Epoxal roman dilogiya - tale romanı... - Qurban BAYRAMOV

 

"Yaddaş mədəniyyətin əsasıdır. Memuarlar isə yaddaşın sözdə və sözlə əşyalaşmasıdır".

        L.Ginzburq

 

Professor Məmməd Əliyevi - görkəmli ədəbiyyatşünas alim, nəzəriyyəçi, ali təhsil mütəxəssisi, pedaqoq, Əməkdar müəllim, Qızıl Qələm mükafatı laureatı... Məmməd İrac oğlu Əliyevi çoxdan tanıyıram, keçən əsrin 70-ci illərindən, aspirantura təhsili illərindən... Bizi birləşdirən ədəbi prosesə oxşar, amma təkrarsız münasibətimiz, müqəddəs elm məbədi saydığımız eyni tədqiqat institutunun elmi mühiti olubdur. Onun, demək olar ki, əksər elmi məqalələrini, tədqiqatlarını, monoqrafiyalarını oxumuşam, amma bədii yaradıcılıqla məşğul olduğunu, şəxsən, öz payıma bilmirdim.

İndi onun qələmə aldığı monumental, üst-üstə 908 səhifəlik, iki hissəli roman-dilogiyası masamın üstündədir. Dilogiyanın birinci kitabı "Həsrətin o üzü", ikinci kitabı isə "Karvan köçər, ötər gedər sədası" adlanır. Hələ son 30 ildə bu həcmdə roman oxumamışdım, daha da dəqiqləşdirsək, roman özünü mənə oxutmamışdı... İlk səhifəsindən məni aldı-apardı, elə bil öz ömrümün ləpəli okeanına düşdüm... Olduqca maraqlı və oxunaqlı romandır...

"Həsrətin o üzü" romanının teksturasında oxuyuruq: "Əsərdə XX əsrin 50-60-cı illərində Azərbaycanda gedən ictimai-siyasi proseslər kontekstində bir ailənin düşdüyü böhranlı həyat tərzi bütün reallıqları ilə əks olunmuşdur. Məkrli erməni xəyanəti nəticəsində ailə başçısını itirən Ana məcburiyyət üzündən ucqar dağ kəndində yaşamalı olur, iki azyaşlı övladını böyütmək üçün hər cür əzab-əziyyətə dözərək onları layiqli vətəndaş görmək istəsə də, hər addımda müəyyən problemlərlə qarşılaşır, bütün qüvvəsini səfərbər edir... Ata həsrətlə dünyasını dəyişir, həsrətin o üzündə qoyub getdiyi iki övladı və onların anası durur. Həsrətin o üzü amansız və sərtdir... Əslində isə bu modern dastandır".

Bu teksturada romana, onun mövzusuna, əhatə etdiyi mühitə ümumu bir ayna tutulub. Maraqlı bir cəhət də budur ki, müəllif bu xatirə-epopeyanı "modern dastan" adlandıraraq, romanın janrını "dastan" fakturası təkin müəyyənləşdirir ki, romanın siqləti buna haqq verir...

"Həsrətin o üzü" iki hissədə - birinci dörd, ikinci isə üç bölmədən ibarət yeddi fəsildə yekunlaşır. "Xəyanətin üzü qara", "Dağlar qoynunda, qoynunda", "Kiçik neft şəhərində", "Bir yay gecəsi", "Hər gecənin bir gündüzü", "Ömrün şirin illəri" və "İmtahan sınaq olmadı" kimi bədii-fəlsəfi fəsillərin elə adları əsərin məzmunu haqqında təsəvvür yaradır. Bu hissədə əsərin baş qəhrəmanı Muradın kənddə - Xızıdakı Zöhrabkənddə uşaqlıq, yeniyetməlik çağlarının, kənd həyatının maraqlı mühiti ilə tanış oluruq...

Müəllif əsərini romanın əsas qəhrəmanlarından biri olan anası Züleyxa xanıma həsr edibdir və epiqraf da belədir: "Anam Züleyxa xanımın əziz xatirəsinə həsr edirəm".  Roman-dilogiyanın Anaya həsr edilməsi və Ananın bu romanın əsas obrazlarından biri olması əsəri bir az da şirinləşdirir, onun məzmununu doğmalıq haləsinə bürüyür...

