Mənim ürəyimdən başlanır Vətən... - Vasif Süleyman Rizvan Nəsibin “Külək döyən qapılar” kitabı haqqında yazır

 

 

..."Külək döyən qapılar"da qeyri-ixtiyari çevirdiyim səhifədə gözümə dəyən ilk şeir bu oldu:

 

Yağan yağışın da istisi yoxdu,

Gülüşü soğulub, qəm sırğalıdı.

İçindən əriyir, tüstüsü yoxdu,

Bu evin qapısı niyə bağlıdı?

 

Düşündüm ki, bəlkə də, bu bağlı qapının o biri üzündə bizim bilmədiyimiz bir hikmət var. Bəlkə elə bu hikmət qapını döyən küləklərin gözəgörünməyən varlığındadır. Hər halda kitab onu oxumağa çağırırdı.

İstedadlı şair dostumuz Rizvan Nəsiboğlu "Külək döyən qapılar" adlı yeni şeirlər kitabını mənə verəndə çox yaxşı bir söz dedi: "Oxu, gör oxunmalıyamsa, denən oxunmalısan, yoxsa gedim başqa işlə məşğul olum...". Sözsüz ki, zarafatla deyirdi bu sözləri. Amma mən heç bu kitabı oxumasam da, "Elçi daşı", "Ömrüm qələmdən adlayır", "Ey kimsə", "Ömrümü atmışam göyün altında" kitablarından bilirəm ki, Rizvan zatən oxunmalı, sevə-sevə oxunmalı bir şairdir.

Kitaba şair Telman Hüseyn Anadilin yazdığı səmimi ön sözdə Rizvan haqqında hər şey var: "Deyəsən, bu oğlanın qəlbində bir söz hörgüsü də başlamışdı".

Həqiqətən də Rizvan Nəsiboğlu artıq neçə illərdir bu binanı yaradır. Binanın məhək daşı, özülü etibarlı töküldüyündən ucaldıqca ucalır. Bu kitabında sözdən yaratdıqlarının nüvəsində canından artıq sevdiyi Vətən dayanır. Çünki Vətənin başlanğıcını götürdüyü yer Rizvanı şair edən ürəyidir:

 

Mənim ürəyimdən başlanır Vətən,

Küləyi səsimdir, buludu qəmim.

Hər payız göylərdə lələyi bitən,

Baharda qayıdan durnası mənim.

 

Şairə görə (elə gerçəkdə də), düşmənin soyuq nəzərləri altında sıxılmağına dözməyib canından keçən igidlərin-şəhidlərin sayəsində, bir məşhur ifadədə deyildiyi kimi, torpaq Vətən olur. Rizvan Nəsiboğlu bunu misraların canına hopdurur:

 

Ulduz işığıdı buludu üzən,

Bir qəfil görüşlə ay ötən olur.

Yerdən Allahacan ruhları gəzən,

Şəhid məzarıyla yurd Vətən olur.

 

Danılmaz bir gerçəklikdir ki, Azərbaycanın dünyaya səs salan 44 günlük Zəfər Savaşını tarixə yazan Ali Baş Komandan və onun hər əmrinə müntəzir olan Azərbaycan əsgəri oldu. Əslində, 44 günlük Zəfər Savaşı tarixdə bir müharibə mədəniyyətinin (təki heç vaxt bəşərə müharibə mədəniyyətini təkrarlamaq nəsib olmasın) əsasını qoydu. Şair hələ bu savaşdan öncə Azərbaycan əsgərinin nəyə qadir olduğunu vəsf edirdi:

 

Allah duaçındı, göylər minbərin,

...Yağışlar əlində doğma od-ocaq.

O həsrət yolların, dağ-dərələrin, -

Soyuyan qoynuna Vətən yazacaq;

Azərbaycan ordusu.

 

Yazdı da... Yazdı və bütövlükdə Qarabağ döyüşlərində əsir düşmüş torpaqlarımızın azad olunmasında rəşadət göstərən igidlərimizi vəsf etməkdən qürur duydu. Biz də, oxucu olaraq, bunları oxuyandan sonra igidlərimizin və onları vəsf edən Rizvan Nəsiboğlunun ünvanına əhsən dedik. Şəhid Şahgündüz Habiloğluna yazdığı şeiri oxuyandan sonra da eyni duyğuları yaşayırsan:

 

Harda ləngimisən, hamı nigaran,

Arxanca gözümüz dörd olub, dönüb.

Yolları gözündə yatıran anan,

Şəklini Allahın yanında görüb.

 

Şair Elçin İsgəndərzadənin ad gününə yazdığı "Sinən - Şuşa torpağı" şeirində dediyi kimi... Əslində Elçin müəllim otuz ildir ki, qələmi ilə, beynəlxalq əlaqələri ilə Azərbaycanın Şuşa dərdini dilləndirirdi, şəhidlər, qazilər kimi vuruşurdu. Rizvan Nəsiboğlu da haqlı olaraq yazır:

 

Dərdə vurulmusan doğulanda da,

Şairi bir şeir yüz qəmə düyür.

Yatmaq istəmirsəın yorulanda da,

Səni Şuşa boyda yuxu gözləyir.

 

Və bu kitabda "külək döyən qapılar"ın hikməti də var... Şair bir həzinlik arayır, bir doğmalıq gəzir. O qapılar da bizim bildiyimiz adi küləyin hökmü ilə açılıb-örtülməyə məhkum olunan qapılardan deyil:

Birini asta döyür,

Birini aram-aram.

Hərəsinin səsindən,

Bir həsrət oxuyuram.

