Ülvi BABASOY
Cinsi fərqlər ictimai fərqliliklərə rəvac verməlidirmi? Xeyr! Xətalı və qəti fikir kimi səslənə bilər. Təbii ki, fərqlər mövcuddur. Lakin fərqlər bacarıq və enerji səviyyəsində təzahür edir. Çünki insan bədəninin cismanilik problemi ilə cinsiyyətin icraediciliyi arasında əlaqə yaratmaq klassik və antifeminist yanaşmadır. Tarixən bütün semiotik sferalarda cinsiyyət kateqoriyası aparıcı rol oynamışdır. Halbuki "qadın" və ya "kişi" kimi davranmaq (məsələyə mentallıq, qadının rolunun sıxışdırılması, fərqlər və ayrıseçkiliklərin kök salması aspektindən baxanda) fikri diskursiv praktikada məqbul hesab edilmir. Axı antropologiya və feminist yanaşmalarda diskursiv məhdudiyyətlərə yer yoxdur. Cinsiyyət fəlsəfi, dini, ictimai və ədəbi diskurslarda normativdir. Necə deyərlər, "ideal tənzimləyicidir". Yenə də cinsiyyət normativ dəyər və anlayışların xaricinə çıxma iqtidarındadır. Çünki bədən cinsiyyət kontekstində tənzimləyici praktikanın tərkib hissəsidir. İnsan bədəni nizamlayıcı bir gücə sahibdir. Və yaxud orqanik, natural bir güc və enerji bədəni tənzimləyir. Belə bir bədən çoxalma, istehsal etmə (hətta istehlak etmə), məhdudlaşdırma, dövriyyəyə buraxma və fərqlənmə potensialı ilə alışıb yanır. Çünki bu, bədənin hökmranlıq prosedurudur.
Cinsiyyətin cismaniləşdirilməsi bir qədər məcburi xarakter daşıyan tənzimləyici idealdır. Bu cismaniləşdirmə harmonik (bəzən də disharmonik) xarakter daşıyır. Bəs harmoniya disharmoniyaya nə vaxt çevrilir? İctimai cinsiyyət bərabərliyi dionisist və ya afroditaist arxetiplər kontekstində pozulduqda. Bu fikirlər qətiyyən teorem və nəzəriyyə deyildir. Gündəlik praktikada da müşahidə olunur. Sənətdə isə ən incə detallarına qədər işlənir. Misal üçün, İyen Makevan "Qara itlər" romanında şəxsi, fərdi dəyişikliklərlə ictimai, mədəni təkamülü qadın-kişi harmoniyası və disharmoniyasında göstərir. Romanın qəhrəmanı Ceremi 8 yaşında olarkən ata və anası vəfat edir. Ata və ana həsrəti çəkən Ceremi yaşıdları ilə ünsiyyətə girə bilmir. Tez böyüyür. Və yoldaşlarının valideynləri ilə ünsiyyətdə olmağa can atır. Yetkinlik yaşlarında da bu proses davam edir. Evləndikdən sonra isə həyat yoldaşının ata və anası olan Bernard və Cunla yaxın, məhrəm ünsiyyət qurur. Hətta roman Cereminin "Qara itlər" adı verdiyi memuardır. Bernard və Cunun eşq kitabı. Bəs nə baş verir ki, aralarına ictimai, mədəni partlayışın simvolu olan qara itlər girir? Bu suala cavab vermək olduqca çətindir. Fransanın ucqar kəndlərindən İngiltərəyə, oradan da meqapolislərin ürəyi Londona gedib çıxan eşqin fizikaya keçidi, cismaniləşməsi və vizuallaşması modern olduğu qədər klassikdir. Hətta qədim miflərə, arxetiplərə gedib çıxır...