Memuar-roman-dilogiyanın "Karvan köçər, ötər gedər sədası" ikinci hissəsi isə "İşsizliyə təyinat almışdı", "Müqəddəs arzum - aspiranturam", "Gecəqondu evim oldu", "Sonu dava-dalaşlı dissertasiya", "Vətəndən uzaqlarda", "Qazax çölü... Həştərxan", "Moskva - Lenin kitabxanası", "Ayrılığın sonu varmış" və s. bu qəbildən otuz iki başlıqda təqdim edilir.

Bizim yaxşı tanıdığımıza əmin olduğumuz professor Məmməd Əliyev oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki, hələ də Məmməd Əliyevi yaxşı tanımırıq). O, yeni romançı kimi ortaya çıxır və iki cildli roman-dilogiyasında 50-ci illərdən sonrakı Sovet dövrü Azərbaycanının ictimai, siyasi, sosial, mədəni-ədəbi həyatı professor, nəzəriyyəçi Məmməd Əliyevin qələmindən keçərək yeni interpretasiyada, bizə yeni forma və məzmunda təqdim edilib. Bu memuar roman-dilogiya bizim ədəbiyyatımızda bir qələm sahibinin bir ilki olmaqla yanaşı, həm də müstəqillik dövrünün müstəqil məzmunlu nəsr hadisəsidir. "Hər yeni şey unudulmuş köhnədir" deyimini bu epik romana tam rahatlıqla aid etmək olar, amma professor da, öz istedadının gücü sayəsində bu "yeni-köhnə" ilə Sizi qətiyyən yormayacaq, əksinə, qarşınızda unutduğunuz, məcburən unudulan, ata-analarımızın, özümüzün yaşadığımız geridə qalan bir zamanı canlandıraraq təsəvvürünüzün yeni qatlarını təzələyə-təzələyə açacaq...

Məmməd bu romanında Azərbaycanın epoxal bir dövrünə sanki güzgü tutur, bütün səmimi nostaljisi ilə bu gündəmin keçən əsrin müharibədən sonrakı dövründən bu günümüzə bir ədəbi-bədii körpü salır, keçmişimizin xatirələr cığırında bizi səyahətə çıxarır, içimizdə öləzimiş xatirələr közünü yenidən közərdir... Müəllifin müşahidələrinin zənginliyi, yaddaşın fenomenal parametri, həssas fikir və duyğuları ilə, deyərdim ki, heyrət doğurur... Bu roman yazıçı təxəyyülünün deyil, real həyat hadisələrinin sənədli-sübutlu, ancaq məqbul ədəbi dil və bədii üslub mədəniyyəti ilə qələmə alınmış epoxal romandır... 

Maraqlı budur ki, ilk roman təcrübəsi olsa da, Məmməd Əliyev müasir Azərbaycan nəsrində özünəməxsus yolu, üslubu ilə seçilən bir nasir kimi diqqəti cəlb edir. Adam inana bilmir ki, bu roman onun ilk qələm təcrübəsidir. Romanda təhkiyyənin səlistliyi və şirinliyi, dilinin səliqə-sahmanı, kənd koloriti, təsvir etdiyi obrazların təbii və inandırıcılığı bizdə bu qənaəti doğursa da, fakt - əlahəzrət fakt ortadadır, iki hissəli, monumental epopeya siqlətli "Həsrətin o üzü" (birinci hissə), bu romanın davamı olan "Karvan keçər, ötər gedər sədası" (ikinci hissə) romanı onun ilk romanıdır... Bu romanda dolğun xarakterlər qalareyası ilə qarşılaşırıq, hər bir xarakterin özünəməxsus, həyatı elə canlı, həyati, gerçək təsvir olunur ki, sanki, müəllif yaşadığı mühitin - kəndin adamlarının sözünən potretini cızır, sözünən onların hər birinin bədii xarakteristikasını verir, sözünən onların hər birinin psixoloji-ruhi tərcümeyi-halını yaradır...

Kənd həyatı və məişətini, orada yaşayan insanların psixologiyasını yaxşı duyan, bilən və qələmə alan bir nasir olaraq Məmməd Əliyev özündən əvvəlki ənənəni -  Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, İsa Hüseynov, İsmayıl Şıxlı,  Sabir Əhmədli, Mövlud Süleymanlı kimi nasirlərin ənənəsi üzərində tamamilə orijinal təhkiyyə, orijinal üslub və orijinal bədii format sərgiləyə bilir...

