Hər səhər üfüqdən doğan Günəşdimi ki?!
Bəlkə hə!
Bəlkə yox!?
O, içi nur dolu bir qızıl Camdı!?
Kainat hər dəfə yeni bir sağlıq deyir
və o camı başına çəkir.
Üstümüzə günəşin şəfəqləridirmi yağan?
Xeyr! O, Qızıl Camdan tökülən damcılardı?!
İçəni məst etdiyi kimi,
içməmişdən bizi də bihuş edir...
***
Bu şairanə giriş sözünü şairanə bir xatiratla davam etdirmək istəyirəm.
1994-cü ilin bir payız günü indiki kimi yaxşı yadımdadır. Xalq şairi Hüseyn Arifin 70 illik yubileyi ilə bağlı olaraq Qazaxda və Ağstafada keçirilən silsilə tədbirlərdə mən də iştirak edirdim.
İştirakçılar arasında Qazax Xeyriyyə Cəmiyyətinin xəttilə gəlmiş görkəmli şair və yazıçılar da vardı. Tədbirlərdən sonra rayon rəhbərliyinin təşkil etdiyi ziyafətdə deyilən sağlıqlar, qaldırılan badələr bir-birini əvəz edirdi.
O şair bu şairin, bu şair o şairin sağlığına badə qaldırırdı.
Məclisdə Davud Nəsib də vardı.
Növbəti sağlıq deyildi, yenə badələr doldu, boşaldı.
Bir az keçəndən sonra əlində yeni dolu badə Davud Nəsib ayağa qalxdı və dedi:
- Xahiş edirəm, badələrinizi doldurun və ayağa qalxın!
Məclisdəkilərin çoxu təəccübləndi, hamının baxışında maraq dolu bir ifadə yarandı, bir sual dondu: "Nədən?".
Şairin ötkəm və qürurlu səsi yüksəldi:
- İçək bu bədələri torpağın sağlığına! Onun bu sözlərindən (yox, "Əmr"indən) sonra hamı ayağa qalxdı və hər kəs badəsini başına çəkdi.
Sonralar əziz şairimizin kitablarında "Torpaq" şeirini oxuyanda duydum ki, belə şeiri ancaq o yaza bilərdi, belə sözü ancaq daha çox o deyə bilərdi:
Qəlbimdə dağların, düzlərin ətri,
Sel olub dağlardan aşıb-daşıram.
Mən elə sevirəm, torpaqdan ötrü,
Torpağa dönürəm, torpaqlaşıram!
2-ci bir xatirəni də burda xatırlatmasam, məncə, Davud Nəsibin sənətkar kimi portretinin tamlığına xələl gəlmiş olardı.
Ancaq bu xatirat qələm dostum, AYB üzvü, çox dəyərli müəllim-ziyalı-şair ömrü yaşamış (və yaşayan!) Telman Kürsoya məxsusdur. O danışır ki, "Davud Nəsib "Ədəbiyyat və incəsənət" qəzetində Poeziya şöbəsinin müdiri idi. Qəbulunda oldum. Təqdim etdiyim şeirlərdən "Yanır"ı çap etməyə götürdü.
- Çox sağ olun! - deyib çıxmaq istəyəndə dedi:
- Dayan, bir yerdə gedərik.
Söhbət edə-edə endik Nərimanov prospektinə. Burada ayrılmaq üçün ona əl uzatdım, əlimi buraxmayıb dedi: - A zalım, şeirin məni yandırıb, bizə gedirik.
Evində ordan-burdan sual verib onu qane edən cavabları aldıqca: - Əla! - deyirdi. Ayrılanda karobkada nəsə verdi:
- Məndən hədiyyə!
Evdə baxdım ki, çəhrayı rəngli bir köynəkdir. Altı il sonra maşın qəzasında həlak olanda qəhərlənib bu "Köynək" şeirini yazdım:
Verdiyin köynəyi sevindiyimdən
Tez-tez bayramlarda, toyda geyindim.
Maşın qəzasına sən düşən gündən
Onu heç yasa da geymirəm indi.
Qaralı qalıbdı bizdə köynəyin,
Sönmüş bir ocaqdan qalan kömürtək.
Nə dost qaytarandı onu geyməyim,
Nə də geyinsəm də isinməz ürək.
