Bu dünya kimsəyə qalmaz, əfəndim… - Pozitivdən neqativə - yaxşı hadisədir, ya yox? - ELÇİN

ELÇİN

 

Müstəqillik dövründə biri tez, biri daha gec ədəbiyyata gəlmiş və kimisi artıq özünü təsdiq etmiş, kimisi üçün bu təsdiq hələ irəlidə olan, həm bədii-estetik, həm də sosial baxımdan maraqlı bir hadisə ilə rastlaşırıq və mən hələ bir neçə il bundan əvvəl poeziyamızda payız ovqatı ilə kədərin, tənhalığın, yeknəsəqliyin obrazlaşdırılmış poetik ifadəsi barədə yazmışdım. O essedə ("Payız ovqatının dedikləri", "Ədəbiyyat qəzeti", 29 oktyabr 2016.) altı il bundan əvvələ aid belə bir müşahidə var idi: "Maraqlı bədii-psixoloji (bəlkə, həm də ictimai-sosioloji?) bir cəhətdir ki, payız ovqatının daha çox, eyni zamanda bədii emossionallıq baxımından, məncə, daha təsirli poetik ifadəsi ədəbiyyata son illərdə gələn qadın şairlərimizin yaradıcılığında özünü göstərir".

Payız ovqatı - əsas etibarilə mənəvi tənhalıq, kədər, qüssə, eynilik...

Aradan keçən bu altı ildə maraqlı hadisədir ki, əksəriyyəti məhz qadın şairlər olan pleyadanın həmin "payız ovqatı" ilə yazdıqları obrazlı poetik söz artıq təmayül yox, müasir poeziyamızın əldə etməyə başlamış, orijinal və cəsarətli bir istiqamət (təzə salınmaqda olan yol) təsiri bağışlayır. Əgər bu cür də davam etsə, məncə, gələcəkdə söhbət hətta yeni yaranmış estetik cərəyandan gedə bilər və belə olsa, bu yalnız poeziyamızın yox, ümumən ədəbiyyatımızın bədii-estetik şaxələnmə mənasında müxtəlifləşməsi (zənginləşməsi) deməkdir.

Bu poeziya nümunələrini küll halında nəzərdən keçirdikdə, məndə hələlik yanlız cizgiləri sezilən obrazlı poetik düşüncə sistemi təəssüratı yarandı və bu mülahizəni söyləyirkən, mən nəyi nəzərdə tuturam? Özünü göstərməyə başlayan bu sistemin gələcək poetikasını mən necə görürəm?

Bir anlıq təsəvvür edək ki, həmin sistem artıq yaranıb və biz nə görürük?

İlk növbədə burada müstəqimlik, birbaşalıq yoxdur, çünki poetik söz o qədər müstəqim deyilib ki, emossional təsir gücünü itirib, oxucuya "mən çox xoşbəxtəm", yaxud "mən çox kədərliyəm" deyəndə, bu, çılpaq nəticədir və sən bu nəticəni doğuran səbəbi də beləcə müstəqim deyirsənsə ("oğlum birinci sinifə gedib, ona görə də xoşbəxtəm", yaxud "sevdiyim insan vəfasızdır, ona görə də kədər içindəyəm" və s., və i.a.), bunun bədii-estetik səviyyəsi keçilmiş poetik yollarda çoxdan palçığa batıb. Nəticəni oxucu çıxartmalıdır və sən səbəbi obrazlı şəkildə deməyi bacarmalısan.

Bu sistemdə mütləq bir şey də yoxdur, yəni şeirin personajı (lirik qəhrəman) həmin sevincin də, kədərin də portretini yaradanda "yaxşı - pis" kimi mütləq (obsalyut) qütblərdə dayanmır, o, bu qütblərin ortasında dayanıb və dinamikdir, hər iki qütbə tərəf hərəkət edə bilər, sənətin obyekti isə, bildiyimiz kimi, xislətdir - xislət də mürəkkəbdir, ziddiyyətlidir, çoxqatlıdır. Mütləq qütblər sosrealizmin "mənfi qəhrəman - müsbət qəhrəman" bölgüsü kimi özünü doğrultmadı, bədii iflasa uğradı və bəhs etdiyimiz sistemin lirik qəhrəmanı belə bir bölgüdən uzaqdır, o, hisslər dünyasının məxluqudur.

Bu sistem üçün bütün formalar məqbuldur: heca, sərbəst, destruktiv şeir, ağ şeir - hər şey istedadın təhtəlşüur axtarışından asılıdır və o, axtardığını (söhbət deyiləcək sözün doğma (!) formasından gedir) tapacaq.

Burada məsələ yalnız banal "mən-sən", "mana-sana" qafiyələrindən imtina etməkdə deyil, düşüncələrin, ifadə olunan hiss-həyəcanların poetik miqyası milli bünövrəyə, təmələ söykənən bəşəriliyə adlamasındadır.

Mənəvi azadlıq, sərbəstlik bu sistemin daxili poetik kütləsində mühüm yer tutur, çünki lirik qəhrəman (hisslər dünyasının məxluqu) öz mənəvi gizlinlərini açmaqda azad və sərbəstdir, çünki onun dixili qadağaları (senzurası) istedadının qarşısına səd çəkməkdə gücsüzdür.

Bu sistemin bədii-estetik mündəricatı elitardır və kütlə üçün nəzərdə tutulmayıb, elitar da oxucu tələb edir. (O başqa məsələ ki, bu sistem də, cəmiyyət də sinxron olaraq inkişaf edib elə bir səviyyəyə çatır ki, kütləvilik əldə olunur.