Məmməd Əliyev ədəbiyyatşünasdır, folkloristdir, nəzəriyyəçi alimdir. Nəsrin janrlarının bütün xüsusiyyətlərini yüksək universallıqla bilir, neçə-neçə elmi əsərlərin müəllifidir, elmlər doktoru, professordur. Bütün bu elmi bilik bazası, əlbəttə, onun bədii yaradıcılığına yansıyır, lakin bədiiliyə xələl gətirmir, əksinə gücləndirir. O, romanında üç əsas istiqaməti daha qabarıq göstərməyə nail olur.    

Birincisi: təsvir etdiyi obrazlar mümkün qədər real və görümlü olsun, obrazlar həyatdan gəlsin və ya həyatda olduğu kimi olsun, çünki bu əsər memuar janrındadır, təsvir olunan insanların adları, yaşam tərzi realdır, əsərə təxəyyüldən gəlmir...

İkincisi: kəndlini kəndli düşüncəsiylə danışdırsın. Hər bir təsvir inandırıcı olsun, hiss edəsən ki, bura kənddir, burda yaşayanların hər biri fərdi düşüncəyə, əhval-ruhiyyəyə malikdir. Onlar süni, qurama dillə danışmırlar.

Üçüncüsü: kəndin dövrə, zamana, gerçəyə uyğun ictimai həyatını, sosial, məişət qayğılarını bütün nüansları ilə nəzərə çarpdırsın, təsvir etsin... Çünki müəllifin özü də burada obrazdır, bu adamlarla bir yerdə, bir kənddə, bir mühitdə yaşayır və onun özünün də yaşam tərzi təsvir etdiyi mühitdən ayrılmazdır...

Öncə qeyd etdik ki, müəllifin təsvir etdiyi lövhələrin məkanı, qaynağı Xızı dağlarının qoynunda yerləşən kəndlərdir. Bu kəndlərin konkret adları, məkanları, ünvanları var, amma mərkəzdə Zöhrabkənd dayanır... Təsvirlərin hədəfləri, detalların təbiiliyi və konkretliyi, duyumlu müşahidələr, həyati hadisələrin xronikal görümlü etüdləri çoxunun hazırda xarabalıqları qalmış, keçən əsrin 50-80-ci iilərinin bu dağ kəndlərini yenidən canlandırır... 

Romanda təsvir edilən obrazlar sadə və adi, zəhmətkeş, halal, namuslu, bir-birinin qayğısına qalan, dinə-imana, qanuna inanan, inanca tapınan, bu xarakterləri ilə də müstəsna qəhrəman təsiri bağışlayan insanlardır.

Məmməd Əliyevin bu epoxal romanında təsvir olunan hadisələr, göstərilən həyat lövhələri öz həyati dramatikliyi ilə diqqəti çəkir. Bu dramatikliyi təkcə obrazların qarşılıqlı münasibətlərində və konflikt doğuran situasiyalarda deyil, həmçinin hadisələrin özünün həyati, təbii axarının mahiyyətində axtarmaq lazımdır.

Məmməd Əliyevin birdən-birə iki hissəli roman yazması, əlbəttə, ədəbi mühitdə, bəlkə də, təəccüblə qarşılanar. Amma qazandığı və yaddaşında həkk etdiyi həyat təcrübəsi, ədəbi-elmi bilik potensialı, özünün keçirdyi ömürlüyün zəngin, kolliziyalı məzmunu, masştabı onu sövq etdirdi ki, bu topladığı təcrübəni, həyat həqiqətlərini bədii həqiqətlər işığına çıxarsın, tutumlu janrda tam siqləti ilə oxucuya təqdim etsin...  Və bu iki hissəli, monumental həcmli romanı ilə o, özünü təzə romançı kimi tam təsdiqləyə bildi...

Roman yazmaq və bu romanla özünü ədəbiyyatda təsdiq etmək, ədəbi ictimaiyyətin diqqətini bu romana cəlb etmək heç də asan deyil. Lakin səriştəli yazı manerası və üslubunda bütöv bir dövrü, məmləkətin taleyi və ölüm-dirim mübarizəsi ilə bağlı bir mövzuda əhatə etməyin özü, əlbəttə ki, təqdir ediləsi ədəbi hadisədir... Bu romanların ən ümdə mənası ordadır ki, ötüb-keçmiş saydığımız, amma yaşadığımız bir dövr haqqında dolğun və canlı təsəvvür əldə edirsən...

