Mustafa Çəmənlinin 75 yaşına
Vaqif YUSİFLİ
Əlli ildir ki, bir dost və həmkar kimi tanıdığım, çapdan çıxan hər məqaləsini, bir-birinin ardınca nəşr edilən hər yeni kitabını sevə-sevə oxuduğum Mustafa Çəmənlinin 75 yaşı tamam olur. Yaş ötdükcə yazıçı da qocalır və əvvəlki yaradıcılıq qüvvəsi tədricən tükənməyə başlayır. Əksərən belədir, amma bu fikrin Mustafa Çəmənliyə heç bir aidiyyəti yoxdur. "Qoca" Mustafa Çəmənli hər yeni yaradıcılıq sevinci ilə öz yaşına meydan oxuyur.
Onun yaradıcılığı çoxşaxəlidir. Nasir, publisist, tərtibçi, muğam-musiqi tədqiqatçısı, naşir-redaktor. Ancaq bu fəaliyyət sahələrinin hamısında Mustafa üçün ikincilik, üçüncülük anlayışı yoxdur. Mustafa real həyat həqiqətlərini qələmə alan povest və hekayələrində də, "Xallı gürzə" və "Ölüm mələyi" tarixi romanlarında da, Azərbaycan muğam ustadlarının həyat və yaradıcılıq yollarını işıqlandıran sənədli əsərlərində də, incəsənətin müxtəlif sahələrini əhatə edən publisistik yazılarında da, musiqi sənətimizin incisi olan "Leyli və Məcnun" operasının 100 illik tarixindən söz açan möhtəşəm kitabında da, tərtibçisi olduğu neçə albom-kitabında da, bir naşir kimi işlədiyi nəşriyyatlarda yorulmaz redaktorluq fəaliyyəti də, yüzlərlə kitabın işıq üzü görməsində bədii və texniki dəstəyi də... bütün bunlar gözlərimiz qarşısında Mustafa Çəmənli obrazını canlandırır. Amma Mustafa Çəmənli obrazı, yəni onun bir sənət əhli kimi hamıya tanış olan obrazı birdən-birə, hazır şəkildə yaranmayıb. Mustafa çox zəhmətkeş, daim öz üzərində işləyən, hətta deyərdim ki, özünə yaxşı mənada divan tutan, həmişə axtarışda olan bir yaradıcı insandır.
1947-ci il, sentyabrın 10-da Ağdamın Çəmənli kəndində dünyaya göz açan, orta məktəbi bitirib bir neçə il Mingəçevirdə, Bakıda fəhlə işləyən, yalnız 25 yaşında ADU-nun Jurnalistika fakültəsinə daxil olan Mustafa Şura oğlu Mustafayev əsl həyat yolu keçib. Bu həyat yolunun hər ili, hər ayı işlə-güclə yoğrulub. Universiteti bitirəndən sonra Mustafa "Yazıçı", sonra "Gənclik", "Təhsil" nəşriyyatlarında çalışıb. Nəşriyyat elə bir məkandır ki, orada hər gün əsərlərini oxuduğu yazıçılarla görüşüb, onların kitablarını redaktə edib çapa hazırlayıb. Və təbii ki, özü də daxil olmaqla nəşriyyat işçilərinin - orada çalışan, amma çox vaxt əməkləri lazımınca qiymətləndirilməyən şəxslərin həyat və fəaliyyətindən bir kitab da qələmə alıb ("Ürəyimdən kimlər keçdi"). "Təhsil" nəşriyyatı onun yaradıcılığından söz açan müəlliflərin yazılarını "Bir kitablıq cöz" adlı topluda (2017) təqdim edib. Burada mənim də "Yaddaş nəsri" adlı bir yazım var (Mustafaya həsr etdiyim səkkiz yazıdan biri). Bu yazıda mən Mustafanın "Yaddaş" povestindən söz açıram. Nəyə görə bunu xatırlatdım? Məncə, Mustafa Çəmənlinin janrından asılı olmayaraq bütün yaradıcılığını yaddaş kəlməsi daha yaxşı səciyyələndirir. Mustafa özü bu barədə yazır ki: "İnsan yaddaşını yaddaş dəftəri səviyyəsində qavrayanlar var. Mən də yaddaşı insan taleyini yaşadan böyük dəyər hesab edirəm. Yazılarımda bəzi qəhrəmanlarımı yaddaşın mühakiməsinə çəkmişəm. Çünki insan yaddaşını həmişə diri, canlı görmək istəyirəm. Unutqan yaddaş insanı fəlakətlərə də sürükləyə bilər". Böyük tənqidçi Yaşar Qarayevin bir fikrini də xatırlayıram: "Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var". Mustafa Çəmənlinin nəsri və publisistikası məhz yaddaşa - bu böyük dəyərə, mənəvi sərvətə istinad edir. Həmin "Bir kitablıq söz"də əksər müəlliflər bu missiyanın Mustafanın əsərlərində necə əks olunmasından söz açırlar. Yaddaşa - insanın keçmişi ilə bugünü arasında körpü yaradan bu bağlantı, zənnimcə, iki məqsədə ünvanlanır, həm mühakiməvi xarakter daşıyır, həm də Mustafanın başqa bir məqamda söylədiyi kimi: "dünyanın ən nadir möcüzəsi yaddaşdı, yaddaşın oyanmasıdı, çiçəkləməsidi, çiçək tökümüdü". Amma hər iki halda Yaddaş insan üçün ibrət dərsi rolunu oynayır. İlk növbədə, onun tarixi romanlarına müraciət etmək istəyirəm.