Ancaq biz gələcəkdən günümüzə qayıdaq və dediyim həmin təəssüratı yaradan nümunələrə nəzər salaq.

"Fani dünya" bizim klassik poeziyamızda, aşıq yaradıcılığında, bayatılarımızda mühüm bədii-fəlsəfi mövzulardan biridir və bu poetik faniliyin ehtiva miqyası çox genişdir. Bir tərəfdən etibarsızlıq, müvəqqətilik, puçluq, vəfasızlıq və s., o biri tərəfdən isə bu anlayışların doğurduğu poetik-fəlsəfi sinonim kimi kədər, qəm-qüssə, "zalım fələk", tənhalıq, "ağlayan cahan", "cadugər dünya" və s. - bütün bunlar "fani dünya"nın daxili poetik kütləsidir və bəzən şeirin qəhrəmanı (personajı, "mən"i) dünya ilə bərabər, özünün də yox olmasını arzulayır. (Məs: "Nə mən olaydım, nə də bu aləm olaydı, // Nə bu aləm əra dil müqəyyədi-qəm olaydı..." (Natəvan), yaxud başqa şəkildə deyilən mahiyyətcə eyni fikir: "Nə tərk etdim bu dünyanı, // Nə dünyada səfa gördüm..." (Cahansuz).)

Bəhs etdiyimiz təmayülün qəhrəmanı "nə mən olaydım" demir, "nə tərk etdim bu dünyanı" deyə təəssüf (eyni zamanda şikayət) də etmir və bu qəhrəman "səfa" da arzulamır.

Bu şeirlərdəki daxili aləm dediyim kimi, həmin tənhalığı, kədəri, qüssəni, sonu çatmış sevgini, yeknəsəqliyi ifadə edir və belə olan təqdirdə əlamətdar və təbiidir ki, fəsillər arasında poeziyamızın (həm də yalnız bizim yox) predmeti əsas etibarilə yaz, bahardırsa, bəhs etdiyimiz poeziyada yazın pozitivi payızın neqativi ilə əvəz olunur, yəni biz poetik sözün pozitiv yox, neqativ aurası ilə rastlaşırıq. Başqa sözlə desəm, yaz sevinci payızın hüznü ilə yerini dəyişir və payızın özünün də poetik qızıl xəzəl gözəlliyi saralıb-solmuş yarpaqların qüssəsinə çevrilir. Bəzən isə hətta o hüzn, o qüssə də mənəvi dünya üçün kifayət dərəcədə deyil:

 

Bu payız da mən deyən payız olmadı,

Yarpaqlap saralsa da...

(Elza Dəniz Nur)

 

Mühüm bir cəhət ondadır ki, bu "poetik çevrilmə" heç vəchlə deyilən sözün bədii-estetik çəkisini azaltmır, əksinə, sırf poetika baxımından müasir şeirimizə yeni nəfəs və neqativin estetik gözəlliyini (!) gətirir.

Baxın, Günay Ümidin lirik qəhrəmanı deyir:

 

Bizim küçədən bir şəhər o yanda,

Bizim evdən bir dünya o tərəfdə,

İslanmış saçlarını günəşdə qurudan

O qızın yanaqlarında

Bir öpüş üşüyür...

 

Göyərçin qanadlarına dönmüş

Baxışlarında

Çırpınır kirpikləri...

 

Bu misraları oxuyanda Sarı Aşığın məşhur bayatısı yadıma düşdü:

 

Aşığın baxtı yarım,

Neyləsin baxtı yarım?

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım?

 

Bu gözəl bayatıdakı şuxluqla, çırpınan kirpikləri göyərçin qanadlarına dönmüş o qızın yanaqlarında üşüyən öpüşün həzinliyi arasında tamam başqa (hətta bir-birinə zidd) ovqat var, ancaq eyni deyilən sözü obrazlaşdırmaq bacarığı baxımdan isə ayrılıq yoxdur - yəni eyni şuxluq yoxdur, eyni incəlik var.

 

Saçlarım

Edam ağacına çevirdi

Əlimdəki darağı...

Nə oldu ki? Niyə belə hadisə baş verdi? Çünki:

 

Bir şeir qucaqladı

Masadakı varağı...

 

Axı, doğrudan da, şeir vəhydən gəlirsə və o şeir ağ varaqla qucaqlaşırsa - bu ki, gözəl bir hadisədir və o zaman bu nə "edam ağacı" söhbətidir?

Çünki elə həmin anda da:

 

Otağın boğazında düyünləndi

gecəyə bağışladığım

bir qəmli nəğmə...

Sükutu yaraladı

gözlərdən asılan

bir nəmli kəlmə...

Biz susduq...

 

Adi bir daraq birdən-birə edam ağacına çevrilə bilər? Şeir canlı bir varlıq kimi varağı qucaqlaya bilər? Otağın boğazı olar? Nəğmə hardasa necə düyünlənə bilər? Kəlmə necə nəm çəkib, gözlərdən asıla bilər? Sükut da yaralanarmı?

Doğrusu, bu sualları yazarkən, 1960-ın sonları, 70-ci illərin əvvəllərində "60-cıların" - İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif Səmədoğlunun ilk şeirləri mətbuatda çıxarkən, ədəbi prosesdəki cahil və əvam haray-həşiri, sosrealizmə söykənib poeziyanı şablonlaşdıran, trafaretə çevirən hay-küyü yadıma saldı. Deyə bilmərəm ki, indi belə cahil haray-həşirçilər, əvam şablon həvəskarları, istedadsızlığını ört-basdır etməyə çalışan yalançı modernistlər yoxdur, var, ancaq bu gün - poetik sözün azadlığı hiss-həyəcanların poetik ifadəsi ilə, istedadla müttəfiqdir və poeziyanın siyasi-inzibati asılılığı da yoxdur, yəni söhbət sənətdən gedirsə, yuxarıdakı sualların müsbət cavabında təəccüblü bir şey də yoxdur.

