Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması haqqında - İmdat Avşar yazır

 

İnsanda vətən təfəkkürünü yaradan duyğular, onun üzərində yaşadığı torpaqla olan münasibətindəki sirli bağlardır. Bir baharda açan çiçək, dağ yamacından axan bulaqlar, bir atanın qəbri, üzərindən keçdiyimiz körpü, danışdığımız dil, hətta sevgimizi dilə gətirən bağrı yanıq bir mahnı bizi torpağa, yurda bağlayır. O bağlar tel-tel qopmağa başladığında, ya da qəsdən qoparıldıqda torpaq ilə insanı birləşdirən duyğular da zamanın çarxında əriyib yox olur...

Şübhəsiz ki, hər hansı coğrafi yeri vətən edən bir millətin o torpaqda yaratdığı, qoruyub saxladığı milli və mənəvi dəyərləridir, onun mədəniyyətidir. Bunlar torpağın bir millətə aid olduğunun sənədidir, torpağa vurulan möhürdür. Bəlkə də buna görə bir ölkənin bir hissəsi işğal edilsə belə, bu hərbi üstünlük işğalçıya o torpaqlara sahib olmaq imkanı tanıya bilməz.

Məhz buna görə də işğalçı qüvvələr vətənin əsl sahibləri ilə zəbt olunmuş torpaqlarda yaşayanlar arasında telləri qoparmaq istəyirlər ki, gələcək nəsillər bu torpaqları unutsunlar. Əvvəlcə böyük etnik təmizləmə aparmağa başlayırlar, sonra isə sürgün etdikləri xalqın yaratdığı milli-mənəvi dəyərləri bir-bir yox edib silməyə çalışırlar. Beləliklə, maksimum üç nəsildən sonra o torpaqları sonuncu dəfə görənlər, o vətəni vətən edənlər yurd həsrəti ilə bu dünyadan köçüb gedər, həm də yeni nəsillərin ata-babalarının yaşadıqları torpaqlar arasındakı gizli bağlar qırılmağa başlayacaqdır. Son əsrdə Balkanlarda, Axıskada, Krımda, Kərkükdə, xüsusilə Qarabağda türklərə qarşı edilənlər də budur.

Vətən torpağıyla millət arasında fiziki bağlar qırılanda yeni bir güc meydana girər. Bu güc millətlə vətən arasında könül bağını, ruh bağını qurar; yeni nəsillərin tarixi şüurunu, millət, vətən yaddaşını dirildər, onların əzmini, səyini, mübarizəsini ayaqda saxlayar. Bu gücün adı, əlbəttə ki, sözdür. Sözü göylərə qanadlandıran da şeirin, sənətin, ədəbiyyatın qüdrətidir...

Aradan illər keçsə də, torpağı qanıyla sulayaraq Qarabağa addımlayan, ölümü heçə sayaraq Şuşanın əlçatmaz qayalarına yalın əllə dırmanan, bayrağı tez bir zamanda zirvəyə sancmaq üçün yarışan yeni nəsilləri heç görmədikləri doğma torpaqlarına böyük bir sevgiylə aparan da bax bu gücdür, sözün, ədəbiyyatın, sənətin gücüdür... Bizim dastanlarımız da xalqımızın həyatında baş verən böyük fəlakətlərdən və ya qələbələrdən sonra yaranmışdır. O dastanlar xalqı sözlə yaşadıb, itirilənlərin geri qazanılması üçün mübarizədə millətə böyük ruh yüksəkliyi vermişdir.

Azərbaycanın yüz illik tarixinə, xüsusən də Birinci Qarabağ müharibəsindən sonrakı illərə bu prizmadan nəzər saldıqda yuxarıda dediklərimizin tarixi həqiqət olduğunu görürük. Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırım və başqaları XX əsrin əvvəllərində Azərbaycanda istiqlal məşəlini alovlandıran ilk söz və fikir süvariləri idilər. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi qısamüddətli olsa da, o, yeni nəsillərin ardınca böyük bir ideya qoymuşdu:

"Bir kərə yüksələn bayraq, bir daha enməz!".

