XXI əsr Azərbaycan ədəbiyyatında magik realizm: Mübariz Örən - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

 

Magik realizm cərəyanı fərqli milli variasiyaları, hər ədəbiyyata məxsus spesifik xüsusiyyətlərə malik şaxələrinin qabarıqlığı ilə digər cərəyanlardan seçilir. Azərbaycan ədəbiyyatında bu cərəyanın təsiri Y.Səmədoğlunun, M.Süleymanlının, Elçinin, Anarın, İ.Hüseynovun (Muğannanın), M.Cəfərlinin, Z.Sarıtorpağın, M.Örənin və başqalarının yaradıcılığında izlənilir. Apardığımız araşdırmalar əsasında məlum olur ki, Azərbaycan ədəbiyyatında magik realizm cərəyanının təzahürləri mənşə etibarilə qədim miflər, şamanlıq və atəşpərəstliklə bağlıdır. Bununla yanaşı, Azərbaycan ədəbiyyatında bəzi yazıçılar dünya mifoloji yaddaşına da müraciət edərək öz əsərlərində həmin mətnlərin reinterpretasiyasını verir, sitat texnikası ilə unikal bədii mətnlər yaradırlar. Azərbaycan ədəbiyyatında milli mifoloji mətnlərlə yanaşı, slavyan və yunan mifoloji mətnlərinə də istinad intensiv izlənilir. Yunan mifoloji mətnlərindən alt mətn, simvol kimi istifadə daha çox Kamal Abdulla və Mübariz Örən yaradıcılığı üçün xarakterikdir. Kamal Abdulla yaradıcılığında yunan mifologiyası postmodern estetika kontekstində istifadə olunur. Kamal Abdullanın dilçi və ədəbiyyatşünas kimi elmi fəaliyyətində də yunan ədəbiyyatına istinadın mühüm yer tutduğunu xüsusi qeyd etməliyik. Mübariz Örən yaradıcılığında da yunan miflərindən mətnin alt qatı kimi istifadə edilir. Kamal Abdulladan fərqli olaraq burada məlum mifoloji süjetlər magik realizm elementi kimi süjetə daxil edilir. Mübariz Örən yaradıcılığında yunan mifologiyası ilə yanaşı, Kamal Abdulla süjetlərinə də istinad və işarələr özünü göstərir, müəllif özü də əsərlərinin əvvəlində həmin əsərlərdən epiqraf verməklə bunu qeyd edir.

