Adilə NƏZƏROVA
Hər hansı bir əsər haqqında rəy yazmaq yazarın əsərini müdafiə etmək, yazdığının mütləq mənada doğru olduğuna oxucunu inandırmaq məqsədi deyil, yazarın yazdıqlarına müəyyən aydınlıq gətirmək üçündür. Məqsədsiz söz olmadığı kimi, məqsədsiz yazı da yoxdur. O halda əsas fikir məqalənin yazılma səbəbidir və müəllifi yazmağa sövq edən məqsəddir. Bədii əsərdə belə zərurət özünü daha qabarıq göstərir.
Yazıçı Əlabbasın "Şəbi-hicran" kitabında yer alan "İkinci oğul" povestində əsas qayə doğru yolu, həqiqəti, dürüstlüyü tapmaq istəyidir. Bu istəyin fonunda da bir insanın səbrinin həcmi, ölçüsü müəyyənləşir. Əsərin qəhrəmanı Məzlum cavanlığında bədxah dostlara qoşulub əylənməyə gedir və şanssızlıq onu yataqda yaxalayır. İtirilmiş saflığın cazibəsində Zərif adlı əxlaqsız qadına "ilişir" və adı ilə əks olan bu qadın onun həyatını ilan kimi zəhərləyir. Zəriflə evlənmək məcburiyyətində qalan Məzlum ömür boyu bu "tikan"dan yaxa qurtarmağa çalışır, amma bacarmır. Ailə böyüdükcə Məzlumun çarəsizliyi ilə bərabər dedi-qodular da böyüyür. Zərif əvvəlki qaydada yoluna davam edir, Məzlum isə Zərifin imkanlı və vəzifəli atasının, zabitəli anasının qorxusundan ayrılmağın mümkünsüzlüyünü dərk edir. Gah rahat yaşamın, lüksün və rahatlığın ləzzətinə başı qarışır, gah hərbi xidmətdən yayınmasını təmin edən qayınatası Xankərəm müəllimə borcluluq duyğusuna, gah da Qarabağ müharibəsində itkin düşən, şəhid olan yoldaşlarını nümunə göstərib, onu müharibəyə getməkdən qoruduqlarını hər dəqiqə başına qaxan qayınanası Dinara xanımın danlaqlarına boyun əyir.
İllər keçdikcə daxili əzablar onun səbrini zorlayır. 40 yaşına çatanda o, mənəvi əzəblarla birgə üzərinə düşmən ordusu kimi gələn ictimai qınaq qarşısında tab gətirə bilmir, başını soxmağa yer axtarır və günün birində hamıdan, lap elə özündən də qaçmaq düşüncəsilə evdən gedib uçuq bir binada gizlənir.
Əsər baş qəhrəman Məzlumun dilindən, müəllifin təhkiyəsi ilə nəql edilir. Əsərdə hərəkət, demək olar ki, yoxdur və oxucu hadisələri bir kino lenti kimi səssizcə və həyəcanla "seyr edir".
Əsər ilk səhifələrdən fərqli macəralara yönəlsə də, sonda mənə Ernest Heminqueyin "Qoca və dəniz"ini xatırlatdı. Bəzi oxucular bu fikrimi tamamilə əlaqəsiz hesab edə bilərlər. Amma mənə görə, hər hansı bir bədii əsərdə hekayənin mövzusu deyil, yazarın birbaşa və ya dolayı yolla oxucuya çatdırmaq istədiyi fikir əsasdır. "Qoca və dəniz"də Santyaqo balığı ovlamaq üçün göstərdiyi səy, onun özünü sübut etmə, uğur qazanma istəyi idi. Əlabbasın "Şəbi-hicran"ında isə Məzlumun səyi itirdiyi "kişiliyini" - qeyrətini, şərəfini yenidən qazanma səyidir. Santyaqo balığı ovlayır, amma ovunu sahilə salamat gətirib çıxara bilmir. Müəllif göstərmək istəyir ki, bütün mübarizələrdə sonda tərəflərdən biri qalib olsa da, ümumi mənada hər iki tərəf itirir, mütləq mənada uğur olmur. Elə olsaydı, heç mübarizənin anlamı da olmazdı. Həyatda nəyisə qazanmaq üçün nələrisə qurban verməlisən.
Məzlum da nə itirdiyinin fərqindədir, bununla belə yenə də mübarizə aparmağa çalışır, hətta qazandıqlarını düşünmədən vermək müqabilində olsa belə. Çünki şərəf, ləyaqət elə bir dəyərdir ki, insan o dəyəri itirəndə özü dəyərsiz olur. Elə ona görə də əsərin mahiyyəti maddiyyatın və canın qorunması yox, ləyaqətin qorunmasının mübarizəsinə hədəflənib. Hekayənin əvvəli təfərrüatdır, bütün həyat, mübarizə Məzlumun qeyrət hissinin baş qaldırdığı anda qaçıb gizləndiyi uçuq-sökük "dünya"dadır. O dünyada ki, Məzlum artıq öz səhvində boğulmağa başlamışdı, anlayırdı ki, maddi olan hər şey unudulmağa məhkumdur, əsl uğur mənəviyyatın qorunması, mənliyin saxlanmasıdır.
