Elnarə AKİMOVA
Tahir Taisoğlu Ümumittifaq miqyasında ən çox çap olunan şairlərdən olub. "Tumurcuq" adlanan ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən 1969-cu ildə, 19 yaşında olarkən işıq üzü görüb. Bu yaşda ilk kitabın çap olunması o zamankı Ümumittifaq ədəbiyyatı üçün nadir hadisə sayılırdı. Şeirləri "Drujba narodov", "Yunost", "Literaturnaya qazeta" kimi dövrün nüfuzlu ədəbi-bədii orqanlarında, "Molodaya qvardiya" nəşriyyatının "İstoki" almanaxında, "Literaturnaya uçeba" jurnalında mütəmadi çap olunub. "Literaturnaya uçeba" jurnalının 1985-ci il may nömrəsində Xalq yazıçısı Elçin Əfəndiyev onu və Vaqif Cəbrayılzadəni şeirləri ilə birlikdə Ümumittifaq oxucularına təqdim etmiş, onların şeirlərindəki yeni poetik təfəkkür fərdiyini müəyyən detallar əsnasında incələmişdir. Bunun ardınca, 1989-cu ildə Moskvada, "Sovetskiy pisatel" nəşriyyatında "Əllərimin kölgəsində", "Molodaya qvardiya" nəşriyyatında isə "Tənək yolu" şeirlər kitabı çap olunmuşdur ki, bütün bu hadisələr Tahir Taisoğlunun gənc yaşlarından artıq poetik fərdiyyət, sabitləşməkdə olan imza sahibi kimi qəbul edilməsinin göstəricisidir.
İlk kitab artıq Tahir Taisoğlunun maraqlı poetik üsluba malik şair olduğunu meydana qoyur. 60-cı illərin sonu idi və şeiriyyat aləminə yenicə daxil olan gənc öz poetik kredosunu təbiətin bir parçası olaraq təqdim edir, fərdi dəst-xəttin qanadlı romantikasında təbiətə aid olan hər detalı cisimləşdirərək ona bədii obraz tutumu qazandırırdı:
Ay işığı,
durna qaqqıltısı,
çay səsi...
İnnən belə olacaqdır
Qibləm mənim!
İlk kitabının "Tumurcuq" adlanması da simvolik məna kəsb edirdi. Dünyaya kövrək nəzərlərlə baxış, tumurcuq kimi açan yarpaqlara tumurcuq duyğularla yanaşmaq. Şair "Hər yarpaq dan şəfəqi kimi/ Nəğmələrlə dolduracaq dünyanı", - deyib özünün arzuları ilə yaratdığı duyumlu obraz arasında ünsiyyət qurur və nəticədə gözəl bir bədii lövhə hasilə gətirmiş olurdu:
Tumurcuq ürək kimi
kiçik, dolu...
Günəşi, küləyi, ulduzları, sükutu
əmib, əmib,
açılacaq dan yeri kimi.
Bu şeirlər dövrün ədəbi prosesində birmənalı qarşılanmırdı və təbii idi. Poeziyadan partiyalı şeirlər gözlənildiyi, həyatın fərəhli tərəflərinin tərənnümü tələb olunduğu bir vaxtda bu mətnlərin "bir qədər əsəbi, bir qədər kədərli, bir qədər də ümidsiz və qəmgin" ruhu mübahisə doğururdu. Məsələn, Rəsul Rza Tahir Taisoğlunun ilk şeirlərini oxuyub "Ədəbiyyat və incəsənət" qəzetində gənc şairə "Uğurlu yol" arzuladığı halda (1969), Məmməd Rahim "Azərbaycan" jurnalında çap olunan "Ədəbi gənclik haqqında" qeydlərində onun "Tumurcuq" kitabını məhz, bu aspektdən qəbullanmır, gənc şairi "üzünü fərəhlə dolu dünyamıza deyil, Qərbdə "dəb" sayılan meyillərə çevirdiyinə" görə ittiham edir, "iftixar hissi ilə yad edilən illərdən deyil, həyat üzü görməyən, qat kəsmiş arzulardan, illərdən söhbət açdığına" görə tənqid predmetinə çevirirdi (Məmməd Rahim. Ədəbi gənclik haqqında. "Azərbaycan" jurnalı, 1972, № 2, s. 186).
