Alpay Azər - müstəqillik dövrü ədəbiyyatının neorealist etüdləri - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

 

Realizmin müasir etapı olan, ədəbiyyatda həyat gerçəkləri ilə bağlı motivləri yeni prizmadan, yeni dünyagörüşü aspektindən işıqlandıran neorealizm müstəqillik dövrü ədəbiyyatımızda aparıcı mövqedə olan cərəyanlar sırasındadır. Bu baxmdan yaradıcılığı maraq doğuran müəlliflərdən biri də Alpay Azərdir. Alpay Azərin "Yaddaş eskizləri" silsiləsinə daxil olan "Örtüksüz mafə", "Dinc dövrün şəhidi", "Pişiklərin bərələn gözləri", "Təndir başındakı söhbətlər", "Babam" hekayələrinin əsas xəttini bugünün reallıqları ilə keçmişdən, köklərdən gələn adət-ənənə, dünyagörüşü arasındakı ziddiyyətlər təşkil edir. Bu silsilədəki iki hekayəyə - "Örtüksüz mafə" və "Dinc dövrün şəhidi" hekayələrinə xüsusi diqqət çəkmək istərdik. "Örtüksüz mafə" hekayəsində cavan bir oğlanın dəfninin adət-ənənələrdən kənar, çox asketik bir şəkildə keçirilməsi həm hekayənin 36 yaşlı narratorunda, həm də daha yaşlı nəslin nümayəndələri olan qadınlarda təəccüb doğurur. Matəmin simvolik atributsiyası olan və ölənin yaşı, statusu haqqında məlumat verən örtüyün olmaması, yas mərasiminin keçirilməməsi, ölən şəxsin yaxınlarının soyuqluğu, təmkini fonunda bu günün reallığı - insanların duyğularını deyil, ağlını əsas tutaraq yaşamaq tendensiyası işıqlandırılır. Ancaq ağıla əsaslanan bir insan eqoizmin əsirinə çevrilir, özündən kənar istənilən canlının, hətta öz doğmasının belə ağrısını hiss etməkdən, bölüşməkdən məhrum olur. Bugünün insanının özünə həddindən artıq vurğunluğu, özünü dünyanın mərkəzi kimi görməsi məhz əsrlərdən gələn ünsiyyət mədəniyyətinin çökməsi ilə bağlıdır. Həmcinsini ekran arxasından görən, sosial şəbəkədəki bəyənmə və paylaşımları ilə tanıyan insan digər insanlarla canlı ünsiyyəti, real duyğuları inkar etdikcə yalnız özünə yaxın olur, eqosunun əsirinə çevrilərək "mən varamsa dünya var" fəlsəfəsi ilə yaşayır, öz sosial varlığından qopur.