Məmmədin bu romanlarının çox səlis, aydın, koloritli dili var, yazı üslubu, manerası özünəməxsusluğu ilə seçilir. Onun bədii təhkiyyəsində aydın nəzərə çarpan bir xətt - oxucunu inandırmaq, onu mühakimələrlə yormayıb əsl həqiqəti izah etmək, qaldırdığı məsələnin mahiyyətinə, kökünə varmaq istəyi aparıcıdır. Romanda, lap epizodik olsa da, yadda qalan obrazlar yaratmaq, onların daxili aləminə nüfuz etmək, koloritli lövhələr canlandırmaq, təsvir etdiyi hadisələri real və inandırıcı şəkildə təqdim etmək bir yazıçı kimi onun əsas prinsipinə çevrilmişdir.

O, Xızının Zöhrabkəndində yaşamışdı... Cəmi on dörd il, yeddiillik məktəbi bitirənə qədər... Amma onun romanında kənd həyatı, kənd koloriti çox təbii, lap elə olduğu kimi, sanki naturadan bədii əsərə gəlirmiş kimi təsvir olunurdu. Çünki onun içində-ruhunda o kənd havası, səmimi kəndçi psixologiyası həmişə yaşamış, onun xarakterinin saflıq və insanlıq cövhərinə çevrilmişdir... 

Romanda xarakterik bir hadisə, yığcam bir süjet daxilində həyati, real və inandırıcı obrazlarla qarşılaşırıq. Bu obrazlar müəllif təxəyyülü ilə uydurulmayıb, birbaşa həyatın özündən ədəbiyyata gələn obrazlardır. Və müəllif roman daxilində təqdim etdiyi obrazın həm zahiri, həm də daxili portretini yaratmağa müvəffəq olur.

Burada, bizim ədəbiyyatımızda təzahür edən bir xarakterik xüsusiyyəti də xatırlatmaq istərdim. Məlumdur ki, Məmməd Əliyev müasir ədəbi-elmi camiədə tanınmış ədəbiyyatşünas, nəzəriyyəçi alim, uzun illər ali məktəblərdə pedaqoq və elm-tədris təşkilatçısıdır. 43 il ali məktəbdə müəllim, baş müəllim, dosent, professor, rektor kimi olduqca səmərəli fəaliyyət göstərib, sayılıb-seçilən müəllim-pedaqoq olub, "Respublikanın Əməkdar müəllimi" fəxri adını qazanıb. Filologiya elmləri doktoru, professor, folklorşünas, şeirşünasdır.

Məlumdur ki, Azərbaycan ədəbiyyatında da paralel olaraq bədii və elmi yaradıcılıqla məşğul olmuş, "qoşa qanad" (bu ifadəni ilk dəfə Xudu Məmmədov işlədib) adlandırılan bu istiqamətin aparıcı simaları vardır. O, bu sahədə də ədəbi mühitdə "qoşa qanad" yaradıcılıq sahəsinin ləyaqətli davamçılarındandır... 

Müəllif-professor Məmməd Əliyev ədəbiyyatşünaslığın, ədəbiyyat nəzəriyyəsinin bilicilərindəndir, ədəbi qanunları kamil bilir və istiqamətləndirir, yəni bədii ədəbiyyata gəlişi təsadüfi - diletant deyil, ədəbi təfəkkürün tələbatından yaranmışdır... Onun bu  epoxal memuar- xatirə romanında deyiləndən çox, deyilməyənlər, görünəndən çox, görünməyənlər - hər şey yüksək peşəkar yazıçı səviyyəsində deyilir, görünür, xalqımızın yaşadığı zaman kəsiyinin aurası bədii boyalarla təqdim edilir...  Romanda intuitiv və intellektual oxu qatları bir-birini əvəzləyir, müəyyən məqamlarda isə çulğaşır... Yəni müəllifin təhkiyyə manerasında intuitiv xatırlamalara daxilən intellektual münasibət var, aşkar, gizli, ya da paralelləşərək "intellektual şərh" epik kompozisiyasının sxemində, bütün təhkiyyə axarında özünü göstərir. Bu, ədəbi üslub - üsul səviyyəsində romanın problematikasını yaşadığımız zəmanəyə daşıyır, ictimai həyat baxımından aktuallığını şərtləndirir, elə bil, biz müəlliflə birləşərək keçdiyimiz, yaşadığımız, yaratdığımız dövrə bacardığımız və bacaracağımız qədər bütün intellektual və psixoloji çalarlarla, alicənab bir sükut içində yenidən qiymət veririk... Başqa sözlə, romanda həm elit oxucu, həm kütləvi oxucu üçün zövqü, ruhu, düşüncəni qidalandıra bilən kifayət qədər ədəbi-estetik qida boğçaları var... Məncə, romanın ədəbiyyatımızda ədəbi hadisəyə çevrilməsinə bu stimul da təkan vermiş olur...

