Atam Cənnətdə işləyir - Ülvi BABASOY

Ülvi BABASOY

 

Bilirsiniz də bu nə deməkdir

 

Bürkülü avqust gecəsində Xan bağında gəzişirəm. Qəfil sərin bir meh əsir. İçdən gülümsəyir və deyirəm: Deyəsən, quyruq donur. Saata baxıram. 22:17. Çox yorğun olsam da, gəzmək keçir könlümdən. Çünki axşam yeməyini təzəcə yemişəm. Gün boyu yolda olmuşam. Ağsudan Şəkiyə getmişəm, oradan da Gəncəyə gəlib çıxmışam. Telefonuma zəng gəlir. Açıram: "Müəllim, nömrənizi Elşən müəllim verib, 5 dəqiqə vaxtınızı alacam. Amma səmimi cavab verin, İqtisadiyyat ixtisası yaxşıdır, yoxsa Maliyyə? Üzr istəyirəm, oğlum 575,5 bal toplayıb. Bilirsiniz də, bu nə deməkdir, bilirsiz? Mən: Bəli, bilirəm, yaxşı nəticədir. O: Yaxşı nədir, müəllim. Çox yüksək baldır, əla nəticədir...

Guya vaxtımı 5 dəqiqə alacaqdı, 1 saat 22 dəqiqə danışır. Axırda birtəhər canımı qurtarıb Gəncə Hotelə gəlirəm. Duş alıb özümü yatağa yıxıram. Yenə zəng gəlir. Açıram, həmin adamdır. Bu dəfə başqa nömrədən zəng edib: Müəllim, bağışlayın, gecə vaxtı yenə narahat edirəm. Deyin görüm, Maliyyə və İqtisadiyyatın iş imkanları necədir? Bayaq da dedim, müəllim, balı 575,5-dir, bilirsiniz də bu nə deməkdir...

Bu adam Mirzə Cəlilin "Zırrama" hekayəsini xatırlatdı. O hekayəni "qəmişliyin" manifesti saymaq olar. Sağollaşanda saat 00:39 idi. Yatağa uzanıb gözlərimi yumurdum ki, telefonuma "Youtube"dan bildiriş gəldi. Türk rok starı Teomanın kanalından. Ki, 01:00-da Teomanın yeni albomundan "Bir Kış Sabahı" mahnısının klipinin premyerası olacaq. Yeni klipi gözləməmək mümkün deyildi. Nədənsə, nə vaxt hoteldə olsam, Teomanın "Renkli Rüyülar Oteli" mahnısına qulaq asıram. O vaxta qədər bir neçə Teoman nəğməsi dinləyirəm. Öz-özümə düşünürəm ki, sənət necə də şouya çevrilib. Nə yaxşı ki, Teoman kimi sənət yaradan və "şoudan" uzaq bir ovuc insan qalıb.

 

Mədəniyyət və intellektuallıq bir şou kimi

 

Rifah səviyyəsinə birbaşa təsir edən əyləncə mədəniyyəti şou məzmunludur. Və bütün çağlarda belə olub. Sənətin şou xarakterli olması hər zaman kütləvi və bayağı deyil. Elitar sənətə maraq göstərən adamlar məsələyə heç də intellektual, mədəni akt, mənəvi, estetik hadisə və gözəllik duyumu kimi baxmayıblar.

Çağdaş mədəniyyət bir şou kimi də analiz edilir. Bütün dövrlərdə mədəniyyət əyləncə və şouya xidmət edib. Hətta orta əsrlərdə fəlsəfə və hüquq sahəsində müzakirələr şouya çevrilib. Orta əsrlərdə Parisdə insanlar filosofların müzakirəsində iştirak edirdilər. Dinləmək yox ha, baxmaq üçün. Onlar bir yarışda, polemikada olmaq və həmin prosesə tamaşa etmək istəyirdilər. Daha qədim dövrə getsək, Yunan amfiteatrları Esxilin, Evripidin və ya Sofoklun ağır tragediyalarını daha yaxından dərk etmək üçün dolub-daşırdı? Nəinki faciə, heç Aristofanın komediyaları da onları dərindən maraqlandırmırdı. Onlar hadisəni yaşamaq və oradakı insanların mədəni, sosial vəziyyətlərini, geyim-kecimlərini izləmək üçün sosial bir mühit, əyləncə axtarırdılar və tapırdılar da.

