Həcərin "Ağ dəvə düzdə qaldı" kitabındakı povestlər haqqında
Adilə NƏZƏROVA
Ədəbiyyatın iki əsas xüsusiyyətindən biri tarixi xronologiyaya sadiq qalmasıdır. Ədəbiyyat tarixi hansı üsulla yazılır yazılsın, təsnifat sistemində hansı ünsür önə çəkilir çəkilsin, xronologiyadan asılı olaraq meydana çıxır. Bu səbəbdən mətnlər ilk növbədə onları yaradanlardan asılıdır, çünki ədəbi nəsil, ədəbi qrup və fəaliyyət, zaman, mühit, ədəbi janr və yaradıcılıq özü birlikdə mövcuddur.
Bəşəriyyətin ilk şifahi ədəbiyyatındakı "köç dastanları"ndan tutmuş, bugünkü "mühacir" anlayışına qədər köçərilik mövzusu bədii əsərlərdə öz əksini tapmışdır. Bu məqamda kritik bir sual da meydana çıxır ki, bu, ədəbiyyat və köçərilik arasındakı əlaqənin vasitə, yoxsa məqsəd olmasıdır. Hər halda Şərqin əksər yazıçıları ya öz ədəbi yaradıcılığına köçərilik mövzusunu gətirib, ondan bəhrələniblər, ya da ədəbiyyatın köçəri əsilli nümayəndələri bu mövzuda müstəqil ədəbi mühit yaradıblar. Şübhəsiz ki, ədəbiyyatla köçərilik arasındakı bu iki istiqamətli əlaqə bütün dövrlərdə özünü qabarıq şəkildə büruzə verib.
Həcərin "Ağ dəvə düzdə qaldı" kitabında beş povest var, onlardan kitabla eyniadlı ilk povesti ümumşərq ədəbiyyatında geniş yer tutan mövzulardan biri - ədəbiyyat-köç əlaqəsindən bəhs edir və bu kəsişmədə hadisələrin bir-birindən sosial aspektdə necə faydalanmasını görürük. Əsər həcmindən asılı olmayaraq, Həcər xanımın bədii yaradıcılıq axtarışlarının səciyyəvi meyillərini və xüsusilə istiqamətlərini təyin edir, - desək, yanılmarıq.
Müəllifin bədii üslubu, rəvan təhkiyəsi, süjet və kompozisiyaları oxucunu ovsunlayır və oxucu hadisələrin sonunu görmək üçün axına düşüb gedir. Məsələn, "Dağətəyi geniş yastana çatanda sol tərəfdə göz önündə süfrə kimi açılan, maili, üzüenişə sallanan və ətəyə endikcə genişlənən düzənlikdə bir-birindən aralı salınmış binələri görmək çox heyranedici və möhtəşəm idi. ...Mən ilk dəfə idi ki, bu cür hündürlükdən - zirvədən aşağı baxırdım və o anda özümü bütün o dağların yiyəsi kimi hiss edirdim". Təhkiyə və təsvir o qədər güclü verilib ki, oxucu o hündürlükdən mənzərəni seyr etmiş kimi olur. Digər bir təsvirdə: "Onların iki alaçığı vardı. Birində üstünə maral şəkilli örtük çəkilmiş yük qurulmuş, yerə altdan boz keçə, üstdən xalılar döşənmiş, kənarlara məxmər üzlü döşəkçələr, atlaz mütəkkələr, qurama üz çəkilmiş xırda nazbalınclar düzülmüşdü. Alaçığın bir tərəfinə isə yataq yerini ayırmaq üçün asqı ipindən bəzəkli ipək qotazlar sallanan naxışlı təzə cecim asılmışdı". Oxucu müəllifin gözü ilə o alaçığı "görür".
Bədii əsərdə hadisələr material kimi deyil, ədəbi-estetik amil kimi, dünyanı dərk və ifadə etmək vasitəsi olaraq meydana çıxır. Müəllifin obrazının dünyabaxışında, həyatı qavrama üsulunda onun özünün də ədəbi və bəşəri dəyərlərə baxışı, milli düşüncəsi əks olunur. Həcər xanım elə məhz bu əsərdə öz uşaq təfəkkürü ilə həyata baxışını sərgiləyir: "A batmamış, soyuqlayıb öləssən, qızmısanmı? - desə də, Səməngül suyu həvəslə şappıldadıb çiyinlərini, yanlarını, budlarını yuyur, hərdən arxası üstə suya uzanıb gözlərini yumurdu. Bu zaman onun görünüşü hind bütlərini xatırladırdı. Mən utandığımdan orda dayanmadım. Dərənin qaşına çıxıb uzaqlara baxmağa, ətrafı nəzərdən keçirməyə başladım. Birdən bir oğlanın daşların arasına sinib Səməngülə baxdığını gördüm. O məni görəndə əlik kimi yerindən sıçrayıb obaya sarı qaçdı. Günah iş tutmuş kimi pis olmuşdum. Onun Səməngülə baxmasında mənə iyrənc və natəmiz görünən bir şey hiss etdim. Yenə də bunu heç kimə demədim".