 

Gözü yolda, qulağı səsdə olanların hər qapı səsinə diksinməsi qədər həyəcanlı bir şey yoxdur. Hər döyülənin qapı, hər döyənin külək olub-olmaması belə gözləyən üçün o qədər də əhəmiyyət kəsb etmir. Əsas olan odur ki, qapının bu üzündə oturub nəyisə, kimisə gözləyən var, gələn gözlədiyi olmasa belə... Hər döyülən qapı haradasa gözləyən üçün bir ümiddir. Min bir bəhanə ilə döyülən qapılar gözləyən üçün nimdaş təsəllidir:

 

Birini açıb örtür,

Qurd ulayan səsi var.

Allah, qapı döyməyin,

Neçə bəhanəsi var...

Maraqlıdır ki, Rizvan Nəsiboğlunun bu kitabında, kitabın adı da daxil olmaqla küləkli obrazlar çoxdur. Arzuları, istəkləri dağınıq, sevgisi həsrətin ağuşunda, kənd sevgisi ürəyinin başında olanların küləklə dostluğunda bir xəyali gerçəklik var - badi-səbadan da nəsə gələ bilmək ehtimalı. Bir şair üçün bu "nəsə"lərin o qədər anlamı var ki...

 

Nə soyuqdu, nə istidi,

Olum-ölüm əlüstüdü.

Torpaq sinəmin üstüdü,

Gülümü külək aparıb

 

- deyir. Özü də bu külək obrazları bir-birilə tamam fərqlidir. Birisi yuxarıda dediyimiz kimi, ümidverici külək, birisi ömür-günü sovurub aparan külək, birisi də insanı yaşamaqdan bezdirən küləkdir. Burda zaman, məkan da anlamını dəyişib:

 

Nə acı küləkdi, nə daddız axşam,

Yollar da ərinir çıxıb getməyə.

Fikrimdə səhərdən evdən çıxmışam

Kədər dağıtmağa, qəm əritməyə.

 

Bu da küləkli obrazlardandır. Külək döyən qapılardan zaman-zaman həsrət dolu soraqlar, intizar dolu həyəcanlar gəlib. Rizvanın qapısını döyən küləklər tərəfindən...

Dünyada heç nə səbəbsiz baş vermir. Hər şeyi var eyləyən var - özü ilə bozluq gətirən küləyi də. Küləyin kim tərəfindən, hansı səbəbdən ayaq aça bildiyini ancaq şair ürəyi belə düşünə bilər:

 

Kim qovub gətirdi bu boz küləyi,

Bu yol da bozardı, çöl də, biləsən.

Bu çöldə, düzəndə sıxıb ürəyi,

Bir boz şəkil kimi nə istəyəsən...

Özü də bunu deyən təpədən-dırnağa torpaq adamıdır. O torpaq adamı ki, dəfələrlə çöllərə bozluq gətirən küləyin gərdişini müşahidə eyləyib. Hər müşahidə şeir olmur, ancaq müşahidələrin toplamı bir şair ürəyini azadlığa, heç kimin onu ayıra bilməyəcəyi dünyasına aparır:

 

Dörd divar içindən çıxdım, uçuram,

Başımın üstündə göylər - nur damı.

Sinəmi küləklər yalayıb gedir,

Mən çöl adamıyam, torpaq adamı.

 

Və çöl adamını hər kəs duya, çöllərin şeirini hər kəs oxuya bilməz:

 

Ağappaq yuxudu düzlər, düzənlər,

Nə ayaq izi var, nə hənir, nə səs.

Quşbaşı qar düşür, cangəzdirənlər,

Çöllərin şeirini oxuya bilməz.

 

Bu duyğuların, düşüncələrin fonunda ömrün ötüb-keçdiyinin artıq fərqindədir şair. Amma şairanə... Belə olmasaydı, bircə dəfə də olsa taleyin işdəklərinə etiraz edərdi. Etmir, çünki uca Yaradan nə edirsə, necə edirsə möhtəşəmliyini qoruyur:

Saçımda illərin bomboz ayazı,

Elə bilirəm ki, o yaşım deyil.

Durum kimə deyim bu etirazı,

Tanrı atam deyil, qardaşım deyil.

 

Kitab əzəli-əbədi sevgidən, sevgili duyğulardan da qıraqda deyil. Rizvanın şeirlərindəki həsrət bəşəri duyğulara köklənib. Yalançı ah-nalədən çox-çox uzaqdır. Bu sevginin həsrəti vüsalı qədər yaşadandır, ağrısı çəkiləndir. Sevginin, sevgi şeirinin özəlliyi ondadır ki, bilə-bilə ömrünü sevdiyinə fəda eyləyirsən və əminsən ki, o, budan sui-istfadə etməyəcək.

 

Gözündən düşmüşəm günahsız yerə,

Sinəndə payızlı bağ gəzdirirsən.

Məni öldürürsın gündə min kərə,

Kəfənim boynumda, sağ gəzdirirsən.

 

Şairin haqlı qənaətinə görə yarından, eşqindən yarımayanlar da içindəkini bir ömür yaşadanlardır.

 

Yar deyib yarımayanlar,

Canda bir mələk aparır.

İçindən boylanan adam,

Əlində ürək aparır.

 

...Kitabda şairin bur neçə qəzəli, "Yeraltı şəhər" və "İki başdaşı" poemaları da yer alıb. Bunlar ayrıca bir söhbətin mövzusudur.

"Red N Line" MMC-də çap olunan kitabın redaktoru Vüsal Nuru, operatoru Sevinc Bağırova, korrektoru Nuray Quliyeva, dizayneru Ramiz Əbilovdur. Hamısı var olsun, Rizvan Nəsiboğlunun "Külək döyən qapılar"ını bizim üzümüzə açdıqları üçün.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!