(Azərbaycanda bu mövzuda 1 nömrəli tədqiqatçı kimi tanınan mərhum professor Yavuz Axundlunu misal göstərə bilərəm və bu yazıda mən onun fikirlərinə daha çox istinad etmək istəyirəm). Qeyd edirlər ki, tarixi romanlarda tarixi keçmişin əlamətdar hadisələri, xalqın taleyində mühüm rol oynamış görkəmli şəxsiyyətlərin fəaliyyəti təsvir olunmalıdır. Yazıçı çalışmalıdır ki, tarixi romanda qələmə alındığı dövrün ruhu saxlanılsın. Tarixi romanın əsas keyfiyyətlərindən biri də müasirlikdir. Əlbəttə, keçmişə müasir dövrün tələbi ilə yanaşmaq prinsipi ilə onu "müasirləşdirmək" cəhdi bir-birinə əks anlayışlardır. Tarixi şəxsiyyət yazıçının müasir görüşlərinin ruporuna çevrilməməlidir. Görkəmli Polşa ədibi Tadeuş Qoluy yazır ki, tarix onun diqqətini ona görə cəlb edir ki, müasir hadisələrin mənasını daha dərindən aça bilsin. Tarixi roman müəllifi, təbii ki, tarixi həqiqətə sadiq qalmalıdır. Yazıçı məlum tarixi faktları təsadüfi təfərrüatlardan fərqləndirməlidir. Burada sənətkar təxəyyülü də müəyyən rol oynayır, heç şübhəsiz, tarixi romanda bədii uydurmaya da yer verilir, ancaq bu bədii uydurma da real faktlara əsaslanmalıdır.
Artıq iki tarixi romanın müəllifi olan Mustafa Çəmənli Azərbaycan tarixi romanının bu ənənələri ilə yaxşı tanışdır və hər iki romanında bu ənənələrə sadiq qalır, amma eyni zamanda, yazdığı əsərlərdə tarixə münasibətdə özünün mövqeyini də ortaya qoyur. "Xallı gürzə" romanının Azərbaycan tarixi nəsrində yerini, rolunu müəyyənləşdirərkən Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanını xatırladım. Yusif Vəzirin "Qan içində" romanı mövcud "Qarabağnamə"lərin durulmuş, sanki süzgəcdən, ələkdən keçirilmiş bədii ifadəsidir. Məncə, "Xallı gürzə" bu mənada ikinci bir tarixi romandır ki, Qarabağ xanlığının, onun banisinin və eyni zamanda həmin dövrdə Azərbaycan xanlıqlarının bir-birilə münasibətlərinin bədii tarixini əks etdirir.
