İtmiş mənalarla oyun... - Birinci yazı - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Ədəbi prosesin müxtəlif dönəmlərində itmiş mənalarla oyun həmişə yox, məhz konkret məqamda fəallaşır. Zaman, onun axışı, gətirdiyi faciə və gözlənilməz hadisələrlə bağlı olan bu olay ildırım kimi bədii mətnlərin içindən keçib yeni üfüq, yeni paradiqma yaradır. Dünya ədəbiyyatında olduğu kimi, bizim ədəbi prosesin hər bir konkret dönəmində yetişən böyük şair, yaxud yazıçının taleyində bu oyunun bəzən izlərini, bəzən də dərinə gedən və dərinlərdən gələn şırımlarını müşahidə etmək mümkündür. Ədəbi prosesin ən azı yüz ilini izlədikdə, bu müddət ərzində baş vermiş faciələrin, yaranmış bədii mətnlərin daxili dünyasına daldıqda çox qarmaqarışıq və çox qəliz bir mənzərə yaranar: ayrı-ayrı fraqmentlərdən təşkil olunan bu mənzərə, panoramanın, necə deyərlər, gün işığına tutduqda kəsik və deşiklərdən "yığıldığını" anlaya bilərik. Bu məsələni araşdırmaq üçün bəzi nəzəri "təəssüratları" incələmək lazımdır.  Məsələ belədir ki, ədəbi prosesdə zahiri, fiziki yox, daxili, tərs və çarpaz arqumentasiyalı növbələşmə və ardıcıllıq mövcuddur. Zahiri ardıcıllığa baxdıqda səhvlər, tərs addımlar, necə deyək, mühakimə və hətta üzünə hökm oxunmalı hadisələr az qala göz deşir. Ancaq bu olmasa, bunun varlığında gizlində qalanm əsas məsələni fəhm etmək məqamını da qaçıra bilərik.

Bəs məna nə vaxt itir?

Keçən əsrin 30-40-cı illərində baş vermiş hadisələri göz önünə gətirək, mənzərə ardıcıl şəkildə, yəni gözləri o nöqtələrdən ayırmadan baxdıqda belə bir acı təəssürat yaranır: sanki şairlər bu dünyaya qətl edilməyə gəlmişlər. Məhz bu hadisə, məhz bu "mühakimə" qəribə effekt doğurur, bununla da qalmır, həmin illəri tarixin bütün dövrlərindən - eyni zamanda həm keçmiş, həm də gələcəkdən ayırır. Saatın, dəqiqənin yox, saniyənin hansı "döngəsində"sə dünyaya sükut çökür, hər şey susur, lal olur, göz görmək qabiliyyətini itirir, qulaqlar sağır, kar, hər yer - eqzistensial boşluq... ("...bu dünya dəmyə dünyadır, nə bitdi, bitdi..."). Sükut çökən kimi dünya, ömür, həyat... bütün mənalardan boşalır, səslər qeybə çəkilir, sözlər bir də tapılmayacaq, dillənməyəcək kimi itir, bir sözlə, hər şey olmamış kimi gəlir...

