Akademikin və babamın ağacları - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

I

 

...Akademik Həsən Əliyevin ömür və düşüncə obrazını xatırlamağa çalışıram - hər dəfə "ağac" və "meşə" obrazları təhtəlşüurumda canlanır.

Mənə elə gəlir ki, qarşısına çıxan hər bir ağac, kol  onun yadındadır. Vələs, palıd, ardıc landşaft-məkan yaddaşının işarələridir:

"Çayın lap kənarı ilə subasar hissədə yayılan söyüd meşəsi sahildən uzaqlaşdıqca üstünlük ağyarpaq qovaqlara keçir". Yaxud:

"Bərdə meşəliyində, Tərtərçayının Kürə tökülən yerinə yaxın sahədə saqqızağacı ilə qarışıq seyrək palıd meşəliyi üç il qorunduqdan sonra orada çoxlu miqdarda palıd yeniyetmələri əmələ gəlmişdir".

Onun üçün ağac adam kimidir, gərək bir-birilə ünsiyyət qursun. Deyirdi ki, qonşuluq etməyi də ağaclardan öyrənmək lazımdır. "...Heç bir ağacı tək qorumaq olmaz. Söhbət bu və ya digər növün mühitindən gedir. Ardıcın "qonşusu" qorunmasa, ardıc da qorunmayacaqdır".

Onun ağac və ya meşə xatirələrindən peyjaz şairinin narahat ürəyi boylanır. Ağacları xatırlama, xəyalından keçirmə aktı əslində bir sufinin zikr məqamına bənzəyir.

Müdrik alim ağacın cinsini və növünü rənglərdən müəyyən edirdi. Xalq şairi Nəriman Həsənzadə bu məqamı həssaslıqla tutub: "Bu təbiət aşiqi torpağımızın gözəlliyini rənglər fonunda necə də aydın seçir, onlardan ayrılmaq istəmirdi".

Həsən müəllimin ağac xatirəsi rəng yaddaşından başlayır: "Uzaq üfüqdə meşə talasının yaşıl örtüyü sanki səmanın ətəklərinə dəyir. Talaların rənginə görə buradan meşənin cinsini asanlıqla təyin etmək olur. Qırmızımtıla çalan şam, ya da küknar, qonura çalan sarımtıl göyrüş və qırmızımtıl fıstıq meşələridir".

Yaxud: "Göy gölün gözəlliyi şər şeydən əvvəl onun rəngindədir. Onu hər dəfə bir rəngdə görmək olur. Bu, ətraf meşələrin ağacları və səmanın rəngindən asılıdır".

Onun yaddaşındakı ağaclar simvollaşır, gerçək mənasını sanki dəyişir. Ağacı dərketmə alimləri və şairləri müdrikləşdirir. İnsanın təbiət əxlaqı ağaclara sevgidən gəlir. Bu əxlaq ona babasının öyüdü ilə keçmişdi. Bu müdrik öyüd uşaqlığın kövrək xatirəsi kimi vaxtilə yazıya da almışdı:

"Bir dəfə öküzlər ardıc kolunun aşağı tərəfindən burulanda mən boyunduruqdan yıxıldım. Ağlaya-ağlaya hirsimi babamın üstünə tökdüm.

Nə üçün bu kolları, cır armudları qırmırsan? Onsuz da onlar meyvə gətirmir. Təpənin quzey tərəfindəki kolluqlardan heç olmasa itburnu, yemişan, alma, alça yığırıq. Amma bunların meyvəsi yox, özləri də əl-ayağımıza dolaşır.

Babam cavabında dedi:

- Bala, deyirlər ki, ardıc ağacını qırmaq günahdır, onun közü gec sönür. Babalarımız da öz müqəddəs ağacın ocağının közünü bu gündən sabaha saxlayarlarmış"...

 

II

 

...Müharibədən qabaq babam qaradamımızın ətrafında dörd qovaq ağacı əkmişdi - hərəsi bir oğlunun adına.

Müharibədən sonra bir oğlu da dünyaya gəlsə də,  nədənsə onun adına ağac əkmədi. Dedi ki, onsuz da kiçik oğul yurdda qalır.

Babam əkdiyi hər ağacın tarixçəsini bilirdi. Övladlarının uşaqlıq xatirələri sanki o qədər maraqlı deyildi, bir-iki gülməli əhvalatdan başqa yadında heç nə qalmamışdı. Amma şaftalı tinglərini Körpülüdən necə alıb gətirdiyini, gilasın şitillərini aldığı adamla bazarda dalaşmasını dönə-dönə danışardı.

Qız-gəlinin davranışını ağaca münasibətlə ölçürdü, yəni hansı həyətdə bir qurumuş ağac görürdüsə, evin gəlinini suçlu bilirdi. Xatalı kimi, onlardan biri də öz ocağına düşmüşdü. Xüsusən yay fəslində elə həftə  olmazdı ki, ağaclara su verməməyin üstündə onu danlamasın.

Sovxozun ağ sürüləri yaylağa qalxmışdı. Çoban əmim babamla nənəmi də özüylə götürmüşdü. Kişi arana qayıdan kimi birinci həyət-bacaya göz gəzdirdi, görəndə ki, it armudun dibində yatır: "Heç bar ağacına da it bağlayarlar, ay qancığın qarnından çıxan", - deyib gəlini ağır söydü.

Həmin gün gəlin yaşmağın altında donquldana-donquldana atası evinə getdi.

Həmin il armud ağacı qurudu.

Bakıdakı əmim kəndə gec-gec gəlirdi. Babam bu soyuqluğa görə onu elə möhkəm danladı ki, elə o gedən oldu, uzun müddət kəndə tərəf üz döndərmədi.

Və əmimin adına əkdiyi qovaq da yavaş-yavaş qurudu. Babam bu hadisədən çox bikeflədi. "Uşağın başında mütləq bir  iş var", - dedi və kiçik əmimi paylı-sovqatlı Bakıya yola saldı.

Divarın dibindən qalxan qoca tutu kəsməyə qoymurdu. Ağacın kökləri artıq döşəmənin altından çıxırdı. Kiçik əmim bərk narazı və narahat idi: "Ağac divarı dağıdır, ay kişi", - deyirdi. Payızda əlinə balta alıb, kəsmək qərarına gələndə isə babam qoymurdu: "Aman günüdür, özünüz kəsməyin, ziyanlıq olar".

Axırda əlacsız qalıb razılaşdı: "Domara Söyünü çağırın, gəlib kəsin".

Ağacın kəsilməsini görməsin deyə, həmin günü babam çayxanaya getdi...

Atamın adına əkilən qovaq böyüyüb, qırmızı kirəmitli, ala eyvanlı evdən uca olmuşdu. Hər dəfə babamgilə gedəndə atam öncə yarpaqlar arasından süzülən gün işığından gözlərini qıyaraq, lap kəllədə, haçabudağın arasındakı çalağan yuvasınacan ağacı süzürdü, ondan sonra evə girirdi.

1980-ci il ilin sentyabrı idi.

Əmim səhər tezdən bizə gəldi və anama dedi: "Bu gecə yuxumu qarışdırmışam. İşığa danışıram: görürəm ki, bir ağac evin üstünə yıxılır. Qışqırıram ki, qoymayın, evi uçuracaq. Kamal çiynini ağacın altına verir".

Həmin günün axşamı atam öldü...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!