Hərarətli poetik nəfəsdən danışırıqsa, misal üçün, Günay Ümidin obrazlı düşüncə (təfəkkür) tərzi bu kədərli-qüssəli nəğmənin portretini (!) çəkməyi bacarır və lirik qəhrəmanının sürrealist, hətta bəzən sərt sürrealist mahiyyətli özünüifadəsi həzin, səmimi bir ovqat yaradır - bu misralarda Dalinin xəmir kimi yayılmış saatlarının soyuqluğu yoxdur.

Biz təsəvvür etdiyimiz həmin obrazlı düşüncə sistemində bədii sözün birbaşa söylənmədiyini dedik və baxın, Ayşən Rəhimin şeirinin qəhrəmanı poeziyamızın əbədi mövzularından biri olan hicran duyğularından birbaşa şikayət etmir, göz yaşı tökmür, burada ah-vay yoxdur. Bu qəhrəmanımız divan ədəbiyyatından, eləcə də folklor poeziyamızdan üzü bu tərəfə gələn "hicran"ın acısını, ayrılığın intizarını obrazlaşdıraraq, belə deyir:

 

İndi üşüyür əlin,

söndürdün ocağımı.

Yəni sən mənim ocağımı söndürmüsən, elə buna görə də haralardasa üşüyürsən və mən sənin əlinin soyuqluğunu da hiss edirəm.

 

Orda hava soyuqdur,

al, geyin qucağımı...

 

Yəni baxmayaraq ki, sən bizim (!) ocağımızı söndürmüsən, mən istəmirəm ki, sən o soyuğun içində qalasan, buna görə də ala, qucağımı və əvvəlkilərtək qızın.

 

...Qucağını geyindim,

üst-başım sən qoxuyur.

 

Yəni mən də sənsizəm, səni unuda bilmirəm (bacarmıram, məndən asılı deyil...), mən də sənsizəm, mən də səni qucaqlayıram, mən də qızınıram və o zaman biz yenə birlikdəyik.

Aypara Ayxanın da şeirlərini oxuyanda Sabirin klassik poeziyamızdakı ("Divan" ədəbiyyatındakı) epiqonçuluğa, aşiq-məşuq surətlərinin əsrdən əsrə adlayan eyniliyinə qarşı yazdığı "Şair"lərimizə nəzirə"si ("Xalın üzündəki buğda, başında saçın qürab, // Qah-qah!.. Qəribə gülməlisən xaniman xərab!.." sırf bədii paradoks mənasında yadıma düşdü və siz bu misralara fikir verin:

 

Güvənib başımı söykədim, ancaq

Ağırlıq elədi çiyninə sənin.

Yüz ölçüb, bir biçdim, amma yenə də

Sevgim böyük gəldi əyninə sənin...

 

Bu bədii paradoks - elə bil ki, poeziyamızın uzun illər boyu gəlib çatdığı bir poetik (indiki halda həm də sosial!) mərhələni təcəssüm edir və gördüyünüz kimi, "məşuq" "aşiq"in, ya da əksinə, "aşiq" "məşuq"un vəfasızlığından şikayət etmir. Lirik qəhrəman bir şəxsiyyət kimi öz çəkisinin ağırlığını ifadə edir və bu poetik ifadə obrazlı şəkildə deyildiyi üçün, oxucu personajın (belə başa düşürəm ki, qadındır) şəxsi sanbalını hiss edir, ona inanır, eyni zamanda sırf estetik baxımdan bu misralar səni ələ alır - sən şeir oxuyursan, məmulat yox və bu dörd misra elə bil, bir hekayə süjeti söyləyir.

Ayparanın şeirində bir cəhəti də qeyd etmək istəyirəm ki, onun hecayla yazdıqlarında da, sərbəstində də obrazlı düşüncə tərzi özünün poetik dəst-xəttini göstərir və mən min dəfə deyilmiş fikri bir daha təkrar edirəm: hər şey istedada bağlıdır, qalan nə varsa (indiki halda cürbəcür şeir formaları) istedadın öhdəsindədir.

Baxın, bu da onbirliklə yazılmış həmin bənddəki əhval-ruhiyyənin qələmə alınmış sərbəst şeirdəki misralarıdır:

 

...Demişdim axı, çox da özünə güvənmə,

Bax, süqut etdi illərlə qəlbimdə qurduğun

imperiyan,

sultanı olduğun taxtın da devrildi...

Sayəndə DNT-si də dəyişdi duyğularımın,

sevgin mutasiyaya uğrayaraq nifrətə çevrildi.

 

Müstəqimlik obrazlı düşüncə tərzinə yad olduğu üçün, məhz həmin obrazlı düşüncənin ifadə etdiyi bu misralardakı sonuncu "nifrətə çevrildi" müstəqimliyi tamam artıq səslənir, çünki bu şeirin obrazlı poetikasına zidd olan belə bir izahata, birbaşa deyilmiş qənaətə heç yoxdur - hər şey deyilib, mənzərə tamamlanıb, "sevgim mutasiyaya uğradı" və nöqtə.

Başqa bir istedadlı şairədə - Xəyalə Sevildə də onun aşkar hiss olunan obrazlı təfəkkür tərzinə yad səslənən bu cür izahedici, birbaşa deyilmiş artıqlara rast gəlirik.

 

Səni harda bağışladım?