Bu roman-dilogiya tizfəhmlə yazılmayıb, ilhamla, səmimiyyətlə yazılmış epoxal-epik bir gücə malikdir. Və bu epoxal-epik mövzu öz formasını, epopeya-dilogiya formasını diktə etmişdir. Müəllif bu roman-epopeya-dilogiyasında təsvir etdiyi dövrün bədii-tarixi obrazını yaradıbdır...

Roman tarixi-etnoqrafik baxımdan da maraq doğurur. Burada etnoqrafizmlərlə, az qala, Azərbaycanın şimal bölgələrinin, coğrafi ərazisinin, xüsusən, Xızı, Şabran zonasının tarixi-coğrafi xəritəsi canlandırılır. Bu isə yurd yaddaşı deməkdir və fikrimcə, yurdyaddaşını qorumaq böyük vətənpərvərlik missiyasıdır...

Etnoqrafik dialektizmlərin bədii dildə işlədilməsi birbaşa olaraq yazıçı fəaliyyəti ilə bağlıdır. XX əsrin 50-60-cı illəri ədəbi dilində diqqəti cəlb edən cəhətlərdən biri etnosa məxsus olan dil elementlərinin bədii dilə gətirilməsidir. Xalq dilini dərindən bilən yazıçılar qüvvətli ifadə imkanına malik, müəyyən bir anlayışı daha dəqiq ifadə edən sözü heç vaxt nəzərdən qaçırmır, onlardan istifadə edirlər. Etnoqrafizmlər həm yazıçı təhkiyəsində, həm də personajların nitqində işlənərək milli koloritin yaradılmasına xidmət edir ki, Məmməd Əliyev əsərində bu ədəbi üsuldan da bacarıqla istifadə edə bilmişdir...

Müəllif bu memuar-roman-epopeya-dilogiyada, həm də insan-toplum münasibətlərində aparıcı dəyərlərini ehtiva edir, yaxşını, xeyiri, əxlaqiliyi, elmə-biliyə-savada təşviqi, mentallığı, mənəvi saflığı, şəffaf xisləti, səmaviliyi, səmimiyyəti, etibarı, başqa sözlə, ictimai ədalət prinsiplərini önə çəkir, işığı daha çox onların üzərinə proyeksiya edir, cəmiyyətin sosial durumunda tarazlıq axtarır, yaxşıların yaxşısını təlqin edir...

Romanda reallığın xüsusiyyətləri ilə qəhrəmanın davranışının motivasiyası paralelizm təşkil edir. Belə ki, bu əsərdə XX əsrin ikinci yarısı Azərbaycan şüurunun sosial, fəlsəfi, psixoloji və estetik paradoksları əks etdirilir...

Məmməd Əliyevin dilogiyasında epos təfəkkürünün xüsusiyyətləri romaniliklə və müasir epik düşüncə ilə sintez təşkil edir. Burada roman janrının müxtəlif tipləri - ailə, sosial-tarixi, tarixi-inqilabi, psixoloji, publisistik, fəlsəfi, mərkəzdənqaçma və s. birləşir.

Burada XX əsrin ikinci yarısında yaşayan, fəaliyyət göstərən müxtəlif sosial zümrələrə mənsub admların bir-birindən fərqli və bir-birinə oxşar tipajlar qalereyası var. Romanda adi kəndlidən tutmuş, mühəndis, müəllim, çoban, nazir, katib, siyasətçi, sürücü, neftçi, əkinçi, alim, sənətkar, təhsil, mədəniyyət işçisi və b. adamların tipik, özü də gerçək xarakterləri - obrazları ilə tanış oluruq. Odur ki, bu əsər ədəbi-ictimai, siyasi mühit haqqında reallığın ziddiyyətlərini ört-basdır etmədən, insanın halal həyatının ən mühüm, kordinal cəhətlərini əks etdirən və memuar janrında yazılmış epik roman-epopeya hesab etmək caizdir.