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Rüstəmxanlı kimi bir çox söz süvarilərinin arxasınca milyonlarla insanı Azadlıq meydanına gətirən bu öncül nəslin qaldırdığı söz bayrağı idi. Onların bir neçəsi yaralı vətənin ürəyi yaralı şairləri kimi yurd həsrətilə dünyadan köçdülər.

Ancaq bu da bir həqiqətdir ki, onlar bu gün Şuşada dalğalanan üçrəngli bayrağı o sıldırım qayalara sancacaq nəsillərin öz sözləri ilə yaratdıqları milli şüurun əsəri olacağına inanırdılar. Əminəm ki, Qarabağda dalğalanan Azərbaycan bayraqları vətən havalarının müşayiətilə onların ruhlarına azadlıq nəğmələri oxuyur...

1960-cı illərdən etibarən Azərbaycanda söz bayrağını təhvil alan nəslin içində Sabir Rüstəmxanlının xüsusi yeri vardır. Ona görə də onun Azərbaycan tarixinin son əlli ilində söz və siyasətlə apardığı mübarizəsini fərqli tərəfləri ilə qiymətləndirmək bir zərurətdir. O, hər şeydən əvvəl köklü tarixə, dil şüuruna malik, milli düşüncəsi yaşadığı torpaqları çoxdan aşmış, qəlbi böyük və əbədi yurd arzusu ilə döyünən bir şairdir. Rejim qorxusunun sözə sirayət etdiyi illərdə də haqq sözünün qüdrətinə sığınaraq fikirləri və həqiqəti cəsarətlə dilə gətirmişdir. Çünki o, ömrü boyu sözün arxasında məmurların deyil, xalqın dayandığını dərk edən bir ziyalıdır. Millətin nəbzini çox yaxşı duyan şairin ürəyi onun hər zaman doğru yerdə olmasına səbəb olmuşdur.

Əminəm ki, onu söz aləmindən siyasətə gətirən də məhz bu düşüncələr olmuşdur. İllər boyu şeir, nəsr, müxtəlif məqalələrlə ifadə etdiyi milli hisslərə, azadlığa olan sarsılmaz inamı onu Azərbaycanı müstəqilliyə aparan Meydan Hərəkatının öncüllərindən və liderlərindən birinə çevirmişdir. Beləcə, sözlərinin millətin damarlarında coşduğunu görən şair suların bulanıq olduğu, vətənin başını qara buludlar aldığı illərdə azadlığa doğru addımlayan xalqın ön sıralarında öz yerini tutmuşdu.

Mahiyyətində şair ömrünə sığmayan böyük əzabları, bəlaları, xoşbəxtlikləri və sevincləri özündə cəmləyən bir taleyi yaşayan Sabir Rüstəmxanlı Meydan Hərəkatının od çəmbərindən, 20 Yanvar faciəsinin alovundan, 1918-ci ildə Bakı səmalarına qaldırılan, lakin 1920-ci ildə yerindən endirilən bayrağı yenidən Bakının başı üstündə dalğalandıran, Müstəqil Azərbaycanı bərpa edən mücahidlər sırasında da hər zaman ön cərgədə olmuşdur. 

O, yoldaşları ilə birlikdə Azadlıq bayrağını qaldıran zəfər şairinin taleyini də, torpaqlarının beşdə birinin işğal altında olduğu, soydaşlarının sürgün edildiyi yaralı vətənin məğlub şairinin taleyini də eyni zamanda yaşamışdır.