Yuxarıda dediyimiz kimi, saat və dəqiqələrin yox, məhz saniyənin bir döngəsində dünyaya çökən sükut min illərin yuxusunu xatırladır, o yuxudan, o göz deşən reallıqdan ayılan kimi hər şeyin bir də yuxu olduğuna inanmaq istərsən, amma bu belə deyil, həmin çox "uzun", ömür baltalayan zamanın uzantıları, neştər və oxları sonrakı taleyin hər addımlığında qarşına çıxır, keçən əsrin 30-cu illərində yeni düşüncə tərzi və paradiqma yaratmaq uğrunda tökülən qanlar, qəsd edilən həyatlar hər şeyin üstünü qapatsa da yəqin ki, ən iti gözlərdən də gizlənmiş bir yer qalmamış deyildi. Həmin tarixi qətlə qədər yığılıb, konsentrasiya edilib gələn işıq zərrəcikləri dünyanın hər yanına toz kimi səpələndi, bir-birindən ayrı düşdülər, onların bir də hansısa qüvvənin təsiri ilə bir əlin ovcunun içinə toplanması fantastikadan başqa bir şey deyildi. Ancaq bəzən zaman elə bir gərdişlə axıb gedir ki, sənin bütün qəlbin və beyninlə inanmadığın şey, nəsnə anidən reallığın yerini tutur. O işıq zərrəciklərinin bir yerə toplanması bəlkə də min illər çəkmişdi, o zərrəciklərin bətnindən şüalanan mənalar, həm də milli ədəbiyyatın cövhərini təşkil edən mənalar birdən görünməz oldu, bu mənaların, həm də min illərin zəhməti, şövqü və iztirabı sayəsində yaranmış mənaların özünüifadə modusu  anlaşılmaz şəkildə başqa bir qaydada özünü tapdı. O dövrün və daha sonrakı dövrlərin ədəbiyyatında bu itkidən dolayı yaranmış iztirab, göynərti, dərdin bədii mətnlərə "düşməsi" itmiş mənalarla oyundan başqa bir şey deyildi. Mikayıl Müşfiq özünəqədərki ədəbiyyat və ədəbi zamanın mənalarını heç bir əsaslı maneə olmadan öz mətnlərində əks etdirə bilirdi, hətta bu uzaqlıqdan baxdıqda belə həmin şaqraq yolun, axışın sürətini, intonasiya və ritmini hiss edə bilərsən. (Bəlkə də bu "maneəsizlik" onun taleyinin dibində yatmış faciəni erkən oyatdı...). Müşfiqin oyunu sadəcə öz taleyi ilə idi, o talenin bəlkə də lap dibindəki çəkilməz iztirabsa Müşfiq həyata əlvida dedikdən (əlini yelləməyə belə aman tapmırsan....), həyatı əlindən alındıqdan sonra donub qalmadı, sadəcə bayaq dediyimiz kimi, "itdi", bir də sonrakı dövrlərdə qəlpə-qəlpə ifadə olundu. Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasındakı qızılgül klassik ədəbiyyatdakı mənasıyla Yusif Vəzir, Sanılı, Cavid, Əhməd Cavad mətnlərinin içindəki iztirab arasında keçilməzliyi, "udqunmağı" mükəmməl şəkildə ifadə edirdi.

Bu şəkildə "itmiş" mənaların ədəbi prosesə qayıdışı həmişə intibah, çiçəklənmə, yeni düşüncə tərzinin ifadəsi olaraq maraq doğurur və ədəbi prosesdə müəyyən dərəcədə diqqətlərin bir çevrəyə, bir dairə üzərinə cəmlənməsi ilə nəticələnir. Hətta ədəbi prosesdəki nəsil dəyişməsi prosesi də bundan yan qaça bilmir, diqqət edin: yeni nəsil köhnələrin əmanət qoyub getdiklərini danmaq istərkən bəzən onun cazibəsinə elə tutulur ki, özü də bilmədən köhnənin təzə donda görünməsindən ləzzət alır, ancaq yuxudaymış kimi dünyaya yeni zövq, yeni bədii düşüncə gətirdiyinin üstündə israr edir. Ancaq proses məhz bizim dəyişməz sandığımız bədii mətnlərin içində getdiyindən hər şey yenə də qarşımıza gözlənilməz şəkildə çıxır, biz bunu ultra-modern təsvir, görüntü kimi dəyərləndirir və yenə aldanırıq. Yəni ədəbi prosesdə zahirdə görünənlər yüzdə yüz aldadıcıdır, girdabı çalxalayan proses məhz özünə "rahat" və məqbul olan zamanda ortaya çıxır. Biz Mirzə Cəlili oxuyuruq, ilk əvvəl onunla ondan əvvəlki proseslə əlaqə qurmaq ağlımızdan keçmir, amma məsələn, "Lalbyuz" obrazının olduğu pyesdəki ("Dəli yığıncağı -!") proseslər məhz həmin o klassik biçimli girdabın çıxardığı oyunun ən mükəmməl nümunəsidir: sezinti, ilk duyum bu ola bilər ki, bu pyesdəki dəlilik atmosferi, bununla bağlı Mirzə Cəlilin usta şəkildə ifadə etdiyi mənalar onaqədərki ədəbi prosesdə yığılıb qalan impuls və enerjinin qatıldığı prosesin üzə çıxması, daşması, ədəbiyyatı yeni sahil və üfüqlərə çıxarmaq cəhdidir. Ancaq deyək ki, Yusif Səmədoğlunun "Qətl günü" romanı bu mənada polifonik xassədən heç də uzaq deyil, yəni həm müəyyən mənada Yusif Vəzirin ifadə etməyə macal tapmadığı mənaların "şəkildəyişməsi", həm də atasının "Komsomol poeması", ömrünün sonunda yazdığı mətnlərin içində oynayan son dərəcə dramatik hadisələrin nəsr formuluna düşməsidir. Ancaq belə bir məqamı da vurğulayaq ki, bəzən bir ədibin yaradıcılığında ifadə olunmağa fürsət gəzən mövzu və mətləblər o qədər nüfuzedici, o qədər coşqulu olur ki, ədəbi prosesin hər künc-bucağına sirayət edir, özünü münasib bildiyi üslub çevrəsində tapmayınca rahat olmur; bunun, zənnimizcə, əsas məınası odur ki, müasir dövrdə bir yazıçının mətnlərinin mahiyyətini və üslub kateqoriyasını hansısa bir klassik ədəbin üslubu, demək istədiyi və macal tapmadığı sözlərlə bağlamaq düzgün deyildir. Bu məsələdə iki bir-birini bəzən tamamlayan, bəzən də inkar edən məqam olmalıdır. Ancaq ədəbi proses bu nəzəri postulatdan kənarda da inkişaf edir, özü də "sakit" şəkildə. Çünki müasir dövrün problemləri, ictimai-siyasi çalxantılar bədii mətnlərinin yenilənməsinə, yeni fikir və ideyalarla yüklənməsinə səbəb olur ki, bu da yuxarıda qeyd etdiyimiz "gərgin" üslublardan kənarda, onlarla birbaşa əlaqəsi olmayan, həm də onları şiddətlə rədd edən çevrədə yeni ifadə tərzlərinin meydana gəlməsini şərtləndirir. Bir az əvvəl haqqında yazdığımız "Qırmızı ayaqqabılar" (Orxan Həsəni) hekayəsi bu mənada daha çox məxsusi üslub çevrəsinin yaradılması sahəsində çox önəmli mətnlərdən biridir.

