Əbədi yaşayanlardan biri - Xalq yazıçısı Hüseyn Abbaszadənin ruhuna ehtiramla - Kənan HACI

Kənan HACI

 

Hüseyn Abbaszadə bizim yeniyetməliyimizin sevilən yazıçılarından idi. Bizdən əvvəlki nəsil onun zamanında böyük səs-küy doğurmuş "General" romanını oxumuşdu. Bu əsər onun ədəbi pasportuna çevrilmişdi. Roman Moskvada, Bakıda dəfələrlə kütləvi tirajla nəşr olunmuş, ona yazıçı şöhrəti qazandırmışdı. Bədii siqlətinə görə müharibə mövzusunda yazılmış ən sanballı əsərlərdən olan "General" romanı tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova ucaldılmış ədəbi abidədir. Romanın uğur qazanmasının əsas səbəblərindən biri də yazıçının Böyük Vətən Müharibəsində döyüşçü kimi iştirak etməsidir. Romanda təsvir etdiyi hadisələr, döyüş səhnələri onun gözləri qarşısında baş vermişdi. Hüseyn Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində döyüş yolu keçib. Müharibə mövzusu onun üçün təkcə "General"la bitməyib, hekayə və povestlərində də barıt qoxusu hiss edilir. "Zabitin gündəliyindən" sənədli povesti də yazıçının gerçək yaşantılarının ifadəsidir.

Mən də onu müharibə mövzusunda yazılmış "Köhnə sandıq" hekayəsiylə tanımışam. Xatırlayıram, kənddəki kitabxanamızda yazıçının "Çəmbərəkənd balladası" kitabı vardı. O kitabı hardasa on iki-on üç yaşlarımda oxumuşdum və "Köhnə sandıq" hekayəsi yaddaşımda dərin iz buraxmışdı. İçərişəhərdə yaşayan bir ailəni şəhərin başqa bir səmtində yeni binaya köçürürlər. Ailə köçərkən bəzi əşyaların atılmasına qərar verir. Qonşular da məsləhət görür ki, yeni evə köhnə mebel aparmayın, köhnə-kürüş şeyləri atın getsin. Nənədən qalan sandığı da atmaq istəyirlər. Amma ev yiyəsinin sandığı tullamağa əli gəlmir. Bu sandıqda əmisinin cəbhədən yolladığı məktublar, nənəsinin oğlu üçün alıb yığdığı ziqiymət əşyalar qorunub saxlanılır. Nənə həmin əşyaları oğlunu müharibədən qayıtdıqdan sonra evləndirmək məqsədilə alıb yığmışdı. Oğul isə müharibədən qayıtmır... Son dərəcə təsirli, ürək göynədən bir hekayədir. Həyəcanla hekayənin sonunda sandığın taleyinin necə olacağını gözləyirdim və heç cür hekayəni oxuyub bitirə bilmirdim. Xoşbəxtlikdən sandıq da təzə evin əşyaları sırasına qatılır və bu, mənim uşaqlıq dünyamda ən böyük təsəlliyə çevrildi. Uzun illər keçib, hələ də o hekayəni unutmamışam. Düşünürəm ki, "Köhnə sandıq" nəsrimizdə müharibə dövrünün ən yaxşı hekayələrindən biridir. Bu hekayə Ənvər Məmmədxanlının "Buz heykəl"i, M.S.Ordubadinin "Serjant İvanov adına körpələr evi", Mirzə İbrahimovun "Azad"ı ilə bir sırada dayanan mətnlərdəndir.

Təxminən ikimininci ilin ortaları idi. Yazıçılar Birliyindən çıxıb Sahil bağına keçəndə Hüseyn müəllimin kiminləsə söhbətləşə-söhbətləşə aram addımlarla gəzişdiyini gördüm. Olduqca yorğun görünürdü. Yaxınlaşıb salam verdim.

- Hüseyn müəllim, salam. Necəsiniz?

- Salam, oğlum. Tanımadım səni.

Özümü təqdim elədim və dedim ki, istəyirəm sizdən ədəbi proseslə bağlı bir müsahibə götürüm. Özü də son vaxtlar mətbuatda az-az görünürsünüz. Ədəbiyyatımızın bugünkü durumu ilə bağlı fikirləriniz hamımız üçün maraqlı olardı.

- Sən yəqin, mənim kitablarımı oxumusan, - dedi.

- Əlbəttə, - dedim və əsərləri haqqında danışmağa başladım. Hiss etdim ki, onun yaradıcılığına bələd olmağım xoşuna gəldi. Gülümsədi və əlini çiynimə qoydu.

- Sən mənim bütün yaradıcılığımı əzbər bilirsən ki, - dedi. - Amma dəqiq bilirəm ki, sonuncu romanımı oxumamısan.

Hüseyn müəllim 90-cı illərin sonlarında yazdığı "Qayıdanlardan biri" romanını nəzərdə tuturdu. Həmin əsərdən xəbərim yox idi. Kitabı mənə hədiyyə etdi və dedi ki, bunu oxu, sonra yaxşı bir söhbət edərik.