Bu cür nümunələr əsərdə kifayət qədərdir və əsəri həm bədii-struktur, sənətkarlıq məsələləri baxımından zənginləşdirir, həm də müəllifi milli ideologiyaya necə xidmət etməsi baxımından təqdim edir.
"Ağ dəvə düzdə qaldı" povesti başdan sona maraqlı və cəzb edən bədii təsvir və yeni, oxucuya çox da tanış olmayan ifadələrlə, bənzətmələrlə heyrətləndirir. "Dağın əbədi və əzəmətli sükutu"; "Sağ əldəki dərənin dibi ilə gün işığında əridilmiş qurğuşun kimi parıldayan, gümüşü baftalı çaxçur balağıtək təpələrin topuğuna dolanan nazik irmaq"; "Təzimiş yaz buzovu"; "Arvanam - (birhürgüclü və ikihürgüclü dəvədən törəyən)"; "Səmənd at olmayan ilxı gözümə çiçəyi qoparılmış gül budağı kimi görünürdü" və s.
Müəllifin zəngin dili və bədii təhkiyəsi ilə təqdim olunan əsər istər dövrün və məkanın adamlarına xas xarakterinə uyğun danışan, düşünən və hərəkət edən obrazları, istərsə də müəllifin fərqli düşüncə tərzindən yaranan fikirləri ilə olduqca maraqlıdır. Məhz bu povest məlum fikri bir daha yada salır: Müəllif əsəri deyil, əsər müəllifi yaradır. Mənə elə gəlir ki, "Ağ dəvə düzdə qaldı" povesti Həcəri bir yazıçı kimi yaratdı və Azərbaycan oxucusuna təqdim etdi.
Müasir ədəbiyyat dövrün yeniliklərini izləyə bilən, öz daxilində insanı, cəmiyyəti dəyişdirməyə qadir olan, yarandığı məkanın imkan və şəraitinə görə inkişaf edə bilən, yeni üfüqlər və dəyərlər ətrafında tədricən qurulan daxili nizamın tarixi kimi danışan ədəbiyyatdır.
Bu prinsiplər Həcər xanımın "Ağ dəvə düzdə qaldı" kitabında yer alan ikinci povesti "Nakaut"da özünü göstərir. Əsərin baş qəhrəmanı boksçu Yurandır və hadisələr onun çətin və talesiz həyat yolunu əks etdirir. Altı yaşında ata-anasını avtomobil qəzasında itirən Yuran dayısından, bibilərindən, hətta doğma bacısından da xəyanət görür. Var-dövlət hərisi olan qohumları müxtəlif bəhanələrlə valideynlərindən qalan nə varsa ələ keçirirlər. Bacısı Aliyə ailə qurduqdan sonra ata evini də satır. Yuran çox çətin illər yaşayır, dostlarının evində, kirayələrdə qalır. Küçə döyüşlərində bərkiyən oğlan, Razi adlı bir məşqçinin yanında yetişir və sonda yarışlara qatılır. Beynəlxalq yarışlarda qalib olur, pul və ev qazanır. Lakin talesizlik yenə də onu təqib edir. Bu dəfə də yarışlara siyasi oyunların, zorbalıqların və rüşvətin qarışması kimi çətin vəziyyətlə üzləşir. Başından çox uğursuzluqlar keçsə də, müsbət insani keyfiyyətlərini, xüsusilə mərhəmət hissini qoruyur. Bu uğursuzluqların fonunda müəllif zamanı yeniləyir, İkinci Qarabağ savaşını və həmin vaxtda xaricdə olan Yuranın özü gələ bilməsə də, maddi yardımları ilə Vətənin müdafiəsinə qatılmasını qəhrəmanının yığcam, özünəməxsus cəhətlərini xarakterizə etməklə təqdim edir. Əsərdə müəllif zamanın qarışıq mənzərələrini versə də, həyatın obyektiv dərkini keçmişdən bugünə yönələn həqiqətlərdə görən bir obraz yaradır. Ətrafından yamanlıq görən qəhrəmanın yaxşılıqları sonda öz bəhrəsini verir, əsərin sonunda İlahi ədalət Yuranın gec də olsa öz xoşbəxtliyini tapmasına gətirib çıxarır.
Tarixi baxımdan yanaşmalı olsaq, keçən əsrdə miflərdən və folklordan istifadə edilərək yaradılan bədii ədəbiyyatımız ənənəvi olaraq, müasir dövr ədəbiyyatında da özünü göstərir. Sadəcə, müasir ədəbiyyatda bu ənənə etnoqrafik detallara çevrilərək yeni məzmun anlayışı kimi aktuallaşır və bu, Həcərin əsərlərində də özünü göstərir.
