Geniş yola çıxan incə yol - Teymur Kərimli Elnarə Akimovanın “Uzun, incə bir yolda...” kitabı haqqında yazır

Adətən 500-1000 səhifəlik kitabları görəndə gözüm qorxur, elə bilirəm, heç vaxt oxuyub bitirə bilməyəcəm... Ancaq xoşbəxtlikdən bu, bir başqa kitabdır - həcmi 494 səhifə olsa da. Çünki bunu yazan başqa bir yazardır və bunun yazıldığı da başqa, fərqli bir qələm adamıdır.

Doktorluq dissertasiyası üzərində çalışan zaman mən guya Onun elmi məsləhətçisi olmuşam; halbuki Onun əsas elmi məsləhətçisi - onu yüksək səviyyəli ağıl-kamalla, dərin intellekt və tənqidçilik istedadı ilə doya-doya səbil etmiş Tanrının özü idi...

Qədim Romada belə bir deyim vardı: docendo discimus, yəni öyrədərkən öyrənirəm. Mən də əksər şagirdlərimdən, tələbələrimdən, doktorantlarımdan öyrənmişəm onları öyrədərkən; ancaq ən çox da filologiya elmləri doktoru Elnarə Akimovadan.

Nə öyrənmişəm?

Bəlkə də bir çox öyrəndiklərimi öncələr bilirdim, sadəcə unutmuşdum və təkrar edirdim; təkrar isə, əlbəttə, biliyin anasıdır. Hələ bu söhbət qalsın. Yəqin ki, başqa bir məqaləyə.

 

Bura Turan yoludu,

Tufan, boran yoludu.

Qələmlə söz binasın

Tikib quran yoludu...

 

"Turan yolu" obrazında bir də "Azər Turan yolu" obrazı var; o obraz ki, Aşıq Veysəlin məşhur gəraylısından alınmış bircə misra bu mövzunun tən yarısını ifadə etməyə yetmişdir!

Mən də bir neçə ay bundan öncə Aşıq Veysəlin həmin obrazlı ifadəsindən ilhamlanaraq bir qoşma yazmışdım. Öncə həmin qoşmanı oxuyaq, sonra söhbətimizə davam edərik:

 

Cansıxıcı əlli sözdən, arxadaş,

Canqutaran bircə sözün yaxşıdı.

Min pisliyə gözlərini bərəltmə -

Bir yaxşını görsə gözün yaxşıdı!

 

Ömür səni gözləmir ki, dur, tələs!

Boş getməsin, qiymətlidir hər nəfəs:

Şər yolları bacardıqca qısalt, kəs,

Xeyir yollar incə, uzun yaxşıdı.

 

İnsan gərək sinəsi ac, gözü tox,

Düşmənləri qoy az olsun, dostu - çox.

Acı-şirin, isti-soyuq - fərqi yox:

Bu dünyada qalsa izin yaxşıdı.

 

Dağlar başı duman deyil, sis deyil,

Ürəyimə çökən duman his deyil...

Can yaxmağa kerosin də pis deyil,

Könül deyir: yenə benzin yaxşıdı...

 

Mərdimazar işdəkləri unut sən,

Xeyir işdən quştək qurşan qanad sən.

Öz xalqını öz əlinlə donat sən,

Yad ipəkdən kəndi bezin yaxşıdı.

 

Yüksələndə sərkərdənin gur səsi

Xalqa çatdı, oldu dərdin çarəsi.

Uca xoşdur igidlərin nərəsi,

Anam çalan layla həzin yaxşıdı.

 

Sözün varsa, üzə söylə, söz atma!

Düz söz varsa, yalannan söz düzəltmə.

Teymur, çalış, sözü çox da uzatma,

Söz olmasa çünki rezin yaxşıdı.

 

Yolun uzunluğu onun məziyyətidir, bəs incəliyi? Allah eləməsin, darlıq demək olmasın ki birdən?

 

Hərçənd qutulmaq hələ yox darlığımızdan,

Ancaq bir azadlıq doğulub varlığımızdan!

 

Bu da Şəhriyarın göstərdiyi bir yoldur - darlıqdan qurtulmaq üçün azadlıq yolunun səmtini göstərən incə-incə sözlərdir.

Hə, bizim şagirdlik və tələbəlik dövrümüzdə bir canlı klassiklər var idi, bir də canlı əfsanələr. Canlı klassiklər məlum: Süleyman Rəhimov, Süleyman Rüstəm, Əli Vəliyev, Rəsul Rza, Məmməd Rahim, Əliağa Vahid, Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı...

"Canlı əfsanə" kimi o ziyalıları görürdük ki, paytaxtdan kənarda, əyalətdə yaşasalar da, heç də paytaxtdakılardan az tanınmırdılar, sevilmirdilər, hələ bəlkə bəzi məziyyətlərinə görə onlardaan üstün idilər. Belə ziyalıların ilk sıralarında, şübhəsiz ki, Neftçalada yaşayıb-yaradan İmamverdi Əbilov dururdu.