Harda bitirdim səni?

Çıxdım ürəyimin qapısınacan,

Ötürdüm səni...

 

Hər şey aydındır, hər şey obrazlı şəkildə sərrast deyilib və deyilmişləri (aydın olanları) yenidən bu cür aydınlaşdırmağa ehtiyac varmı:

 

Yolun yaxın olmasın.

Nə doğmamsan, nə yadım.

 

Məncə, heç bir ehtiyac yoxdur. Əgər keçmiş sevimli bir varlıq ötürülüb, yola salınıbsa, deməli, o, artıq doğma ola bilməz və deyil, çünki söhbət otağın, mənzilin, böyük mənada götürsək, hətta dünyanın qapısına yox, ürəyin (!) qapısınacan gətirib çıxaran və tərəddüdlərlə dolu bir sevda yolundan gedirsə, o varlıq, əlbəttə, əbədi bir varlıq olmayacaq, çünkü o, - nə etmək olar? - həm doğma, həm də yaddır. Artıq dediyini və nail olduğunu nə üçün təzədən birbaşa deməlisən?

Mən bu yazını Elza Dəniz Nurun misraları ilə başladım və elə bilirəm ki, onun simasında müasir poeziyamıza obrazlı mühakimələri ilə poetik söz deməyi bacaran şair gəlməkdədir. Bunlar onun misralarıdır:

 

Ağlama,

Heç kim sənin göz yaşını silə biləcək

Qədər günahsız deyil insan!

 

Güclü deyilmiş bu misraların sonunda bilavasitə "insan"ı xatırlatmaq, o misraların yaratdığı bədii-estetik effektə ziyan gətirir, halbuki fikir "günahsız deyil"də bitir və məncə, nida işarəsi əvəzinə, üç nöqtə tələb edir.

"Kədər" anlayışı lirik poeziyada ruhi iztirabı ifadə edən əsas poetik predmetlərdən biridir və çox zaman da o qədər müstəqim şəkildə ("kədər içindəyəm", "kədər məni bürüyüb", "İlahi, bu nə kədərdir belə? və s.) deyilir ki, emossional təsir gücünü tamam itirir, statistik obraza çevrilir. Buludlar (qara buluddan başqa) və yağış isə adətən pozitivi ifadə edən ənənəvi poetik obyektlərdən biridir, təbiətin gözəlliyini göstərmək üçün istifadə olunur, yaxud da bəhs edilən məqamda sevgi hisslərinin ifadəsində gözəl fona çevrilir. Ancaq baxın, kədər Gülnarə Sadiqin də lirik qəhrəmanı ilə bir yerdədir:

 

Kədər anlıq gülüşləri

Həbs eləyir gizli-gizli...

 

Sonra nə olur? Sadəcə, buludların ruhu (!) yorulur və yorulmuş buludlardan yağan yağışda artıq pozitivdən əsər-əlamət də yoxdur:

 

Ruhu yorğun buludların

Göz yaşları yağışlardı...

 

"Sevgi yağışları" ifadəsi çox pozitivdir və gözəl bir əhval-ruhiyyədən xəbər verir, ancaq başqa bir şairin lirik qəhrəmanı görün hansı ovqatdadır:

...Ot kimi göyərmişəm dünyanın

            ortasında və bilirəm ki, buralarda

Bir daha sevgi yağışları yağmayacaq.

(Hədiyyə Şəfaqət)

 

Həmin pozitiv, görürsünüz, yaratdığı gözəl əhvalı birdən-birə necə də hüzünlü bir ovqata çevirdi və bu, əlbəttə, istedadın poetik çevirməsidir (istedad çevrilişi!). Ancaq heç vaxt "sevgi yağışlarının" yağmayacağını deyən bu qəhrəman üçün də gözəllik mövcuddur: "Nə gözəldir zamanı saxlamaq və yumulu gözlərdən içəridə gecənin təmizliyini qoxulamaq, // Susmuş dünyanın necə yuxuya getdiyini izləyib, sözləri böyük bir boşluğun içində gizləyib, // Ürəyini ən dərin quyuların dibindəki bir ovuc suya açmaq, sonra havalanmaq, sonra dəlilənmək, sonra uçmaq. // Anqappaq köynək yaxası kimi açmaq dünyanın dar dalanını, bir udum nəfəs tutub saxlamaq və o nəfəsin içində yaşamaq həyatın yerdə qalanını". Sadəcə bu - tənhalığın və kədərin doğurduğu idilliyadır, əgər belə demək olarsa, tragidilliyadır.

Yeri düşmüşkən deyim ki, mən artıq neçə ildir mətbuatda bu şairin imzasını izləyirəm və onun şeirləri də, esseləri və hekayələri də yeni sözün, həyatın doğurduğu hissləri obrazlı təfəkkür süzgəcindən keçirmək bacarığının ifadəsidir və ancaq təəssüf ki, bizim ədəbi prosesin bir küll halında sönüklüyü bu müəllifi görə və göstərə bilmir.

Mən 2016-cı ildə yazdığım həmin essedə qeyd etmişəm ki, "Bilmirəm bu şairənin (Hədiyyə Şəfaqətin) klassik yapon poeziyasına münasibəti necədir, ancaq onun şeirlərindəki qüssənin incəliyi, bu şeirlərdəki akvarel mənə orta əsr yapon hoqqularını, tankanalarını xatırlatdı - təqlid mənasında yox, emossional təsir mənasında".

Aradan keçən illər ərzində Hədiyyə Şəfaqətin şeirlərindəki o incəlik də, akvarel də "yaşlanmayıb", obrazlı poetik təfəkkür isə daha artıq "yaşlanıb", ifadə etdiyi hiss-həyəcanların mündəricatının da, bədii-estetik cizgilərinin də çəkisi ağırlaşıb.