"Ölüm mələyi" adlı tarixi romanında da Mustafa Çəmənli "Xallı gürzə"dəki yolu davam etdirir. Romanda Azərbaycan tarixinin çox mürəkkəb və olduqca ziddiyyətli bir dövrü bədii tədqiq obyektinə çevrilir. Azərbaycan tarixi ərzində bəlkə də ən çox şahlıq taxtında oturmuş (düz əlli iki il - 1524-1576) I Təhmasibin ömrünün son günləri təsvir olunur. Burada hər iki romana aid edəcəyim bir fikrimi bildirmək istəyirəm. "Xallı gürzə" də, "Ölüm mələyi" də tariximizin bədii salnaməsinin mükəmməl nümunələridir, Mustafanın Yaddaş missiyası belə bir həqiqəti nəzərə çarpdırır ki, keçmişə yalnız olmuş, bitmiş hadisələr toplusu kimi baxmaq doğru deyil, keçmiş hələ öz dövrünü, zamanını bitirməyib, indi də yeri gəldikcə müasir biçimdə, versiyalarda davam edir. Tarixi romanlarımızın bir çoxunda macəraçılığa meyil, real tarixi olayların təsviri əvəzinə mətləbə dəxli olmayan hadisələrin və obrazların süni şəkildə əsərə daxil edilməsi hallarına təsadüf etmişik. Ancaq nə "Xallı gürzə"də, nə də "Ölüm mələyi"ndə real tarixi mənzərəyə heç bir xələl gəlmir. İstər məlum tarixi şəxsiyyətlər olsun, istərsə də bədii təxəyyüllə yaradılan obrazlar, özünü sanki Mustafanın təsvir etdiyi şah saraylarında, orta əsr şəhərlərində hiss edirsən.
M.Çəmənlinin təkcə tarixi romanlarında deyil, povest və hekayələrində, publisistik yazılarında da Yaddaşdan gələn və yaddaşımızı oyadan notlar az deyil. "Yaddaş" povestindəki Xası Səlimov bütün ömrü boyu pis əməlləri, qeyri-insani hərəkətləri ilə diqqəti cəlb edib, amma öylə bir zaman gəlir ki, keçmişdə törətdiyi yamanlıqlar ölüm ayağında onun yaddaşını silkələyir və sonda da özünü yaddaşın mühakiməsinə verir. Onun məhvi pisliyin, mənfiliyin bir insanda qəhr olması deməkdir. Ancaq yaşadığımız dünyada Xasılar hələ də yeri gəldikcə meydan sulayırlar. "Ruhların üsyanı" povestində isə Mustafa Çəmənli XXI əsrdən ötən əsrlərə - Mömunə Xatundan, İbrahim xandan, Molla Pənah Vaqifdən, Məhəmməd bəy Cavanşirdən, Fətəli xandan, Qacardan üzü bəri tariximizdə izlər buraxan şəxsiyyətlərə üz tutur, əsrlər boyu bizim xalqın başına gələn müsibətlərdən, çox zaman "öz qövmümüzün başına əngəl-kələfiz biz" (M.Ə.Sabir) ittihamından söz açır. Əgər məlum düşmənlərimizdən və özümüzdən gələn bu səhvlər olmasaydı, 2007-ci ildə Mustafanın dili ilə deməzdik ki: "Görəsən, indi Şuşada aldanıb çiçəklənmiş ağaclar varmı? Heyif o ağaclardan. Deyirlər ki, ağaclar insandan məhəbbət göməyəndə quruyur. Azca qabaq televiziyada diktor hava haqqında məlumat verdi. Bir deyən yoxdur ki, a başına dönüm, sənin nəyinə gərəkdir Şuşada hava necədi, necə olacaq. Biz ki, indi Şuşanın havasından uda, suyundan içə bilmirik. Qədrini bilməmişik də. Bilməmişik! Biz ora ancaq kef eləməyə, kabab yeməyə, badə doldurub sağlıqlar söyləməyə getmişik".
Mustafa Çəmənli Qarabağ ədəbi mühitinin yetirməsidir, deyə bilmərəm, çünki onun bütün yaradıcılığı qaynar Bakı ədəbi mühiti ilə bağlıdır. Amma Qarabağ sevgisi onun bütün varlığına hakimdir və ötüb-keçən 30 ildə şəxsən mən Mustafanın Qarabağ həsrəti ilə necə alışıb-yandığını, həm də bu kədəri unudub dilində qələbəmizə inamı da hiss eləmişəm. Vaqif Poeziya Günlərində - 2021-ci ilin sentyabrında bir yerdə idik, o sevincin tonqal kimi şölələndiyini Şuşada bir yerdə gəzərkən duydum. Mən Mustafanın ötən otuz ildə Qarabağla bağlı yazılarını təfsilatı ilə nəql etmək fikrində deyiləm. Onun Milli Qəhrəmanımız Fred Asifə, onun həyatına və mübarizəsinə həsr etdiyi sənədli povesti sizə yaxşı tanışdır. Amma onun "Üç yaşlı əsir" povestindən qısaca söz açmaq istəyirəm. Mustafa bu əsərdə Yaddaşda yaşayan hadisələri, yaxın tarixin unudulmayan olaylarını canlandırır. O, bir ailənin əlli illik tarixini xalqın tarixi ilə vəhdətdə götürür. Keçən əsrin 60-cı illərindən başlayan bu tarix bir-birindən mürəkkəb və təzadlı, fəci və dramatik hadisələrlə dolu idi.