Haqqında söhbət açdığım Azər Turan - Azər Əbilov da məhz İmamverdi Əbilovun maarif və elm ocağından qopmuş parlaq qığılcımlardan biridir. Həmin ocaqdan başlanan uzun, incə bir yol bu gün özünün zirvəsinə doğru inamla irəliləməkdədir. Həmin yolun hər qarışını, hər dayanacağını, hər dincələcəyini, kölgəliyini, daşını-kəsəyini, gülünü-çiçəyini incədən incəyə incələmək sevinci isə artıq adını çəkdiyim filologiya elmləri doktoru Elnarə Akimovanın qismətinə düşmüşdür. Bu 500 səhifəlik kitabın ilk 100 səhifəsini oxuduqdan sonra gəldiyim ekspromt qənaət-sual belə oldu: "Azər Turanın bütün varlığındakı Vətən, Millət sevgisinin sal qayalığı və Elnarə Akimova qələminin tük zərifliyi necə uyuşub bir-birinə?".

Və bu şirnikləndirici suala cavab tapmaq həvəsilə bu yazını yazmaq qərarına gəldim. Əvvəlcə yarana biləcək belə bir özünəməxsus suala cavab verim ki, "qələmin tük zərifliyi" deyərkən mən nəyi nəzərdə tutmuşam və bu cür qələm nəyə qadirdir?

Keçmiş zamanlarda Şərqdə miniatürçü rəssamlar fırçanı tükdən düzəldərdilər və hətta belə bir obrazlı ifadə də var idi ki, filan şair o qədər incə mənalar işlədir ki, sanki qələmi ilə tük yarır...

Zənnimcə, Elnarə Akimovanın qələmi də "Uzun, incə bir yolda..." kitabında məhz bu cür incə mənalarla "tük yarmağa" nail olmuşdur.

Əsas məqsəd: Azər Turanı bütün rakurslardan işıqlandırmaqla tanımaq və tanıtmaq! Və bu məqsədi, deyəsən, müəllifin özündən daha yaxşı ifadə etmək mümkün deyildir:

"Bu kitabı yazmaq ideyası hardan yarandı məndə? Qarşımda dopdolu bir ömür vardı. Azər Turan ömrü. Danışdıqca kimliyini, xatirələrini çözələdikcə keçmişini, kitablarını oxuduqca alimliyini, müşahidə etdikcə şəxsiyyətini gördüm. Ədəbiyyatın onun üçün nə qədər qutsal bir mənəvi ərazi olduğunu hiss etdim, həyatından keçən insanların hər birini yaddaşının ən təmiz qatında hifz edib əbədiyyət məkanına gömdüyünə əmin oldum. "Onların hər biri Azər Turanda yaşayır" dedim. "Bəs bunca böyük işlərə imza atan fədainin əməlləri niyə kitablaşmasın?!" kimi məni narahat edən sual önündə yazmaq qərarını verməklə cavab və rahatlıq tapdım".

Çağdaş ədəbiyyatşünaslıq elmimizin korifeyi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin bir narahatlığını həmişə dilinə gətirdiyini görmüşəm: böyük şairlərin, yazıçıların, alimlərin həyat və yaradıcılığının son onillərdə yazılmaması, əvəzində onların yaradıcılığındakı ayrı-ayrı problemlərin tədqiqata cəlb edilməsi...

Bu mənada Elnarə Akimovanın kitabını həm də həmin haqlı narahatlığa verdiyi uğurlu cavabı kimi qiymətləndirmək olar: "Azər Turanın həyat və yaradıcılığı".

"Məsləkim - tərcümeyi-halımdır!" - deyirdi Abbas Səhhət.

Azər Turanın da tərcümeyi-halını oxuduqca, eyni zamanda onun məsləkinə - Vətən, Millət, Ədəbiyyət sevdasına varırsan və bu iki şahrahı Elnarə xanımın "uzun, incə bir yola" necə sıxı-sıxı sığışdırdığına heyran olmaya bilmirsən, qarşısında hörmətlə baş əyməyə bilmirsən...

 

Bu nə işdir ki, bizi iynə kimi incəldib,

Salır iplik kimi hərdən bir uzun sevdaya?

 

Füzuli qəzəlinin orijinal obrazından çıxış etsək, Azər Turanın Elnarə Akimova qələmində təqdim edilmiş "uzun, incə yolu" həm də sevda yoludur. Bu yolu şərəflə keçmək hər aşiqə qismət olurmu və hər sevdaya düşən də aşiq ola bilirmi?

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var!

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var!

