Azərbaycan ədəbi tənqidində ifadə tərzi, fərdi və fərqli üslub baxımından bir Rüstəm Kamal fenomeni var desək doğrunu təsdiqləmiş olarıq. Rüstəm Kamal Azərbaycan ədəbi tənqidinə gəlişiylə bir çox şablonları yerindən oynatdı, fərqli yazı tərzi və üslubuyla ədəbi esselərin yeni, bənzərsiz örnəklərini yaratdı. Onun təhlil obyektinə çevirdiyi mətnlərdə elə mətləbləri, nüansları kəşf etdi ki, hətta o mətnlərin müəlliflərini belə heyrətə saldı. Bir tənqidçi kimi təhlilə aldığı mətnlərin ilk baxışda görünməyən alt qatları Rüstəmi daha çox maraqlandırır. O, təhlil etdiyi mətnlərin hardasa yaradılış anlarının ruhi enerjisinə qoşulur və bu ruhiqoşulma ona mətnin özünə - alt qatlarına enməyə imkan verir. Qəribə səslənsə də deyim ki, bənzərsiz esselərini sanki o hardasa özü yox, kənar bir gücün diktəsi ilə yazır. Bəlkə buna görə də onun qəfil gəlişi yıpranmış Azərbaycan ədəbi mühitində bomba etkisi yaratdı. Şair və ya yazıçılarda olduğu kimi, tənqidçinin də mütləq fərqli bir üslubu, ifadə tərzi, intonasiyası olmalıdır. Şeirdən, nəsirdən fərqli olaraq ədəbi tənqiddə fərqli üslubların kasadlığı ilk nəzərə çarpandı, bəlkə buna görədir ki, bu boz-bulanlıq ədəbi tənqid ortamında Rüstəmin ayrıcalıqlı yeri vardır. Şagirdlik, çıraqlıq dönəmi keçirmədən elə ilk qələm təcrübəsindən usta səviyyəsinə ulaşmaq ancaq fitri istedad sahiblərinə qismət olur.
Bir çoxları onun qeyri-adi intellekt səviyyəsini xaricdə oxuması və ya Avropa ədəbiyyatını, kültürünü mükəmməl bilməsiylə əlaqələndirir. Yox, onun Azərbaycan tənqidinə gətirdiyi yenilikləri yalnızca mükəmməl Avropa təhsili ilə əlaqələndirmək yanlış olardı. Əlbəttə, bu faktı da danmaq doğru olmazdı. Ancaq zənnimcə, gəlinən nəticəni daha çox Rüstəmin fitri istedadında və şəxsi canatımlarında axtarmaq lazımdır.
Rüstəm Kamal təhlillə cəlb etdiyi bəzi əsərlərə elə dalır ki, əsərdə olanları deyil, bəzən olmasını istədiklərini də dilə gətirir. Bunu haqqımda yazdığı məqalələrdən yola çıxaraq söyləyirəm:
"Sözünün və taleyinin içində qürbət rüzgarı dolaşandan bəri, düzünü deyim ki, mən onun fiziki cismaniliyinə də hərdən şübhə edirəm. "Məmməd İsmayıl" adı mənimçün gerçək tərcümeyi-halı olan bir insanın və şairin adı deyil, bir qərib ruhun adıdır. Laməkanlıq bu ruhun durumunu səciyyələndirir". Payız bütün görüşlərin, ayrılıqların mənasının dərk olunan, ömrün sükut səsinin eşidilən vaxtıdır. Ahıl yaşlı şairin yolu payıza doğrudur: "Apar məni payızlara"...
Rüstəm Kamalın tənqidi görüşlərində öncül fəlsəfi dünyagörüşlərinin, hind vedalarının, Budda qeyri-adiliklərinin, yoqaların, dünya filosoflarının təcrübəsinin, fəlsəfi və fikri düşüncələrinin təcrübi izlərini görmək olar. Və sanki onun arayış və tədqiqatlarının gözəgörünməz müəllifləri var, çünki onun yazılarından gözəgörünməzlərin gözəgörünən diktəsi açıqca hiss olunmaqdadır.
Tənqidçi inəyin belində dən axtaran sağsağan deyil və o, ədəbi-fəlsəfi düşüncələri ilə ədəbiyyatı arxasınca sürükləməyi, onun gələcək perspektivlərini də ortaya qoymağı bacarmalıdır, olanlar yox, olacaqlar yoluna yolçu aramalıdır. "Şairlər (əlbəttə, elə yazıcılar da!) yalnız dilimizin və mənəviyyatımızın qoruyucuları kimi deyil, həm də milli varlığımıza cavabdeh şəxsləri olmalıdır" Rüstəm Kamala görə.