Mən ədəbi prosesin (tənqidin!) sönüklüyünü qeyd etdim və buna misal olaraq, oxucunun diqqətini başqa bir şairənin şeirlərinə yönəltmək istəyirəm. Bu günlərdə Rəbiqə Nazimqızının "Çətirlərin qiyamı" kitabını oxudum və doğrusu, son onillikdə çox az şeirlər kitabı olub ki, mən onu axıracan bu cür bir maraq və daxili təqdir hissi ilə oxuyum.

Artıq biz dedik ki, konturları görünən o poetik sistemdə mütləqlik yoxdur və bu baxımdan Rəbiqə Nazimqızının şeirlərinin "personajı kimdir?" sualına da birmənalı cavab vermək mümkün deyil. O, bir tərəfdən:

 

Mən göyümü dəyişmək istəyirəm,

Qoy günəşin bağrı şan-şan olsun,

Ayın ləkə tutsun gözünü, görməsin,

"Ulduzlar ölsün!" demək istəyirəm...

- deyə oxucuyla ən pessimist hisslərini bölüşür, o biri tərəfdən isə:

 

...Göy üzünə baxırsan,

ən gözəl misralar yazılır bəbəklərinə.

Gül dərirsən saçlarıma taxmaqçün əllərini

Mən təbəssüm göndərirəm bütün çəmənlərə...

Təşəkkür...

- deyə xoşbəxtliyin nə olduğunu bildirir, ancaq iş burasındadır ki, mənəvi darıxqanlıq bu personajı bütün şeirlərdə təqib edir: "Demirəm bu gün gəl, sabah da olar, // demirəm, getmə, qal, bu lap ağ olar. // Bir nəfəslik düzəlt, ondan sonra get, // yoxsa bu dünyada boğulmaq olar".

O, bir şeirdə "sevgilər yalandı" deyirsə, o biri şeirdə çılğın bir eşq onun həmdəmidir:

 

Qırmızı köynəyini soyunarsan.

O gecə bir könüldən min könülə

vurularsan mənə...

...Barmaqların çələng olar saçlarıma.

Nəfəsinə bürünərəm,

səsini dua kimi asaram qulaqlarımdan,

ürəyimin üstündən götürməzsən ürəyimi.

Dodaqlarının möhüründən öpərəm.

Heç ölmərəm...

Göydən üç alma düşər,

götürmərəm...

 

O, mənəvi darısqallıq içindədir, ancaq bu darısqallıq, sevincsizlik, bu eynilik onu heç vəchlə sındırmayıb və o, çılğındır, cəsarətlidir, qətiyyətlidir, həmin mənəvi darısqallıq onun mənəvi gücü qarşısında acizdir:

 

Gəlmə!

Üç yüz il sandıqda qalan ilan kimiyəm.

Könlümü açsan,

Sevinmək yerinə

Sanca bilərəm. Öldürərəm.

 

Bu sərt misralar elə qətiyyət və istedadla (!) deyilir ki, bəli, biz inanırıq ki, lirik qəhrəman həmin anlarda həqiqətən ilan kimidir, sanca və öldürə bilər. Onun daxilindəki mənəvi darısqallıq hətta intiharı da bədii obyektə çevirir:

 

Hər yerdə məni izləyir o əclaf.

Küçədə yanımca yeriyir.

Kinoda üzümə baxır,

Kafedə çayıma.

Maşına minəndə yol olur

metroya düşəndə qaranlıq.

 

Bu misraları oxuyanda düşünürsən ki, intihar nədir - elə həmin mənəvi darısqallığın yaratdığı və xislətin içinə soxulmuş şeytandır da (Cavidin məşhur misraları yada düşür: "İblis nədir? Cümlə xəyanətlərə bais, // Ya hər kəsə xain olan insan nədir? İblis"), ancaq eyni sərtliklə söylənən bu misralar bir oxucu kimi, məndə əminlik yaradır ki, intihar bu lirik qəhrəmanın mənəvi gücünə və əzminə qalib gələ bilməyəcək. Düzdür, elə anlar olur ki, bu Şeytan onu qorxutsa da ("Tutmaq istəyir qolumdan. // Qorxuram"), həmin an ötüb-keçəcək.

Rəbiqənin şeirlərinin personajı sevməyi də bacarır, onun nifrəti də ürəkdən gəlir və o, hətta taleyüklü məqamlarda səmimi etirafdan da çəkinmir:

 

Hər yaz yenidən tumurcuqlayır ağaclar,

təzə Ay çıxır köhnəsinin yerinə.

Gedirsən, get...

Heç mən də vəfalı deyiləm...

 

Ancaq bütün bu sərtliyə, əzmə, etirafa baxmayaraq, bu lirik qəhrəman çox həssas bir varlıqdır, hətta utancaqlıq da ona yad deyil ("Üzüm gəlmir səndən bahar istəməyə. // Ürəyimin bir küncünə küknarlar ək...") və bu fikri mənə söylədən onun, baxın, bu tipli söylədikləridir:

 

Qüssədən sarılıq tutmuş divarlara,

gözləri yol çəkən tənha tavana,

xanalı örtüyə həbs olunan

bir adamlıq divana

yola salmaq səni...

Sonra da gözləmək

balaca otaqdan

mənə uzanan

qollarının mötərizələrini.