 

Bu mənada, əlbəttə, Azər Turan da "aşiqi-sadiq"dir, "haqq aşiqidir" və təbir caiz olarsa, buna müəyyən mənada (həm də mütləq müsbət mənada!) "sevgi asılılığı" da demək mümkündür. Yalnız başdan-ayağa qədər öz sevgi obyektinə məftun olan bir insan bu cür yenilməz bir sədaqət göstərə bilər və bu, sadəcə bir göstəri, bir rola girmək olmayacaq, qarşısındakını öz sevgisinə ürəkdən inandıraraq heyran edəcək dərəcədə səmimi olacaq.

Bir də, təbii ki, bu sevgi yoluxucu olacaq - əvvəlcə Azər Turandan müəllif yoluxacaq və bu kitab ərsəyə gələcək, onun ardınca isə bu kitabdan oxucular yoluxacaq, belə-belə "azlar" çoxalacaq, bütün dünyanı ülvi bir sevgi qoynuna alaraq saracaq...

Arzuya bax, sevgilim...

Əlbəttə ki, belə olmayacaq, ancaq hər halda zülm alovlarında yanan dünyaya bir damla olsa, göyərçin dimdiyindəki sərin su kimi gələcək və bu, izsiz-tozsuz yox olub getməyəcək və bir daha Elnarə xanıma istinad etməkdən özümü bir dürlü tuta bilmirəm:

"Bu kitabı mənə bir də çağdaş ədəbi mühit yazdırdı. Cavidləri, Müşfiqləri sağlığında qiymətləndirməyib ölümə tərk edən, Cəlillərin, Sabirlərin ciyərini qanla dolduran, Əli bəy Hüseynzadəni 70 il görməzdən gəlib qürbətin acı yellərinə verənlərin xələflərinin Azər Turana qarşı da acımasız davranışını, Salyeri qısqanclığını, etiraf, təqdir, dəyərləndirməyi ona çox görən münasibətini gördüksə, bu kitabın səhifələri öz-özünə yazıldı içimdə...".

Deyirəm də... Bu sevginin böyüklüyünə, səmimiliyinə yoluxmamaq mümkün deyil, əgər sənin içində insanlıqdan hələ də bir qor qalıbsa, "div xislətlilərə" (İmadəddin Nəsimi) ruhunu son neytronuna qədər təslim etməmisənsə, ədalət duyğun zəlalət duyğundan daha üstündürsə, nə səbəbdənsə kiməsə etdiyiniz xəyanətə görə azacıq da olsa xəcalət çəkə bilirsinizsə...

 

***

Deyəcəksiniz: bəs kitab?

Həəə, kitab... Kitab elə budur. Əgər mən dursaydım Elnarə Akimovanın "Uzun, incə bir yolda..." kitabını təhlil etməyə, elə onun özü boyda bir məqalə yazmalıydım. Həm də mənim üslubumu bilənlər bilir ki, sözü çox "uuuzatmaqnan" (Mirzə Ələkbər Sabir), şərbətə su qatmaqnan aram yoxdur. Nizami Gəncəvi demişkən:

 

Çox danışmaq bəlkə səbnə asandır,

"Çox oldu!" desələr, böyük nöqsandır.

 

Ona görə də kitab haqqında, onun müəllifi və təsvir və təhlil obyekti haqqında etkilənmələrimi (ərəbcə buna "təəssürat" deyərlər) dəyərli oxucularla bölüşməklə kifayətləndim.

 

Bilmirəm, harada kəsiləcəkdir

Əsrin ortasından başlanan yolum.

Bir qəfil qənbərə tuş gələcəkdir

Gündə neçə daşla daşlanan yolum...

 

Bu da mənim yolumdur və hər kəsin öz yolu var: birləşən yollar, ayrılan yollar, kəsişən yollar... Əsas odur ki, "uzun, incə yollar" yarıda qırılmasın, sahibini mənzil başına çatdıra bilsin.

"Uzun, incə yolların" birləşməsindən, qovuşmasından isə milli şahrahlar, prospektlər yaranır, Vətəni, Milləti gələcəyə aparır. Yetər ki, yol sahibləri, yolçular "yaxşılardan" (Elnarə Akimova) olsunlar. Yenə Elnarə xanıma bir istinadla sözümü bitirmək istərdim: "Əminəm ki, indi olduğu kimi, gələcəkdə də Azər Turanın ədəbi şəxsiyyətinin mahiyyətinə varıb dəyər verən qeyrətli insanlarımız öz sözünü deyəcək. Çünki dünya heç zaman, amma heç zaman yaxşılardan xali olmayıb və olmayacaq".

P.S. Yenə qayıdıram bayaqkı sözümə ki, bu kitabdan yenə də Elnarə xanımdan mühüm informasiya aldım: Azər Turanı hərtərəfli tanımaq informasiyası, çağdaşımıza bəzən unutduğumuz qədirbilənlik borcumuzu ödəməyin mexanizmini öyrənmiş oldum.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!