Əsərin son cümləsi belədir: "- Mənə yazığınız gəlsin, Dinara xala, aparmayın məni burdan. Qoyun bir az da belə yaşayım...". Bu çox diqqətəlayiq məqamdır. Son cümlədəki "belə" sözü ilə müəllif demək istəyir ki, xarabalıqlarda qeyrətlə yaşamaq lüks evdə qeyrətsiz yaşamaqdan qat-qat üstündür. Məzlum ona verilən ömürdə az da olsa o üstün həyatı yaşamağı arzulayır. Amma bu, arzu olaraq qalır. Burada müəllifin gəldiyi iki qənaət var: Birincisi: həyatda elə səhvlər var ki, geridönüşü yoxdur. İkincisi: "Kölgədə bitən ağacın kölgəsi olmaz" - atalar sözu bu hekayədə bir daha öz təsdiqini tapır.
Maraqlıdır ki, Əlabbasın indiyədək oxuduğum əsərlərinin heç birində qəhrəman birmənalı olaraq qalib olmur, istəyinə nail olmur. Bəlkə də bundan sonra oxuyacaqlarımda olacaq, bilmirəm, amma bu, yazıçının, həyatın heç də hamı üçün xoşbəxt sonluqla bitmədiyini, amma mübarizənin şərt olduğunu göstərmək istəyidir.
Əlabbasın hər əsəri ayrıca dil hadisəsidir. Əsərlərində müasir həyatın çatışmazlıqlarını əsas problem olaraq ələ alan yazıçı dil məsələsində ciddiyyətlə öz ənənəsini qoruyur - dilin genetik köklərinə söykənir. Əlabbas həyata, insanlara və cəmiyyətə öz reallıq anlayışına uyğun yanaşır. Belə ki, o, müasir dünyamızın ən böyük problemi - milli-mənəvi, əxlaqi dəyərləri, yüksək insani keyfiyyətləri olan insanların azaldığı dövrdə, digər yazıçılardan fərqli olaraq tam mənada müsbət xarakterli obrazlar yaratmır, sadəcə balansı qorumağa çalışır. Oxucu bu obrazlarla təmasda olanda həqqətlə üzləşir və bu qənaətə gəlir ki, əyri zamanın içindən düz çıxmaq çətin işdir. Buna rəğmən, tarazlığı saxlamaqla ideyanı irəli apara bilmək yazıçı üçün olduqca önəmlidir.
Danışan adamın nə demək istədiyini anlamağa çalışdığımız kimi, bədii əsərin də hər səhifəsini eyni yanaşma ilə oxumalıyıq. Çünki danışanla yazan arasında məqsəd fərqi yoxdur. Əlabbas həm xarakterik obrazlar yaratmaqda ustadır, həm də təhkiyəsi fərqlidir. Yazı dili isə heç kimə bənzəmir, o, xalqının, el-obasının dili ilə danışır, onu tanıyanlar əsərlərini oxuduqca Əlabbasın səsini eşidir, intonasiyasını duyur.
"Şəbi-hicran" kitabındakı "Gəlin" hekayəsində ehtiyacın insanı yanlış yola sapındırması mövzu olaraq seçilib. Qeyrətli, tutduğunu qoparan, sayılıb-seçilən Fəzlin qara günləri avara, qumarbaz oğlu Veys adam bıçaqlayıb həbsə düşəndən sonra başlayır. Birinci arvadından ayrılan Veysi gözəl-göyçək, ağıllı bir kənd qızı ilə yenidən evləndirən kişi, oğlunun bundan sonra ağıllanacağını, yeni ailəsinə sahib çıxacağını ümid edir. Ancaq oğlu yenə naxələf çıxır, getdikcə nankor övlad onu daha çox içindən çıxa bilmədiyi dolaşığa salır. Oğlunu həbsdən qurtarmaq üçün evini satıb kirayə ev tutan ata-ana, bir müddət sonra yeni məskəndə nəmişlikdən əziyyət çəkməyə başlayırlar. Bu səbəbdən Fəzlin arvadı vəfat edəndən sonra özü də yatağa düşür. Ailə ehtiyac içində boğulduğu bir vaxtda, dərmanları almağa pul olmadığı üçün kişinin xəstəliyi irəliləyir və xəstəlik nəvələrinə də keçir. Arıqlıqdan və öskürəkdən solub-saralan uşaqlara həkim yaxşı qidalanma və müalicə təyin edir. Bundan sonra bütün nəzərlər gəlinə çevrilir. Bu məqamda müəllif bir cümlə ilə o səhnəni elə təsvir edir ki, oxucu diksinir. Təhkiyə ilə söylənən hekayə gəlinin bir anlıq fikrindən keçən bu cümlə ilə təsvir olunur: "Yox! Yox! Yox! ...gəlin qışqırır, hönkürür, dəli kimi divarları yumruqlayırdı. Artıq qəti yəqini idi: ya uşaqlarının ölümünə razı olmalı, ya da Veysin itirdiyini satmağa aparmalıydı!".
