Cavanşir YUSİFLİ
Yeniyetmə yaşlarında, sonra ilk gənclik çağında Füzulinin divanını oxuyursan, sonra üstündən illər keçir, yenə oxuyursan, sonra yazdığın yazılarda sitatlar verirsən qatladığın divan səhifələrindən, bir əsaslı fərqi həmişə hiss edirsən və bilirsən ki, ədəbiyyat məhz bu fərqin içindədir, onun sərhədləri daxilindədir, yaxud bu sərhədlərin aşıldığı məqamdadır, sən o fərqin gücünə hələ də nələrisə çözə bilirsən...
Nədir məsələ?
Bunu izah eləmək o qədər də asan deyil.
İlk oxuduğunda bütün ruhuna hörülər, sarmaşıq kimi qoxusu səni dünyanın dörd bir yanından vurar, qəzəl bənd-bənd açıldıqca təzə dünyalar kəşf edərsən, gözlərin, onun içindən keçən yollar böyüyər, sözlər arasındakı bağ, məna silsiləsi, qəfildən zühur edən, səni sarsıdan mənaları həqiqət kimi qəbul edərsən. Janr kimi qəzəlin, orta əsr şeirinin ruha təsiri, insanla oynadığı oyun ilğım kimidir, qəlbinin dibinə oturar və sən onun yox olduğunu zənn edərsən, ancaq... Bəlkə ömrün sonunda bu hisslər qəfil baş qaldırar, uşaq vaxtı, yeniyetmə, sonra gənclik illərində qəfil məna uçqunlarından niyə sarsıldığını anlarsan... Ancaq məsələ bu deyil.
İndi, yaş üstünə yaşlar gəlib, o qəzəlləri daha asan oxuya bilsən də o mənaları, o qəfil keçidləru tuta bilməzsən, çünki sən artıq o adam deyilsən. Oxuduğun nədirsə, o özünü bir adama tapşırar, təslim edər, sən o adamdan çox fərqlisən, ona heç bənzəmirsən də, illər keçib, yadlaşıb başqalaşıbsan. Bir janr kimi qəzəl ilk oxunuşunda bütün sirrini sənə verər, son qətrəsinə qədər könlünə hörülər, qəzəldə gerçəklik ancaq və ancaq estetikadır, bu ərazidən reallıq elə qovulub ki, sənin əlacın bu qovulan və unutdurulan nəsnəni yenidən yaratmağa çatar, orta əsrlərdən, qədimdın qədim əyyamlardan bu günə insanlar təklik düşən kimi yalnız bununla məşğul olar, diqqət edin: hər şeyini, əsası da ümidini itirmiş insan xəyal içində məhz olmayan şeylərdən reallıq inşa etməklə məşğul olur. Füzuli necə deyir: eşqin qılıncı cismimdə deşiklər açıb, gözümdən axan yaşlar zənn etməyin ki, qandır, onlar dəlilik bağının solmayan gülləridir.
Çaklar cismimdə tiğ-i eşqdən, eyb etməniz // Kim, cünun gülzarının bunlar gül-i xəndanıdır...
Müasir şeirdən fərqli olaraq burda nəfəs aldığımız, tamaşa etdiyimiz və buna görə də, yəni yaddaşımıza ilişib qaldığından vaz keçə bilmədiyimiz nəsnələr yoxdur. Sanki müasir insanın görə, tamaşa edə biləcəyi şeylər qəzəl mətnində yoxa çıxıb, it-bata düşüb, burdan çıxan nəticələrdən biri bu ola bilər ki, klassik qəzəldə bütün estetik işarələr məhz könül evinin qurulması, onun duyğu, ağrı, iztirab və ani sevincinin real nəsnələrə çevirmək cəhdindən başqa bir şey deyildir. Müasir şeirdə, həm Avropa, həm Şərq poeziyasında o it-bata düşmüş şeylər perspektivsiz şəkildə axtarılır və deyək ki, Nazim Hikmət, yaxud Novalis şeirini də əlçatmaz edən məhz bu keyfiyyətdir, tapa bilməyəcəyin nəsnəni kərratla, usanmadan və tapa bilməyəcəyini unutmadan axrarmaq... Yəni reallığı son qətrəsinə qədər irreal aləmə dönüşdürmək...