...Məmməd Əliyevin bu dilogiyası bir tale romanıdır; gerçəklik romanıdır, bir epoxanın əksər parametrlərdə - ictimai, siyasi, elmi, etnoqrafik, psixoloji, mənəvi-əxlaqi, təhsil-tədris, idarəetmə və s. istiqamətlərdə ədəbi-bədii üslubda real təsviridir... İnsan haqqında, insan taleləri barəsində sənədli-sübutlu, xronoloji ömürlük yollarını təsvir edən, ayıq başla, müəyyən hallarda analitik təfəkkürlə, güclü, pozitiv mövqedən qələmə alınan ədəbi xronometrdir... Burada bir ədəbi fakt yadıma düşdü, rus ədəbiyyatında məşhur bir memuar əsəri var - V.Q.Korolenkonun "Mənim müasirimin tarixi" əsəri... Məmməd Əliyevin bu dilogiyası da, əslində, onun eyni sosial-iqtisadi və siyasi-ideoloji şəraitdə yaşayan müasirlərinin tarixini - yaşam və düşüncə tərzlərini zəngin həyati faktlarla bədii mətn formatında, müxtəlif rakurslarda, təqdimidir...

Dilogiyanın lap əvvəlindən sonuna qədər əvvəli və sonu bilinməyən inanclar sistemi mövcuddur - dinə, şəriətə, ziyarət yerlərinə, mötəbər, müqəddəs dini şəxslərə dərin bir inam və ruhi-psixoloji sığınmaq var. Bu, asketizm deyil, əsrlər boyu sınaqlardan çıxan, bitib-tükənməyən xalq inamıdır, xalqın inanclar sistemidir, inanclar platformasıdır... Roman-memuar dilogiyanın kompoziyasında təsvir edilən situasiyanı istiqamətləndirən baş qəhrəman Muradın psixolojisini, ruhunu səciyyələndirən vaxtaşırı təzahür edən, çox maraqlı bir xətt kimi "inanclar platforması"na daxil olan xəyallar və yuxular üzərində qurulan əhvalatlar qəhrəmanı gündəlik həyatında rastlaşdığı nadan və şərə xidmət edən bədxah qüvvələrdən qoruyur, onun taleyinin qaranlıqdan işıqlığa çıxmasına vəsilə olur... Bu cəhətdən roman-dilogiyanı müasir metafizik nəsrin ən yaxşı nümunəsi də hesab etmək olar!!

Romanda bədii obrazlarla real şəxslər iç-içədirlər, bir yerdədirlər, eyni rolun ifaçılarıdırlar... Romanda təqdim edilən İrac Əlizadə, Züleyxa xanım, Muradın babası Fətəli kişi, nənəsi Dürrə arvad, Xızının rayon rəhbəri Əliməmməd Alışov, kolxoz sədri Ağalar, Seyid Ağa Yəhya, Seyid Nur Cahan, Seyid Mir Qurban Ağa, kənd adamlarından Mirbala kişi, qaçaq Bayram, Hüseynbala, Hüseynağa, Ağabəy, Lətif, Əsədulla, tarixi şəxsiyyətlərdən Seyid - övliya Mir Mösün Ağa, Seyid Səkinə, Şəhla adı ilə təqdim edilən (??) məşhur opera müğənnisi Şövkət Məmmədova, ədəbi və elm adamlarından Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Mirzağa Quluzadə, Məmməd Cəfər, Məmmədağa Şirəliyev, ali məktəb müəllimlərindən - İsmayıl Şıxlı, Əzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, Məmməd Səlim Tahirzadə, Kamal Qəhrəmanov, Mürsəl Həkimov, Şövqü Ağayev, Qəzənfər Kazımov və başqaları, sonrakı mərhələdə, Moskva mühitində Qəzənfər Əliyev, Cingiz Hüseynov, Abuzər Bağırov və digərləri,  nazirlər - Danil Piriyeviç Quliyev  və b. bu qəbildən tarixi şəxsiyyətlər, qohumlar, dostlar, tələbə yoldaşları, qonşular, iş adamları və b. müəllifin - Muradın həyat xronotopunda birisi az, birisi çox, birisi epizodik, ötəri, birisi bir az davamlı görünsə də, hərəsinin xarakterik portreti olduqca inandırıcı, real təqdim olunduğundan yadda qalır, oxucu rəğbəti qazanır. Bunu ona görə qətiyyətlə deyirəm ki, mən özüm də həmin dövrdə, həmin mühitdə təhsil aldığım, işlədiyim, yaşadığım üçün bu yazıçı-alim, müəllim, nazir olan şəxsiyyətləri, demək olar ki, yaxından tanımışam və müəllifin cüzi subyektivizmini (bu mütləq olmalıdır) nəzərə almasaq, hamısı həqiqətdir, təsvir edilən mühitin reallıqlarıdır... Baş verən hadisələr Muradın tərcümeyi-hal xronotopunda lokal xarakter daşısa da, təhkiyyəçi Muradın müstəqil, daxilən azad, yeni dünyagörüşə yiyələnmək axtarışında bulunan şəxsiyyət fenomenində, düşüncə və münasibətində lokallıqdan, fraqmentallıqdan çıxaraq ümumiləşir, forma-məzmun harmoniyası yaranaraq bütöv ictimai rəyə çevrilir, tərəfsiz sosial xarakter daşıyır, vahid cəmiyyət hadisəsinə dönür...