 

"Çətirlərin qiyamı" 2022-ci ildə nəşr edilib və iki il ərzində bizim professional ədəbi tənqidimiz bu kitab haqqında sanballı bir söz deməyib (hər halda, mən mətbuatı izləyirəm və belə bir prinsipial yazı gözümə dəyməyib), halbuki bu kitabda tərif üçün də, tənqid və sağlam ədəbi mübahisələr üçün də ciddi poetik zəmin var. Əgər biz bu gün açıq-aşkar istedadla yazılmış bu tipli kitabları, bu cür yeni imzaları görmürüksə, qrafoman bolluğundan, poetik məmulatdan, ədəbi prosesi bürümüş çayxana qiymətlərindən (və qeybətlərindən) şikayət etməyə çətin ki, haqqımız var.

Ancaq biz uzağa getməyək və başladığımız söhbətə qayıdaq.

Nazilə Gültacın lirik qəhrəmanı, belə başa düşürəm ki, sevdiyi insanın adını buludlara yazdığını deyir:

 

Adını buludlara yazdım

Hərf-hərf, heca-heca.

Yağdı damla-damla,

Axdı üzümə-gözümə...

 

Bir oxucu kimi məndə maraq yaranır ki, onun, yəni bu lirik qəhrəmanın belə qeyri-adi, bəlkə də çılğın-impulsiv əməlinin axırı nəylə bitəcək? Və gözlənilməz bir hadisə baş verir: qəhrəmanımız o yağışı "ovuclayıb" içir və onun buludlara yazılmış adı suda pozulur.

Elə bilirəm ki, bu kiçik obrazlı (bir az da naturalist çalarlı) lövhə həmin anlardakı ruhi-psixoloji ovqatın mənzərəsini yarada bilir və şeirin əsas uğuru da ondadır ki, mənəvi tərəddüdlərin son nöqtəsində mütləqlik yoxdur:

 

Kaş, bu yağış yağmayaydı...

 

Nə üçün? Çünki:

 

Adın pozulmayaydı.

Ürəyimin səmasında

Adının yeri boş qaldı...

Bu ayrılıqda aşkar bir qüssə var - o mənada ki, nə etmək olar, olacağa çarə yoxdur, belə olmalıydı, belə də oldu. Ancaq... o yağış kaş, yağmayaydı...

Bəhs etdiyimiz şeirlərdə tənhalıq, əski teatr təbiri ilə desəm, kədərin tərəf-müqabilidir və Gülnarə Sadiqin açıq-aşkar tənhalıq içində olan lirik qəhrəmanı deyir:

 

Ömürlük məhbus kimi

Əsir düşür duyğular.

 

Və nə olur?

 

Sevgilər çökür,

Tənhalıq hakimiyyətə gəlir...

 

Şeirlərini ilk dəfə oxuduğum bu şairənin obrazlı təfəkkür tərzi, onun yazdıqlarını canlı və görümlü edir, dediyi sözün bədii təsir gücünü artırır və onun poetik məxsusiliyi də elədir ki, neqativdən bəhs edəndə: "Ey fani dünya!.." - deyə fəryad qoparmır:

 

Dünya yorulub

o qadının göz yaşı kimi,

sükut yorulub

fəryadı kimi,

ümid yorulub

ümidi kimi...

 

Tənhalıqla bağlı hiss olunacaq dərəcədə təskinlik istəyinin özü də, əslində elə tənhalığın ifadəsi deyilmi? Baxın:

Müasir dövrün ədəbiyyatında, o cümlədən də poeziyada çılpaq nəsihətçiliklə məşğul olmaq, primitivliyə gətirib çıxarır və bu gün biz ədəbi prosesdə bu mənada primitiv şeir məmulatına az rast gəlmirik, ancaq siz bu iki misradakı nəsihətə fikir verin:

 

Əmin olmadığınız sevgini etiraf etməyin...

 

Bu ki, açıq-aydın nəsihət verməkdir! Yox, belə deyil:

 

Çünki qarşı tərəfin, doğrudan da,

            köksündə ürək ola bilər...

 

Obrazlı poetik təfəkkür mövzunu da, məzmunu da dərinləşdirir, deyilən sözün poetik sanbalı var və əslində "əmin olmaq", "etiraf etmək", "qarşı tərəf" kimi poeziya təhkiyəsinə yad səslənən, poetik zərifliyi pozan ifadələr belə, Elza Dəniz Nurun bu iki misrasının yaratdığı dərinliyi hiss etməyə, bu barədə düşünməyə mane olmur.

Bu şairin başqa şeirinin qəhrəmanı gecələr gözəl xəyallar aləmindən tamam uzaqdır və hətta həsrət belə, onun üçün əlçatmazdır:

 

Gecə toxuduğun həsrət (!-E.)

Səhər şəfəqləri ilə sökülür...

 

Yəni sən yoxsan (çox güman ki, ümumiyyətlə, heç olmamısan!) və sənin yoxluğun gecələr gözəl (!) bir həsrət toxuyur, ancaq səhər açılır, o isti, hərarətli həsrət də yox olur və sevgisiz, həsrətsiz (!) bir eynilik başlayır - həmişəki eynilik.

Mən "şeir məmulatı" ifadəsini işlətdim və təəssüf ki, bu ifadəni işlətmək üçün mətbuatda mütəmadi çap olunan bir çox şeirlər anti-poetik zəminin bəhrəsidir və öz növbəsində həmin zəmin qrafoman üçün daha cəlbedici olur. Bəzən təngə gəlib (hirslənib!) "hara baxırsan, şeirdir" deyirsən, ancaq bəhs etdiyimiz poeziya nümunələrində "hara baxırsan şeirdir"nin mənası tamam başqadı:

 

Elə bu solğun bənizli gecə,

dibçəkdəki güllər...

pəncərə şüşəsində çiliklənən

yağış dənələri...

yolların qırağında

soyuqdan büzüşüb titrəyən

köməksiz otlar...

