgilimin şəklini gəl çək,
Sevgilim gözəldi sən də gözəl çək.
Nazımı mən özüm çəkəcəyəm, sən
Nazına çatanda fırçadan əl çək.
Rəsm əsərləri də şeir kimi oxuna bilir, amma gərək oxuya biləsən, onun dərinliklərinə baş vurasan, əbu-neysan sədəflə birləşib gövhər verdiyi kimi, sən də bu dərinliklərdən nəyisə tapa biləsən. Necə ki, yuxarıdakı şeirdə rəsmin içərisində naz gizlənib, rəssamla şairin çəkə bildiyi duyğular iç-içədir, gərək seçib ayırasan.
Xalidə Hicranın "Hikmət fəlsəfəsi" kitabı belə gövhərlərlə doludur, demək olar ki, abu-neysan Sədəflə birləşib gövhər yarada bilib. Onun dünya, həyat, ölüm və yaşam haqqında dediyi fikirlər duyğu və düşüncələrimizdə öz təsdiqini tapır. Müəllif gəlişigözəl söz və mənaların arxasınca qaçmır, bütün fikirlər həyatın dialektikasına əsaslanır və məntiq yaradır. Aşağıdakı iki misraya diqqət edək:
Sən gör ki, bu qoca dünya yola salıbdı kimləri,
Özü ələkdən keçirir, ələkdən keçirənləri.
Bu iki misrada situasiya bədii ovqat kimi şeirin təsir dairəsini artırır. Ələkdən keçirənlər əslində dünyanın ələyini yaddan çıxarırlar. Necə ki, Məmməd Arazın "Əbədiyə qəh-qəh çəkdi əbədü dünya" misrası baş verənləri təsdiqləyir, eləcə də Xalidə xanım da bu təsdiqdən kənara çıxa bilmir.
Xalidə Hicranın hikmətli misraları mənə Nizami Gəncəvinin "beşliyini", xüsusən də "Sirlər xəzinəsi"ni xatırlatdı. Müasir dünyanın həqiqəti Xalidə xanımın qələmində aydın özünü göstərir. Və bir növ bu həqiqət Nizami Gəncəvi nəsihətlərinin davamı kimi ortaya çıxır.
İnsan xasiyyətində bil ki, unutqanlıq var,
Unudar genişliyə çıxan kimi yeri dar.
İnsan, görəsən, niyə unudur? Hələ bunun səbəbi bilinməyib. Şair yeni bir səbəb tapır; dar düşüncəli insanlar həmişə unutqan olur, insanı bəzən qatilə və ya xəyanətkara çevirir. Bu iki misranın təhlili üçün digər məsələləri, məsəl və misalları göz önünə gətirək. Məsələn, it nə qədər zəncirlə bağlıdır, onun əsarətini unutmur. Çünki boynundadır, onu sıxır, incidir. Elə ki, açıldı, başlayır sürətlə qaçmağa, ətrafda bir neçə dövrə vurur, sonra zənciri unudur. Düşünmür ki, zəncir onun başına yenidən keçə bilər. "Yeri dar olanlar" bir az genişliyə çıxan kimi özləri kimin üçünsə darlıq yaradır, onların düşüncəsi kiməsə qəfəsə çevrilir, amma unudur ki, dünyanın da "ələyi" var, bir gün onun amansız imtahanına tuş gələcək.
Başqa bir şeirində Xalidə Hicran həqiqətin və haqqın yerini qara rəngdə olduğunu düşünür.
Qaranın içindədi həm qırmızı, həm qara,
İçindəki hər rəngdən qaraldı oldu qara.
Yəni əslində işıq aldadıcı və keçici bir şeydir, amma dünyanın tamlığı, dayanıqlığı qara rəngin özündədir. Qara rəng Tanrının qərar tutduğu yerdir. Bir qara rəngin içində yeddi rəng gizlənib və ya belə də demək olar, qara rəngdə yeddi rəng ölür. Hər halda qara rəngin həqiqəti daha böyükdür, o biri rənglərin o qədər də yox. Amma bir həqiqət var ki, o biri rəngləri də qara rəngdən almaq olar.
