Polisemiya qurbanı şairlər - Rüstəm Kamal - Rüstəm KAMAL

Polisemiya - bu və ya digər sözdə bir-birilə daxilən əlaqəli olan bir neçə mənanın mövcudluğu, çoxmənalılıq ("Dilçilik ensiklopediyası"ndan)

Rüstəm KAMAL

"İkimənalı əsər" sözünü, deyilənlərə görə, İ.Stalin A.Platonovun "Şəkkak Makar" hekayəsi ilə bağlı işlətmişdi. Tənqidçi İ.Averbaxın da qənaəti belə olmuşdu: "Onda ikimənalılıq var. Lakin dövrümüz ikimənalılığı qəbul etmir".

"Qırmızı qaranlıqlar" (Ə.Hüseynzadə) səltənətində sözün bir mənası ola bilərdi. Stalin rejimi üçün ikimənalılıq qəbuledilməz idi. "Qlavlit"in və onun yerlərdəki şöbələrinin əsas işi və funksiyası ikimənalılıqla mübarizə təşkil edirdi. Qlavlit ölkədə NKVD qədər nüfuzlu, təhlükəli və qorxulu struktur hesab olunurdu. Onun qılıncının dalı da qabağı da kəsirdi.

Bir əsərdə sözün və ya simvolun mənası bir balaca şübhə doğuran kimi, senzuranın qara əlləri nəşri dayandırar, əsəri, kitabı istehsalat prosesindən çıxardardı. Ə.Haqverdiyev Əziz Şərifə məktubunda yazırdı: "Azərnəşr" mənim yazılarımı çap edir, amma… "Pəri Cadu"nu buraxmaq istəmir, səbəbi - mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər. "Birinci birmənadır: bir yerdə ki, mövhumat ilə simvolikaya təfavüt qoymurlar, orada danışmaq da fayda verməz; belə bisavad naşirlərdən ancaq bunu gözləmək olar" (7 may, 1927).

30-cu illərdə senzura repressiv metodlarla bədii dili, poetik obrazlı düşüncəni ciddi surətdə nəzarətə götürür. Yazıçı xalqın deyil, senzuranın sözünü eşidirdi, çünki Azad sözdən, müstəqil sözdən rejimi ehtiyatlanırdı, firqələrin, qrupların eyni bir sözü və ya rəmzi fərqli mənalarda qəbul etməsindən qorxurdu.

Bütün ölkədə olduğu kimi, Azərbaycanda da, M.C.Bağırov hakimiyyəti bütün sferalarda simvolların yozumuna nəzarəti gücləndirmişdi. Bu işdə marksist tənqidçilər və ədəbiyyatşünaslar da, sosrealizm mərəzinə tutulmuş qrafoman şairlər də səfərbər olmuşdular.

Polisemiyaya qarşı mübarizədə bütün vasitələr və metodlar işə yarayırdı. Yazıçılara, şairlərə mətbuat səhifələrində, plenumlarda kütləvi hücumlar, "xalq düşməni", "əksinqilabi ünsür", "millətçi" adları ilə  qarayaxmalar təşkil olunurdu.

Bolşeviklərin "vahid linqvistik toplum" layihəsinə görə hamı bütün simvolları yalnız bir mənada yozula bilər… Amma bolşeviklər unudurdular ki, dil multi-valentlik potensialına malikdir və onu aradan götürmək, ümumiyyətlə, mümkünsüzdür. Dilin təbiətinə ziddir.  Azərbaycan poeziyasında simvolların ikimənalı yozumuna artıq 20-ci illərdən başlamışdı. "Əsərlərində türk sözü, Vətənə məhəbbət hisslərinin ifadəsi, hər hansı rəmz, simvol olan kəlmələrinə rast gəlinən yazıçılar "diqqət mərkəzində"di. Sanki pusqunda durmuşdular. Cavad birincilərdən olmuşdu". (Ə.Saləddin. "Əhməd Cavad".) Guya ki, Ə.Cavad "bugünkü həyatdan uzaqlaşdığına görə, şeiri oxuyanlar "Göy göl"də simvolizm və ya alleqoriya görmək istəyirlər" ("İnqilab və mədəniyyət", 1930, aprel)

"Göy göl" şeirində müsavat simvolikasının axtarışı 1923-cü ildə şairin bir neçə aylıq həbsilə nəticələnmişdi. Şeirdəki "Ay-ulduz", "mavi" sözləri müsavatın simvolları kimi, bolşevizmə qarşı gizli təhlükə kimi yozulurdu.
Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır ulduza, Aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göy göl.
M.Ə.Rəsulzadə bu şeirdə əksinqilabi rəmzlərin olmadığını qeyd edir: "Cavad rəmzliyinin başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir." ("Çağdaş Azərbaycan ədəbiyyatı").