(Şahnaz Şahin)

 

Gördünüzmü söhbət hansı şeirdən gedir? Və personajın ovqatına fikir verdinizmi? Gecənin bənizi solğundur, yağış dənələri şüşə kimi çilik-çilik olur, yol kənarındakı otlar büzüşüb, soyuqdan tir-tir əsir və onlara kömək edəcək bir qüvvə yoxdur. Yəni bu dəfə də hara baxırsan şeirdir: o solğun gecə də, o yağış dənələri də, o köməksiz otlar da...Həmin əhval-ruhiyyədir və danışdığımız kontekstdə əlamətdar cəhət odur ki, bu əhval-ruhiyyə məmulat yaratmır, dedikləri antipoeziya yox, hüzünlü poeziya nümunələridir. Şahnaz Şahinin elə həmin personajının söylədiyi bu tipli poeziya nümunələrindən:

 

Şəkil albomum çəkir məni -

gah yerdən, gah da göydən...

deyirlər anam da ordadı...

yalandı, inanmıram!

Axı, o həmişə mənimlədir...

evdə, yolda, maşında...

 

Bu misraları da bənizi solğun gecə, pəncərə şüşəsində cilik-cilik olan yağış dənələri, həmin üşüyən otlar söyləyir.

Biz poeziyamızda İlahiyə nə qədər müraciət oxumuşuq, sayı-hesabı olmayan şeirlərdə Yaradana nə qədər şükür edilib, hansısa bir nadanlıqdan, xəyanətdən, vəfasızlıqdan şikayətlər olunub, nə qədər hansısa gözəlliklərdən heyrətimizi bildirmişik və artıq İlahiyə müstəqim, birbaşa poetik müraciətlərdə bir şablon əmələ gəlib və bu şablon o qədər rişəlidir ki, istedadlı şairlərin belə, yazdıqlarının bədii-estetik səviyyəsini aşağı salır.

"İlahi" obrazı dini etiqadından asılı olmayaraq, yüzillikləri bəşəri sənətlə, o cümlədən poeziya ilə birlikdə irəliləyib və ali bir qüvvə kimi yol göstərən olub ("Ey Yaradan, uğur qapısını üzümə aç, düzü əyridən, yaxşını pisdən ayırmağın yolunu Nizamiyə göstər", Nizami, "Xosrov və Şirin") və bizim klassik poeziyamızda İlahiyə müraciət sonsuz bir etiqadın bədii ifadəsi olub. 

Bu gün obrazlı düşüncə tərzinin İlahiyə (Yaradana, Allaha, Tanrıya) müraciət etmək ehtiyacının xeyli dərəcədə çoxaldığını görürük və müasir dünyanın qarmaqarışıqlığından başqa, bizdə bunun bir mühüm səbəbi də yəqin, odur ki, bu mövzu ilə bağlı 70 ildəki Allahsızlıq dövrünün yasaqlıq qəfəsi birdən-birə açılıb - mövzu azadlığa çıxıb və onun mənəvi poetik aurasının miqyası xeyli dərəcədə genişlənib, daxili senzura yox olub.

İlahi Ali qüvvədir və eyni zamanda Ali olduğu qədər də sadədir, dostdur, sirdaşdır. Baxın:

 

Eşidirsənmi, İlahi?

Açıq qoy pəncərəni,

Qapını bir azca aralı saxla.

Əlimi göyə qaldırıb,

Sənə təslim olmuşam.

Üstümdə heç nə yoxdu

Məhəbbətdən savayı,

İstəyirsən, yoxla.

    (Xəyalə Sevil)

 

Xəyalənin bu misraları ateizm dövrünün böyük ideoloji şairi Mayakovskinin İlahiyə çox xoşuma gələn təşəkkürünü yadıma saldı: Leninin "Din - xalqlar üçün tiryəkdir" təlimini qəbul edən, "Ey, Səma! (yəni göydəkilər, Yaradan və ətrafı - E.) // şlyapanızı çıxarın! // Mən (yəni həmişə özünün də qürurla dediyi kimi "sovet vətəndaşı!" - E.) gəlirəm!" - deyən Mayakovskinin şeirlərindən birinin qəhrəmanı Allaha təşəkkür edir ki, gecələr ulduzları yandırır. Bu, artıq istedadın fürsət tapıb, pərçim edildiyi ideoloji çərçivədən ani olaraq kənara sıçrayışıdır, ancaq bu söhbəti saxlayaq - bizi uzaqlara aparar.

Bəhs etdiyimiz bu şeirlərdə mütləq həqiqət yoxdur və burada söhbət hisslərin həqiqətindən gedirsə, hisslər dinamikdir. Elə bil ki, bu həqiqətlər tərtəmiz, şəffaf, dibi aydın görünən suyun üzərində sərbəst üzən, müxtəlif poetik yozumlardan doğan həqiqətlərdir və onların poetik çəkisi real həqiqətlərin (şikayət, yaxud da, əksinə, tərənnüm obyektlərinin) bədii-estetik çəkisindən daha artıqdır. Məhihə Əzizpurun qəhrəmanı, belə başa düşürəm ki, həqiqət axtarışındadır və o, "ey, həqiqət, hardasan, səni axtarıram" - demir:

 

Xəbər aldım,

Dedilər,

O qadın doğacaq!

Qadına gedincə,

Uşağını salmışdı...