Ancaq bu iki gərginlik qütbünün arasında yazılan mətnlərdə sakitlik bəzən (bəlkə çox zaman-!) sadəcə konyuktura alətinə çevrilir, bədii mətnlərdə təsvirçiliyin baş alıb getməsi ilə müşayiət edilir.

Təsvir yox, təsvir bir həddə qədərdi, ordan o yana nə desə, nələr cızsa pozulacaq, beynə girməyəcək, ürəyə dammayacaq, əsas olan illərlə baş verən hadisələrin düz ortasından keçən fikir-deyimlərdir, yəni təsvir fon yaradır, improvizə üçün "samanlıq" döşəyir, başını qoy və xəyal et, amma deyim, tutaq ki, bu yaradıcılıqda, bu mətnlərdə hər şey elə sən deyən kimi yaxşıdı, əladı, gözəldi, amma biçimi, tutumu bu əyalət boydadı, ordan o yana deyil, bu deyimlə hadisəylə ən müxtəlif rəylərin arasından qalın bir xətt çəkilir...

Qələm var təsvirə yarar, sənətkar var - o qızıldan qiymətli fikri ürəyində pıçıldadımı, bütün huşyar olanlar duyar, eşidər, hamı ondan deyər, yazar, müəllifsə nə dediyini unudar, hər gün tufan və qasırğanın düz ortasında olar, təsvirçilərisə hamı tanıyar, bu da onların haqqıdı...

"Milçəklər Əliş kişinin general olmadığını, heç vaxt olmayacağını yaxşı bilirdi..." (Furqan. "Generalın milçəyi" hekayəsindən).

Furqanın hekayəsini janr kimi bəlləyən məqam, zənnimizcə, məhz bu cümlə ilə başlayır. Sonra davam edir və bu kiçik mətndə hər şey, bütün ab-hava, gülüşün mahiyyətini üzə çıxaran məqam-detallar - hamısı bu cümləyə qayıdır, ondan güc alır və dairəvi trayektoriya ilə hərəkət edir.

Hekayədə yüngül hava, atmosfer mövcuddur, zahirən heç bir gərginlik hiss edilmir, bu tipli, satirik pafosu dərində gizlənmiş mətnlərdə məhz belə olur: şərtilik o dərəcədə "dərinə işləyir" ki, adamlar, danışılan hadisələr, hər şey sanki çəkisizlikdə fırlanır, bu vəziyyət "Generalın milçəyi" hekayəsinin demək istədiklərinin yalnız bir qismidir.

Bu və digər hekayələr barədə növbəti yazıda.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!