Magik realizmin yeni nümunəsi - Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı üzərinə qeydlər - Kənan HACI

Kənan HACI

 

Yazıçı təbiəti gözəl bilməlidir.

Yazıçı dili gözəl bilməlidir.

Yazıçı həyatı dərindən bilməlidir. Və yazıçının bütün bunları bədii mətnə çevirmək üçün fitri istedadı olmalıdır. Təxəyyül, fantaziya yazıçının qanadlarıdır. Təhkiyə isə üslubu nişan verir. Bütün bu sadaladığım xüsusiyyətlər yazıçılığın əlifbasıdır. Jurnalist kimi tanıdığım Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanını oxuyanda yaxşı mənada təəccübləndim. Romanın mürəkkəb strukturu, hadisədən hadisəyə keçidlər o qədər ustalıqla qurulub ki, əsərin peşəkar yazıçı qələmindən çıxdığına heç bir şübhə yeri qoymur.

Uşaqlıq yaddaşı insanı ömrü boyu müşayiət edir, yazıçılar isə bu yaddaşdan bənzərsiz romanlar yaradırlar. "Qanıq, Hasan, bir də Qaragöz" romanı da uşaqlıq yaddaşının məhsuludur. Keçmişin, xatirələrin ayaq izləri var bu romanda. İntəhası, müəllif uşaqlıqda Qoşa Qarda gördüklərini bədii düşüncənin süzgəcindən keçirərək, mif və əsatir donuna bürüyərək oxucuya təqdim edir.

Mifi yalan hesab edən elm hələ də yaşadığımız dünyanın real, yoxsa irreal olduğuyla bağlı yekun qənaətə gələ bilməyib. Romanı oxuyarkən də bəzən gerçəkliklə irreallıq iç-içə keçir və bir-birini tamamlayır. Qurğu ilə gerçəklik arasında gəzinmək olduqca təhlükəli prosesdir. Hadisənin cövhərini saxlamaq şərtilə ona əlavə rənglər qatmaq yazıçıdan peşəkarlıq tələb edir. Müəllifin anlatdıqları ilə oxucunun anladığı arasında fərqli qütblər yaranarsa, demək, yazıçı hardasa yanlışlığa yol verib. Bu əsərdə oxucu yazıçının niyyətini duyur, çünki müəllif ara-sıra oxucuya ipucu verir. Qoşa Qara "kino bileti" alan oxucu tamamilə fərqli bir aləmə düşəcəyini hiss edir. Yazıçı öz oxucusuna impulslar ötürür. Bu duyğuların qaynağı da elə Qoşa Qardır.

Yazıçı əsərdə mifoloji elementlərdən, əsatir və əfsanələrdən ustalıqla bəhrələnib. Uşaqlıqda nənəsindən eşitdiyi əfsanələri nəqqaş kimi mətnin "fasadına", interyerinə həkk edib. Sanki keçmişin izlərini, elementlərini özündə daşıyan yeni bir bina ilə üz-üzəyik. Bu romanı müəyyən mənada palimpsest roman da adlandırmaq olar. Bünyəsində çeşidli mədəniyyətləri qovuşduran mif, əsatir dayanan mətn tədricən əsatirdən reallığa çevrilir. Əsas mənbə: uşaq yaddaşı. Bu xam materialdan yazıçı nəfis bir mətn ərsəyə gətirir. Bu, oksimorondur. Məhz magik realizm.

Yol həmişə insanı çağırır, öz əvvəlinə səsləyir. Yazıçının yolu ordan - Qoşa Qardan başlayır. Olmuşların mərhəməti yoxdur; heç nəyi dəyişmək mümkün deyil, peşmançılıq ağrısı romanın hər cümləsində hiss olunur. Müəllif Sarı Düyə ilə bağlı kədərli uşaqlıq xatirəsini xatırladır:

"Fatma xalagil kasıb idilər. Atam onun ərinə "camaatı yola salanda korluq olsa, Sarı Düyə qurbandı" deyəndə uşaq ağlımla qürurlanmışdım. Təklifdən Fatma xalanın əri də sevincək oldu. Ha çalışdı ki, Sarı Düyəni tövləmizdən çıxarıb aparsın, inək yaxına buraxmadı. Yenə uşaq ağlımla onun əfəlliyinə acıdım, tez Sarı Düyəyə tərəf qaçıb çatısından yapışdım. Qoşa Qarda mənə alışmışdı, müqavimət göstərmədi, dalımca düşdü, Fatma xalanın əri də arxamızca birbaşa həyətlərinə gəldik. Bizi əllərində iri bıçaq olan adamlar qarşıladılar. Ayrılanda Sarı Düyənin gözlərindən süzülən yaşın sifəti uzunu açdığı cığırları görüb sanki qəflət yuxusundan ayıldım. Yarım əsrdən çox vaxt keçsə də, o səhnəni unuda bilmirəm. Elə indi də özümü günahkar sayıram". 

Hasanın Qoşa Qarda rastlaşdığı mistik hadisələr magik realizm üslubunda təqdim edilir. Yaddaşdan qaynaqlanan məkan dönüşümləri roman içində romanın yaranmasına səbəb olur. Yazıçının tez-tez paralel dünyalarla əlaqə qurmaq cəhdi oxucunu katarsis məqamına gətirir. Şəxsiyyətin ikiləşməsi, insanların şeytana boyun əyib haqdan, ədalətdən üz çevirməsi böyük faciələrə səbəb olur.

Biz bu motivlərlə M.Bulqakovun "Master və Marqarita"sında, Çingiz Aytmatovun "Qiyamət"ində, Yusif Səmədoğlunun "Qətl günü"ndə, Mövlud Süleymanlının "Köç"ündə rastlaşırıq. Amma...

