Avropa ədəbiyyatında meydana gəlmiş, son zamanlar sürətli inkişaf xüsusiyyətinə meyilli olan, getdikcə dünya ədəbiyyatında öz mövqelərini möhkəmlədən "modernizm", "postmodernizm" kimi ədəbi cərəyanların Azərbaycan ədəbiyyatşünaslığında yenidən və diqqətlə araşdırılması müsbət hal kimi qiymətləndirilməli, bu cərəyanları öz əsərlərində əsas yaradıcılıq üslubuna çevirib, onu dərinləşdirən, zənginləşdirən görkəmli sənətkarlar haqqında ayrıca tədqiqat işlərinin aparılması mütləq şəkildə dəstəklənməli, təqdir edilməlidir. Dünyanın ünlü söz sahiblərinin yaradıcılığını nə qədər çox və tez-tez ələk-vələk edib araşdırsaq, bu ədəbi meyillərin və cərəyanların bizim doğma ədəbiyyatımıza hansı yollarla sirayət etdiklərini, bir neçə minillik inkişaf yoluna malik olan Azərbaycan söz sərvətinə necə, nə cür təsir etdiklərini, müsbətmi, mənfimi gətirdiklərini, xeyirmi verdiklərini, ziyanmı vurduqlarını aydın şəkildə görə biləcəyik. Doğma Azərbaycan və Türk dillərindən başqa, ingilis və yapon dillərini mükəmməl bilən, rus dilinə səriştəli istifadəçi səviyyəsində bələd olan gənc tədqiqatçı-şərqşünas Gülnar Yunusovanın AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin elmi rəhbərliyilə araya-ərsəyə gətirdiyi "Haruki Murakaminin yaradıcılığında postmodernizm" monoqrafik araşdırması həm mövzunun aktuallığı, həm də ədəbiyyatşünaslığımızda gərəkliyilə diqqəti cəlb edir.
Tədqiqatın geniş və elmi cəhətdən dolğun yazılmış "Ciriş" hissəsində mövzunun vacibliyi, tədqiqat obyektinin, tədqiqat mövzusunun sanbalı, ümumən, yapon söz sənətinin Azərbaycanda araşdırılması tarixinin real mənzərəsi inandırıcı şəkildə öz əksini tapmışdır. İşin tədqiqat metodları konkret, aydın və dəqiq, mövzunun məğzinə tam uyğun şəkildə müəyyənləşdirilmişdir: tarixi-müqayisəli və analitik təhlil metodları. Müəllifin bəyan etdiyi əsas müddəalar qarşıya qoyulan məqsəd və vəzifələri əhatəli şəkildə yerinə yetirmək üçün tamamilə yetərlidir. Haruki Murakaminin təkcə yapon deyil, həmçinin dünya postmodern camesində ədəbi fikrin sürətli irəliləyişində oynadığı önəmli rolu vurğulamağa, yazıçının əsərlərindəki dil, üslub, bədii vasitələrin sırf özünəməxsusluqlarını tutarlı dəlillərlə isbata geniş imkanlar vermişdir.
