Mətanət VAHİD
Om, Shri Ram jaya Ram
Azərbaycan ədəbiyyatında ilk fentezi - "Atropatena dastanı" (2010) trilogiyasından söz açacağam (bildiyim qədərincə, ikincisi Xülya Cəfərovanın "Külək" (2018) trilogiyasıdır). Hər şey romanın müəllifi Vahid Məmmədlinin facebook statusunda bir daşı ədəbiyyatşünaslığın, bir daşı da ədəbiyyat tarixində zorla izini qoyduran yazarların bostanına atmasından sonra başladı. Heç də dostca başlamadığım qısaca mükaliməmizi təmkinlə dostca yekunlaşdıran müəllifin digər paylaşımlarına göz atanda yaradıcılığının bu vaxta qədər tanış olduğum cəmi altı hekayəsindən xeyli miqyaslı olduğunu gördüm. Sən demə, qırx yaşında ilk romanını yazan Vahid Məmmədli neçə roman müəllifi imiş, sərhəddən kənarda ölkəmiz üçün xeyli böyük sayılan tirajlarla mütəmadi çap olunurmuş və sən demə, sayğı duyduğum tənqidçilər onun əsərləri haqqında dəyərli fikirlər yürüdüblərmiş.
Məhz "Atropatena dastanı"nı oxumağa məni AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Tunc Mələyin Azərbaycan səfəri" məqaləsindəki cavabsız sualı sövq etdi: "Tunc Mələyin Atropatena səfəri, şəksiz ki, uğurla sonuclanmış; düşünürəm: azı ilkə imza atdığına görə. Bəs görən, Vətənə səfərini yaxını qoyub da Tunc Mələk niyə belə uzaqlardan başlamış, üstəlik də, gerçək savaşlar yox, fentezi qanadlarında?..". Düşündüm ki, öz təbirincə desək, "qələmi heç vaxt havayı və havaya işlətməyən" elmi məsləhətçim 470 səhifəlik kitabı oxuyub, ona yazı həsr edib, burada uğur işartısı sezibsə, demək, bu əsərdə nə isə var. Ədəbiyyatımıza gətirilən yeniliklərdən, ilklərdən bəhs etməyi sevdiyimdən ilk "milli" fentezi romanı oxumaq fikri mənim üçün cəlbedici oldu.
Əslində, fentezi elə bir ədəbi mətndir ki, onunla bağlı nə təhlil, nə tənqid olaraq çox şey demək mümkündür. Səbəb də budur ki, onsuz da mətn sehr və fantastika üzərində qurulub, müəllif "ağlına gələni" yazmaq ixtiyarındadırsa, burada deyiləcək çox söz qalmır. Yalnız ədəbiyyat deyil, bütünlüklə çağdaş mədəniyyət fenomeni olan fentezi mənşəyini mifdən, nağıl, qəhrəmanlıq eposu, qotik, cəngavərlik, macəra romanlarından götürərək müxtəlif xüsusiyyətlərini sintez edir və onları bir janrda yeni keyfiyyətlər daşıyıcısına çevirir. Oxucu ilə intellektual oyun, sirli, irrasional dünyaya səyahətin müxtəlif, orijinal yolları, fəlsəfi və simvolik ümumiləşdirmələr bütövlükdə fenteziyə xas olduğu kimi, "Atropatena dastanı" üçün də xarakterikdir.
Qəhrəmanlıqları dastana dönən igidlər haqqındakı bu əsərin qayəsi dünyanın ilk cəngavərlərinin, ən qədim türklərin atropatenalılar olduğunu vurğulamaq, bu sayədə "dünyaya meydan oxumaq"dır. İstər sosial şəbəkə qeydlərindən, istərsə müsahibələrindən romanın müəllifi Vahid Məmmədlinin iddiasının ölkəmizin sərhədlərini xeyli aşdığını izləmək şəxsən mənə çox xoş gəlir. Çünki öz mətninə inanmayan, onu iddia ilə təqdim edə bilməyən müəllifin əsəri oxucunu inandırmaq gücünə malik ola bilməz. Uzun illərdir nağıllardan uzaq düşmüş, ümidləri sarsılmış böyükləri də bir gün xəyalların gerçəyə çevriləcəyinə inandırmaq gücündə olan əsərin elə bir enerjisi var ki, oxucunu mətnin bədii gerçəyinə inandırır.