Yunan mifi və simvollarının işlənməsi baxımından Mübariz Örənin "Qar tanrısı" hekayəsini xüsusi qeyd etməliyik. Hekayədə dağlı çoban Yexiya ilə general arvadı Yesaranın eşq əhvalatı fonunda mənəvi dəyərlər, insanın missiyası, qərar və tale, təzadların vəhdəti kimi məsələlərə işıq salınır. Qoca Yexiyanın yaddaşının çığırında irəlilədikcə keçmişin vaqeələri magik elementlərlə yenidən canlandırılır. Hekayədə nəql olunan əhvalat qısaca olaraq belədir: çoban Elbrusu fəth etməyə gəlmiş ekspedisiyanın rəhbəri olan generalın gözəl arvadını qaçırıb onunla evlənir. İllər sonra Elbrusun qərb zirvəsini fəth etməyə gələn ekspedisiyaya qoşulan Yexiya öz son yolçuluğuna çıxır. Mübariz Örənin bu hekayəsində istifadə edilmiş magik ünsürlərdən ilk diqqəti cəlb edən qar adamı ilə bağlı məqam olsa da, əslində, mifologiya ilə bağlı elementlər daha  dərin və çoxqatlıdır. Mübariz Örənin ustalığı bir söz və bir obraz vasitəsilə mətnə yeni qatlar gətirə bilməsində, mətnlərarası  əlaqəni, intertekstuallığı təmin etməyi bacarmasındadır. Bu hekayədə də Mübariz Örən iki  xətti - dini və mifoloji süjetləri elementlər vasitəsilə qabartmağa nail olur. Birinci xətt Adəm və Həvva dini pritçası ilə əlaqədardır. Yexiya ilə Yesaranın əlaqəsi qadağan olunmuş meyvənin dərilməsi ilə assosiasiya olunur. Əsərin ilk cümləsi məhz budur: "Könlünə alma düşdü, düşdü nədi, lap yeriklədi almaya…". İkinci - mifoloji xətt isə yunan mifologiyası ilə bağlıdır. Dionisin qızı Yesaranın yunan əsilli olması, illər sonra kənd mağazasında ad günü münasibətilə alınan "Arqo" konyakının adına sevinib "ah, yunan konyakıdı, bizim konyakdı!" deməsi bu xəttin görünən vurğularıdır. Əslində bütövlükdə süjetin səsləşdiyi, vurğulanan mifoloji xətt  Homer süjeti, Paris və Yelena əsatiridir. Qeyd etməliyik ki, alma obrazının özü də mətndə ikili xarakter daşıyır, qeyd etdiyimiz hər iki xətti özündə birləşdirir. Hekayədə alma həm "Adəm və Həvva" pritçasındakı "qadağan meyvə"nin, həm də yunan mifologiyasındakı "nifaq alması"nın bir obraz şəklində təzahürüdür. Hekayədə müqəddəs qadağanın pozulması, tabuya qarşı gəlmə halında işlənən günah və cəza mövzusu da işıqlandırılmışdır. Yesaranı qaçırmaqla bütün qadağaları pozan Yesara ömür yolunun sonunda günahının böyüklüyünü anlayır: "Ağla qaranın cəngindən ağ qalib çıxmışdı, hətta öz kölgəsi belə ağappaq qarın üzərində gah göyümtülə, gah yaşıla çalırdı. Qara həyat rəngiymiş, hə! Buradan - ağın ağuşundan öz keçdiyi həyat, sürdüyü ömür özünə qara gəldi; günahı üzə çıxdı; Yesaranın ömrünü oğurlamışdı o! Sinəsinin başı göyüm-göyüm göynəyirdi. İndi hər şeyindən keçməyə hazır idi o, təki bu yükü çiyinlərindən ata bilsin. Lakin… nəyi vardı ki, nə də keçə, - həyatdan ona qalan bir boğçaydı, o da boş…"Bütün günahlar qara daşlara çökür, onun da üstünü qar örtür. Sənə qar gətirdim, Yexiya!" - Yesaraydı! Əvvəlki, lap əvvəlki! Yuxuda gördüyü əprimiş, sallaq əmcəkli Yesara yox, əbədi daşlar kimi bərk, şux məməli Yesara! - "Görürsən, deyilənlər oldu! Bu zirvə sənindi, Yexiya! Heç kəsin ayağı bu zirvəyə dəyməyib! Daha sənə ölüm yoxdu!"".

Yalnız süjetlərinin fərqliliyi ilə deyil, bədii dilinin  axıcılığı və zənginliyi ilə müasir ədəbi prosesdə seçilən Mübariz Örənin "Ağ buludlar" povesti 2017-ci ildə "Azərbaycan" jurnalında işıq üzü görmüşdür. Daha sonralar povest "Sodomor" adı ilə nəşr edilmişdir. "Ağ buludlar" ("Sodomor") povestinin qəhrəmanı öz keçmişini axtarır. Özünə yer tapa bilməyən, əslində nəyi və niyə axtardığını tam anlamayan qəhrəman Sodomor adlı qəsəbəyə gəldikdən sonra qəribə hadisələrlə üzləşir. Daim buludlu, qara auralı bir yer kimi tanınan bu qəsəbə onun gəlişi ilə dəyişməyə başlayır, magik-mistik əhvalatlar baş verir.  Mübariz Örən bu əsərində də yunan mifoloji mətnlərinə istinad edir, simvollarla üst mətndəki süjeti alt mətnə bağlayır. Povestdə belə simvol rolunda "Çar Edip" adlı içki çıxış edir. Povestin adsız qəhrəmanı mübhəm bir günahın, əsrlər öncə baş vermiş insestin daşıyıcısıdır. Əsər boyu qəhrəman bu günahdan qaçmağa çalışır. Lakin Çar Edip kimi ona da taleyindən qaçmaq nəsib olmur, o uzaq qazax çöllərində, heç gözləmədiyi bir anda taleyin qurduğu tora düşür və insestin son halqası da tamamlanır. Nəslin ruhunu təmsil edən "kor" Qocanın dediyi kəhanət baş verir: "Gərək gəlməyəydin bura. Amma gəlməyə bilməzdin. Səni bura gətirən səbəb var. Bu əzablı oyunda sən də bir bəndsən! Çevrə qapanmalıdır və o çevrəni sən qapamalısan". Yalnız çevrə qapandıqdan və günahkarın öümündən sonra Sodomor adlı qəsəbə mistik örtükdən, lənətdən azad olur. Qeyd etməliyik ki, əsərdə hadisələrin baş verdiyi qəsəbənin adı da təsadüfi seçilməyib, bu ad da yazıçının mətnə gətirdiyi mifik simvollardan biridir. Sodomor adı "İncil"də adıçəkilən Sodom və Qomorra şəhərlərinin adlarının simbiozudur. Dini mətnə görə bu şəhərin sakinləri düzgün yoldan azdıqlarına, günah və əxlaqsızlıqlarına görə Allahın qəzəbinə gəlmiş və yer üzündən silinmişlər.

