Tərsinə çevrilmiş dünya - Devid Qrossmanın "Bir at bara girir" romanı üzərinə notlar - Kənan HACI

Kənan HACI

 

Göz yaşları içində gülüş...

Devid Qrossmanın "Bir at bara girir" romanını oxuyub bitirincə ağlıma gələn ilk fikir bu oldu. Holokost soyqırımından sağ çıxmış Dov Qrinşteyn İsraildə gecə stəndapı nümayiş etdirir. Uşaqlığını, hərbi düşərgədə başına gələnləri xatırlayır. Bu benefis bir aktyorun monoloqundan daha çox iztirabın tarixçəsinə çevrilir. Qəhqəhələrlə müşayiət olunan iztirabın...

Məzhəkə üslubunda təqdim olunan bu faciəvi həyat hekayəti Dovun timsalında Holokost qurbanlarının düşdüyü uçurumun tarixçəsidir. Dov bu müdrikliyin bədəlini hələ uşaq ikən ödəyib. Müdriklik onun daxilindədir, üzünə taxdığı təlxək maskası isə onu sığortalayır. Valideynlərindən onun canında heç nə qalmayıb.

 "Həyat belə qurulub. Adamlar plan qurur, Allah onu puç edir".

Dovun həyatını bu ikicə cümlə dəqiqliyi ilə ifadə edir. "Həyatımı danışsam, roman olar". Bu sözləri çoxlarından eşitmişik. D.Qrossman bu təcrübəni sınaqdan keçirmiş yazıçıdır. O, məkanın atmosferini ustalıqla təsvir edir və oxucunun nəbzini tutmağı bacarır. Eynilə Dov da müxtəlif tryuklarla auditoriyanı idarə edir. O, iztirablarına bəzən lağ edir, özünə ironiyanın son həddinə qədər gedib çıxır. Sarkazm onun ən güclü silahıdır.

Dovun bəzən anlamsız görünən səfsəfələri onun uşaqlıqda aldığı travmalardan qaynaqlanır. Uşaqlıq xatirələri onu qarabaqara izləyir. Atası düşmənlərlə üz-üzə gəlməmək üçün onu uşaq bağçasına hər gün müxtəlif yollarla aparıb-gətirirmiş. Qeyri-stabil həyat marşrutu obrazın şüurunda sürüşkənlik yaradır. Yazıçı stəndapı roman müstəvisinə köçürür və mətndə süjeti quran sanki yazıçı deyil, Dovun özüdür. Müəllif dağınıq hekayəsini bütün zamanlara və məkanlara səpələmir. Hadisələr lokal müstəvidə cərəyan edir. Zaman və məkan özünü Dovun nəqletməsində tapır. Narrativ trayektoriyada keçmişlə bu gün qovuşur. Süjet üfüqi deyil, şaquli xətt üzrə davam edir. Dov həyatının romanını şifahi şəkildə nəql edir. Və danışdıqca olmuşların mahiyyəti dinləyicilər üçün açılır. Keçmişini öz içinə yığmış və məzəli şəkildə auditoriyaya ötürən Dov Holokost soyqırımının nişanələrini öz psixikasında daşıyır.

Bu auditoriyanın içində Dovun uşaqlığının şahidləri var. Onlardan biri Ali Məhkəmənin hakimi Avişay Lazardır. İndi yerlər dəyişik düşüb; Dov səhnədə hakim ədasıyla danışır. Əsərdə bütün detallar ustalıqla işlənib. Bu stəndapı vicdan hesabatı da adlandırmaq olar. Dovun valideynlərinə münasibəti, valideynlərinin ona münasibəti, ata ilə ananın ər-arvad ölçüsünə sığmayan davranışları oxucuya qəribə təsir bağışlayır. Dov bu qəribəliklərin övladıdır.

Əsər gücünü ironiyadan alır, keçmişlə bu gün arasında var-gəl edən yazıçı retrospektivlə perspektivi üz-üzə gətirir. Qəhqəhə doğuran lətifələr tamaşaçının başına bomba kimi yağır. Dov sanki eqosunun üzərindən yük maşını kimi keçir, onu yerlə bir edir. Adamlar gülür, qəşş edir. Gülüş həm də özünümüdafiədir. Sərt gerçəklərin komediya variantı bu adamları çaşdırıb, onlar öz içlərindəki sarsıntını büruzə verməmək üçün gülürlər. Dov onların acizliyindən ləzzət alır; toplumun deqradasiyasında bu adamların hər birinin payı var.

