Diananın bədəninin dadı - Erotikasız erotika silsiləsindən II esse - Ülvi BABASOY

Ülvi BABASOY

 

Kişi: Geniş bir salon. Siyah bir masa. Bəyaz dondadır Qırmızı taclı tanrıça. Tanrıçanın qırmızı dodaqları gecəyə əsalət verir. Gümüşü başmaqları yaqutlarla bəzənib. Al qırmızı yaqutlarla. Qara başmaq və qara şalvar geyinmişəm. Onun əsalətiylə uyum və duyumçün. Bəyaz köynəyimin sinəsi ürəyimə qədər açıq. Səni ürəyimdə saxlamaqçün, Taclı ilahə. Stullar bəyaz geyindirilib. Şamdanlar gümüşü. Qırmızı şamların alovu Günəşin işığında kölgələnir. Ayağa qalxırıq. Baxışlar bir-birinə dolaşıb. Yaxınlaşdıqca nəfəsimiz tutulur. İki vücudda bir nəfəs. Bizim nəfəsimiz. Baxışlar qopmur bir-birindən. Bədənim U döngəsi çəkir vücudunun ətrafında. Daha sonra U hərfi sənin ətrafında yupyumru O-ya çevrilir. Qollarım arasında qalırsan. Əllərimiz və vücudumuz eyni anda qovuşur. Qoşalaşan əllərimiz bədənində gəzir. Tanqonun ritminə uyğun sığal çəkir sənə. Aram-aram. Sakitcə. Həzin-həzin. Astaca. Üz-üzə gətirir əllərimiz bizi. Gözlərim gözlərindən, gözlərin gözlərimdən oxuyur hər növbəti hərəkəti. Əllərimiz havada rəqs edir qovuşaraq. Bədənlərimiz yek vücud və yek qoxuya çevrilir. Ayaqlarımız bir-birinin arasındakı boşluqda ritm tutur. Ayağımı geriyə doğru hərəkət etdirdikcə sənin ayaqların ayağımda qıvrılır. Dolaşma anında dodaqlarım alnına toxunur...

Qadın: Başladıqmı? Başladıq, əzizim. Yaxınlaşdı beləcə mənə. Yum gözlərini - dedi. Tutdu əlimdən. Və bəyaz libasımdan çəkdi özünə. O çox incə davranırdı mənə. O çox zərif toxunurdu. Özümü göy üzündə hiss edirdim onun qollarında. Rəqs edirdik. Amma, nədənsə, bundan artığını hiss edirdim. Sanki bir sərçə kimi süzürdüm səmada. Sanki sərxoş olmuşduq. Sanki gözlərimiz əbədi yumulub hər şeyə, hər kəsə. Sonsuzluq üçün susmuşuq, elə bil. Heç bitməyəcəkmiş kimi rəqs edirdik. Onun varlığı, onun qoxusu, onun nəfəsi. Əynimdəki bəyaz, atlas don hər döndüyümdə ona dolanırdı. Sutək axırdım onun qollarında. Mənə sonsuzluq, bitməyən gün, bitməyən an, bitməyən saniyələr bəxş edirdi. Bu an bizim idi, sadəcə. Dünya hər kəsə dayanıb. İkimiz üçün dönür. Biz isə dünyanın mərkəzində, bir ruhda birləşmişdik...

Tanqo ən seksual, erotik rəqsdir. Cütlüyün xəyal gücü, ehtiras və sevgisini birləşdirir. Seksuallıq isə həm də həzz almaqdır. Bəzən bir tanqo ən erotik poza və texnikalardan daha dərinə nüfuz edir. Bütün vücuda yayılır, həzz verir və alır. Həzz almaq və vermək seksual, cinsi azadlıq və sərbəstliyin əsas motividir. Bu gün seksuallıq süni bir tale yaşayır. Mutasiyaya məruz qalıb. Seksuallığın morfoloji jestlərini süniləşdirən və mutantlaşdıran transseksuallıqdır. Belə bir proses yalnız anatomik dəyişikliklə əlaqəli deyil, həm də cinsi laqeydliklə bağlıdır. Hava, su, qida (bura zehni qidalar da daxildir) və bədənlər protezləşmə prosesi yaşayır. Çünki protezləşmək modern bədənlərin taleyi, alın yazısıdır və transseksuallıq isə tərifli, matah bir şeyə çevrilib.

Seksual azadlıq mifi estetik erotika gücünü itiribmi? Erotik fantaziya qadınlıq və kişiliyin variasiyalarına adekvat olsa da, transseksual mif dominantdır. Canlı və vizual pornoqrafik arsızlıq fantaziyanı, xəyal etmə, arzulama duyğusunu öldürür. Transseksual bayağılaşma estetik erotikanı üstələyib. Sayca. Axı bu gün transseksuallıq transpolitik ironiya və laqeydlikdən qidalanır. Onlarca film və serial adı çəkə bilərəm ki, yerli-yersiz transseksual haraylar transpolitik formatdadır. Sadəcə, bir örnək verim: "Spartak" serialında belə bu mövzuya geniş və mərkəzi yer ayırıblar. Gələk sualın cavabına seksual azadlıq mifi estetik erotika gücünü itirməyib. Literatura sərhədsiz və plastik imkanları ilə bunu sübut edir. Karlos Fuentesin "Diana" romanı qüsursuz nümunədir.