Filip Qlassın "Eynşteyn çimərlikdə" operasını xatırlayırsızmı? Xatırlamağa gərək yoxdur. "Youtube"da baxmaqla həmin operanın vizual və virtual bir şou üzvü ola bilərik. Opera-şou 5 saat çəkir. Tamaşaçılar istədikləri kimi davranmaqda sərbəstdirlər. Performans sənətinin elitar və kütləvi cəhətlərini birləşdirir "Eynşteyn çimərlikdə" opera-şousu.

Hippilərin lideri Ceri Rubin 1978-ci ildə "Tədbir" adlı şou proqram təşkil etmişdi. Şouda sərgilər, panellər, debatlar diqqət cəlb edirdi. Həmçinin zen, buddizm konfransları, makrobiotik, transsendental meditasiyalar, cinsi əlaqə texnikaları, sənət, siyasət müzakirələri və müxtəlif cür özünükəşf metodları təklif olunurdu. Hər bir sahə üzrə məşhur olan mütəxəssislərin cəlb edilməsi və "Tədbir"də iştirakın olduqca bahalı olması marağı daha da artırırdı. Şou proqram insanları inandırırdı ki, burada iştirak etməklə daxili aləminizi kəşf edəcək və xoşbəxtliyin açarını əldə edəcəksiniz. Mahiyyətində faydalı və estetik dəyərlər olan bu cür mədəniyyət şoularında təhlükəli cəhət nədir? Sənət, elm və mədəniyyət əyləncəli şəkildə təqdim edilərkən öz əqli və estetik dəyərlərindən uzaqlaşa bilir. Daha çox iqtisadi, karyerist, manipulyativ maraqlarını qoruyur.

 

Edmund Uaytın karnavalı

 

Edmund Uaytın "Bir oğlanın öz hekayəsi" romanında Cerom Devid Selincer və onun qəhrəmanı Holden Koldfildin etiraz etdikləri həyatı bir karnaval, şou kimi təqdim edir. Romanın qəhrəmanı olan oğlan transseksual bir mühit və dünyada Edip kompleksinin daşıyıcısıdır. Romana Holden Koldfildin kölgəsinin düşdüyünü hiss edirik. Ata hegemoniyası yalnız Şərqdə deyil, Qərbdə, Amerikada da özünü büruzə verir. Uayta görə, gənc nəsil bir şounun içindədir. Və nə olur-olsun, həmin şounun bir fərdi, üzvü olmağa can atırlar. Gözəllik və çirkinlik, tanrı və tanrısızlıq anlayışları onlar üçün incə sərhədlərlə ayrılır bir-birlərindən. Bəlkə də, heç ayrılmır, bir-birinə qarışıb, eyniləşib. Gənclər yadlaşma və sürgün olunmaq hissindən xilas olmaq üçün hər şeylərini, hətta özlərini də qurban verərlər, verirlər də.

Nəhayət, klip yayımlanır. "Cennetinin kapısında duran bir çocuktum ama Ay büyüyor büyüyor siniyordu günahlara da... Sana da kıyamam kıyamam ama anla

Bir kış sabahında aşk hatırasıyla kaderi silemem maziyi silemem". Yenə Teomanı dinlədikdən sonra Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanının qəhrəmanı Holden Koldfild və onun balaca bacısı Fibi düşür yadıma. Xüsusilə də Holden riyakar insanlardan yaxa qurtarıb qaçmaq istərkən balaca Fibinin də onunla getmək arzusu. Teomanın məşhur "Gönülçelen" mahnısı məhz "Çovdarlıqda uçurumdan qoruyan" romanına həsr edilib.

Elə Selincer də riyakar və şou xarakterli dünya, mədəniyyət və sivilizasiyadan qaçıb canını xilas etmək istəyirdi. Koldfild və Teomanın həyatı bənzərdir. Xarakterləri də. Ancaq Koldfild varlı idi, Teoman kasıb. Koldfildin atası var idi, Teoman atasız idi. Uşaqlar ondan soruşurdular: Sənin atan kimdir? Harada işləyir? O: Atam... atam Cənnətdə işləyir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!