Təəssüf ki, bu, Hüseyn müəllimlə ilk və son görüşümüz oldu. Bir müddət keçəndən sonra "Ədəbiyyat qəzeti"ndə onun vəfatıyla bağlı nekroloqu oxudum.

"Qayıdanlardan biri" romanı 37-ci il repressiyasının bir insanın timsalında necə böyük faciələrə səbəb olduğunu açıb göstərir. Günahsız yerə həbs edilən Xanəlinin dostlarını məcbur edirlər ki, onun üzünə dursunlar. Misgər yanında şagird işləyən cavan oğlan guya sovet hökuməti əleyhinə təbliğat aparırmış. Ağzı dualı, oruc-namazından qalmayan usta Mazanı məcbur edirlər ki, yalançı şahidlik etsin. NKVD-də yüksək mənsəb əldə etmiş Atamoğlan Cəbrayılov Xanəlini nə yolla olur-olsun, gedər-gəlməzə yollamağa çalışır. Niyə? Çünki onun gənc, gözəl xanımına gözü düşüb. Xanəli saxta ittihamlarla sürgünə göndərilir, arvadı Bilqeyis Atamoğlanın təqiblərinə dözməyərək özünü tramvayın altına atıb intihar edir. Usta Mazan yalançı şahidliyə məcbur edildiyi üçün ürəyi dözmür, namaz üstə canını tapşırır. Realist nəsrin görkəmli nümayəndəsi olan Hüseyn Abbaszadə o illərin boğucu ab-havasını usta qələmlə təsvir edir. Vicdan, ədalət hissini büsbütün itirmiş qəddar çinovnik bir neçə ailənin faciəsinə səbəb olur.

"Qayıdanlardan biri" tariximizin ən qaranlıq dövrü haqqında yazılmış möhtəşəm bir romandır. Bu yaxınlarda "Xan" nəşriyyatı yazıçının "Hardasınız, müsyö Abel" romanını çap edib. Yaxşı olardı ki, "Qayıdanlardan biri" romanı da yenidən çap olunsun. Bu əsərdə o qədər maraqlı, rəngarəng obrazlar var ki, 30-cu illər ziyalı mühitini məhz həmin insanlar formalaşdırmışdılar. Məsələn, Paşa müəllim obrazı... Paşa müəllim vicdanlı bir təhsil işçisidir, ona pantürkist damğası vurub güllələyirlər və saxta sənəd düzəldirlər ki, guya ürək tutmasından vəfat edib. Adamın meyiti də ailəsinə verilmir. Nargin adasında, NKVD zirzəmilərində bu cür vicdanlı, ləyaqətli ziyalılarımızın sümükləri hələ də sızıldayır.

Hüseyn Abbaszadənin "Dünyadan gör necə insanlar gedib", "Nurdan yoğrulmuşlar" kitabları memuar ədəbiyyatının ən dəyərli nümunələridir. Bu kitablarda onun XX əsr ədəbiyyat, mədəniyyət tariximizdə böyük iz qoymuş görkəmli şəxsiyyətlərlə bağlı son dərəcə maraqlı xatirələri toplanıb. Abdulla Şaiq, Səməd Vurğun, Kazım Ziya, Səttar Bəhlulzadə, Bülbül, Süleyman Rüstəm, Qara Qarayev, Məmməd Cəfər, Rəsul Rza, Mehdi Məmmədov... Daha kimlər, kimlər...

Hüseyn Abbaszadə 1950-ci illərin əvvəllərindən başlayaraq "Pioner" jurnalında şöbə müdiri, məsul katib, "Göyərçin" jurnalı redaksiyasında məsul katib, baş redaktor, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor kimi fəaliyyət göstərib. 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının (indiki  Azərbaycan Yazıçılar Birliyi)  katibi vəzifəsində çalışıb. Yarım əsrdən çox müddət ərzində daim ədəbiyyat, mədəniyyət xadimləriylə sıx ünsiyyətdə olub. Onun xatirələri XX əsr mədəniyyət və ədəbiyyat tariximizin son dərəcə qiymətli xəzinəsidir. Şərqşünas alim Nəriman Qasımoğlu "Nurdan yoğrulmuşlar" kitabının ön sözündə yazır:

"Hüseyn Abbaszadənin bədii yaradıcılığına xas və xatirələrini də canlı edən sadə, axıcı təhkiyə üslubu var. Kitabda oxucunu elə ilk səhifələrindəcə maraqlı qiraət ovqatına salan məqamlardan biri də elə budur. Portreti yaradılan görkəmli insanların sənət fəaliyyətinə dair ayrı-ayrı epizodlar bir-birini əvəzlədikcə XX əsrin ikinci yarısından etibarən ölkəmizdə cərəyan edən mədəniyyət həyatının ən gözəl faktları, təfərrüatları onun təsvirləri fonunda videolentlərə alınmış yaşantılı görüntülərsayaq gözlərim önündə canlanır".

Hesab edirəm ki, yazıçının bənzərsiz təhkiyə tərzi hər bir oxucunun gözləri önündə bu görüntüləri yaradır.

Böyük yazıçımızı ehtiramla xatırlayır, ruhuna rəhmət diləyirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!