 

Yəqin ki, Azərbaycanın heç bir şəhərinə, heç bir səfalı məkanına Şuşaya həsr olunmuş şeirlər qədər şeir yazılmayıb və Şuşanın işğaldan əvvəlki vaxtlarında da, işğal zamanı da, nəhayət, işğaldan azad edildikdən sonra da onun tərənnümü, doğurduğu nisgil və sevinc bu unikal şəhərin adını öz-özlüyündə milli poeziyamızın ənənəvi-poetik obrazı səviyyəsinə qaldırıb (Fransa ədəbiyyatında Luvr kimi!), ancaq aydın məsələdir ki, bu yazılanların hamısı eyni bədii-estetik səviyyədə deyil.

44 günlük böyük Zəfərdə o qədər təbii bir sevinc, fərəh, qürur var ki, şairin də, qeyri-şairin də ilham pərisini coşdurub və Şuşa ilə bağlı yaranmış poetik bum əsl sənət nümunələri ilə bərabər, bəlkə daha artıq dərəcədə zəif yazı-pozuları da ortaya çıxarır, şeiri bədii dəyəri olmayan təmtəraqa, əgər belə demək olarsa, poetik adətə, hətta bəzən poetik məcburiyyətə çevirir.

Ancaq baxın, Gülay Tahirli ilk şeirlərini çap etdirir və bu müəllifin istedadı, yeni söz axtarışları onun "Əziz Şuşa"ya müraciətlə yazdığı şeiri dediyim həmin poetik trafaretin içindən çıxarır:

 

Pəncərəmdəki çiçəklər inciyib məndən,

Onlara baxa-baxa

            xarıbülbülü düşünmüşəm deyə.

Günəşin də qəlbi qırılıb,

Sənsiz günlərdə istisində üşümüşəm deyə.

 

"Müqəddəs" anlayışında müstəqim, birbaşa bir təntənə var, ancaq Gülayın lirik qəhrəmanı bu müstəqimliyi obrazlaşdırmağı bacarır:

 

O qədər müqəddəssən ki,

Ayaqlarımı atıb bir tərəfə

Ürəyimlə gəzmək istəyirəm torpaqlarında.

 

Təntənədən əsər-əlamət yoxdur, istedadla deyilmiş Şuşa sevgisi var.

Bizim klassik şeirin, xüsusən aşıq şeirlərimizin qəhrəmanları bəzən "Süleymana qalmayan dünya"nın faniliyini xatırladaraq (daha doğrusu, bundan istifadə edərək!), aşiq olduğu gözəli elə bu faniliyə görə də isti ünsiyyətə, yaxın münasibətə çağırır və bu faniliyin qisası kimi, dünyada cəfa ilə yox, səfa ilə yaşamağa səsləyir, yəni neqativi pozitivlə nəticələndirmək istəyir.

Kim bilir, hansı dövrdə yaşamış naməlum aşığın qoşmasındakı bu səciyyəvi misralara fikir verin:

 

Dilbər, gəl səninlə meylər içəlim,

Bu dünya kimsəyə qalmaz, əfəndim.

Bu fani dünyada ləzzət çəkəlim,

Bu dünya kimsəyə qalmaz, əfəndim...

 

Bu sətirləri söyləyən personajın könlündə faniliyin acığına (!), gözəl bir həyat içində yaşamaq eşqi var və elə bilirəm ki, bu bəndin şövq və şölə dolu poetik aurasını hiss etmək çətin məsələ deyil, ancaq bizim bəhs etdiyimiz poeziya nümunələrində isə, belə bir ovqatdan, pozitivə çağırışdan əsər-əlamət də yoxdur. Qadın şairlərimizin personajlarının küskün, bəzi hallarda isə ümidsizlik saçan əhval-ruhiyyəsi və bu əhvalın obrazlı bədii təfəkkürdən gələn poetik dillə ifadə edilməsi müqabilində, nikbin hisslər doğuracaq misralar yox dərəcəsindədir (hər halda mən hələ ki rast gəlməmişəm).

Bu, yaxşıdır, ya pis?

Şeirimizin poetikası baxımından, sözsüz ki, yaxşıdır, çünki söhbət bədii-estetik səviyyə yüksəkliyindən və belə davam edərsə, bu gün hələ cizgiləri görünən həmin poetik sistemin formalaşa biləcəyindən, yəni poeziyamızda yaranacaq yeni estetik cərəyandan gedir.

Əhval-ruhiyyə, ovqat və bu ovqatın neqativlik yaratması baxımından isə, səbəbi araşdırmaq artıq sosioloqların, psixoloqların, gender problemləri ilə məşğul olan mütəxəssislərin öhdəsinə düşür.

Mən bu yazıda yalnız bir nəfərdən başqa, bəhs etdiyim digər müəllifləri şəxsən tanımıram, onlar son illərdə çap olunur və potensial imkanları açıq-aydın görünən istedadlı qələm sahibləridir. Bu imkanlar özünün tam bədii ifadəsini tapa biləcəkmi? Onlar birlikdə bədii-estetik bir küll (ədəbi nəsil) yarada biləcəkmi? Bəhs etdiyimiz ədəbi sistem görüntülərini Azərbaycan poeziyasının görümlü bir qoluna çevirməyi bacaracaqmı?

İstedad, əlbəttə, həlledicidir, ancaq yalnız istedadla (çılpaq istedadla!) böyük ədəbiyyat yaratmaq çətin məsələdir - istedada kömək etmək lazımdır - nəsihətvari olsa da, deyim: mütaliə ilə, dünyagörüşünü genişləndirmək, zənginləşdirmək ilə, yəni bu sualların gələcək cavabı onların özündən asılıdır.

 

14 avqust 2022

Gündoğan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!