Mübariz Örən yaradıcılığında izlənən xətlərdən biri də freydizm, psixoloanalizlə bağlı məqamların bədii mətnə gətirilməsidir. Yazıçının "Balıq gülüşü" hekayəsindəki altı yaşlı uşağın gözündən görünən dünya, onun arzu və xəyalları, "ilk günahı", tez böyüyüb kişi olmaq arzusu fonunda freydizmlə bağlı məqamlar öz əksini tapır: "İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri olmasa da, - özü tapıb. Bu onun ilk qazancıdı. Deməli, yekəlib o. Böyüyüb!". Qeyd etməliyik ki, ədəbiyyatımızda freydizm, insest, cinsi məqamlara işıq tutan mövzuların işıqlandırılması milli mentalitet, şərq-islam dəyərləri baxımından məqbul hesab edilməmişdir. Lakin XXI əsrin əvvəllərində dünyaya inteqrasiya proseslərinin artması, virtual aləmin gətirdiyi senzurasız mühit bu mövzuların açıq-saçıq, qeyri-estetik, bir sıra hallarda "postmodern təhkiyə" adı altında, psevdo yenilik kimi  ədəbiyyata gətirilməsinə səbəb oldu. Bu tipli əsərlər çox zaman qurama effekti yaratdığından, milli mentaliteti zədələyərək kobud bir şəkildə təqdim edildiyi üçün  bədii ədəbiyyatımıza daxil ola bilmədi. Mübariz Örən isə freydizmlə bağlı anlayışları, ədəbiyyatımızda çox işlənməyən, "qadağan" formatında olan məqamları milli koloritlə, milli realilərlə təsvir edərək həmin mövzunun bədii mətndə estetik şəkildə əks olunmasına və oxucu tərəfindən adekvat qəbul edilməsinə nail olmuşdur.

Qeyd etdiyimiz kimi, Mübariz Örənin yaradıcılığında əsasən magik realizm cərəyanı ilə bağlı məqamlar üstünlük təşkil edir. Lakin yazıçının "Ağ yel", "İlıq", "Skayp", "Oğru", "Qum adası", "Şpaqat vəziyyəti" hekayələrində realist nəsrimizdən gələn mövzu və üslubun izlənilməsi onun yaradıcılığında realizm cərəyanının da elementlərinin olduğunu deməyə əsas verir. "Şpaqat vəziyyəti" hekayəsinin qəhrəmanı Eldarın səadət dalınca getdiyi ucqar Rusiya şəhərindəki uğuru, yadlaşması, həzin sonu insan seçimi və tale haqqında manifestdir: "Halbuki bir sınıq kərpic nədi, qıymadı öz kəndlərinə. Bir daxma qaraltmadı. Elə dedi, edərəm. Sonra eləyərəm. Sonrası da belə... Onun həmişə gülüb lağa qoyduğu adamlar özlərinə yer-yurd elədi Bakıda, ev-eşik sahibi oldu. "Nə qalmısınız "şpaqat" vəziyyətində, - gülüb onlara eyzən. - Bir ayağınız burda, biri Bakıda...". İndi gül, Eldar müəllim, gül! Gör indi kim şpaqat vəziyyətindədi...". Bu mövzu müstəqillik dövrü nəsrində fərqli rakurslardan işlənsə də gətirdiyimiz nümunədən də göründüyü kimi Mübariz Örən məlum süjetə özünəməxsus çalarlar qataraq fərqli mətn yaratmağa nail olmuşdur.

Mübariz Örən yaradıcılığında əsas süjetin mərkəzində hadisə yox, obraz dayanır. Yazıçı bir obrazın həyatına, duyğularına, yaşantılarına fokuslanaraq, onun baxış bucağından vurğulamaq istədiyi məqamları, ideya və idealları mətnə gətirməyə nail olur. Mübariz Örənin seçdiyi və mətnin əsas düyün nöqtəsinə çevirdiyi obrazlar yaşına, statusuna, dünyagörüşünə, missiyasına və yaşadığı zamana görə fərqlənsələr də yazıçı bu obrazların hamısını öz mətnindən keçirərək özünəməxsus obrazlar qalereyasını yaratmağa nail olur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!