Bu roman-memuar dilogiyanın bir  cəhəti də məni məmnun etdi - keçmiş, yaşanmış həyat indi və gələcək müstəvidə təqdim edilir, xatirələr keçmiş zamanda qalmır, nostalji olmur, müasirləşir - indiləşir və gələcəyə yönəlik olur... Roman-memuar dilogiyada müəllif obyektiv meyarlardan istifadə etməklə  keçmiş məkanda baş verən hadisələr silsiləsində milli-mədəni kultun, sosial dəyişikliyin və insan ruhunu dərk etmək səylərinin mühüm bir hissəsi kimi bədii fakta çevirir...

Nitsşe deyir ki, "ölsəm, məni bu torpağa basdıracaqsınız, sonra bu torpağı mənə görə daha çox sevəcəksiniz". Torpağa qəbr - mavzoley tikəndə torpaq vətən olur!! Bədii mətn yazıçının birbaşa da olmasa, öz qənaəti, görmək istədiklərinin yeni yozumda təqdimatıdır. Bu roman isə Məmməd Əliyevin həm gördükləri, həm də görmək istədikləridir... Bu da İsa Muğannanın sözüdür: "Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!". Məmməd Əliyev romanında mistik, magik yozumlarla birgə, müəyyən bir dövr üçün Vətənin həqiqətlərini  təsvir edib...

Əgər, Məmməd Əliyevin Azərbaycan həqiqətlərini -  vətənpərvərlik, qəhrəmanlıq, cəsarət, dəyanət, yenilməzlik, ağsaqqala-ağbirçəyə, ata-anaya sayqı, dosta etibar, qadına sevgi və sədaqəti; dövrün insanlarının dünyabaxışını, ictimai-əxlaqi, dini görüşlərini, insan taleyinə humanist baxışları, başqa sözlə, azərbaycanlı statusunu əks etdirən (indiki halda dilogiyası)  kompozisiya bütövlüyünə malik bu memuar romanlar silsiləsi (müəllif düşüncəsində belə nəzərdə tutulubdur) beş kitabdan ibarət "pentalogiya" olarsa, dünya ədəbi mühitində bu janrda, bu ölçüdə Azərbaycan ünvanlı ilk ədəbi-bədii fakta çevriləcəkdir!!

Mənə elə gəlir ki, Məmmədin bu dilogiyası memuar janrının formatında yeni tipli romandır... Burada, təkcə müəllif, onun probrazı Murad statik planda, süjetin "nağılçısı" deyil, müəllif süjet boyu manevr edir, digər obrazların təəssüratlarını, fikirlərini, münasibətlərini də, onların öz dilindən təqdim edir ki, digər memuarlarda bu yaradıcılıq manevrinə rast gəlməzsiniz... Yəni rupor, yaxud mikrofon bir əldə olmur, romanın təsvir edildiyi məkanlar boyu əldən-ələ keçir, müxtəlif şəxsiyyətlərin fikir axarı bir məcrada vahid axına çevrilir... Bu poman tipində təxəyyüldən gələn paradoksal təxminlər, ehtimallar, fərziyyələr,  qurama, saxta, aldadıcı fraqmentlər yoxdur... Məqsəd nədir? Məqsəd odur ki, olanları pisli-yaxşılı, müsbətli-mənfili, düzlü-səhvli, hərtərəfli canlı və olduğu  kimi göstərmək.     