Akademik Nizami Cəfərov kitaba yazdığı son sözdə yazır: "Əlbəttə, Əflatunun izlədiyi ideya-estetik motivləri ədəbiyyata keçən əsrin sonlarında onun böyük sələfləri Çingiz Aytmatov, İsa Muğanna, Yusif Səmədoğlu, Mövlud Süleymanlı... gətirmişlər. Ancaq mənə elə gəlir ki, "Qanıq, Hasan, bir də Qaragöz" müəllifi sözügedən ədəbi axtarışlar daxilində tamamilə orijinal, özünəməxsus, eyni zamanda ona görə daha ədəbidir ki, onun əsərində ideologiyadan asılılıq, ideoloji tendensiya yox kimidir. Əvəzində isə insan təbiətinin, bir növ, hansısa mistik qüvvələrinin təsiri ilə əvvəlcədən müəyyənləşdirilmiş (və çox zaman səbəbinin daha dərin köklərdə olduğu güman edilən) elə məqamlar ön plana çəkilir ki, onları anlamaq üçün mistisizmlə naturalizmin mükaliməsi tələb olunur".

Vəlinin Cinli dərədə yolunu gözlədiyi Sara insan cildinə girmiş şeytandır. Bu obraz Yusif Səmədoğlunun "Deyilənlər gəldi başa" romanındakı hal anasını yada salır. Sarı hamamdakı hadisələr yəqin ki, oxucunun yadındadır. Yaxud "Köç"dəki Bəkil... Çayın suyunu qılınclayır ki, hal anası onun anasını aparmasın. Əflatun Amaşovun romanında təsvir edilən Cinli dərə də məhz belə magik məkanlardandır. Sadəcə, Sara modifikasiyaya uğramış obrazdır. "Qanıq, Hasan, bir də Qaragöz"ü adlarını sadaladığımız əsərlərdən fərqləndirən başlıca xüsusiyyət insan-mələk, insan-cin izdivacının modern təqdimatıdır. Qaragöz ona görə satılır ki, Urusetdən pul gəlib çıxmayıb, bankdan götürülən kreditin isə vaxtı çatıb. Qaragöz bu yeni iqtisadi sistemin qurbanına çevrilir. Qurddan törənən Qanıq insanda qan yaddaşını oyatmağa cəhd edir. Yazıçı qurd totemindən əsərdə ustalıqla bəhrələnib. Və burda Aytmatovun "Qiyamət" romanındakı Ağbərə ilə Daşçeynər yada düşür. Yer üzünün harasında olur-olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi təbiətdən qoparılması, öz xoşuna, ya zor gücünə təbiətdən ayrı düşməsidir.

Təbiətdə cansız heç nə yoxdur. Otu-ağacı, daşı-torpağı, çeşməsi-çayı - bu gen-geniş göylərin altında Tanrının nəfəs verdiyi hər şey öz ömrünü yaşamaqdadır. Təbiətdəki mizan-tərəzi pozulanda isə faciələr ayaq tutub yeriyir.

İnsanın inancı Təbiətdən süzülüb gəlir. Qanığın, Qaragözün insan cəmiyyəti, dünyanın gələcəyi ilə bağlı narahatlıqlarını Hasana ötürməsi yazıçının dünyamızın sabahı ilə bağlı nigaranlığının bədii ifadəsidir.

Sistem dəyişir, yeni ideologiya yaranır, bu sistemin qurbanları İmamalı kişinin simasında ümumiləşdirilir. Bolşeviklər onun simasında köhnə dəyərlərə qarşı savaş açırlar. "Qolçomaq" damğası vurub güllələyirlər. İmamalı kişi canını qurtara bilir, Güllünün isə həsrəti bir ömür boyu uzanır. Qoja ilə Güllünün nakam məhəbbəti Qojanın gündəliklərində öz əksini tapır.

Gənc Güllü isə bu gündəlikləri əldə edərək keçmişlə bu gün arasında bir körpü yaratmağa çalışır. Gənc jurnalist qızın obrazı da romana əlavə rəng qatır və əsərin intertekstuallığını təmin edir. Romanda paralel xətlər sona qədər bir-birilə əlaqədədir. Keçmişdəki Hasan və Güllü, bugünün Hasan və Güllüsü. Missiya davam edir. Keçmişin səhvlərindən nəticə çıxarmaq gərəkir. Qojanın gündəlikləri bütün həqiqətlərə ayna tutur. Müasir dünyanın insanı Qoşa Qarın gözünü yəqin ki, yolda qoymaz. Qoşa Qar da canlı, nəfəs alan, darıxan, xiffət edən bir obraz təsiri bağışlayır. Qoşa Qar obrazını müəllif poetik boyalarla təsvir edir və oxucu Qoşa Qarı canlı insan kimi sevməyə başlayır və bu obraz onun yaddaşında silinməz iz buraxır.

"Qanıq, Hasan, bir də Qaragöz" romanı ədəbiyyatımızda müstəsna yer qazanmağa layiq bir əsərdir. Mifik düşüncə qaynağını itirdiyimiz bir sərvətdir. Yazıçılarımızın bu düşüncədən qaynaqlanması, mifik təfəkkürü modern nəsrə tətbiq etməsi prozanın imkanlarını sonsuza qədər genişləndirir. Əflatun Amaşovun romanı buna əyani sübutdur. Düzdür, roman çətin oxunur, oxucudan hazırlıq və diqqət tələb edir. Böyük mətləbləri özündə ehtiva edən əsərlər bütün zamanlarda öz yaşarılığını qoruyub saxlayır. Əminəm ki, "Qanıq, Hasan, bir də Qaragöz" məhz bu qəbil əsərlərdən olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!