Sənət isə artıq "uç, romantikam" misrasındakı duyğu qatının zirvəsinə doğru yol almaqda idi. Keçmişin ağrı yükü, yaddaş qəlpələri və həyat həqiqətlərinə daxil olan nə varsa, poeziyada görüntülənir, düşüncə fəzasında rahat ifadəsini tapırdı. Bu mənada, Tahir Taisoğlunun şeirlərindəki bədii bənzətmələrinə məxsus ölçülər, iki ayrı predmet arasında hərəkət və əlaqənin bağlılığından yaranan məna axtarışları onun təxəyyül və fikir meydanında özünü sərbəst və azad hiss etməsindən qaynaqlanırdı:
Quşu uçan budaqlara bənzəyir,
Qəlbim və
budaqlar...
Xəzəl arzularım,
Xəzəl günlərim,
yanından uçuşan
yarpaqlar kimi,
Hələ də başına dolanır sənin...
Diqqət eləsək, bu şeirlərdə zaman vahidinin pozulduğunu görəcəyik. Obraz bəzən bir neçə zaman və məkan müstəvilərində qərar tutur, bir neçə nöqtədən görüntülənə bilir. Mənəvi anlayışların, hərəkət və proseslərin bir şeir daxilində bütünə çevrilməsi, hansısa obrazın modelində əyaniləşib yeni bədii imkanlar yaratması Tahir Taisoğlunun poeziyası üçün səciyyəvi keyfiyyətdir. İki, bəzən üç fərqli müstəvidə qərarlaşan məqamları bir şeirin daxilinə sığdırmaq və nəticədə bunların hamısından daha mürəkkəb poetika, daha fərqli və güclü obraz-epitet yarada bilmək bu poeziyanın özəlliyini təmsil edən əlamətlər sırasındadır:
Bir mahnı vardı uşaqlığımda
Günlərimi yaylıq kimi yelləyib
oxuyardım bir zaman
Alıb əlimdən külək
yaylıq-yaylıq günlərimi
harasa qaçırardı səhər, axşam
İndi özüm qatar olmuşam
Ömür adlı yolu
gurultuyla gedirəm.
günlərimi qaçırdan,
Dincliyimi uçurdan
küləkləri qova-qova gedirəm.
...Hərdən bir çağırış çatır qəlbimə,
Dönüb baxıram,
kim ola, kim ola bu?
Uşaqlığım...
Körpə əllərinə alıb günlərimi
bir yaylıq kimi
Çağırır məni
"Qatar, ay qatar,
Gəl məni apar"...
Digər bir məqam. Tahir Taisoğlunun şeirlərində müşahidə itiliyi, həssas yanaşma aparıcıdır. Bəzən hər gün gördüyümüz, yanından səssiz, etinasız ötüb keçdiyimiz, diqqət etmədiyimiz nəsnələr Tahir Taisoğlunun poeziyası üçün predmet ola bilir. Hələ 1969-cu ildə çap olunan ilk şeirləri arasında "Şamaxıda" adlanan şeirində Sabirin diqqətsiz qalan ev muzeyindən ürək ağrısı ilə yazması, sosial yük daşıyan məqamları şeirə gətirməsi aktual, ciddi mövzulara meyil göstərdiyinə dəlalət edir:
Sabirin ev -muzeyinin damı qır,
Döşəməsində yağış izi.
Həyəti Qobustanın bir parçası,
Budaqları dilənçi əli tək uzanmış
ağacları istəyirsən sındır, qır.
