Ədəbi fraqmentlər: O, şairdir - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

"Şairin əsərlərini oxuyub yaşamaq - həmin əsərlərin bütün zənginliyini, məzmununun bütün dərinliyini  öz daxili aləminə keçirmək, öz qəlbində duymaq deməkdir. Gərək müəyyən bir müddət şairin təsiri altına düşəsən, onun gözləri ilə həyata baxasan, onun qulağı ilə eşidəsən, onun dili ilə danışasan, belə olmasa - şairi anlaya bilməzsən". Dahi rus tənqidçisi V.Q.Belinskinin bu fikri şair-oxucu qarşılıqlı münasibətini və sevgisini ifadə etmək üçün ən dəqiq bir kriteridir. Hər şair öz şeirlərində yaşayır, onun özü üçün qurduğu aləm təkcə özünə aid olmur. O şeirlər kimlərinsə ürəyinə yol tapmalıdır. Əlbəttə, şair-oxucu münasibəti və sevgisi hər zaman baş vermir, necə deyərlər, hər şair hər oxucu ilə yalnız o zaman dil tapa bilir ki, oxucu onu düşündürən suallara o şairin şeirlərində cavab tapa bilir. Bir də axı, şeir ürəklə ağlın vəhdətini əks etdirirsə, kimsə ürəyinin, kimsə də ağlının təşviqiylə hərəkət edir, çünki oxucular arasında yalnız hisslər üzərində qurulan şeirlərə meyil edənlər daha çoxdur, amma yalnız rasional düşüncəyə istinad edən şeirlər də çox yazılır. Böyük şairimiz Məmməd Araz yazırdı: "Şeir fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər". 

Mətləbdən uzaqlaşmayım, çünki söz sözü çəkir. Çox da təfərrüata varmadan mən bir şairin - Elnur Uğur Abdiyevin son illərdə yazdığı şeirlərindən söz açmaq istəyirəm. Bu şairi çoxdan tanıyıram, demək olar ki, mətbuatda çıxan əksər şeirlərini izləmişəm. Neçə il öncə çapdan çıxan şeir kitablarını da vərəqləmişəm, o şeir kitablarında Elnurun poetik axtarışları hiss olunurdu. Yalnız hiss olunurdu. Elə şeirləri vardı ki, cismi yerində, amma canı yox idi. Amma şairlik həm də məsuliyyət - sözə ehya vermək, təzə fikir söyləmək tələb edir və Elnur Uğur bu məsuliyyəti dərk elədi.

 

Daş altından qalxan otun

Ümidi var yaşamağa.

Hər sobanın odun-odun

Ümidi var yaşamağa.

 

Yer döşəmə, səma tavan,

Tən ortada boşluq hava.

Quş qura bilirsə yuva,

Ümidi var yaşamağa.

 

Ən böyük ağrı sevməkdi,

Ayrılığı ilk kim əkdi?

Bilsən ölmək dirilməkdi,

Ümidin var yaşamağa.

Yaşamağın - var olmağın mənası haqqında yüzlərlə şeir yazılıb və bundan sonra da yazılacaq. Amma Elnurun bu şeiri fikrin poetik ifadəsi baxımından maraq doğurur. Elnurun digər şeirlərində də belə düşündürücü məqamlara tez-tez rast gəlirik. Sırf düşüncədən doğan, amma ifadə etmək istədiyi fikri şeirin bədii təsvir ahənginə uyğunlaşdıran şeirlərdir bunlar. Elə bil, Elnur onu narahat edən fikirləri oxucunun öhdəsinə buraxır. O, həyatın, gerçəkliyin müxtəlif anımlarına, olaylarına müraciət edir.

 

Hər gün səhəri gülərək açmaq,

vaxtın intiharıdır.

Ölümü öldürmək yaşamaqdır.

Ölümü öldürməyə nə top mərmisinin,

Nə qumbara qəlpəsinin gücü çatar.

Ölümü öldürməyə bir göz qırpımı sevgi,

bir ümid elçiliyi edər.

Hər gün gecələr səni

yadına salırsa xatirələr,

Yaşamağa dəyər!!!

 

Bu şeir təkcə fikir söyləmək xatirinə yazılmayıb, həm də fikrin ifadə tərzinə görə də seçilir. Elə şeirdə "Ayrılığı ilk kim əkdi" misrası.. "Ayrılığı saldın" ifadəsini həmişə eşitmişik, amma onu əkməyi ifadəsi yenidir. Şeirdə "vaxtın intiharı", "sənin nəzərlərində böyümək, ...maraqlı deyimlərdir. Və əgər Elnurun hər şeirində bir və ya bir neçə belə deyimlərə rast gəliriksə, çox gözəl!