Fikrimcə, bu günə qədər mövcud olan memuarlar sırasında belə ədəbi mətndə belə təhkiyyə bizim ədəbiyyatımızda ilk dəfə baş verir. Roman-dilogiya yaşadığımız həyatımızı, romandakı personajların düşüncə dünyasında, həyata baxışında, yaşam tərzində bütün rəngarəngliyilə təqdim edə bilir, keçmiş indiki zamanda zühur edir. Buradakı məkan və zaman keçidləri bədii assosiasiyanın alt qatında hərəkətdədir... Paralelizm yaranır - hiss və duyğular daim fiziki və metafizik dünya arasında hərəkətdədir. Kim nə deyir-desin, bu dilogiya (trilogiya və s.) həm formatına, həm üslubuna, həm epizminə görə memuar janrında olan, sosial-psixoloji çalarlarla zəngin, xatirələr silsiləsini epos modelinə uyğunlaşdırıb təqdim edən yeni roman tipidir...

Məmməd Əliyevin romanlarında situativ keçidlər, ekskurslar enerjisinin axarında oxucu çox xətli, bədii-fəlsəfi-sosial yüklü elastik ədəbi dinamika ilə qarşılaşır və bu axında personajların və ədəbi qəhrəmanın başına gələn  metamorfozları maraqla izləyir...

Romanın ideya-estetik qayəsinin bir mahiyyəti də budur ki, bu qloballaşma epoxasının iflic etdiyi, başını dumanlandırdığı, yeni paradiqmalara meyil edən, insanı bir-birindən uzaqlaşdıran, doğmaları belə bir-birinə yadlaşdıraraq iflic edən bu cəmiyyətin nicatı nədədir? Müəllif birmənalı şəkildə cavab verir: Birlikdə, bir-birinə qayğıda, sevgidə, məhəbbətdə, bir qismət çörəyi bölüşmək istəyində, bir-birinin ruzi təknəsinə göz dikməməkdə... Romanda seçilən bu motivasiyalar xilas kimi düşünülüb. Müəllif sosial-ağır məişət motivini, eləcə də qloballaşan - genişlənən əxlaqi-mənəvi  problemləri çağın dərd-səri sırasından qələmə alsa da, onlara dirəniş faktı kimi insanlıq faktorunu önə çəkir. Yəni bütün həyat çətinliklərinə baxmayaraq, mənən güclü, mental dəyərlərə söykənən insan sarsılmazdır, ruhən güclüdür və o, hər cür çətinliyin öhdəsindən gələrək milli mənəviyyatı qoruyan, yeniləşən həyatı yaratmaq əzmindədir. Ultramodern təzyiqlərə məruz qalan, getdikcə "milli dəyərlər" adlı müqəddəs təlimdən uzaqlaşan cəmiyyətimizin mükəmməl milli, əxlaqi, mənəvi, dini birlik modellərinə hər zaman ehtiyacı var: "Dirilik birlikdədir!". 

Bu məqamda Azərbaycanın fikir nəhəngi, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun İmamverdi Əbilova yazdığı 20 noyabr 1974-cü il tarixli məktubundan bir kəlamı yadıma düşdü: "Mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və çox lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə, oyunbazlıq vasitəsinə çevirən cərəyanları və onların gözqamaşdırıcı "tapıntılarını", forma oyunlarını, ədəbazlığını daxilən qəbul edə bilmərəm...".

Bu kəlamı bütünlüklə elə bu roman-dilogiyanın baş qəhrəmanı Muradın taleyində mühüm rol oynamış Mirzə İbrahimovun romana, onun məna-məzmun siqlətinə aid edərdim!! Və Məmməd Əliyevin bu roman-epopeya-dilogiyası memuar janrının yaxşı nümunələrindən biri kimi ədəbiyyatımızın məhz milli-ədəbi-bədii faktına çevrilir...

 

2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!