Zehnin və müəzzəm hafizənin şəkillənməsi Dovu sanki yenidən yaradır. Həyat onu zibil topası kimi həbs düşərgəsinə atır, o öz küllərindən doğulur. İndi öz həyatının limanındadır və məşəqqətli ömrün vacib epizodlarını təxəyyülünün gücüylə yenidən canlandırır. Bu obraz mənə Pol Osterin "Yüksəklik qorxusu" romanının balaca qəhrəmanı Uayltı xatırladır. Küçələrdə dilənən yetim bir uşaq təsadüfən bir ustayla tanış olur və usta onu dayısından pulla alır. Usta ona boşluqda dayanmağı öyrədir, ətraf boşluqlarla doludur, sən havada qalmağı bacarmalısan. Bu, İsa Məsihin suda yeriməsi kimi möcüzəvi haldır. Həyatda qalmaq üçün bu boşluqlardan adlamalısan. Bu mistik üsul onun həyatda qalması üçün yeganə yoldur. Talesiz bir uşaq fiziki və mənəvi ağrılardan keçib bu qabiliyyətə yiyələnir. Dovla Uayltı tale qohumluğu birləşdirir.

Dov, İmre Kertezin təbirincə desək, soyqırım təlxəyidir. "Talesiz" romanının qəhrəmanını xatırlayın. İnsanlar ölümə elə gedirlər ki, sanki bir qapıdan daxil olub daha maraqlı bir dünyaya adlayırlar. Yazıçı cümlələri sıxıb bütün duyğuları sözlərin canından çıxarır. Sözlər sanki paslı mismar kimi cırıltı ilə mətnin içindən qopur və mətndə o sözlərin yeri mismar yerləri kimi qaralır. İmre Kertezin qəhrəmanı da əsir düşərgəsindən sağ çıxmış xoşbəxtlərdəndir. Əsir düşərgəsi, qaz kameraları və xoşbəxtlik. Bir-birindən o qədər uzaq anlayışlardır ki, bu sözlərin bir-birinin yanında dayanması belə əcaib görünür. Kertezin yazıçı məntiqi bu ziddiyyəti bir-birilə barışdırır. Müəllif bədii mətnin təməl qanununa riayət edir: heç nəyi izah etmir, sadəcə, göstərir.

Devid Qrossman da "göstərən" yazıçılardandır. Dovun infantil libidosu biədəb lətifələr formasında özünü büruzə verir. Sevgi onun gənc ömründə didərgin həyatı yaşayıb, ürəyində yurd salmağa macal tapmayıb. O,  valideynlərini belə anlamaqda çətinlik çəkir. Onlar haqqında danışarkən sanki qatı dumana düşmüş bir yolçuya çevrilir, çaşqın vəziyyətdə döyüküb qalır və özünü xilas etmək üçün epataj və lətifələrlə baş qatır. Bu məqamlarda onu yol hərəkəti qaydalarını bilməyən xam sürücüyə də bənzətmək olar. Amma hazırlıqlı oxucu onun bu qaydaları bilərəkdən pozduğunun fərqinə varır. Dov içində olduğu zamanı tərsinə çevirib göstərir. Necə ki, uşaqlıqda evdə əlləri üstündə gəzirdi. Danışdıqları tərsinə çevrilmiş dünyanın görüntüləridir. Bununla da o, öz yaşam şaqulunu yaradır. Axı yaşamaq üçün ona bir istinad nöqtəsi lazımdır. Dov yaşamın inersiyasını kökündən laxladır. Bu məqamda o, öz həyatının restavratorudur.

Buker mükafatına layiq görülmüş "Bir at bara girir" əsəri bütün parametrləriylə yeni roman estetikasında yazılmış bir romandır. Səhnədə andeqraund və üst level toqquşur, həyat parçalara bölünür. Mövcud olmaq üçün isə bütöv olmaq lazımdır.

Auditoriya tərsinə çevrilmiş dünyada özünü itirmək təhlükəsiylə üz-üzə qalır. Çoxu zalı tərk edir.

Netanya heç vaxt belə bir hadisənin şahidi olmamışdı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!