"Dinc dövrün şəhidi" hekayəsində isə yazıçı bizi öz uşaqlıq xatirələrində yaşatdığı Vüsalla görüşdürür. 1985-ci ildə göldə boğulan Vüsal müəllifin uşaqlığının bir parçasıdır və bu uşaqlıq xatirəsi vasitəsilə mətndə həmin dövrün aurası məharətlə canlandırılır. İllər öncə qonşuya qonaq gələn Vüsalla yaxından tanış olmaq, ona öz ürəyində səsləndirdiyi sualları verə bilmək arzusunu reallaşdıra bilməyən qəhrəman gənclik illərində Vüsalı xatırlayır, onun qohumları, dostları, anası ilə söhbət edərək, onun yazdığı məktubları oxuyaraq daxilindəki peşmanlığı bu qiyabi tanışlıqla kompensasiya etməyə çalışır.Vüsalla vaxtında tanış olmamağın peşmanlığı o qədər böyükdür ki, mətnin müəllifi inadla onun şəhid olduğuna inanır, bu inancını yalnız Vüsalla bağlı müsbət xatirələrlə, dindar dostunun əsaslandırılmaları ilə təsdiqləməklə kifayətlənmir. Onun üçün Vüsalın şəhid obrazını tamamlayacaq daha önəmli bir ştrix var: "- Bir şey soruşum, Vüsal Qarabağ müharibəsinə qədər sağ qalsaydı, könüllü müharibəyə gedərdi? - Yalçından soruşuram. - Yüz faiz! Yalçının fikirləşmədən, əminliklə verdiyi cavab mənə o qədər ləzzət edir ki, bir anın içində elə bilirəm Vüsal müharibəyə gedib, orda qəhrəmanlıqla vuruşub, şəhid olub… - Onda sağ qalsaydı, sözsüz ki, Qarabağ müharibəsində vuruşardı? - Yalçına verdiyim, amma artıq cavabını əvvəlcədən bildiyim bu sualı Rövşənə təkrar verirəm. - Sözsüz, sözsüz. Hətta, məsəlçün, evdən qoymasaydılar, özü döyüş bölgəsinə qaçıb gedərdi". Vüsalın dostlarına - Yalçın və Rövşənə verdiyi sualların cavabı 36 yaşlı gəncin qəlbindəki Vüsalın şəhidlik mərtəbəsinə yüksəlmək potensialına inamı daha da möhkəmləndirir. Buna görə də Vüsal onun üçün reallaşmamış arzuların simvolu, vətənin məhrum olduğu oğullardan biri, "dinc dövrünün şəhidi"dir. "Yaddaş eskizləri" silsiləsinə daxil olan bütün hekayələr insanın həyatı boyu formalaşan psixoloji portretinin bədii şəkildə ifadəsidir. Alpay Azər bu hekayələrində uşaqlıq illərinin insanın ömründə və gələcək qərarlarında buraxdığı izlər, xarakterin formalaşma meyillərinə təsiri, ömrün sonunda varılan nöqtənin ilkin rüşeymləri ilə bağlılığı kimi fəlsəfi məsələlərin bədii həllini verməyə nail olmuşdur.

Alpay Azərin "Şaxyeriyənlər" hekayəsi ədəbiyyatımızda müxtəlif zamanlarda, fərqli formatlarda işlənilmiş bir mövzunu - maddi imkanların və mənəvi aləmlərin təzadı mövzusunu bədii müstəvidə yeni formatda, neorealist motivlərlə işıqlandırır. Hekayədə Bakıdan Amsterdama yollanan, İstanbul aeropotunda təyyarə gözləyən dörd konfrans iştirakçısının obrazları vasitəsilə insan və tale mövzusu önə çəkilir. Müəllifin "şaxyeriyənlər" adlandırdığı bu insanların - elmlər namizədi Sahilə və Yavərin, pedaqoq Murad və İlhamənin hər birinin daxili aləmi, şəxsi keyfiyyətləri və gələcəklə bağlı arzuları realist notlarla oxucuya çatdırılır. Bu insanların hər birinin cəmiyyətə translyasiya etdiyi obraz daxillərindəkindən fərqlidir. Universitetdə müəllimə kimi çalışan İlhamə Sahilədən daha imkanlı olsa da, Duty Free-dən istədiyi, onun baxıb köks ötürdüyü ətri tərəddüdsüz ala bilməsi ilə fəxr etsə də daxilən xoşbəxt deyil. Bu gözəl qadın şax, qürurlu "kraliça" rolunu oynasa da, əslində bu yaşa qədər ailə qurmadığı, onu sevən və sevgisinə layiq bildiyi insanla qarşılaşa bilmədiyi, ana ola bilmədiyi üçün özünü uğursuz hiss edir. Şöbə müdiri, elmi işçi Yavər əsərin ilk sətirlərində "Bizim Cəbiş müəllim" filmindəki kimi kasıb, amma qürurlu ziyalı obrazı təsiri bağışlasa da hadisələr inkişaf etdikcə onun saflığının, təmizliyinin, asketliyinin, fədakarlığının əslində daxilində gizlətdiyi qabiliyyətsizlik, tənbəllik və psixi asılılıqdan, "qurban sindromu"ndan qaynaqlandığı üzə çıxır. Dosent Murad isə ziyalılıqdan daha çox, biznesmen ampluasındadır. Yavərdən fərqli olaraq özünə "gün ağlamağı" bacaran Murad imkanlı, həyatda istədiyinə çatmış insan obrazını cəmiyyətə qəbul etdirə bilsə də daxilən çox tənhadır, sevgiyə, ailə istiliyinə möhtacdır və həyat yoldaşının onu deyil, alacağı hədiyyəni həsrətlə gözləməsindən doğan kədər onun daxilindəki şaxlığı sındırır. Səfər yoldaşları içində yalnız Sahilənin cəmiyyətə proyeksiya etdiyi obrazla daxilindəki obraz eynilik təşkil edir. Öz kiçik imkanları ilə xoşbəxt olan, gələcəyi, həyat yoldaşı və oğlu ilə bağlı arzuları olan Sahilə öz həyatından və bu həyatın ona gətirdiklərindən məmnundur. Hekayənin əsasında duran kəskin həyat reallıqları fonunda önə çıxan, vurğulanan məqam da məhz budur: ailə, əsl insan sevgisi olmayan yerdə insanın daxilən şax qalması, xoşbəxt olması mümkün deyil!