"Diana" romanı avtobioqrafikdir. Qırx bir yaşlı Karlos Fuenteslə 31 yaşlı Hollivud ulduzu, aktrisa Cin Seberqin gerçək, yaşanılmış eşq hekayəsi bir xəyal, illüziya kimi təqdim edilir. Axı "bütün sevgilər kimi həyatın özü də bir xəyaldır". Hər ikisi evli olan Karlos və Diana (Cin) necə olur ki, eşq yaşayırlar?  Arvadı ilə küsülü olan Karlos bir müddət hoteldə yaşayır, bu zaman Meksikada kino çəkilişlərində olan Diana yazıçı ilə tanış olur və atəşin bir eşq başlayır aralarında.

Karlos Fuentes "Diana" romanında yeni erotik ərazilər kəşf edir. Bir çox səhnələrdə erotikasız erotika yarada bilir: "Ağzımda şaftalı dadı vardı... Digər gecələrdə Diananın bədənində çiyələk, ananas, portağal dadlarını kəşf edəcək, uşaqkən yalamaqdan ötrü ürəyim gedən dondurmaları xatırlayacaqdım. Xüsusilə də Salamanka dondurmalarında dünyada tayı-bərabəri olmayan Meksika meyvələri sehrli qartopulara çevrilər və dilimizə, damağımıza dəyəndə qüsursuzluğun zirvəsində əriyər, buxarlaşanda isə qoxuları ətrafa yayılardı. Diananın bədənində tapmağı xəyal edərdim uşaqlığımın sehrli qoxuları və dadlarını". Karlos Fuentes bu və digər romanlarında daha çılpaq, pornoqrafik səhnələr yaradıb. Ancaq açıq erotikanı vermədən erotika yaratmaq daha effektiv və təsirlidir. Sirli, mübhəm qalan məqamlar oxucu beynindəki erotik fantaziya və ehtiras illüziyasını gücləndirir. Orqanik, natural bir üslubda estetik tərbiyə və gözəllik duyumu aşılanır.

Diananın yeniyetməlikdən çıxıb qadınlıq duyğusunu daddığı ilk gecə belə təsvir olunur: "Qəfildən dekabr gecəsi düşdü, mavi və bəyaz. Salonun tavanında bir dam pəncərəsi var idi. Arxaya söykənib buludları seyr etdilər. Sonra bircə dənə də bulud qalmadı. Yalnız Ay varıydı. Ay onları işığa qərq etdi. Ömründə ilk dəfə bir kişi ilə xatircəm sevişmə yaşadı".

Karlos psixoloji və mənəvi böhranda olarkən Diana ilə tanış olduğu üçün təəccüb, qorxu, çaşqınlıq, sevinc, həzz qarışıq duyğular yaşayır. Böhrana səbəb yalnız şəxsi həyatı, arvadıyla dalaşması deyil. Bir gün hoteldən çıxarkən gördüyü qətliamdır. 1968-ci ildə Mexikoda  tələbələr kütləvi nümayişlər edirlər. Hotelin qapısı ağzında tələbələr Karlosa yaxınlaşır və qışqırırlar: "Sizi öldürürlər, kömək edin, sizi öldürürlər". Yəni gələcəyi, gəncliyi məhv edirlər. Belə ağır bir durumda müvəqqəti də olsa, Diananın erotikasız erotikası Karlosu ovudur. Diananın bədəninin hamarlığı və üz cizgiləri ölkədəki haqsızlıqlar qarşısında aciz vəziyyətdə qalan və xaricə gedənə kimi susmağa məcbur olan Karlos Fuentesi 2 ay ərzində özündən qaçmağa yönəldir. Yazıçı Roman Qari ilə evli olan Cin Seberq isə Karlosda dərin bir ehtiras tapır. Bir-birinin yanından keçən gəmilərə bənzəyir Roman Qari və Cin Seberq evliliyi. Sadəcə, göz qırpırlar, ancaq əlaqə yarada bilmirlər. Ünsiyyət baş tutmur. Ancaq dərin, nadir bir eşq yaşayır. Fizikanın parametrləri metafizikanı üstələyir. Necə? Platonik sevgi fiziki təmasda durulur, saflaşır və reallaşır.

Fuentes eşqin erotikada daha da gücləndiyini göstərir. Haqlıdır. Hətta xalis erotik eşq transestetik və transseksual vəziyyət, xəstəlik üçün də dərmandır. Eşq hər şeyin və hər kəsin yaddan çıxarılmasıdır. "Eşq ərlərin, arvadların, ataların, anaların, uşaqların, dostların, düşmənlərin unudulmasıdır". Yaxşı-pis balansının pozulmasıdır eşq. Eşq olmayan bir ideala duyulan qızdırmalı istək, arzu, ehtirasdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!