Bu tədqiqat işinin çoxyönlü elmi yeniliyi mövcuddur və bu, sevindirici haldır. Hər şeydən öncə, gənc araşdırıcının monoqrafiyada bol-bol istifadə etdiyi yapon və ingilis dillərindəki ilkin orijinal qaynaqlarla səriştəli, peşəkarlıqla işləyə bilmək qabiliyyəti müstəqillik dövründə yetişmiş gənclərimizin müasir ədəbiyyatşünaslığımıza gətirdikləri dəyərli tədqiqat yeniliklərinin gözəl bir əyani nümunəsi hesab oluna bilər. Zənnimcə, Haruki Murakaminin postmodernist yaradıcılığının belə sistemli, geniş və dərinliklə araşdırılması nəticəsində tədqiqatçının əldə etdiyi elmi qənaətlərin, üzə çıxardığı özəlliklərin işığında bu ədəbi cərəyanın bizim ədəbiyyatımızdakı bədii məhsullarının genetik kodlarının təfsirində açar rolunu oynaya biləcəyi gümanı müəllifin ən vacib, ən başlıca elmi yeniliyidir. Gülnar Yunusova yaradıcılığını araşdırdığı dünya şöhrətli Yapon sənətkarı Haruki Murakaminin üç dəfə Nobel mükafatına namizəd göstərildiyini, hər dəfə də uğursuzluğa uğramasının səbəbini bilavasitə yazıçının bütün əsərlərində inadkarlıqla yapon xalqının milli-mənəvi dəyərlərini müdrik vətənpərvərliklə sivil dünyaya təqdim etməsi faktı ilə əlaqələndirir və məmnunluqla gənc alimin çıxardığı nəticənin tam həqiqətəuyğunluğunu təsdiqləyib, onun fəhminə, analitik təhlil bacarığına "afərin!" deyirəm. Fikrimcə, milli mənsubiyyətindən asılı olmayaraq, Yaponiyanın qüdrətli söz sənətkarı Murakaminin həyat və yaradıcılıq örnəyi postmodern ədəbi yolunun uğurlu və ya uğursuz zəvvarlarının hamısı üçün açıq-aşkar bir dərs verir: "Ay Nobel ödülü üçün sinov gedən qardaş və bacılar, xanımlar və cənablar, müxtəsəri, ay yoldaşlar!!! Nə qədər özünüzü didib-yırtsanız da, gecə-gündüz yazmaqdan hal-heydən düşsəniz də, istedadınızın hansı dərəcədə olmasının dəxli yoxdur; milli kimliyinizi, milli dəyərlərinizi aşağılamasanız, dövlətinizə, dövlətçiliyinizə dil atmasanız, gözlədiyiniz məqama çatmayacaq, leylü-nahar arzuladığınız zirvəyə qalxmayacaqsınız, hədəfə götürdüyünüz kolun dibinə yetişməyəcəksiniz! Az yamanlayın, az söyün özümüzü, az qara yaxın öz milli mənliyimizə!.. Adam kimi yazın, öz xalqımız üçün yazın. Öz yurdumuzun gözəlliklərini, öz xalqımızın özəlliklərini dünyaya yaymaq üçün yazın Allah eşqinə!..". Məncə, Gülnarın tədqiqat işinin ən tutumlu, ən önəmli elmi, lap elə praktik əhəmiyyəti indicə sadaladığım bu didaktik, patetik nəticədən, nəsihətdən ibarətdir!
Tədqiqatın "Yaponiyada postmodernizmin yaranması, təşəkkülü və mahiyyəti" adlı ilk fəsli iki paraqrafdan ibarətdir: "Yaponiyada postmodernizmin təşəkkülü" və "II Dünya müharibəsindən sonra yapon ədəbiyyatı və postmodernizm". Burada tədqiqatçının yapon ədəbiyyatının XX əsr dövrünü mükəmməl öyrəndiyi, onu məharətlə araşdırdığı, həmin dövrün tam aydın ədəbi mənzərəsini yarada bilmək bacarığı təqdirəlayiqdir, qürurvericidir. Məqsədə nail olmaq üçün müəllif yeri gəldikcə bir çox aparıcı Yapon ədiblərinin yığcam, dərin məzmunlu bioqrafık arayışlarını verir və beləliklə, o zamankı yapon ədəbi mühiti haqqında geniş təəssürat yaradır. Yukio Mişima (1925-1970), Oka Şyouhey (1909-1988), Noma Hiroşi (1915-1999), Dazay Osamu (1909-1948), Keyci Nakazava (1939-2012), Nobel mükafatı laureatı Oe Kenzaburo (1935) və digər tanınmış söz sənətkarlarının həyat və yaradıcılıq yoluna müraciət tədqiqatın dərin və geniş məzmunlu alınmasına səbəb olmuşdur. Bu fəsildə yapon və ingilis dillərində mövcud olan tənqidi fikirlərin, araşdırmaların elmi dövriyyəyə daxil edilməsi, onlara ədəb-ərkanlı yanaşma ilə bərabər, lazımi məqamlarda həmin elmi işlərə iradlar tutulması, etirazlı münasibətlər aşkarlanması Gülnarın təkcə bu dilləri mükəmməl bildiyindən deyil, həm də onun yetkin tədqiqatçılıq səriştəsindən xəbər verir.