Yazıçının "Hisslər və macəralar" adlandırdığı silsiləyə "Yazıçı və arvadı", "Xarizmatik ifritə", "Rus ki rus", "Ətirli məktub", "Janna", "Məni çoxlu-çoxlu öp", "Üç günün içində" hekayələri daxildir. Bu hekayələr içində müəllifin uzun hekayə adlandırdığı, povest janrına məxsus olan "Yazıçı və arvadı" hekayəsi diqqəti cəlb edir. Əsərdə müasir, XXI əsrin yazıçısının obrazı yaradılmışdır. Alpay Azər müasir dünya ilə ayaqlaşmağa çalışan yazıçı obrazını yaradarkən ədəbiyyatımızdakı klassik yazıçı obrazından uzaqlaşmağa nail olmuşdur. Yeni yazıçı obrazının müasirliyini yalnız əsərdəki yeni realilər, müasir aura, qəhrəmanın brendlərə marağı və yeni stili, həyat tərzi deyil, həm də ədəbiyyata baxışı ifadə edir. Artıq irreal ilham pərisinə etiqad edən, ətrafı tərəfindən anlaşılmayan, ektremal şəraitdə, yaşam savaşı verərək bədii şedevr yaradan yazıçı obrazının yerini gözəl və ona dəstək olan həyat yoldaşı, bahalı qələmlər kolleksiyasına malik, maddi ehtiyacı olmayan, lüks kafelərdə, xaricdə dincələrək əsərlərinə həyat verən yazar obrazı tutur. Lakin bütün bunların fonunda onun həyat yoldaşına münasibətinin patriarxallıqdan kənara çıxa bilməməsi əsərdə tam fərqli auranın yaranmasına səbəb olur, bu ziddiyyət obrazın mürəkkəbliyini təmin edir.