Müəllif iddialıdır, "Atropatena dastanı" janrın tələblərinə uyğunluğu və bütün digər cəhətləri ilə "Üzüklərin hökmdarı" (John Ronald Reuel Tolkien), "Sehrin rəngi" (Terry Pratchett), "Harri Potter" (Coan Rouling), "Dəmir Druid Salnamələri" (Kevin Hearne), "Küləyin adı" (Patrick Rothfuss) və s. bu qəbildən dünya şöhrətli fentezi romanlarla bir sıradadır. Əsərin uğurlarından bəhs edən ədəbiyyatşünas Mərziyyə Nəcəfovanın yazdığına görə, "...Türkiyədə də "Atropatena dastanı" iki il ərzində öz janrında ən çox satılan kitabların onluğuna daxil olmuş, ingilis, ispan, italyan, portuqal, ərəb, bolqar, yunan və xorvat dillərində nəşr edilmişdir". Əsas məsələ isə bizim olanın dünyaca məşhur romanlardan fərqinin nə olduğudur. Deyərdim ki, mövzu və ideyanın milli-mənlik şüuruna, soykökümüzə bağlılığı, özünəməxsus "marşrut"la olsa da, tariximizə ekskursu.
Bir qayda olaraq, fentezi romanlarda hadisələr məişəti etibarilə orta əsrlər insanının gerçəkliyini xatırladan fantastik reallıqda cərəyan edir. "Atropatena dastanı"nda isə hadisələr daha qədim tarixə malikdir. Müəllif əsərini "dastan" adlandırsa da, mətnin üslubu dastançılıq ənənələrimizdən daha qədimə, dili isə günümüzə xitab edir. Romanın cərəyan etdiyi zaman da bəlli, məkan da: Qafqaz Albaniyası, Çar Vaçaqanın qətlindən sonrakı - çar Vaçenin hakimiyyət illəri. Postmodernizm epoxasında tarixi romanın yazardan tələbi tarixi olduğu kimi əks etdirmək yox, olmuşlara müəllif yanaşmasını ortaya qoymaqdır. Bu halda tarixi roman janrı üçün faktların özü deyil, müəllifin onlara münasibəti maraqlıdır. Vahid Məmmədli konkret tarixi dövrə uydurulmuş süjetlə daxil olur, bu konkret zaman və məkanın həyatına mücərrəd varlıqları, hadisələri gətirir: həqiqətlə uydurmanın, tarixiliklə xəyalların vəhdətdə olduğu "Atropatena dastan"ında janrları qarışdırır, nağıl - dastan - roman - metaroman xüsusiyyətləri bir fentezidə cəmlənir. Əsərdə onomastika, mifdəngəlmə detallar, tarixlə uydurmanın qovuşuğunda təqdim edilən məkan və zaman, tarixin gerçəklərinə az-çox uyğunluqlar, göndərmələr olsa da, daha çox yazıçı fantaziyasının məhsuludur və bunlar bir-birinə elə hörülüb ki, gerçək və uydurmanın sərhədi silinib. Beləliklə, müəllif tarixi həqiqəti təhrif etmə hesabına öz bədii məkanını yaratmış olur.