Bu hadisədən təxminən 30 il sonra M.Rəfili rus dilində bu qeydləri edir: "İndi, otuz il keçmiş Əhməd Cavadın şeirinin sadə, cingiltili, kədərli misralarını yenidən oxuduqca müsavatçıların "mavi" bayrağı haqqında yürüdülən sərsəm ittihamı rədd etmək lazım gəlir. Əvvəla, müsavatçıların bayrağı yalnız mavi deyil, üçrəngli idi. İkinci bir tərəfdən, bu şeirdə şovinizm, əksinqilabi ideologiya yoxdur… Lirik şeiri belə kobud surətdə siyasətin dilinə keçirmək, hər sözdə, təbiətin hər bir obrazında, doğma diyarın gözəlliyi haqqındakı dərin, lirik nəğmədə əksinqilabi simvolik müraciət tapmaq düz deyil". (N.Ələkbərli. "Üç budaq").

Stalin rejimi şübhələndiyi hər bir simvola, hər bir obraza və mütləq siyasi rəng verməyi sevirdi. Poetik dili iflic halına salmışdı. Azərbaycan şairinin obrazlı düşüncəsi ağır sınaqlardan, imtahanlardan keçirdi. 2-ci beşilliyin sonunda, kollektivləşmə və sənayeləşmə kampaniyasından sonra "simvol məsələsi" ilə birdəfəlik qurtaracağını qəti qərarlaşdırmışdı.

1930-cu illərin sonunda planlı iqtisadiyyatın inkişaf məntiqi senzurada da, "Qlavlit"də də məhsuldarlığı, işin səmərəliliyini artırmağı tələb edirdi. "Staxanov hərəkatına" qoşulmuş senzor da nə qədər çox ikimənalı söz və ya simvol aşkar edib ifşa etsə, planı artıqlaması ilə yerinə yetirmiş olurdu. Geniş fəaliyyət imkanları qazanmış senzorlar birbaşa istehsalat prosesinə təsir etməyə çalışırdılar. Hər yerdə, hər zaman sovet rejiminin əleyhinə olan mənaları axtarırdılar. Polisemiya ilə mübarizə o qədər güclənmişdi ki, senzorlar özlərini bu "şərəfli" işin əsl fanatı və sevdalısı kimi dərk edirdilər. Özlərini vahid linqvistik məkanın qurucuları hesab edirdilər.

Polisemiya ilə mübarizə prosesini P.Burdyenin təbiri ilə "linqvistik məkanın unifikasiyası" adlandırmaq olardı. Yəni müxtəlif linqvistik məkanların qovuşması, toplumların, qrupların "linqvistik inteqrasiyası" sözlərin, rəmzlərin bir mənada (rejimə uyğun olan) yozulmasını şərtləndirir.

Bu mübarizənin absurdluğuna bu gün adamın gülməyi gəlir. Zülfüqar Əhmədzadə (Rüfət Əhmədzadənin atası) Leninə talışca şeir həsr edir:

Lenin cəmə rəhbəre,

Bədünyo bərabəre.

Şairi "və" önşəkilçisinə görə günahlandırırlar: yəni "Lenin bizim rəhbər, o biri dünyaya bərabər?". Talış dilində "və" vurğu altında "o biri", vurğusuz "bütün" mənasını bildirir.

Əhməd Cavadın qeyri-poetik mövzuda yazılmış "Pambıq" şeirində belə, rejim əleyhinə məna tapırlar. Azərbaycan Şura Yazıçılar Təşkilatının plenumunda şairi "ittiham kürsüsünə" çıxardıb, "onun işlətdiyi təsvir və ifadə vasitələrinin mahiyyətini açmağa girişirlər" (Əli Saləddin). Stenoqrafik hesabatı oxuyursan - qərəzli replikalarla, absurd "sübutlar"la dolu tragifarsa heyrətlənirsən.