...Mustafa Çəmənli lap gəncliyindən Azərbaycan xalq musiqisinin ən qızğın təbliğatçılarından biri kimi tanınır. İstər Azərbaycan radiosu və televiziyasında apardığı və iştirak etdiyi verilişlərdə, istər ayrı-ayrı musiqiçilərə - ustad sənətkarlara həsr etdiyi məqalələrdə, istərsə də bu xüsusda qələmə aldığı portret-monoqrafiyalarında bitib-tükənməyən yaradıcılıq eşqinin şahidi olursan. Mustafa muğam sənətinin, xalq musiqisinin kamil bilicisi olmasaydı, "Muğam dünyasının Xanı"ndan, ən gözəl Məcnun ifaçılarından biri - Əbülfət Əliyevdən, nəinki sağlığında, indi də mahnıları ilə ruhları dilə gətirən Şövkət Ələkbərovadan, ustadlar ustadı sandığımız Rəşid Behbudovdan, Bülbüldən, Sara Qədimovadan, Yaqub Məmmədovdan, Arif Babayevdən, cavan ikən dünyasını tərk edən, amma hələ də unudulmayan Səxavət Məmmədovdan, musiqi tariximizdə izlər buraxan Cahan Talışinskayadan, Yavər Kələntərlidən, Xanlar Haqverdiyevdən yazdığı məqalələr və kitablar təkcə "onları tanıyın" missiyasını yox, həm də maarifçilik məramı daşıyır. Etiraf edirəm ki, bu yazıları və kitabları oxuyandan sonra mən də xeyli bilgilənmiş və maariflənmişəm.
Mustafa Çəmənlinin "Leyli və Məcnun" 100 il səhnədə" (2008) gərgin zəhmətinin və axtarışlarının bəhrəsi olan, ensiklopedik səciyyə daşıyan kitabına gəldikdə isə heyrət məni bürüdü. Orijinal əsərdir və burada tədqiqatçı əməyi ön plandadır. Mübaliğə eləmirəm, dostudu deyə onun əməyini şişirtmirəm, amma az qala bir institutun bir şöbəsinin neçə illər görəcəyi bir işi Mustafa təkbaşına həyata keçirib. "Leyli və Məcnun" operasının ilk tamaşasından tutmuş, 2000-ci illərə qədər keçdiyi bütün mərhələlər - başda dahi Üzeyir bəy Hacıbəyov, tamaşanın ilk dirijoru Əbdürrəhim Haqverdiyev, ilk rejissoru Hüseyn Ərəblinski, sonrakı dirijorlar, rejissorlar, Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski... sonrakı Məcnunlar, Leylilər, onların ataları, anaları, İbn Səlamlar, Zeydlər, bir sözlə, heç kim unudulmayıb. Tərcümeyi-hallar, qısa ya təfərrüatlı oçerklər. Və 100 il ərzində, "Leyli və Məcnun"da iştirak edən hər bir şəxsin fotosu. Bax, buna deyərlər əsl fədakarlıq, incəsənət naminə gecəsini-gündüzünü bilməyən bir insanın giqant əməksevərliyi. Mən sayıb-sadalaya bilməsəm də, Mustafa Çəmənlinin bəzi son dərəcə əhəmiyyətli işlərinin adlarını çəkərəm. "Sənət hekayələri" 59 şəxsiyyət haqqında yazılan oçerkləri əhatə edir. Hər bir oçerkdə hansı sənətkardan söz açırsa, ilk növbədə onun fərdi, bənzərsiz üslubu, sənətdə özünəməxsusluğu nəzərə çarpdırılır. Mustafanın albom-kitabları isə - məsələn, Nəsimidən, Haqverdiyevdən, Natəvandan - həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Habil Əliyevin, Əlibaba Məmmədovun, Arif Babayevin, Canəli Əkbərovun, Ağaxan Abdullayevin yubileylərinə həsr olunan kitab-albomlar. Mustafa onlarca bədii və publisistik kitabların tərtibçisi və redaktoru olub və onları sadalasam, uzun çəkər. Ona görə də bu yazını əziz dostunun və onun çoxsaylı dostlarının ürək sözlərini bir neçə cümlə ilə sona çatdırıram:
75 yaşın mübarək! Yorulma, ay Mustafa! Hələ yazmaq istədiyin çox mətləblər var. Elə mətləblər, mövzular ki, onları səndən başqa heç kim yazmayacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!