Yuxarıda qeyd etdiyim kimi, məğlubiyyətlərdən və fəlakətlərdən sonra milləti böyük qələbələrə hazırlayanlar millətin söz süvariləridir. Sabir Rüstəmxanlı çox yaxşı bilirdi ki, geri çəkilmək hələ məğlubiyyət deyildir, Boz Qurdun irəli həmlə etməsi üçün arxaya söykənib irəli atılması lazım idi. O, bu müvəqqəti geri çəkilmə dönəmində həm siyasi səhnədə, həm də söz meydanında "azad vətən", "bütöv vətən" uğrunda mübarizəsinə davam etmişdir. Milli və beynəlxalq, rəsmi və qeyri-rəsmi konfranslarda Azərbaycanın haqq səsini dünyaya eşitdirməyə çalışmış; Əvvəl yazdığı milli ruhlu şeirlərinə "Ömür kitabı", "Xətai Yurdu", "Göy tanrı" əsərlərinə, "Ölüm Zirvəsi - Cavad Xan", "Difai fədailəri" kimi romanlarını əlavə edərək, keçmişlə bugünü qarşılaşdırmış, Azərbaycan igidlərinin şanlı döyüş yolunu göstərmiş, gənc nəsillərin qəhrəmanlıq ruhunu yüksək etməyə çalışmışdır. Cavad xanın Gəncədəki böyük müqaviməti haqqında oxuyan yeni nəsillər, şübhəsiz ki, Şuşanın qala divarları kimi ucalan ölüm zirvəsinə yalın əllə qalxacaqdılar; "Difai fədailərini" oxuyanlar da düşməni onun silahı ilə güllələyəcəkdi...

2020-ci ilin noyabr ayında Qarabağın düşmən işğalından azad edilməsi ilə nəticələnən "44 günlük Vətən Müharibəsi", şübhəsiz ki, Azərbaycanın son iki yüz illik tarixində irəliyə doğru atdığı ən möhtəşəm addımdır. Biz qardaş Azərbaycanın bu şanlı savaşında: O torpaqlardan balaca qız ikən sürgün edilən, lakin sonradan yoxsulluq içində böyütdüyü oğlunu cəbhəyə yola salan və bayrağa sarılan şəhidinin tabutunu "Vətən sağ olsun!" deyərək daşıyan anaları da gördük. Qarabağdan analarının, nənələrinin qucağında pərişan halda çıxan, lakin illər sonra tanklara minib məğrurluqla o yerlərə geri dönüb torpağı öpüb əzizləyərək sanki o torpaqlara səslənib: "Gəldik... Ümidin bitdiyi yerdə türkün qüdrəti başlayar!" deyən ərləri gördük. Bu qələbə ilk növbədə Azərbaycan liderinin, Azərbaycan ordusunun və Azərbaycan xalqının qələbəsidir. Ancaq şübhəsiz ki, bu böyük qələbə həm də bu insanlara, bu analara, igid əsgərlərə vətən sevgisini, millət ruhunu aşılayan sözün də qələbəsidir. Azərbaycanda söz-söz bu zəfər yolunu yaradan şairlərdən, ziyalılardan, siyasi liderlərdən biri də Sabir Rüstəmxanlıdır. Bunu da etiraf etmək lazımdır ki, ona "Qarabağa qayıdış" poemasını yazdıran da məhz bu millətin ruhudur...

Sabir Rüstəmxanlı 70 illik yubileyi ilə bağlı "Koroğlu" jurnalının xüsusi buraxılışında dərc olunmuş müsahibəsində verdiyim suala belə cavab vermişdi: "İmdat bəy, məğlubiyyəti yazmaq çox çətindir...". Əlbəttə, məğlubiyyətlər yenilmək demək deyildir, çoxlu qələbələr və qəhrəmanlıqları özündə ehtiva edir. Bu qəhrəmanlıqlar gələcək mübarizənin işarə alovudur. Türklər Birinci Dünya müharibəsində məğlub olsalar da, "Çanaqqala dastanını" döyüş meydanında yazmışdılar. Qurtuluş Savaşının əzmkarlığına və səyinə yol açan oradakı möhtəşəm dirənişdir, tarixə qızıl hərflərlə yazılan zəfərdir. "Çanaqqala Şəhidləri" poemasını yazan, daha sonra "söz"lə Anadoluda mübarizəsini davam etdirən Mehmet Akif Ərsoya tale "İstiqlal Marşını" yazmağı da nəsib etmişdi. M.Akif Ərsoy kimi məğlubiyyət zamanında sözü ağrı-acı ilə yazsa da, Allah Sabir Rüstəmxanlıya zəfər dastanını yazmaq xoşbəxtliyini nəsib etdi. Bəlkə də bu onun millət yolunda bir ömür davam edən mübarizəsinin müqabilində Allahın bir hədiyyəsi idi.