Alpay Azərin "Həyat epikrizi" romanında varlı biznesmen Elman və müəllim, şirkətdə menecer işləyən Muradın dostluğu fonunda mənəvi ideallar və müasir reallıqlar mövzusu öz həllini tapır. Romanın ilk sətirlərində Murad müsbət, mənəvi cəhətdən yüksək insan kimi təsvir olunsa da hadisələrin gedişi bu fikrin birtərəfli olduğunu sübut edir. Alpay Azərin yaratdığı Murad obrazı ədəbiyyatımızda yeni olan neorealist insan obrazının kamil nümunəsi kimi diqqəti cəlb edir. Murad obrazını "sürpriz obraz" adlandıra bilərik. Əsər boyu müəllif sanki obrazı dəfələrlə söküb yenidən yaradır, gözlənilməz konstruksiyalar, gedişlərlə qəhrəmanına yeni ştrixlər əlavə edir. Murada qarşı ilkin ikrah hissi onun Elmanın sədəqə şəklində verdiyi pulları qəbul etməsi, yalançı qüruru, iradəsizliyi ucbatından yaşadığı daxili çəkişmələri fonunda yaranır. Elman isə insan qüruru ilə oynayan eybəcər məxluq şəklində təqdim olunur. Lakin daha sonra Muradın boynunda yaranan şişə görə Elmandan maddi yardım alması ştrixi ilə müəllif hər iki obrazı mənəvi cəhətdən təmizləyir. Muradın xəstəliyi fonunda müəllifin romanı "Həyat epikrizi" adlandırmasının səbəbi aydınlığa qovuşur. Belə ki, xəstəliyi ağırlaşdıqca, Elmanın yardımları artdıqca müəllif Muradın daxili aləminə daha çox işıq salır, onun insan kimi "diaqnozu"nu təqdim edir. Elman Murad üçün yalnız maddi baxımdan deyil, həm də insan kimi əlçatmazdır. O, illərlə tanıdığı dostunu tam olaraq anlamaqda, onun məramına, dünyasına vaqif olmaqda çətinlik çəkir. Alpay Azər Muradın Elmana münasibətini bütün cizgiləri ilə açsa da, Elmanın daxili monoloqlarını, duyğularını vermir, Murada olan münasibətini açıqlamır. Yazıçı maraqlı priyomdan istifadə edərək onun Murada olan münasibətini Muradın digər insanlarla olan ünsiyyəti vasitəsilə əyaniləşdirir. Muradın tələbə Nadirlə olan münasibətləri, görüşləri Elmandan pay kimi pul aldığı vaxtların başqa formatda təkrarıdır. Bu dəfə Murad Elmanın rolunu ifa edir, lakin bu rolda olanda Nadirin onun vaxtı ilə yaşadığı duyğular içində olduğunu unudur. Muradın I Qarabağ savaşında döyüşən və indi xəstəxanada olan Namiqlə münasibəti onun Elmanla olan dostluğunun ikinci etapını - Elmanın onun xəstəliyi üçün maddi köməklik etdiyi etapı simvollaşdırır. Murad vaxtilə vətən sevgisini can qorxusuna qurban verib orduya yazılmadığı üçün Namiqə kömək etməyi özünə borc bilir. Lakin bu borcu da ürəklə verməyə mənəvi gücü çatmır: "Evdə dörd min dollarım var. Cəsarətim çatar o puldan?...". Sualın davamını gətirəmmədi. Hepatit-C-sinin müalicəsi üçün yığdığı dörd min dollardan beş yüzünü keçməyə qıymadığını hiss edən andaca özünü söyməyə başladı. "Alçaqsan sən! Bu adam sənin yaşındadı, gedib könüllü Qarabağda vuruşub, sənin, ailənin namusunu qoruyub, sənsə öz canının hayındasan. Böyük şey olub, hepatitsən. Bu ölkədə sənin kimi minlərlə, on minlərlə hepatit C, B xəstələri var, zəhmət çək, sən də onlar kimi öl!...". Muradın xeyriyyəçiliyi ilə xəsisliyi, vicdanı ilə eqosu arasında mübarizə əsər boyu davam edir. Əsərin sonunda Elmanla Muradın növbəti görüşü zamanı Elmanın öz kobudluğu, lovğalığı altında zərif və vicdanlı bir ürək gəzdirdiyi, Muradın maddi-mənəvi tərəddüdlərinin altında isə formalaşmamış bir insanın varlığı gerçəyi meydana çıxır. Romanda Muradın monoloqları fonunda müasir insanın daxili aləmi açılır, onun vicdanı ilə eqosu arasında, real dünya ilə virtual aləm arasında yaşadığı get-gəllər XXI əsrin əsas problemini - insanın insana məhəbbətinin yoxa çıxmasını, humanist apokalipsisin artıq başladığını vurğulayır.

Alpay Azərin nəsri müstəqillik dövrü ədəbiyyatının əsas xüsusiyyətlərini, mövzu və motivlərini, yeni nəsr təmayüllərini özündə ehtiva etməklə yanaşı, 1980-ci illər Azərbaycan nəsrindən gələn ənənələrin varisi kimi də çıxış edir. Bu baxımdan Alpay Azərin yaradıcılığı həm neorealizmin təzahürünün, həm də yeni dönəm ədəbiyyatımızda varislik ənənələrinin davamı və ötürülməsi probleminin tədqiqi baxımından zəngin material verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!