Tədqiqat işinin "Haruki Murakaminin postmodern dünyagörüşünü formalaşdıran amillər" adlanan ikinci fəslində yazıçının həyat və yaradıcılıq yolu zəngin faktik materiallar əsasında işıqlandırılır, onun Qərb və Şərq mədəniyyətləri sintezindən rişələnən bədii yaradıcılığının məğzi-mahiyyəti aşkarlanır, postmodern ədəbi cərəyanından bədii ədəbiyyatda istifadənin ən doğru-düzgün yolu Haruki Murakami yaradıcılığı örnəyində inandırıcı elmi qənaətlərlə sübuta yetirilir və ədibin müasir yapon ədəbiyyatında tutduğu uca məqam əhatəli, geniş, dərin elmi nəticələr əsasında müəyyən edilir.
Bütün bu deyilənlərin əyaniləşdirilməsi üçün Gülnar Yunusova bu fəsildə ədibin "Küləyin nəğməsini dinlə" və "Norveç meşəsi" kimi iki məşhur romanını və "Haruki Murakaminin postmodern romanlarında struktur, təhkiyə və təsvir xüsusiyyətləri" adlanan üçüncü fəsildə isə "Qoyun ətrafında macəra", "Mexaniki quşun xronikası", "Qaranlıqdan sonra" romanlarını geniş təhlilə cəlb etməklə məqsədinə tam nail ola bilib. Bu romanların diqqətlə elmi araşdırma süzgəcindən keçirilməsi ona "xüsusidən ümumiyə doğru" tədqiqat üslubuna söykənib, Haruki Murakami yaradıcılığı barədə bir sıra ümumiləşdiriçi nəticələrə gəlmək imkanı verib. Fikrimi bir örnəklə tamamlamaq istərdim: "Haruki Murakami insanın makrokosmos ilə mikrokosmos arasındakı mövcud olan dialektik münasibətlərini və əlaqələrini təcəssüm etdirmişdir" (səh. 88).
Monoqrafik tədqiqatın "Nəticə" hissəsi əhatəli və dolğunluğu ilə diqqət çəkir. Əsərdə əldə edilən əsas elmi qənaət və irəli sürülən mülahizələr burada tamamən öz əksini tapmış, yığcam şəkildə məntiqi ardıcıllıqla göstərilmişdir.
Çox doğru olaraq tədqiqat işində əsərlərin adları, örnək gətirilən nümunələr əvvəlcə yapon dilində yazılıb, sonra azərbaycanca tərcüməsi verilib. Monoqrafiyanın dili rəvan, anlaşıqlı, yazı üslubu aydın, qrammatik qaydalara tam uyğundur. Bütün bunlar tədqiqatçının özünəxas yazı üslubunun formalaşdığına, püxtə qələm sahibi olduğuna dəlalət edir.
Araşdırmanın quruluş baxımından mükəmməlliyini də xüsusi qeyd etmək vacibdir. Yuxarıda qeyd olunduğu kimi, bu tədqiqat işi yığcam "Giriş"dən, hərəsi bir neçə paraqrafdan ibarət olan üç fəsildən, geniş "Nəticə"dən və "İstifadə edilmiş ədəbiyyat" siyahısından hasilə gəlmişdir. Fəsillər və paraqraflar arasında məntiqi bağlılıq, müvazi keçidlər, səlis ardıcıllıq prinsipləri lazımınca gözlənilmişdir. Materialın fəsillərdəki həcmində də qənaətbəxş tarazlıq mövcuddur.
Bütün bu deyilənlər gənc tədqiqatçının yaxın gələcəkdə kamil bir alim kimi yetişəcəyinə zəmanət verir. Onun doğma dilimizi, yapon, ingilis dillərini mükəmməl bilməsi, rus dilinə bələdliyi elmimizə dəyərli bir yaponşünasın gəlişi müjdəsinin bariz təzahürüdür.
Bu dəyərli tədqiqatın həm ədəbiyyatşünaslığımız, həm də geniş oxucular üçün faydalı olacağına inanır, müəllifə uğurlar diləyir, bu əsərin tezliklə doğma dilimizdə, yapon, ingilis və rus dillərində sanballı kitab kimi nəşr olunmasını və geniş yayılmasını arzu edərdim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!