Çağdaş dünya ədəbiyyatının empirik təhkiyə yaradıcılarından biri - Ülvi BABASOY

Ülvi BABASOY

 

"Mən mədəniyyəti sevən hər kəsin tərəfdarıyam. Mən bəşəriyyəti sevən hər kəsin nökəriyəm. Mənim insan düşmənini görən gözüm yoxdur, mən sivilizasiyanın yolunu kəsən, ona mane olan hər kəsə nifrət edirəm. Mən belələrindən uzaq dolanıram. Onlar mənə iyrənc görünürlər", - deyirdi Mirzə Fətəli.

"Şeytan ayələri" müsəlman dünyasında müəyyən qıcıq, reaksiya oyada bilər. Təhqir kimi də düşünülə bilər. Ancaq "Şeytan ayələri"nin xaricində Rüşdinin onlarca hekayə və romanları var. Rüşdi çağdaş dünya ədəbiyyatının empirik təhkiyə yaradıcılarından biridir. Nağıl estetikası ən müasir söyləm və formatlarda təqdim olunur Rüşdi qələmində. Məqsədim Salman Rüşdi yaradıcılığını təhlil etmək deyil. Elə "Ədəbiyyat qəzeti"ndə yayınlanan "Salman Rüşdinin empirik təhkiyəsi: modernliyin çiliklənmiş aynası" və digər məqalələrimdə bunu etmişəm. Ancaq bir yazıçıya bu qədər qatı və fanatikcə qəsd bir ədəbiyyat adamı kimi məni narahat etdi. Belə bir olay yaxın tarixdə bizim də başımıza gəldi. Rafiq Tağını itirdik.

Amerikalı ədəbiyyat tənqidçisi Lesli Aaaron Fidler 1969-cu ildə "Cross the border - Close the gap" ("Sərhədi keçin, boşluğu bağlayın") (yaxud da xəndəyi doldurun) məqaləsində postmodern ədəbiyyatın nəzəri-estetik manifestini yazır. Fidler ciddi, kult literatura ilə yüngül, əyləncəli mətnlərin sərhədlərini tarazlamağı, hər ikisi arasındakı boşluqların doldurulmasını təklif edir. Əslində tənqidçinin fikirləri bütün zamanlara estetik güzgüdür. Sənət birmənalı, rəngsiz və sərhədli olanda yeni nəsə deyirmi? Sərhədlər keçilməli, tabular qırılmalıdır. İstənilən dəyərlər sənətin suallarının estetik hədəfi ola bilməlidir, Fidlerə görə. Yalnız və yalnız estetik. Aşağılama və təhqir sənətə yaddır. Bəli, qadağalar sənət üçün keçərsizdir. Roman sənətində isə cəsarət və azad düşüncə hava-su qədər lazımdır. "Musiqi və rəsm əsrlərlə kilsənin nəzarəti altında qalsa da, öz gözəlliyindən heç bir şey itirmədi". Yazı sənətində belə deyil. Buna ən böyük şahid bizim dünyamızdır. İllərlə fikrimizi iflic edən istehsalat romanları və ardınca ürəyimizi bulandıran məddahlıq nümunələri...

İnsanın mələk və ya şeytan olmaq mübarizəsi Adəmdən günümüzədək davam edən problemdir. Peyğəmbərlər də bu dünyada yaşayır. Mələklik, saflıq, şeytanlıq və cəhalətin olduğu dünyada. Çirkinləşən dünyanı gözəlləşdirmək üçün. İsa kimi, Məhəmməd kimi. Elə yazıçılar da peyğəmbərlər kimi dünyanı gözəlliyin xilas edəcəyinə inanırlar. Dostoyevski, Mirzə Fətəli və Cavid kimi. Bütün dinləri puç və əfsanə hesab etmirdi Mirzə Fətəli. Çünki dərhal sevgi dininə inandığını deyirdi. Və yaşadırdı o sevgini. Deməli, yazıçılar da peyğəmbərlərin funksiyasını sənətin dili ilə həyata keçirməyə çalışıblar, çalışırlar...

Rüşdi həddən artıq irrasionallaşdırılan, əfsanələşən hadisə və rəvayətləri ələ salır. İroniya və yumor Rüşdi qələmində əfsanələşir, irrasional cildə girir. Hindistanlı iki gənc aktyorun başına gələn macəralar keçmişlə indi arasında rabitə yaradır. Hindistandan Londona gedən Cibril (Cəbrayıl) Farişta və Saladin Çamça metamorfoza məruz qalırlar. Cibril vəhy mələyi Cəbrailə, Saladin isə iblisə, şeytana çevrilir. Rüşdinin çevrilməsi Kafkadan daha fərqli və qorxuncdur. "Şeytan ayələri" ruhla cəsədin istəkləri arasında çapalayan Şərq dünyasının radikal teoloji düşüncələrini cəsarətlə sorğuya çəkir.

"Şeytan ayələri" magik realizmin sehrli atmosferi fonunda mövzuya postmodern baxışdır. "Şeytan ayələri" siyasi-ideoloji hadisə olmaqdan çıxır. Rüşdi mistik səhnələrlə mistikaya gülür. Mələk və şeytana çevrilən aktyorlar fanatikcə bağlanılan dini mistikaya, cəhalətə kinayədir. Fanatizmin yumor və qara yumorla tənqididir.

"Şeytan ayələri" romanının qəhrəmanı Ayeşa (Ayişə) həcc ziyarətində olarkən qarşısına dəniz çıxır. Ayeşa üzünü ziyarətçilərə tutub deyir ki, suyun səthində yeriyəcək. Tərəddüdsüz, sorğu-sual etmədən onun arxasında dənizə girənlər boğulurlar. Bu, fanatizmin ölümüdür. Təbii ki, romanın bir qədər sərt adı romanı oxuyan və oxumayan müsəlman dünyasında qıcıq oyadır.

Filderin manifestinə geniş aspektdən baxsaq, "Cross the border - Close the gap" = Salman Rüşdi. "Şeytan ayələri" yalanla həqiqətin, ruhla cəsədin, mələklə şeytanın, demokratiya ilə despotizmin arxasındakı dəyərləri sorğu-sual edir. Sənətdə sorğuya çəkilməz bir mövzu olmadığını göstərdi "Şeytan ayələri". Rüşdi "Şeytan ayələri"ində "Quran"ın tanrıya aid olub-olmadığını göstərməyə çalışmır. Məsələni bu cür anlayanlar kitabdan bir səhifə belə oxumadan hökm verirlər. Yazıçı mövzuya romanın aça biləcəyi bucaqdan baxır.

"Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir". Görəsən, Rüşdi "Quran"ın Həcc surəsinin 52-ci ayəsinə əsaslanır? Bu isə romanı oxuyan teoloqların işidir.

İnsan bilmədiyi bir şəxsə və anlayışa qarşı ya biganədir, ya da düşmən. Yazıçının olduqca həssas mövzuya toxunması İslam dünyasının reaksiyalarını da böyüdüb. Salman Rüşdi "Şeytan ayələri" romanına görə ciddi yazıçı deyil. Bir qədər populist çıxışlar var bu romanda. Yenə də hər hansı əsərinə görə bir yazıçını linç etmək qəbuledilməzdir. Rüşdi "Kloun Şalimar", "Utanc" romanları və "Şərq-Qərb" hekayələri ilə çağdaş dünya nəsrinin yaradıcılarındandır. Çünki bu əsərlər istismar və təhqirə məruz qalan, yaşamaq haqqı əlindən alınan insanların yanındadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!