Muzeylə yanaşı satıcı evinin
Üstü dəmir, həyəti geniş...
Həyətində həmişə bulaq axır
Şır-şır, daşa-daşa.
Çinarları yaşıl-yaşıl, uca-uca...
Qalıblar muzey həyərinə baxıb
pıçıldaşa-pıçıldaşa.
Nə deyirlər görəsən?..
Bu misralar mənə nədənsə Vaqif Səmədoğlunun "Kim sulayacaq bulvardakı söyüdləri" şeirini xatırladır. Qəribədir, sovet ideologiyasının hələ tam gücü ilə işlədiyi 60-cı illərdə bu cür şeirlər necə olur meydana çıxırdı? Hər halda Tahir Taisoğlunun şeirləri arasında həyat kontrastlarından törəyən, ümumi-ictimai yük daşıyan təzadlar sisteminə münasibət, dövrün ədalətsizliklərinə xəfif bir etiraz boy göstərir. Onun 1972-ci ildə, əsgərlik illərində yazdığı "Azərbyacan əsgəri uzaqlarda" şeirində repressiya məqamına dair işarə yer alır:
Hər axşam bir əlçim bulud
Yağışla qamçılayır qapımı.
...O qaranlıq yəqin yaxşı bilir güzəranımı -
Mənim qapımın 37-ci ili burda başlayıb -
Şaxı sınmaz qürurumun,
Vətənə boylanan fikirlərimin,
Dalıycan gəliblər yoxsa!
Bir də müharibədən sonra doğulan nəsil kimi taleyində İkinci Vətən savaşının məşum yaralarını gəzdirən izlər Tahir Taisoğlunun da şeirlərindən yan keçmir. Onun "Əllərim atamın əllərinə oxşayır" şeirinə diqqət edək:
Atamın əlləri yadıma düşdü -
qabar-qabar bükümlərində
zəhmət dolu günləri...
gecələrin qoynunda sıxılıb barmaqları.
Berlinə qədər bağıra-bağıra
Gedib yumruqları.
Tahir Taisoğlunun son illərdə yazdığı şeirləri oxuyuram. Mövzu, fakta, prosesə yanaşma bəzən eyni olsa da, bir məqam diqqətimi çəkdi ki, bu şeirlərdə bədii tapıntılar, obrazlı ifadə vasitələri köhnə deyil, təkrarlanmır, illərin o tayından birbaşa yeni misralara adlamır. Bu şeirlərin öz ruhu, oz poetik imkanları var, müəllif eyni bədii priyom ətraında mühafizəkarlıqla dayanmır. Eyni zamanda "Qarışqalar vadisi", "Heç vaxt duyuq düşmədim", "Saman çöpü haqqında ballada" və başqa şeirlərində yaşın və ömrün müdriklik mərhələsinə adlayan şairin narahat qəlbini hiss edirik. Zamana, insana, getdikcə ucuzlaşan mənəviyyat dünyasına etirazdı bu şeirlər. "Qarışqalar vadisi" şeirinə baxaq:
Bir qarışqa yolu keçir...
bu dünyadan... əsrlərdən əsrlərə...
qədim bir yol..
zəhmət, halallıqla dolu -
Kaş... bu yola qarışaydı
insanlığın yönü, yolu!
Tahir Taisoğlunun "Şəhər şeirləri" silsiləsindən çap olunan "Dərman otları satan" şeiri var. Şair yurd-yuvasını atıb şəhərə dərman çiçəkləri satmağa gələn bir qocanın zəhmətini emosional təsvirlə bədiiləşdirir. Yaxud "Bu iş hər yazarın başına gələ bilər..." şeirində müəllif arxivini ələk-vələk edərkən əlli il əvvəl qələmə aldığı şeiri tapdığını və onu olduğu kimi çap elədiyini yazır. Şeiri canlı nəfəs kimi hiss edən şair onun əlli ilin toz-tozanağından özünü qoruduğunu, çap olunan digər şeirlərinə qoşulmaqla yeni can kəsb etdiyini bizə yüksək poetik səviyyədə çatdırır, çap olunan yeni şeiri üzən balığa oxşatmaqla uğurlu bədii təsvir üsulu seçir:
Üzüb getdi balıq kimi -
qarışdı sevgili sularına, tay-tuşlarına...