İyen Makevan Frank Konroy ("Dayanma vaxtı"), Kormak Makkarti ("Qan meridianı"), Pol Oster ("Ay sarayı"), Orxan Pamuk ("Qırmızı saçlı qadın") kimi yazıçılardan fərqlənir. Hətta Lars von Trierin ("Antixrist") və Yorqos Lantimosun ("Müqəddəs maralın ölümü") filmlərindəki sənət konsepsiyasına da doğma deyil. Anselm Kifer, Qeorq Baseliç, Enzo Kukkinin əsərlərindəki antikonseptual, antimodernist və antiavanqardist xam və ibtidai enerjinin çılpaqlığına da yaddır. Lakin Baseliçin "Göz yaşları axıdan adam" tablosu keçmişlə indi arasında başlayaraq əlaqə yaratdığı və süni simvollardan qaçdığı üçün "Qara itlər"ə bir qədər yaxın estetik məkan və enerjiyə sahibdir. Ancaq ortaq cəhətlər də az deyil. Makevan bu sənət adamları kimi mədəni dəyişikliklər, klassiklə modern arasındakı əlaqə, təsdiq-inkar paradoksu, miflərin müasir həyatın içindəki yeri haqqında kodlarla, şifrələrlə, süni simvollarla çox işləmir. Bir sözlə, İyen Makevan "yumşaq şəhər"də (Soft City) yaşamaq mədəniyyətini daha natural, təbii təsvir edir, vizuallaşdırır. "Qara itlər" romanı seksist yanaşmanın simvolik məhdudiyyətini əks etdirir. Makevan cinsiyyətin adi, sadə bir anatomiya problemi olduğunu vurğulamır. Sadəcə, cinsi ayrıseçkiliyin rahat nəfəs almaq və yaşamaq üçün təhlükə olduğunu sənətin dili ilə göstərir. Qadınlıq və kişilikdəki həm fərdi, həm də vahid estetik enerjini eşqin məsumiyyəti fonunda hərəkətə gətirir.
Roman simvolik terminlər və hegemon normativlərin zirvəsində bir dəyər ifadə edir. Postnormal zamanlar dövründə bir yazıçının həyatın içinə bu qədər dərindən enməsi və insanın mənəvi, psixoloji vəziyyəti ilə fiziki təbiətini vəhdətdə verməsi sənətin yeni alqoritmik üsullarla (konseptual və ya antikonseptual) özünə uyğun forma və məzmun tapdığının göstəricisidir. Elə bu anda başqa bir sənətçi və sənət növü müqayisəyə rəvac verir. Marina Abramoviç və performans sənəti. Abramoviçin "Dialoq"larında sadə və qeyri-konseptual bir yanaşma mövcuddur. Bir əşya və ya insanın fiziki təbiətinin əhəmiyyəti insan-insan, insan-əşya münasibətində üzə çıxır. Marina Abramoviç həmkarı Ulayla (Uve Layzipen) birlikdə yerimək, toxunmaq, hiss etmək kontekstində hərəkət edir. Bədənin fiziki təbiəti bir səhnəyə çıxarılır sanki. Eynilə "Qara itlər" romanında Cunun bir və daha sonra iki qara it görməsi kimi. Birinci hal lokal, ikinci vəziyyət qlobal mədəni partlayışın, istehlak mexanizminə çevrilən modern insanın texno-mağara çağının sərhədlərini keçmə üsulunun obrazıdır. Necə də sinxron bir bənzərlik var bu iki ayrı sənət sahəsində.
Xəstəliklər və pandemiyalar da göstərir ki, dünya ağzına kimi dolub. Ucu-bucağı görünməyən bir tıxac var. Hər söz, məcaz və obraz sanki kirayələnib, inhisar altına alınıb. Yaxud da tükənmişlik sindromu yaşayır. Orijinal olmayan sözlər və obrazlardan ibarət bir boşluq yaranıb. Ədəbiyyat və incəsənət mədəniyyətin sonsuz mərkəzlərindən uzaqlaşan özünütəkrar şəbəkəsinə bənzəyir. Aristotel erasına geri qayıtmışıq. Əslində Aristoteldən bu yana ədəbiyyat və sənət idealdan konkret reallığa, oradan mücərrədə və mücərəddən də ehtimallara doğru dövrə vurur. Təqlid nə qədər banal olsa da, aparıcıdır. Bir şair, yazıçı, rəssam və ya rejissor artıq ehtirasları, yumoru, duyğuları, təəssüratları deyil, ensiklopedik bilik və məlumatları ifadə etməklə məğuldur və mövcuddur. Hər hansı sənət əsərinin mənası onun tarixi kontekstində deyil, gələcəyində axtarılır. Oxucu və tamaşaçının doğulması yazıçı, rəssam və rejissorun ölümü deməkdir. Lakin postnormal zamanlar dövründə estetik illüziya hələ də güclüdür. Məhz buna görə də cinsiyyətin bütöv enerjisi ilə (xüsusilə də, qadına duyulan eşq və ehtiramla) sənətin, estetik dava və reallıqların enerji parçalanması uzlaşır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!