Bir andan qalanlar... - Rəvan CAVİD

Rəvan CAVİD

 

"Keçmiş özümüzə danışıb doymadığımız hekayələrdən ibarətdir"

"Her" filmindən

Günəş binaların arasında gizlənməyə başlayanda Hüseyn Cavid prospektindəki məşhur kafelərdən birində onunla ayrıldım. Sakitcə, heç nə demədən masadan qalxdı. Şərfini boynuna dolayıb özünü küçəyə atdı.

Onunla ayrılmaq baha deyildi - iki südlü kofe və alma cemiylə peçenyelər. Həmin anda küçədə leysanın başlamasına dua etdim. Əvvəllər də onu yağışın altında gözləmişdim, o gəlməmişdi və yenə elə olsa, ayrılıq mənə pis təsir etməz, sıradan gələrdi, düşünürdüm. Xərçəng xəstəsi olduğumu öyrənmişdi. Özümü nə qədər soyuqqanlı aparmağa çalışsam da, mənim də bir gecə öncə öyrəndiyim bu xəbəri ona deməyə çalışanda səsim titrəmişdi. Və bu bəs etmişdi ki, mənim üçün üzülsün. Son dəfə əllərimi əllərinə aldı, gözlərimin içinə baxdı və "hər dəfə səni axtaranda sağ olduğunu bilmək istəyirəm" deyib getdi. Məni axtaracaqdı. İlk bunu, sonra ayrıldığımızı və artıq onun həyatımda olmadığını düşünüb peşmanlıq duyğusuna qapılmışdım. Daha bir gün gözləsəydim, bir gün gec desəydim, ya da bir gün gec görüşmüş olsaydıq, ona daha bir iyirmi dörd saat aid ola bilərdim. Məni xərçəng olduğum üçün atmadı, xeyr. Əvvəl bunu düşündüm. Riyakarlıq etdiyimin fərqinə vardım. Onsuz da bir ay idi ki, heç nə yolunda getmirdi. Tez-tez dalaşırdıq. Onun qayğısına qalmırdım. Özümə qapanmağım xoşuna gəlmirdi, eləcə də mənim. Ancaq ayrıldıq. İnsanın həmişə önəmli hesab etdiyi bir kəsin artıq onun olmaması ağırdı. Dünyada hər kəsdən daha çox dəyər verdiyiniz insanın getməsi sizi də dəyərdən salırdı. İndi siz sadəcə özünüz üçün yaşamalı idiniz. Sevgi isə ikinəfərlik zövq, təkadamlıq ayrılıq hadisəsi imiş.

Tamamilə şüşədən ibarət olan kafenin alman üslublu quruluşu mənə oturduğum masadan küçədəki payızı izləməyə imkan verirdi. Noyabr bu şəhəri daha çox sentimentallaşdırırdı. Bəlkə də içimdəki tədirgin bir duyğu mənə elə hiss etdirirdi. Həmin dəqiqələrdən etibarən mən keçmiş haqqında düşünməyə başlamışdım. Səkidəki pişik mənə onunla bağlı xatirə selini gətirirdi. Pişikləri sevirdi və biz onunla bərabər Bakıdakı bütün pişiklərə ad paylamışdıq. Çantamızda həmişə pişiklər üçün yemək gəzdirirdik. Mən o gündən sonra da bunu etdim. O edirdimi, bilmirəm. Daha çox düşünmək istəmədim. Gözümü pişikdən çəkdim. Qarşımdakı boş masa pişiyi əvəz etdi. Kafedən çıxmağı və prospekt boyu bir az piyada gəzməyi seçdim. Bundan sonra yaşamaq üçün bəhanə olacaqdı geridə qoyub gəldiyim və xatırladığım keçmiş.

Yaşayıb-yaşamadığınızın bir fərqi yoxdur - əgər xatırlayırsınızsa, ya əzab çəkməyə məhkumsunuz, ya da xoşbəxtliyin qolları arasında gülümsəyəcəksiniz. Bunların heç biri baş verməyibsə, deməli, sizin mövcudluğunuzun bir vacibliyi yoxdur və ya sizin mövcud olduğunuz zaman və məkan xatırlamaq duyğusundan tamamilə arınmışdır. Bu isə elə ölüm deməkdir. Xatırlamamaq ölməkdi. Yalnız ölülər xatırlamır. Hər iki halda yoxsunuz. Əgər doğrudan da bir tanrı varsa, sizin yox oluşunuz onun üçün heç nə ifadə etmir. Biz ona daha vacib məsələlərdə lazımıq. Ölüm üçün düstur axtarmaqda, məsələn. Məncə, heç o özü də bizi nəyə görə yaratdığını hələ başa düşməyib. Yaşamaqdan sonra nə gəlir, bilmirəm. Ancaq əminəm ki, keçmişimiz bizi heç vaxt rahat buraxmayacaq. Həmişə bizimlə olacağına şübhə etmirəm.