O ki qaldı müasir dövrdə bizim bəzi şairlərin qəzəllərinə...
Onlarda bütün gediş və gəlişlər (həm də nə qədər cəhd edilsə də, klassik poetik terminologiyadan yan keçə bilməmək-!) surroqatdan başqa bir şey deyildir. Şübhəsiz ki, bütün qəzəl mətnləri nəzərdə tutulur. Burdan bir sual meydana çıxır: ilham, yoxsa janr mətnin tipini müəyyənləşdirir? Zənnimizcə, hər ikisi, özü də birlikdə, əl-ələ tutaraq və heç bir əlavə şərhə yol vermədən. Əlavə şərh cüzi biçimdə olsa da bədii mətni getdiyi yolda saxlayır, onun hərəkətini, dinamikasını yox, məhz bunların zahiri görüntüsünü yaradır. Ənənəvi poetik janrlarda (qoşma, gəraylı və sair) ilham bir poetik-ruhani kateqoriya kimi nə qədər güclü və yeni olsa da, ənənənin hər şeyi öz rənginə, öz ovqatına bələmək ehtirası sonda həlledici ola bilir, bir sıra müasir şairlərdə o təzə-tər və güclü ilhamın sehri deyək ki, hər parçada bircə misrayla məhdudlaşır, bu şeirlərdə mətləbə dəxli olmayan və köhnə lisanla desək, lirik qəhrəmanın daxilinə heç uyuşmayan sufiyanə gedişlər hər şeyi korladıqca korlayır. Bu bucaq altında müasir şairin sufiyanə şeirlər yazması janrı, ənənəni istismardan başqa bir şeyə yaramır. Çünki, belə deyək, köhnə terminologiya şeirə nəfəs kimi verilməli olan yaşantını rədd edir, uzaqlaşdırır və sən dərindən dərinə aldanırsn. Şeirə çəkilməli olan hiss və duyğular sanki gözə görünməyən bir dəzgahın ağzında xırçıltıyla kəsilib-doğranır, sənə, oxucuya sarı gələn səs yarıyolda it-bata düşür, janr özünü, öz məramını sözə çevirə bilmir, hər şey adiləşir...
Təsəvvür edin, hansısa şair dostuna qəzəl həsr edib: dostum, dünya köhnə dünyadı, fanidi, göz yaşı tökməyə dəyməz, sən dünyanın insanı hansı faciələrlə üz-üzə qoyduğunu bildiyin halda bu nə ah-vaydı və sair. Sən bu iki adamı tanımasan da, şeirin nə münasibətlə qəlbin arakəsmələrindən yol tapıb çıxmasına vaqif olmasan da o intonasiya, o istismarçılıq dərhal vurur səni.