"Atropatena dastanı"nda əksini tapan bu xüsusiyyətlər onu tarixi metaroman janrına yaxınlaşdırır. Bu janrda yazılmış əsər müəllifini konkret tarixi dönəmin gerçək hadisələrini ədəbiyyata gətirmək maraqlandırmır, o, tarixin reallıqları içərisində özünün keçmişini tapmağa can atır. Y.Raynekenin sözləri ilə ifadə etsək, müasir müəllif öz üzərinə tarixçi rolunu götürür, totalitar tarixin yaratdığı boşluqları doldurmağa çalışaraq müstəqil araşdırmalar aparır. "Atropatena dastanı"nda müəllif üçün özünün və əcdadlarının elmi-tarixi əsərlərdə əks olunmayan kökü, şəcərəsi şanlı və böyük tarixdən daha artıq əhəmiyyət kəsb edir.
Trilogiya Azərbaycan xalqı və dövlətinin taleyində həlledici rol oynayan məqamlar və əhəmiyyətli obrazların ön planda olduğu "Albaner", "Qazaka" və "Atropat" kitablarından ibarətdir. Eposun qəhrəmanları ağ və qara magiyanın tərəfdarı olan sehrbazlar və onların sehrindən, bir növ, asılı olan adi insanlardır. Əsər həm nağıl, həm dastan ənənələrinə söykənir; burada həm Şərqin, həm Qərbin atmosferi duyulur. Bütün nağıl və dastanlarda olduğu kimi, bu epos-romanda da sevgi var-dövlətdən, ağıl fitnədən, tədbirlilik fiziki gücdən daha qüvvətlidir. Trilogiya xeyli qapsamlıdır; burada ağrı, nifrət, xəyanət, dağıdıcı miqyaslı pislik, qan donduran edamlar, qətllərlə yanaşı, atmosferi aydınladan zəif yumor da var, sevgi də, xeyirxahlıq da...
Əsərdə cərəyan edən hadisələrə baxarsaq, "Atropatena dastanı" bir (daha doğrusu, bir yox, üç) cəngavərlik romanıdır. Amma hər zaman dediyim kimi, mətn oxucu sayı qədər şərhə, yozuma açıqdır. Odur ki, mən "dastan"ı daha çox sevgi nağılı kimi oxudum. Çünki burada igidləri qəhrəmanlıqlara sövq edən də elə böyük sevgidir - vətənə, valideynlərə, dosta, qadına... "Atropatena dastanı"nda sevgi bütün mümkün təzahürlərdə əksini tapır. Burada sevgi hissi xüsusi vurğuya malikdir; sevən, sevilən qadın rəğbətlə təsvir olunur. Məsələn, romanın sonunda taxta sahib çıxan Atropatın tacını başına sevgilisi Asmaralla qoyur. Bununla da qadına və sevgiyə, onun qəhrəmanın/kişinin həyatındakı yerinə və roluna xüsusi anlam yüklənilir. Sevgi "dastan"da ölümə belə qalib gələ bilən ən qüvvətli silahdır.
Albaner - Mehrican, İsmayıl - Asena, Atropat - Asmaralla münasibətləri "Atropatena dastanı"ndakı hər 3 kitabın nüvəsidir. Əsərdə igidlikləri ilə könülləri fəth, yurdunu azad edən hər qəhrəmanın mütləq sevgilisi var və sevgi(li) xilaskardır, dayaqdır, ən qorxunc düşmənlərə, əjdahalara, timsahbaşlılara, qırılmaz tilsimlərə qalib gələn qəhrəmanların arxasındakı daha böyük mənəvi güc qaynağıdır. Ən çətin qarşıdurmalarda, ən ağır döyüşlərdə belə, igidlərin sevgilisi üçün "burnunun ucu göynəyir", sevdiyi qadının varlığından, bir gün qovuşacaqları ümidindən mənəvi güc alır.