Rüstəm Kamalın üzünə diqqətlə baxsanız, orda hər zaman düşüncələr axınının cilvələndiyi, fikri ekstazın var olduğunu, adi halda, yolda, izdə, lap elə sıradan dost məclisində də içindən keçən düşüncə axınının üzünə vurduğunu görmək mümkündür! Xəyal içində xəyalət kimi dolaşmaqda, nəyisə aramağın ekstazı içində yaşamaqdadır. Minlərin içində bir olmaq istedadı bu olsa gərək. Rüstəm Kamal, heç şübhəsiz, vergili adamdır və şübhəsiz ki, o özü də bunun fərqindədir. Bu səbəbdən istəsə belə tərəfkeş tənqidçi ola bilməzdi. Ağla qaranın, yaxşı ilə pisin iç-içə girdiyi, necə deyərlər, at izinin it izinə qarışdığı günümüz ədəbi tənqid güzərgahında Rüstəm Kamalın durumu dənizdə ada kimidir. Onda olan metaforik təfəkkür, doğuşdan gözəgörünməzin vermiş olduğu ilham qığılcımı, tanrı payı ona umacaqlı yanlışlara getmək imkanı verməzdi. Onun ilhamı sarp qayalardan süzülüb axan saf bulaq suyuna bəzəyir, tərkibini dəyişməyən, istəsə də dəyişə bilməyən bulaq suyuna.
Rüstəm Kamal adının sehrli, sirli maqnit sahəsi, aurası var və çevrəsində oluşdurduğu cazibə haləsiylə çox şeylər diktə edir. O, günümüz ədəbi tənqid sferasında nadir (bəlkə də tək) adamdır ki, onun "saqqızını oğurlamaq", "bığının altından keçib" nəsə yazdırmaq mümkün deyil. Haqdan gələn istedadını qorumaqda, ona toz qondurmamaqda israrlıdır. Tərəfkeş tənqid onun sferasına yaxın düşə bilməz, onun öz maqnit sahəsi var və o, zövqünün bu maqnit sahəsinə imtahan verir, hər dəfə də bu imtahandan üzüağ çıxır. Əgər belə demək mümkünsə, bir tənqidçi kimi Rüstəm kimsəylə ortaq malı olmayan ədəbi aurasını yaradıb. Dəyərlərin hardasa aşınması gedən günümüz Azərbaycan ədəbi mühiti realitəsində bütün bunları bacarmaq qəhrəmanlığa bərabər bir işdir. Yəqin ki, seçilmişliyinin özü də fərqindədir. Tez-tez işlətdiyi içindəki "güzgü" ona bu gerçəkləri təlqin edir. Və adama elə gəlir ki, bir bəyaz kağıza Rüstəm Kamal adını yazsan, onun müxtəlif kitab, jurnal və qəzet səhifələrinə səpələnmiş yepyeni deyimlər, metaforalar, ideomalar beçə verən arı ana arının başına yığışdığı kimi bu adın ətrafına toplaşa bilər.Və beləcə, R.Kamalın Azərbaycan ədəbi tənqidinə gətirdiyi yeniliklərin miqyası ortaya çıxar.
İnsan budağına yox, kökünə arxalanan ağac misalı gələcəyindən çox, keçmişinə inanır və arxalanır. Keçmiş yaşayıb arxada buraxdığın zamana qovuşan vaxt dilimi deyil, həm də səni bu günlərə gətirib çıxaran vaxt məsafə və mərhələsidir. Bu hal Rüstəm Kamalın alim, tənqidçi ömrü üçün də keçərlidir. Gəldi, gəlişiylə Azərbaycan ədəbi tənqidinə bənzəri olmayan təkrarı mümkünsüz tam fərqli bir üslub, ifadə tərzini gətirdi... Və bəzən adama elə gəlir ki o, möhtəşəm bir keçmişi möhtəşəm bir gələcəyə bağlamaq, həyata keçirmək üçün ədəbi tənqidə gəlib. Bu onun yaşam missiyasıdır. Altmışını yaşadığı bu günlərdə esse və məqalələrindən daşıb tökülən enerji bizə onu deməyə imkan verir ki, mükəmməl məqalə və esseləri ilə dostumuz bizləri hələ çox heyrətləndirəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!