Əgər yazıçı gəlinin son qərarına mane olacaq imkanları göstərsəydi, gəlini qınamaq olardı. O, hadisələri elə nizamlayır ki, nə müəllif, nə də oxucu gəlinin getdiyi yolu yanlış yol olaraq görmür, amma ona bəraət də qazandırmır. Şərtlər nə olur-olsun, son çarə olsa belə, bu, gəlinin fövqəladə qəhrəmanlığı kimi göstərilmir. Məqalənin əvvəlində qeyd etdilən fikir - tənqidçinin məqsədi yazarın yazdıqlarına müəyyən aydıqlıq gətirmək olduğu kimi, yazarın da məqsədi oxucunu yaratdığı obrazın hərəkətinin doğruluğuna inandırmaq deyil, həyatın reallıqlarını göstərməkdir. Geri qalanı isə yenə də oxucunun fikrinə qalır və beləcə, əsər müzakirəyə açıqlıq qazanır.
Əlabbasın əsərlərinin əsasını yaşadığımız zamanın ciddi problemləri təşkil edir - cəmiyyətin quruluşu, onun təbəqələşməsi nəticəsində varlıların və yoxsulların əmələ gəlməsi, insan münasibətləri aydın və təbii əks olunur.
"Qul" hekayəsində kiçik sevgi epizodu olsa da, əsas söhbət insan həyatının mənası ətrafında gedir. Qul bazarından gətirilən üç "qul"dan biri varlı "çopur"un evindəki qadının gəncliyində sevdiyi qız olduğunu görür. Onlar üz-üzə gələndə, Gülşənin dediklərini eşitməyən Tahirin gözlərində keçmiş, qulaqlarında "niyə?" uğultusu, üzündə xəcalət oradan qaçır. Qadının köhnə pencəyinin cibinə xəlvətcə qoyduğu məktub və pul ona ağır psixoloji hallar yaşadır.
Burada zəmanə adlı hökmdarın qəzəbinə düçar olan qul özü ilə həyatın mənasızlığı haqqında danışır. Ehtiyac adlı çarəsizliyin qarşısında zamanın səxavətinə ümid də, qadına olan məhəbbət də, alicənablıq, qürur, elə həyatın özü də boş və mənasız gəlir. Tahir onu dəli edən "niyə?" sualı ilə başlayıb atacağı addımda bir fikirlə özünə haqq qazandırır: "...görəsən, avam adamlar niyə ona əsl adı ilə "görünən Allah" yox, "pul" deyirlər? Allahdan qorxduqlarına görə...".
Kitabla eyniadlı "Şəbi-hicran" hekayəsi Əli müəllimin pianosuna olan bağlılığı, dolayısı yolla musiqiyə - muğama olan sevgisi əks olunur. Hekayədə pianonun canlı insan kimi simvollaşdırılması obrazın xarakterini açmaq, səciyyəvi cəhətlərini göstərmək üçün olduqca doğru seçimdir. Canının bir parçası hesab etdiyi pianonun oğlanları tərəfindən sevilməməsi və onların pianoya diqqətsizliyi, onu başqa birinə bağışlama fikrinə düşürür. Səhər aparacaqları pianonun üzərinə yağış yağır deyə, bütün gecəni küçədə pianosunun yanında dayanır, çünki onu gerçək varlıq hesab edir. Əli müəllim obrazı ilə müəllif vəfalı və sədaqətli olmağı insanın ən yaxşı mənəvi xüsusiyyəti kimi qiymətləndirir.
Göründüyü kimi piano hekayənin ideyasına, süjet xəttinə əsaslı təsir göstərir. Piano öz ilkin mahiyyətini - utilitar funksiyasını saxlamaqla tədricən simvollaşır, yeni məzmun qazanır. O gecə yağışın yağması hadisələri daha da poetikləşdirir. Əli müəllimin öz pianosu ilə keçirdiyi son gecəni müəllif hicran gecəsi adlandırır.
"Şəbi-hicran" hekayəsindəki piano epizod miqyaslı simvoldur, Əli müəllim obrazı isə hər şeydən əvvəl müəllifin görmək istədiyi mənəvi idealdır.
Ümumiyyətlə, belə bir nəticəyə gəlmək olar ki, Əlabbasın yaradıcılığında insan və həyat mövzusuna fəlsəfi baxış əsas yer tutur. Dünyanı, həyatı anlama, reallıq, obyektivlik və subyektivlik, hiss və fikirlər, müdriklik, bədiilik baxımından da zəngin olan bu və kitabdakı digər hekayələrdə vəhdət halında birləşmiş, həyatın bədii mənzərəsində reallıq və fantaziya çuğlaşmışdır.
Həmişə fikirləşirdim ki, Əlabbas müəllim yazıçı olaraq çox səssizdir, özünü gözə soxmur, təbliğatı üçün heç nə etmir. Bunun səbəbi nədir? Kitablarını oxuduqca bu suala dəqiq cavab tapıram. Obrazlı şəkildə desək, dərin çaylar sakit axar, dayaz çayların isə səs-küyü aləmi başına götürər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!