Sabir Rüstəmxanlı "Qarabağa dönüş" poemasında Azərbaycan ordusunun igid oğullarını; müdrik rəhbərin böyük qələbəsini, qələbəyə gedən yolu, əsgərlərin qəhrəmanlığını tərənnüm edir. Poemanın əvvəlində "yaralardan axan qan deyil, qorxu olduğunu" və "millətin ətalət yuxusundan oyandığını" ifadə edən şair tez-tez iki yüz illik bir keçmişə də müraciət edir.

İtirə-itirə gələn Azərbaycanın itki qorxusundan qurtularaq irəli doğru hərəkət etməsini böyük sevinclə qarşılayır. Qarabağla bütövləşən yurdun şairi ömrü boyu içində yara kimi daşıdığı Təbrizlə bütövləşə bilməmək dərdini də misralara daşıyır. Burada o, yenə də söz ilə uzaq, bəlkə də yaxın üfüqə işarə edir...

Poemada Azərbaycanı müstəqilliyə aparan yol, Meydan hərəkatı, 20 Yanvar faciəsi, Qarabağın işğal edildiyi dövrlər, yurd-yuvasından didərgin düşmüş insanların vəziyyəti və Xocalı soyqırımı böyük bir ağrı ilə dilə gətirilir:

 

İşgal ordusu durdu işğalçının yanında

Boğdu öz şərəfini Xocalının qanında.

...

Uyudunca milləti yastığa dönən yalan

Soyuq Yanvar günündə Bakıda axıtdı qan.

 

Şair bu tarixi hadisəni göstərərək poema boyu tərənnüm etdiyi zəfər yürüşünün haqlı səbəblərini də poetik bir dillə izah edir. İkinci hissədə zəfər yürüşünü başladan şair "savaş" deyən sərkərdənin əmrini otuz ildir həqiqətin üstünü örtən yalanı yandırıb keçən şimşək olaraq təsvir edir.

Şair üçün Azərbaycan ordusunun bu yolu artıq qisas yürüşünə çevrilir. O, Azərbaycan ordusuna səslənərkən igid əsgərlərə Xocalı fəryadını xatırladır, daşları buz bağlamış ocaqları, viran olmuş yurdları düşünərək "Vur!" deyə səslənir. Türkün təfəkkürünün bütün coğrafi məkanlarda eyni olduğunu hər zaman demişəm. Burada Sabir Rüstəmxanlının "Vur!" sözü ilə Mehmet Emin Yurdakulun "Vur!" nidasının da eyni təfəkkürün nəticəsi olduğunun qənaətinə gəlmək olar. Yurdakul da eyni milli duyğularla Türk əsgərlərinə belə müraciət edirdi:

 

Ey Türk vətənin bakirlərinə,

Günahkar köynəyi biçənləri vur!

Sümükdən taslarla şərab yerinə,

Şəhidlər kanını içənləri vur!

 

Dastan boyu Qarabağın coğrafiyasını, viran qalmış obaları, talan edilmiş yurdu, gözəl yaylaqları dilə gətirən şair misralar boyunca Qarabağın gözəlliklərini və o cənnət məkanları xatırladır, azadlıq ordusunu böyük bir həsrətlə gözləyən yerləri sadalayır, ölkənin tarixi qəhrəmanlarının xatirəsini yad edir, bir yandan da Qarabağda yaşamış söz və sənət əhlinin də ruhlarını şad edir.

O, bu qələbə yürüşünə Qarabağın azadlığını görə bilməyən, dünyadan köçmüş yoldaşlarını və həyatdakı dostlarını da ortaq edir...

Sabir Rüstəmxanlının köklü bir tarix şüuru vardır. Onun tarix şüurunun və millətçilik anlayışının ölkə hüdudlarını aşan Türkçü-Turançı baxışı ehtiva etdiyini vurğulamışam. Bu poemada onun bu düşüncələrinin dərin izlərini də görmək mümkündür. Qarabağa, Şuşaya yürüş edən, adları bilinməyən vətən fədailərini Türk tarixinin qəhrəmanlarıyla qarşılaşdıran şair Mete xandan Oğuz xana, Bayandur xandan Alparslana, Çingiz xandan Əmir Teymura, Babəkdən Kürşada, Qazandan Beyrəyə qədər dilə gətirdiyi igid ərənlərin bir adının olması gərəkdiyini söyləyir.