***
Ədəbi tənqidin təhlillərində nəsrlə bağlı keçmişə nostalgiya. Bu xətt ədəbi prosesi mexaniki şəkildə izləməkdən və fəhm etməkdən yaranır. Yeri gəlmişkən, tənqid ədəbi gedişatın ən süst vaxtında yox, bəlkə ən qaynar dövründə "ölə" bilir. Ədəbi tənqid estetikası tənqidçidən əlahiddə müvazinətin (balansın) qorunmasını, proses təmayüllərinə qarşı müqavimətin daxili qabarma/çəkilmələrin xarakterinə yiyələnməsini tələb edir. Tənqidlə ədəbi proses arasında şəffaf və çox incə keçidi hifz edən bir qırmızı xətt var, ayağını basdınmı bütün dünya səs-küy içində inləyəcək və sözün hərfi mənasında tənqidçi olacaqsan, belədə, yəni sözün hərfi mənasında qara tənqidin sıravi, nizəli-oxlu üzvü oldunmu, nəyə xidmət eləməyin daha bir mənası qalmır, qayə, ideya, tapınma... bu kimi şeylər yer üzündən silinib gedir. Tənqidçi deyəndə ki bu gün nəsrimizdə 60-cı illər nasirlərinin tapıntıları, bədii mətnləri səviyyəsində əsərlər yoxdur, düşünməli oluruq. Hə, o əsərlər səviyyəsində bədii mətnlərin olmamasını yox, məhz tənqidçinin estetika ərazisindən çıxıb donkixotluq etməsini. Adıkeçən dövrün ("yeni dalğa") mətnləri, doğrudan da, şiddətlə tənqid edilirdi, ancaq bu şiddət həm də o əsərlərin, o yeni estetikanın qavranılmasına da yol açırdı. Bir yalançı, saxta mətni "tərs üzündən oxuma" strategiyası da var və dünyada bu prinsip bütün totalitar rejimlərdə mövcud olub. Tərs üzündən oxuyanda həmin qara tənqidin üzərindəki pərdə qalxır, sən bütün fəhminlə o yeni estetik sistemin bütün komponentlərini özün üçün bərpa edə bilirsən. Dünya ədəbiyyatında hər bir yeni poetik sistem, estetik kredo dərhal, vaxt itirmədən ötürülmə "ağrısına" tutulur, özündən sonra gələn illərin bədii məhsullarına da bu "infeksiyanı" yoluxdurmaq istəyir, yəni ilkin olaraq, tənqiddə başlayan qovğa artıqca artır və bununla da ədəbi prosesin dərinliyində gedən, ordan axan sular üzə çıxır. Həmin illərin ənənələrinin axışı bitibmi? Fikrimizcə, yox, hərəkət, dinamika yeni qovğalar yaradır. Buna görə də məsələn, indinin nəsr mətnlərini İsi Məlikzadənin "Quyu" povesti ilə müqayisə edib yuxarıdakı nəticəyə gəlmək elmi cahillikdən başqa bir şey deyildir.
Başqa bir nüans. Ədəbiyyat tarixi məsələsi. Bu anlayışı, bu məsələni yaddan çıxarmış, unutmuş qələm əhli ilə yanaşı, onu gecəbəgündüz beynindən çıxarmayan insanlar var. Nə olur-olsun, onun özü üçün, öz düşüncəsinə görə düzüb-qoşduğu, yaratdığı harmoniya pozulmamalıdır. Ancaq və lakin ədəbiyyat tarixi kiminsə beynində düzüb-qoşduğu ardıcıllıq və stixiyaya qətiyyən tabe olan bir nəsnə deyildir. Amma ildən-ilə, illərlə yazılan, "cildlənən" ədəbiyyat tarixləri də bir-brini o qədər təkrar edir ki, lap həmin "qəhrəmanımızın" beynində düzüb-qoşduğu sxemdən bir elə fərqlənmir: məmzun var, "ideya-məzmun" tipli sözlərin sürəklə işləndiyi semantik çevrələr var, amma analitik baxış yoxdur. Həm də nəzəri ümumiləşdirmə. Bu da onu göstərir ki, tənqid və ədəbiyyatşünaslıq keçmişin və indinin ədəbi prosesləri arasındakı keçidləri, stixiya və dinamikanı qətiyyən fəhm etmək, fərqli, həm də kardinal şəkildə fərqlənən ədəbiyyat tarixini qələmə almaq gücünə malik deyildir.
Səməd Vurğunun ömrünün sonunda yazdığı bir neçə şeir (xüsusən "Mən tələsmirəm" şeiri) özündən sonrakı gedişata necə təsir etdi, zənnimizcə, bu nüansı ciddi şəkildə araşdırmadan keçən əsrin altmışıncı illərində nə baş verdiyini tam anlamaq mümkünsüzdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!