Opponentlər mənanı kontekstdən çıxarıb, Stalinin sözləri ilə uyğun gəlmədiyini sübut etməyə çalışırlar. "Pambıq". Bunun adı çox gözəldir. Ancaq o elə başa düşmüş ki, bizim həyatımız pambıq üçündür. Yoldaş Stalin demişdir ki, bizə pambıqdan, neftdən əvvəl xalqlar dostluğu lazımdır. Bilmək lazımdır ki, pambıq xalqlarımızı yaşatmaq üçündür. Əlbəttə, bu da bizim ideyamızı başqa şəkildə təhrif etməkdir".

Stalindən sitat sovet cəmiyyəti üçün həqiqət rejimi idi. Mişel Fuko deyirdi ki, hər bir toplum özü üçün həqiqətin mahiyyətini müəyyənləşdirəndə həqiqət rejiminə malik olur.

Stalin senzurası sitatlarla hücuma keçirdi. Sözün və ya simvolun polisemantik potensialı Stalin sitatı ilə zərərsizləşdirilirdi.

Küncə sıxılan şair özünə haqq qazandırmağa çalışır: "Pambıq" şeirini 31-ci ildə yazmışam. Onu o variantda yazmışam ki, bir zaman belə bir söz vardı: taxıl dağ rayonlarında əkilsin. Sonra nəzəriyyənin yanlış olduğunu partiya isbat etdi…

…Dağ rayonunda qovun-qarpız çox olur və burada göstərmişəm ki, qarpız qana bənzədi, sonra son variant İbrahimbəyliyə tapşırıldı. O, mənə dedi ki, bu yanlışdı…"

M.Rahim yenə fürsəti əldən buraxmır, "qan" sözünə ilişir: "…təbii bitkilərdən danışdıqda qarpızın rəngini demək istəyirəm. Orada "qan" kəlməsi deməliyəm ki, qətiyyən qırmızını heç bir zaman vermir…"

İstənilən mifik obraz sovet mifologiyası kontekstində saf-çürk edilirdi. M.Müşfiqin "Səməndər" adlı şeiri də "ov hədəfinə" bu cür düşür. Yazıçıların Plenumunda  S.Şamilov soruşurdu: "Müşfiq nə üçün "Səməndər" kimi əfsanəvi bir quş ilə maraqlanır? Səməndər onun fikrinə haradan gəlib? O, mürtəce-romantik "Səməndər" şeirini hanki təsir altında və neçin yazdığını plenum qarşısında söyləməlidir. Müşfiq ciddi nailiyyətlərinə baxmayaraq, hələ də özünü millətçi ideya və töküntülərindən tamamilə təmizləyə bilməmişdir". ("Ədəbiyyat qəzeti", 27 mart, 1937).

M.Rahim Müşfiqin ünvanına küfr yağdırdıqdan sonra "Səməndər" obrazında "konrrevolyusion ruhunu" mövcudluğu ilə bağlı mənasız ittiham irəli sürür: "Səməndər" əsərində revolyusion böyük rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün onun köməyi inkar olunmuşdur. Burada müsavatçıların dediyi od yurdu vardır ki, o özünü yalnız bu od yurdunun "Səməndəri" sayır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtmağa çalışmışdır". ("Ədəbiyyat qəzeti", 21 avqust 1937).

Taleyin mistik oyununa baxın: M.Rahim 1994-cü ildə Təbrizdə olarkən "Səməndər quşu" adlı bir şeir yazır və Səməndəri  azadlıq, xoşbəxtlik simvolu kimi vəsf edir. (N.Ələkbərli. "Üç budaq").

"Səməndər" şeiri indi ortada yoxdur.

Müşfiq də "qırmızı qaranlıq"da Səməndər kimi alışıb-yandı. Bəlkə də Müşfiqin ürəyimizdə yaşayan həmin şeirin külündən doğulmuş obrazıdır?

Bu yazını yazanda düşünürdüm:

Sözümüzün taleyini (və tarixini) polisemiya ilə mübarizə kontekstində yazmaq maraqlı olardı. Nəsimidən "Molla Nəsrəddin"ə, Müşfiqə, Cavada, Cavidə qədər…

İkimənalı söz-rəmz üzündən Azərbaycan şairinin dərisi soyuldu, kor qurşuna qurban oldu, Sibir buzlağında çürüdü…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!