Türk adət-ənənəsinə görə, qəhrəmanlıq göstərənə qədər "adsız" qalan igidlərə Dədə Qorqud gəlib boy boylayıb, soy soylayıb ad verirdi. Rüstəmxanlı əsərdə bu tarixi səhnəni son dərəcə yaradıcı poetik şair düşüncəsi ilə canlandırır:

 

Bəlkə də Dədəm Qorqud dilləndirib qopuzu

Türk'ün ölməz ruhundan verir sözə yeni can.

Deyir ki: "Ayırmaram sizi bir-birinizdən,

Şuşa fatehlərinin bir adı var: Qəhrəman!

 

Sabir Rüstəmxanlının bu bənzərsiz poemasının vərəqləri arasından necə qəhrəmanlar, igidlər gəlib keçir.

Bütün bu tarixi şəxsiyyətlər, Şuşanı fəth etmək üçün irəliləyən igidlərə sanki yeni bir güc verir. Bundan başqa, tarixi faciələri də yad edən şair sanki əsgərlərin qisas hissini daha da dərinləşdirmək, onları dişləri, dırnaqları ilə belə olsa Şuşa qayalarına dırmaşdırmaq, əsgərlərdə düşmənə nifrət hissini artırmaq istəyərək Xocalı faciəsindən, Daşaltı hadisələrindən söz açır.

Poemada elə sətirlər var ki, oxucu bir anlıq olaraq şairin də bu yürüşdə iştirak edib, əsgərlərlə birlikdə Şuşanın sıldırım qayalarına çıxdığını düşünür:

 

''Qollarını boynuma bərk-bərk dola, buraxma,

Seni çıxaracağam, qayalar buz olsa da!

Yaran da sağalacaq Şuşa'nın havasıyla,

Birlikdə gedəcəyik bu yol sonsuz olsa da!"

 

Şair bu haqq savaşında Azərbaycanın arxasında dağlar kimi dayanan ölkələrə, qardaş Türkiyə və Pakistana minnətdarlığını da bildirir. 1918-ci ildən də bəhs edən şair Nuri Paşanı rəhmətlə yad edərək, zəfər qazanmış bir ölkənin şairi kimi, təbii ki, əsgərlərə, hətta Türkiyə və Azərbaycan əsgərlərinə də böyük hədəfi olan "Qızıl Amlanı" göstərir. Allah bu xalqın şairlərinə məğlubiyyəti deyil, həmişə zəfər yazmağı, qələbəni tərənnüm etməyi nəsib etsin.

 

Turan deyib qorxurlar, sən də böyü Turan ol

Bu nifrət əkənlərin ümidini qıran ol...

 

Bu gün 30 avqust Türkiyənin Zəfər Bayramıdır. Bu mübarək gündə Azərbaycan Türklərinin Zəfər dastanına ön söz yazmağım taleyin və tarixin xoş təsadüfü, bəlkə də Tanrının mənə bir ərmağanıdır. "Qarabağa dönüş" poemasını oxuyarkən sətirlər arasında bəzən coşquya qapılaraq igidlərlə birlikdə o müqəddəs torpaqlara bayraq asmış qədər xoşbəxt oldum.

Bu poema bütün möhtəşəmliyi ilə yaddaşımda öz yerini aldı, inşaallah bir gün biz də bu dastanın şairi ilə birlikdə o torpaqlara, Qarabağa birlikdə səfər edərik.

Təbii ki, türk oxucuları bu poema haqqında öz mülahizələrini söyləyib fikirlərini bildirəcəklər. Sözü çox uzatmadan oxucunu bu zəfər dastanı ilə baş-başa buraxarkən, bu kitabın nəşrində əməyi olan Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklıya, kitabın türk dilinə tərcüməsində mənimlə birlikdə əməyi keçən Saadet Örmeci və Enver Uğur Aykola təşəkkürümü bildirirəm.

 

İstanbul 30 avqust 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!