Şeirləri bir çox dillərə tərcümə olunmuş rusca yazan Azərbaycan şairəsi Nigar Həsənzadənin öz ana dilimizdə çıxan bu ilk kitabını necə səbirsizliklə gözlədiyini mən yaxşı bilirəm. Doğrusu, bu şeirlərin dilimizdə necə səslənəcəyi məndən ötrü də maraqlıdı.
Səs və söz
Böyük alman şairi Novalis poeziyanı təsviri sənətlə musiqi arasında "keçid mərhələsi" sayırdı. Bu baxımdan, Nigarın bir-birindən gözəl və gözlənilməz təşbehlərlə, bənzətmələrlə dolu olan misraları nə qədər rəngarəngdirsə, o qədər də həmahəngdir. Nigar şeiri yalnız yazmır, həm də deyir. Onun şeirləri yalnız oxunmur, həm də eşidilir. Nigarın öz fikrini bilmirəm, amma məncə, rus poeziyasında ona ən doğma olan şairlər Svetayeva və Axmadulinadır.
Keçən əsrdə Nigarla adaş bir gözəl şairəmiz olsa da, bu gün poeziyamız istedadlı xanımlar sarıdan heç bir korluq çəkməsə də, hansı şairənin və ya şairin onunla doğma olduğunu deməkdə, yəqin ki, çətinlik çəkərəm. Amma bu kitabdakı şeirlərin tərcüməçisi Salam Sarvanın Nigardan çox fərqli bir şair olduğunu tərəddüdsüz deyə bilərəm.
Çiməcək, çiməcək öz şəfəqində
Bir gecə qəflətdən ayılmış ürək.
Bütün sirlərimi bölüşdüm daha,
Bütün açarları itirdim, demək.
Bu sətirləri yazan Nigardan fərqli olaraq, bu sətirləri dilimizə çevirən Salam öz şeirlərində poetik sirlərini daha çox sətir altında gizlətməyi, açarını axtarıb tapmağısa oxucunun ixtiyarına buraxmağı sevir. Amma birinin sözə səxavətinə, o birinin sözə xəsisliyinə baxmayaraq hər ikisi söz sehrbazı, söz ustasıdı.
Çoxdan deyilmiş bir fikir var ki, şeir tərcüməsi həm də yarışdı.
Mən əvvəldən müəllifə uduzacağımı hiss elədiyim şeirlərin tərcüməsinə heç vaxt girişmirəm. Hətta o şeirləri həddən artıq sevsəm də. Və sonradan o şeirləri başqa şairlərin tərcüməsində oxuyanda bir daha özümün haqlı olduğumu görürəm.
Amma bu kitabda Salamın Nigarla yarışmaq iddiası yoxdu. Onun məqsədi ifadə tərzinə görə o qədər də sadə olmayan bu metaforik şeirlərdəki hər bir poetik ifadəni, fikri, mənanı mümkün qədər dəqiqliklə Azərbaycan oxucusuna çatdırmaqdır. Hətta bəzən bu həmin şeirlərin tərcümədə ritminə, ahənginə, musiqisinə xələl gətirsə də.
Amma bu xırda xətalara, cüzi itkilərə baxmayaraq, məncə, bu kitab hər iki şairin - həm müəllifin, həm də tərcüməçinin ədəbi taleyində xoş bir hadisədir. Və bu xoş hadisəyə görə onların hər ikisini təbrik etmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!