Xalidə Hicranın hikmət xəzinəsində toplanan şeirləri iki qismə bölmək olar. Bir qismi ürfan, haqq yolu, digər qismi isə yaşadığımız həyatın ictimai-siyasi görüntülərinə həsr olunmuş şeirlər. Hər iki qismə aid olan şeirlərin doğuluşunda müəllifin istedadı rol oynayır. Birinci qism göylə əlləşir, ikinci isə yerlə. Baxaq:
Oğurluqla milyonu kim yığsa sandığına,
Özü kimi bir oğru çıxacaq axırına.
Bu iki misrada təsvir olunan hal, vəziyyət və görüntü cəmiyyətin dialektasının üzərində qurulub və hamının bildiyi, lakin inanmadığı həqiqəti sərgiləyir. Xalqda belə bir misal var: oğrudan oğruya halaldır. Əgər su bir tərəfdən azalırsa, demək, o biri tərəfdən çoxalır. Kim-kimdən oğurlayırsa, ondan da oğurlayacaqlar. Yaşadığımız cəmiyyətin yeganə pategenizi budur. Varidatı oğurlanan ən birinci adam Allahın inandığı adamdır. Haqq yolu dünyanın o ilk adamından başlayıb, bu adam İsadır, Məhəmməddir, indi də yolu gələcəyə doğru uğurlanır.
Hamını bağrına basdı bu dünyanın əzabı,
O kəslər dilə gəldi, əzaba yoxdur tabı.
Dünyanın ilk adamı dünya əzabına tablaya bildiyi üçün böyükdür. Dünya əzabına tab gətirmək Allahın sevimlisi olmaq deməkdir əslində. Əzaba tab gətirib səsini çıxarmamaq, müəllifin yuxarıda qeyd etdiyimiz qara rəng düşüncəsində olduğu kimi; qara rəngə alışmaq (gözünü yummaq) və susmaq ilkinliyin o böyük Allaha qovuşmağın - şəriətin, mərifətin, təriqətin və həqiqətin simvolikasıdır və şairin "o kəslər dilə gəldi, əzaba yoxdur tabı" fikrinin təsdiqidir. Hind buddistlərinin fəlsəfəsində əsas məqsəd dərin meşələrə gedib gözlərini yumub qaranlığa vərdiş etmək, dinməmək, varlığını unudub içindəki məni - eqonu öldürmək idi və onlar bununla həqiqətə qovuşmaq istəyirdilər. Xalidə Hicranın təsbit etdiyi qara rəng dünya planetlərinin və ya qopub gəldiyimiz yerin ilk və yeganə nişanəsidir. Qara rəng əzaba tab gətirə bilənlərin rəngidir. Bu fikir şairin göylə bağlı düşüncəsini ifadə edirsə, aşağıdakı şeirin materialı isə artıq yerlə, cəmiyyətlə, sosial iqtisadi, ictimai-siyasi həyatla bağlıdır.
Ol insanın dürüstü, sözü demə yolüstü,
Yanan uzaq ocaqdan təkcə görünər tüstü.
Göy adamında dürüstlük umulmur və sözlər də yolüstü deyilmir. Yaxından, uzaqdan görünən tüstü yoxdur. Görünən nə varsa hamısı sənin canındadır. Kənardan olanların hamısı artıq səndə cəmlənib, sənə birləşib. Yer adamında isə vəziyyət başqadır, doğuluş səni var olanlardan uzaq salıb. Artıq ocaq da kənardadır, tüstü də... Və uzaqda yanan ocağın sənə heç bir xeyri yoxdur, sadəcə uzaqdan tüstü kimi görünər...
Xalidə Hicranın "Hikmət xəzinəsi" kitabındakı poezik düşüncələri yerlə göy arasında çarpışır. O, gah yerin həqiqətini göyə, göyünkünü isə yerə çatdırır. Aşağıdakı iki misra da yerin həqiqətidir.
Ədalət çəkidə əskik gəlincə,
Günah da çoxalır
haqq əskilincə...
Amma göyün həqiqəti bütöv və tamdır. Heç nə əskilmir, heç nə artmır. Heç nə yaradılışdan ayrı deyil, eqo sönüb, əzabın bəhrəsi damaqdadır, dil yoxdur, səs də içə çəkilib. Tək bir həqiqət var, Allahın həqiqəti.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!