Həyatımın ən çətin günlərindən birini yaşayırdım. O günün həyatımın son günü olmasını çox istəyirdim. Artıq dörd il idi ki, tək yaşayırdım. Və bu dörd ildə ən azı hər il iki dəfə intihar barədə düşünsəm də, buna cəsarət edəcək qədər böyüməmişdim. O gün - sevgilimdən ayrıldığım və xərçəng xəstəliyinin mənə bundan sonra ikicə il aman verəcəyini bildiyim gün yenə bu barədə - intihar haqqında uzun-uzun düşündüm. Bir neçə yazıçı dostumun taleyi məhz belə bitmişdi. Biri özünü binadan aşağı atmışdı, biri dənizdə öz canını tapşırmışdı, digəri də babasının köhnə ov tüfəngi ilə özünü öldürmüşdü. Sonuncunun daha həyəcanlı və daha istedadlı olduğunu bilirdim. Lakin mənim babamın tüfəngi yox idi. Başqa bir yolla bunu etməliydim.

Xatırlamaq və xatırlanmaq istəyi məni həyata bağlayırdı. İnsan övladı yalnız belə olan halda özünü vacib hesab edir. Xatırlamaq yaşamaq sözünün sinonimidir - hardansa oxumuşdum. Biz yaddaşımızın oyuncağıyıq. O bizi istədiyi kimi təəccübləndirir, təəssüf hissində boğur, sevindirir, xoşbəxt edir, acı çəkdirir və bunu kimi bir neçə daha belə hisslər. Demək istəyirəm ki, həyatımda nə baş vermişdisə, onu mən yox, yaddaşımda olanlar, daha dəqiq desəm, yadımda qalanlar, bir az daha dəqiqləşdirsəm, yadıma saldıqlarım - xatırladıqlarım müəyyən etmişdi.

Ayrılığımızdan tam bir il keçəndən sonra mən ona yazdığım məktubları yenidən oxumuşdum. Oxuduqca həyata bağlanırdım, lakin bunun illüziya olduğu tez-tez məni narahat edirdi. Bəli, mən bir il idi ki, intihar etməmişdim. Çox istəmişdim, alınmamışdı. Ondan ayrılmaq çox çətin idi. Onu unutmaq istəmirdim. Öləndən sonra onu bir də xatırlamayacağımdan qorxurdum. Məncə, dünyanın ən gözəl sevgiləri qoca Şərq nağıllarında və Bakıda yaşanır. Ən gözəl ayrılıqlar bu şəhərin payına düşüb. Geridə qalan hər şey üçün Bakıya təşəkkür etmək istəyərdim, əgər o məni buradan eşidirsə və ya ona darıxan biri nə qədər maraqlıdırsa. İntihar etməyin yanlış olduğunu anlamışdım. Çünki onunla bərabər eyni səmanı bölüşmək yox, eyni Günəşə baxmaq istəyirdim.

Özümə qarşı olan dərin bir şübhə var. Kimliyimi axtaran və tapmaqda çətinlik çəkən. Məni dəyərləndirən şeyin nə olduğunu bilmirəm. Hərdən yazmaqdan çox düşünürəm. Bu məni nihilistləşdirir. Zamanın hansı tərəfində olduğunu unuduram. Hətta bunu da deyim ki, bəzən zamanın özünə belə şübhə etməyə başlayıram.  Hər şey var, ancaq heç nə yoxdu.  Biz onları düşündüyümüz zaman onlar var olurlar.  Bizim düşüncəmizdən kənarda onlar yoxdurlar və ya olmamaları vacibdi. Çünki onların başqalarına aidliyi bizi tükəndirir. Özgüvənimiz düşüncələrimizdə - onlarda mövcuddur. Kənarda heç nə mövcud deyil. Mən zamanın kənarında olan həyatı tapmaq və orada mövcudluğumu sübut etmək istəyirəm.

Kafedən çıxıb adamlara qarışıram. Yolum evədir. Tələsirəm.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!