Mən sənə həsrətəm, köynək - əlimə,
Bir həsrət qar oldu şəvə saçımda.
Məhkum eyləyərək onu ölümə,
Asmışam şkafda "Dar ağacı"ndan.
Ot basmış yolları qayıt tapda, əz,
Məni fikirlərin qopar əlindən.
Heç kəs özün kimi qurtara bilməz,
Qayıt köynəyini qurtar ölümdən!..
Bu şeiri oxuya-oxuya düşünürəm: Əgər unudulmaz şairimizin qarşısında iki yoldan birini seçmək tələbi qoyulsaydı, deyilsəydi ki: "Ya özün, ya köynək! Hansını qurtarmaq istərsən ölümün əlindən?!".
Mən əminəm və inanıram ki, əziz şairimiz "Köynəyi" deyərdi...
Davud Nəsib kül altda sönməyən köz ömrünü yaşayan şairlərimizdəndi. O da ona görə yaşayırdı ki, qısa da olsa, təki ömrü şair ömrü olsun! Yazırdı ki, "Nəyimə gərəkdir səksən il, yüz il, bir şair ömrünü yaşaya bilsəm!".
O, şair ömrü yaşadı və yaşayır.
Necə deyərlər, hər ikisi yuxusuna haram qatıb. Və hər ikisi haqlıdır!
***
İnsan nə qədər sevirsə, o qədər yaşayır və insan nə qədər sevilirsə həm də o qədərdi ömrü! Bu haqda daha doğrusunu D.Nəsib deyib: "Məhəbbət ömrüdür - insanın ömrü!". O, elə bil nə yazıbsa and içirmiş kimi yazıb. Böyüklüyə, ucalığa, urfani sevgiyə baxın:
Arxamca yalandan söz deyən olsa,
Bir şeir yazaram, bağışlayaram.
Amma bununla belə sanki and içir ki:
Barışa bilmərəm toxunan olsa,
Əgər Vətənimə, məhəbbətimə!
Davud Nəsibin anasının adı İnsan idi. İnsan ananı yaxşı tanıyırdı anam. Evimizdə ondan tez-tez danışardı. Adı da İnsandı, özü də İnsan! İnsanlığı da tamam başqa bir aləm. Anam İnsan ananı görən kimi o dəqiqə tanımışdı, sevmişdi. İnsan ananı da insanlığı tanıtmışdı anama. Onları bir-birinə dost etmişdi, yaxın etmişdi, əziz etmişdi. Anam ondan danışanda qürurlanırdı, fərəhlənirdi, ürəyi açılırdı, ürəyimizi açırdı.
Davud Nəsib anaya, ataya, nənəyə, babaya xalqa, yurda-beşiyə, evə-eşiyə dərin köklərlə bağlı olduğu üçün haqqı vardı ki, desin:
Bu yurdun qədrini bilməsəm əgər,
Bir xalqın sözünü deyə bilmərəm!
Əslində onun əzizlərinə (ata-anası, baba-nənəsinə) ünvanladığı şeirlər bütövlükdə xalqımıza, milli dəyərlərimizə ünvanlanmış əsərlərdi. Ürəyindəki məhəbbət hamı üçündü.
O, təsadüfi olaraq yazmırdı ki:
Açsan ürəyimi bir kitab kimi,
Hamını görərsən sətirlərində.
Davud Nəsibin yaradıcılığını izlədikcə, oxuduqca adam hiss edir ki, o, təkcə şair deyildir. Həm də Sözün, Ruhun, Torpağın, ulularımızın qəbri başında dayanmış bir keşikçidir. Üzünü nənəsinə tutub dedikləri bütün ərvahımıza üz tutub dedikləridir:
Yatmısan körpətək nənə, beşikdə,
Qorxuram, oyatsam xətrinə dəyəm,
Saatla dururlar Fəxri keşikdə,
Mən sənin əbədi keşiyindəyəm!
Açıq danışaq. Başqaları hardasa hansısa böyük bir adamın Fəxri keşiyində dayanır. Davud Nəsib nənəsinin Fəxri keşiyindədir! Həmişəlik!