Çünki eposun aşıladığı həm də sevginin xilaskar olduğu, sevgisiz dünyanın zülmətə döndüyü, günəşin qaranlığa qalib gələ bilməsində onun istisnasız rolu olduğu düşüncəsidir. "Sən hökmən məni gözlə, mən sənin dalınca qayıdacağam və biz xoşbəxt olacağıq" əhdinin gerçəyə dönməsi üçün qəhrəmanın (İsmayıl) hər cür çətinliyə sinə gərməsi, ilk görüşdən sevgi, ən əsası, etibar, qarşısındakına "mənə özün kimi inan" güvəncinin aşılanması, etimadın doğrulması, sədaqət duyğuları və s. əsərdə geniş əksini tapır. Burada ölkəsini (böyük mənada, dünyanı) şərdən, zülmətdən xilas edən qəhrəmanların sevgi ilə yanaşı, vətən qarşısındakı borc anlayışı, tərəzisi heç vaxt əyilməyən ədalət duyğusu, sosial məsuliyyət hissidir.
Kitabı mənimçün maraqlı edən cəhətlərdən biri də üz qabığı və hər başlıqda roman müəllifinə məxsus rəsm əsərlərinin yer almasıdır. Bu abstrakt rəsmlərdə "müəllif burada nə demək istəyib?" sualını bir kənara itələyib hər oxucu-izləyici öz gördüyünü şərh edə bilir. Fiqurativ rəsmlərdən fərqli olaraq, haqqında "beləsini mən də çəkərəm" deyə biləcəyimiz abstrakt rəsmlər izləyici sayı qədər şərhə açıqdır. Odur ki, bu əsərlər üzərində geniş dayanmadan sadəcə bunu qeyd edim ki, kitabdakı bütün rəsmlərdə xaosda azıb qalanın azadlığa canatımını, şərlə mübarizədən çəkinməyən xeyrin çarpışmasını, qurtuluş çabasını gördüm. Başqa sözlə, eposun səsi rənglərdə, rəsmlərdə əks-səda verir.
"Atropatena dastanı"nın əsas məramı xalqı öz keçmişinə, böyüklüyünə, gücünə inandırmaq, ümummilli bəlamıza çevrilmiş komplekslərimizdən azad olmağa rəvac verməkdir. "Dastan" - müəllifinin Azərbaycan xalqı adına tarixdə öz yerini tapmaq cəhdi ilə birləşən tarixi ədaləti bərpa etmək, keçmişlə indi arasındakı qırılmaz əlaqədə varlığını təsdiqləmək məramı kimi meydana çıxır. Bu epos-roman vasitəsilə tarixi keçmişə yalnız yeni ədəbi imkan kimi müraciət olunmur, eyni zamanda gələcəyə bu günün ziyasında baxa bilmək üçün keçmişin rolunun inkaredilməz olduğu fikri bədii həllini tapır.
Azərbaycanlı olduğunu bütün romanlarında bu qədər "bərkdən" bəyan edən və qürrələnən yazıçını "rusdilli yazar", "kütlə üçün yazan müəllif" kimi sıradışı etmək cəhdləri ədəbi mühitimizin bitib-tükənməz komplekslərindəndir. Bütün əsərlərində əsas vurğusu Azərbaycanı və azərbaycanlını olduğu böyüklükdə, ucalıqda göstərmək olan Vahid Məmmədli romanını belə bir inamla yekunlaşdırır: "Qüdrətli hökmdar Albaner və Atropatın bütün yer üzünə səpələnmiş nəvə və nəticələri, harada yaşamalarından asılı olmayaraq, daim fəxr və qürur hissi ilə deyirdilər: "Biz Azərbaycanlıyıq! Biz odlar yurdunun övladlarıyıq. Biz məğlubedilməzik..."” Göydən üç alma düşməsə də, bütün nağıllar kimi, "Atropatena dastanı" romanı da xoşbəxt sonluq - yaxşıların qələbəsi, sevgililərin qovuşması, ilahi ədalət və harmoniya, inam və ümidlə bitir. Romanı oxuyub bitirərkən bir daha əmin olursan ki, "qaranlıq - işığın yoxluğudur".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!