Kitabda "Atası ölməyib" adlanan üçüncü povestdə miflərdən istifadə ənənəsi həm yazıçının bədii üslub meyillərini səciyyələndirir, həm də əsərin məzmunundakı sirr pərdəsinə çevrilərək oxucunu düşündürür. Belə ki, əsər yuxu ilə başlayır. Yuxuda su və qızıl var - mifologiyada su aydınlığı, rahatlığı, qızıl xəbəri-səsi simvolizə edir.
Əsərin baş qəhrəmanı həkim Ədilənin günlərlə, həftələrlə gördüyü eyni yuxu onu narahat edir və o, yuxusunun gerçəkləşəcəyi inancı ilə həmin yerə gedir. Birinci gedişində istəyi baş tutmasa da, ikinci gedişində dərənin suyu çəkildiyi üçün yuxuda gördüyü o çayın içində, xırda daşların arasından üzə çıxan sarı qızıl külçələri tapır. Amma çayın gur axan yerində bir maneənin çayın qarşısını kəsərək sürətini azaltdığı diqqətini çəkir. Yaxınlaşdıqda orada bir kişi meyitinin olduğunu aşkar edir. Geri qayıdır, polisə gizli xəbərdarlıq edir. Məlum olur ki, meyit bir Qarabağ qazisinə aiddir. Qazinin arvadı xəstə oğlunu müalicə üçün təsadüf (əslində zərurət) nəticəsində Ədilə həkimin yanına gətirir. Beləliklə, həkim onların kimliyini öyrəndikdən sonra satdığı qızılların pulunu halallıq üçün mərhumun ailəsinə verir. Ədilə həkim bu sədaqətinə və ədalətinə görə İlahi tərəfindən mükafatlandırılır və həm şəxsi həyatında xoşbəxtliyini tapır, həm də vəzifəsində gözlənilmədən yüksəlir. Əsərin əvvəlində görülən yuxunun izahı sonda eynilə miflərin bu və ya digər şəkildə həyatımızda rolu olduğuna şahid oluruq: Bir qazinin ölümünün aşkar olunması xəbəri - səs, haqqın - pulların rahat bir yolla haqqı olana çatması, eyni zamanda layiq olanın öz xoşbəxtliyinə qovuşması və yüksəlişi.
İlk baxışdan nağıllardakı, dastanlardakı mif yaradıcılığı təsiri bağışlasa da, bu cür yanaşma, dünyabaxışı şəxsiyyətin milli mənliyini, milli dəyərlərini, inancını və ideoloji azadlığını ifadə edir.
"Cehiz pulu" povestinin mövzusu bir az ürküdücü olsa da, bu əsərdə haram pulun xoşbəxtlik gətirmədiyinin bir daha şahidi oluruq.
Sonuncu povest "Dəli Güldəstə" həyatın girdabında çabalayaraq həyat sınağından keçməkdə olan bir qrup insan var. Onların arasında savadsız, mədəniyyət qaydalarından xəbərsiz, qonum-qonşunun qeybət və gülüş hədəfi olan Güldəstə əsərin baş qəhrəmanıdır. Onun ölümündən sonra müəllifin təhkiyəsi ilə verilmiş fikirlər əsərin məzmun aktualığını artırmaqla, həyatın bir az da dərinlikdə dayazlıq vəhdəti olması kimi acı gerçəkliyinin təzahürü kimi ortaya çıxır. Hər şeyə rəğmən həyata gülümsəməyi bacarmağı müəllif belə ifadə edir: "Onun toylarda kişilərə dəstəbaşı olub yallı getməyi, milisə işi düşənlərin işini aşırmağı, ərə getməyən qızları birtəhər kiməsə calamağı və bunu savab bilməyi, boşanmaq istəyənlərin əl-ayağına düşüb barışdırmağı, dalaşanda dediyi xoruz səsi eşitməyən söyüş kəlmələri... - çox şeylər o məhlənin adamlarının xatirində Güldəstəni yaşatdı. Səssiz, izsiz bu dünyadan gedənləri heç kim xatırlamır. İnsan dünyadan köçəndən sonra onun sözləri, əməlləri danışılır və bu zaman üzlərdə təbəssüm yaranırsa, demək, o adamın yaşamağına dəyərmiş".
Həcərin əsərləri məişət məzmunludur və müəllif bütün tərəfləri ilə bərabər, bu əsərlərdə Azərbaycan insanının xarakterik obrazlarını yaradıb. Ümid edirəm ki, kitabın oxucusu bol olacaq və müəllifi yeni əsərlər yazmağa ruhlandıracaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!