Heç kim açıb-ağartmadı,
soruşmadılar da heç:
Əlli ilini harada,
necə havaya sovurmuşdu,
niyə qaçmışdı hamıdan,
- kimlərə qoşulmuşdu...
İndi balıqların küyülündən şən,
gümrah səsi gəlirdi -
sanki təzəcə anadan olmuşdu!
Əlbəttə, Tahir Taisoğlunun son illərdə çap olunan şeirlərində eyni obrazlar aləmi ilə qarşılaşırıq: dağ, dərə, çay, çəmən, orman, səma, günəş - bir sözlə, vətən mənzərələrinin tərənnümü. Yaxud "Quyumuzun dolama çarxı" şeirində olduğu kimi, uşaqlığı, keçmişi üçün darıxan şair obrazı da istisna deyil. Amma bu şeirlərə bəzən vətənin başqa halı da əlavə olunur. Təbiidir, zamanın şairisənsə, zaman səndən mütləq keçməlidir. Bu mənada, Tahir Taisoğlu təbiətdən bəhs edən şeirlərinə müharibənin yeni elegiyasını da əlavə edir. Onun "Qurumuş... yaşıl ağac" şeirindəki qurumuş ağacla şəhid anası bənzətməsi amansız müqayisədir. Burada ağacın quruması faktındakı daxili motivlə şəhid anasının daxilən içindən quruması faktındakı daxili motiv funksiyaca eyni bir melodiyanın əks-sədası kimi götürülür:
Yaxınlaşıb gördüm ki...
Qurumuş, ölmüş ağacdı!
Amma yaşıllıq içindəydi -
Başdan-başa, sərasər.
Gendən baxanlar ona
həsəd çəkirdilər:
- Həmişə yamyaşıldır bəxtəvər!
Onun içindən heç kimin yox idi xəbəri -
Nakam, şəhid oğul basdırmış ana kimiydi.
Özü çoxdan ölmüşdü,
Qalan quru nəfəsi idi.
Ayaq üstə idi həmişə.
Ruhu gəzirdi, dolanırdı
yarpaq açmırdı,
xəzəl tökmürdü,
danışmırdı, dinmirdi,
Dünya ona yuxu idi.
Qarabağ müharibəsi, üzləşdiyimiz faciələr, itkilərimiz, ürəyimizdə qövr eləyən yaralar Tahir Taisoğlunun poeziyasında daim işlənən mövzu oldu. Amma bütün bu acıların içində göyərən ümid də yer alırdı ki, bu da onun qazanılan zəfərimizə bəslədiyi şair inamının nəticəsi idi:
Vaxt gələcək, kəsiləcək
Dağlıq Qarabağda tank səsləri,
düşmən nəfəsləri.
Analarımızın arzuları
çiçəklənəcək orda.
Əzik-üzük bir dəst paltar kimi
dartıb çıxardacaqlar düşmən əsgərini
xurd-xəşil olmuş bir tankın içindən.
...Yaşayır ürəyimin dərinliyində
Kəşf olunmamış uran kimi.
Bu misralar şair həssaslığının sübutu kimi indi başqa mənəvi mahiyyət kəsb edir. İşıqla, bahar duyğuları ilə sərməst olan şair ruhunun qələbəsi də demək olar buna. Yola çıxdığı "Tumurcuq" arzulardan zəfər himninə qədər gələn zaman aralığında yaşanan ömürdən isə əbədi üfüqlərin sonsuzluğu görünür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!