Elnurun şeirlərini bir neçə bölgüyə ayırmaq olar. Birinci bölgüdə şərti olaraq müstəqil fikirlərlə aşılanan şeirlərdir ki, bu şeirlər Elnur Uğurun müəyyən bir  anlayış haqqında düşündüklərini ifadə edir. Məsələn, o, insan sevincini "göz yaşlarında boğulmaq", "anadan təzə doğulmaq" "sevinəndə adam o qədər təmiz olur ki, qanadı olsa, mələk deyərdim sevinənlərə" kimi ifadə edir. "Bir gecənin şeiri"ndə sənsizlik anlayışı lirik qəhrəmanın Ayla, ulduzlarla, Günəşlə paralel olaraq təqdim edilir. Yəni demək istəyir ki, sənsizlik, əslində, bundan doğan tənhalıq kainatı da darıxdırır. Müstəqil fikirlərlə aşılanan şeirlərində predmetləri mənalandırmaq, onları təşbih və metafora ilə nümayiş etdirmək diqqəti xüsusilə cəlb edir və əlbəttə, şairin şairliyi elə bundadır. Və bir də  Elnur assosiativ şeirə də meyil edir. Məsələn, "Sevdim" şeirini misal göstərə bilərəm.

 

Şimal qütbü kimi soyuq biriydim,

Doğdun Günəş kimi, isitdin məni.

Əridim su oldum, qar dənəsiydim,

Dağ boyda dərələr eşitdi məni.

 

Səni necə sevdim, necə, bilmədim?

Həqiqət cavabsız bu sualdadır.

O qardan əriyib su olanadək,

Olanım, qalanım hələ əldədir.

 

Gör hardan haracan gətirdin məni?

Qar idim, doğradın damarlarımı.

Su kimi axıram, baxırsan sudur,

Su qarın qanıdır, eh, qarın qanı.

Assosiativ təfəkkür obrazlı təfəkkürün davamıdır və burada daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr diqqəti cəlb edir. Mərhum şair-tədqiqatçı Arif Abdullazadə yazırdı: "Burada bənzəyənlə bənzədilən arasındakı "məsafə" daha uzun olur, məna dərinliyi daha lakonik ifadə tərzinə əsaslanır, ümumi məzmun, konkret hiss və fikir çox zaman yada salmaq və düşündürmək ёlu ilə yaranır". "Sevdim" şeirində də Şimal qütbü və soyuqluq sevgililərə təşbih edilir və buna əks mənzərə Günəş və isitmək metaforası yaranır. Günəş və istilik isə təbii ki, qarı və suyu əridəcək. Sevən adamın  halı qar və su ilə təşbihlənir. Amma burada suyun qarın qanına təşbih edilməsi "bənzəyənlə bənzədilən arasındakı "məsafənin" daha uzun olmasıyla şərtlənir. Su qarın qanı ola bilərmi? Burada assosiativ təfəkkür "ola bilər" sualına cavab verir. Və sonda  "Böyük sevgilərin qandır sübutu".

Elnur Uğurun "Azərbaycan" jurnalının bir sayında da bir neçə şeiri ilə tanış oldum. "Şəhid qəbri" və "Abidə" şeirlərində o, bu mövzuda yazılan şeirlərdən fərqlənməyə can atır və hər iki şeirdə təzə söz deməyə çalışır.

 

Harda şəhid qəbri varsa,

Vətən oradan başlanır.

Vətən hər sərhəddə bitir

Şəhid qəbrində canlanır.

 

Baxırsan torpaq məzara,

Altı diri, üstü diri.

Bu məzar sabaha qapı,

Bu məzar xalqın and yeri.

 

Yaxud:

 

Xocalı - Şəhid şəhər,

Qar üstə bir gəlinin qırmızı yaylığı,

Vətən namusunun  həyası idi qızarırdı.

Səndən keçənlər

Özündən keçə bilməyənlərdi.

Səndə güllələyənlər

Əslində, ölümü güllələyənlərdi.

 

Elnur Uğur bir şair kimi artıq özünü təsdiq etmək mərhələsindədir və deyim ki, bu proses başa çatır. Təbii ki, onun şeirləri arasında müəyyən "xıltlar" da nəzərə çarpır. Xüsusilə, müəyyən bir fikrin mübahisəli məqamlarında qətiyyən onunla razılaşmırsan.  Məsələn, "Sevmək" şeirində yazır: "Ən gözəl intihar, yaşamaqdır" - burada intiharla yaşamaq arasında heç bir uyarlıq (birinin o birini təsdiq etməsi) yoxdur. Yaxud: həmin şeirdə  "Sevginin bir adı da kiçilməkdir elə" - mənfi bir anlayışı sevgi ilə tən tutmaq olarmı?  Guya "insanlar  kiçildiyində  böyüyürlər". Bir də axı, Füzuli babamız "kiçilməkdən" yox, "yox olmaqdan" söz açırdı ("Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb varım məgər  kim, etibar etməz mana". Fikrimcə, onun "Eşq" adlı iki şeirində də bəzi fikri sona vardırmamaq natamamlığı hiss edilir. "Şeir gecəm"də fikir aydındır, amma sonda pıçıltını "yaradanın söz görkəmi" kimi mənalandırmaq məntiqə uyğun deyil...

Mən Elnur Uğur Abdiyevin  bütün şeirlərindən söz aça bilmədim. Amma onun bir çox şeirini oxumaq kifayətdir ki, haqqında "o, şairdir" ifadəsini işlədəsən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!