Davud Nəsibin gözündə nənə yalnız nəvəsinin boyunu oxşayan, şirin nağıllar danışan, bayatılar deyən bir sima deyil, qəhrəmandır, əsl mənada pəhləvandır! O, doğru söyləyir ki:
Nənə cəhrəsinin qulpu ağırdır,
Kimin gücü çatıb fırladar onu?
***
Davud Nəsibin bütün yaradıcılığı Qazaxda bir vaxt əkdiyi çinara bənzəyir. Uşaq vaxtı əkibmiş həmin çinarı, şair. Hər dəfə onu görəndə, kölgəsinə baxanda sevinirmiş, öyünürmüş, deyirmiş.
O məndən tez böyüyüb,
Kölgə saldı torpağa!
D.Nəsibin yazdıqlarının da, (istər şeir kitabları olsun, istər nəsr əsərləri) kölgəsi var. O kölgədən hamıya pay düşür indi.
Bu kölgənin özündən də, elə şairin hər sözündən də müasirlik, aktuallıq, böyük vətəndaşlıq mövqeyi duyulur.
Elə bil 44 günlük Vətən müharibəsində D.Nəsib də cəbhədəymiş. Yenə də gördüklərindən, duyduqlarından, sevdiklərindən yazırmış. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə əsgərlərimizlə baş-başa verib, onları şəhidliyin ən müqəddəs bir iş olduğuna inandıra bilib, yazıb:
Bir kişi gücü var, bir ər qolunda,
Torpaq Vətən olmur bilmirəm, nəsə...
Əgər övladları onun yolunda
Torpağa dönməsə, daşa dönməsə!
***
Davud Nəsibin şeirlərində aparıcı obrazlar sırasında dağ, dağ çayı çinar, at obrazları da kifayət qədər yer alıb.
Atı qardaşı, Çinarı ata kölgəsi, dağı arxası, dağ çayını laylası sanıb.
"Dağlara söykənib kürəyim mənim, İlk büllur laylamı dağ çayı çalıb" deməklə övlad minnətdarlığını ifadə edib.
D.Nəsib bu minnətdarlıqla işini bitmiş hesab etmirdi. Təbiətə öz borcunu daha əyani şəkildə ödəmək istəyirdi.
***
Axşamdan xeyli keçmişdi.
Evdəydim.
Davud Nəsib haqqında məqalə üzərində işləyirdim. Bu vaxt telefonum səsləndi. Götürdüm. Məlum oldu ki, dostlarımdan biridir. Dedi: "Ayə, qardaş, gözəl bir məclisdəyik. Səni tanıyan və sevən dostlarla birgə. Növbəti sağlığı sənin şərəfinə qaldırmaq istəyirik".
Dedim, çox sağ olun! Amma sizə deyəcəyim vacib bir sözüm var, - deyib vaxtilə Davud Nəsibin Ağstafadakı ziyafətdə etdiyi təklifi xatırlatdım.
Səs(lər) gəldi:
- Başa düşdük!
-Artıq ayaq üstdəyik!
- Və içirik torpağın (torpağımızın) sağlığına!
...Xəyalımın dərinliklərindən Davud Nəsibin qürur dolu səsi ucaldı:
- Sağ olun! Daha otura bilərsiniz!
Anladım ki, insan özü unudulmaz olanda dediyi sağlıq(lar) da, sözlər də, yazdığı əsərlər də, həyatda qoyub getdiyi izlər də unudulmaz olurmuş.
Onu da başa düşdüm ki, bu sağlıq həm də "İçək Davud Nəsibin şərəfinə!" demək idi...
Adətən körpələr ana laylası ilə ovunur, böyüyür. Kim bilmir ki, ən gözəl layla ana laylasıdı. D.Nəsibi ata laylası ovundurub böyüdübmüş. Özü bunu belə mənalandırır:
Mən ölsəm qəbrim üstdə
Salın yada laylamı.
Çalın mənim mahnımı,
Çalın, ata laylamı!
Bəlkə inanaq bu möcüzəyə?
Davudun ata laylası ilə oyanacağına?!
P.S. Hər Səhər - Kainatın Günəşi təzədən qaldırıb başına çəkmək istədiyi nur dolu Camdı, badədi.
Hər Axşam isə - səhərəcən doldurmaq istədiyi Cam deyilmi?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!