Esse
Cavanşir YUSİFLİ
Bir vaxtlar Şekspirin sonetlərinin birində belə bir məqamla rastlaşmışdım. Biz insanlar yuxuların yapıldığı nəsnədənik, qısaca həyatımızın sonunda bir yuxuya dalar, keçib gedərik...
Ancaq bundan qabaq başqa bir mətndən bəhs etmək istərdim. Söhbət Oktavio Pasın şeirindən gedir. Şeirdə iki zahirən əks ifadə var.
Dinlə məni, yağışın səsini dinləyən kimi
Nə diqqətli, nə yayğın,
Çiskinli yağışın yüngül ayaq səsi,
Havada əriyən su, zamanın toxuduğu hava,
Gün çıxıb getməklə bitmir,
Gecə düşsə də gəlməyib,
Adda-budda dumanlıqlar
Küçənin küncündə
Topa-topa zaman buludu
bu zamanın tinində,
dinlə məni yağışı dinləyəntək,
qulağını tut,
içimdə gözləri açıq
yuxulu sözlərimi dinlə,
hər bir yuxudan oyanmış mənanı gör
yağır, yüngül addımlar, hecaların uğultusu,
hava və su, yüpyüngül sözlər:
nə idik, nəyik indi
günlər və illər, bu an belə,
çəkisiz zaman, çəkilməz ağrı
dinlə məni, yağışı dinlədiyintək...
"... içimdə gözləri açıq, yuxulu sözlər", bir də "yuxudan oyanmış məna...". Eyni mətnin içində sözlərin yuxuya dalması və oyanması mətndə gərginlik sahəsini tam olaraq özündə cəmləyən vahidlərdir. Diqqət edin, şeir oxunduqca gərginlik sanki gizlədilir, onun yerini yağışın narın səpələnmə effekti, suyun havada əriməsi və sair bu kimi ifadələr tutur. Ancaq bu müvəqqətidir, keçicidir, çünki "zamanın toxuduğu hava" şeirdə "batan" mənanın üzə çıxması üçün daha önəmlidir. Bu bəlkə min illərdi yağan yağışın təsvirində küçənin küncü (yağış düşməyən yer...) belə fokusa gətirilir, yada salınır, burdakı adda-budda dumanlıqlar bir azdan çəkilib gedəcək, amma zamanın tinində yağış damcıları kimi yerə düşən sözləri min illərdi heç kəsin dinləməməsi anidən "kadrda" görünür və "pozulur". Müəyyən hadisələrin, bəlkə həmin hadisələrin ixtiyari fraqmentlərinin bu şəkildə mətndə oynadıqları gizlənpaç mənanın təbii şəkildə yaranma mexanizminə təsir edir, yəni şair bunun fərqində belə deyil, hər şey müəllifin hakim olduğu məkana qədəm basır, sakitcə görünür və yoxa çıxır, daha doğrusu, şeirin məntiqindən çıxış eləməli olsaq, yuxuya dalır. Burda bunu deyək: şairə (istənilən...) yalnız məkan (ucsuz-bucaqsız...) verilir, hər şey, hətta sözlər belə unudulur. Yuxarıda nəzərə çarpdırdığımız səs o qədər dərinlərdən gəlir ki, bu yağışın, bu damcıların o tayına keçib onu dinləyə bilməlisən, çünki fürsətdi: yuxudan oyanmış mənaları görə bilərsən. Şeirdə yağışın yağması anidən poetik mətnə çevrilir, yəni yağış damcıları tez bir zamanda söz və hecalarla əvəzlənir. Çəkilməz ağrını bir belə "yüngül" ifadələrlə təsvirə çəkmək qəribə üsuldur, ancaq şeirin daxilində yuvalanan daxili nitqdəki enerjini hiss etdikdən sonra vəziyyət aydınlaşır. Şeiri oxuduqda ilk təsəvvürümüzdə canlanan nə ola bilər? Kağıza çəkilmiş rəsmdən boyanın hiss edilməyən ritmlə axması, yəni, özünü, ruhunun dərinliyini incidən ağrını tablonun "çərçivəsindən çıxmaqla" ifadə etmək cəhdi. Baxırsan, rəsmdə çox sakit bir mənzərə çəkilib, həm də, sakitliyin lap "susduğu" anda rəngin görünməməsi, özünə, içinə çəkilməsi, ancaq bu zahirən belədir, boyanın yox olması, sadəcə yerini nişan verməklə yoxa çıxması dərdə, ağrıya işarədir. "Nə idik, nəyik indi?" Sadəcə yada salınır, səs yağışın - yerə, torpağa aramsız şəkildə düşən hecaların uğultusu arasından güclə eşidilir. Lirik "mən" daxilən parçalanıb, ikiləşib, yağışa baxıb onun o tayındakı, "kadr arxasındakı" hadisələri sezdirmək, boyası axan bir tablonun içindən, qəlbindən keçirib görükdürmək (həm də usta şəkildə gizlətmək, bunun olduğunu az qala danmaq-!) mətndə bədii qavrayış və dərkin hansı səviyyədə əyaniləşməsinin sübutudur. Oktavio Pasın çox sakit bir mənzərənin fonunda bitib-tükənməyən ağrını verməsi bizim bayatıları yada salır.
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
Bu gözəl, qənirsiz, həm də bəlkə milyon sözün içindən seçilərək misraya düzülən sözlərin belə bir strukturda yer alması onu dinləyən hər bir kəsi içdən qəhərə boğur. Məsələ təkcə onu kimin oxumasında deyil. Beşik başında bunu ötən qadın sadəcə illərin o tayından qulağına gələn sözləri deyir. Əsas məsələ bu kiçik mətndə "daxili nitqin", həm də artıq dünyada olmayan kəslərin dedikləri sözlərin içində mənanın "oyanma mexanizmindədir". Professor Asif Hacılı yazır ki, "...Bayatılarda daxili nitqin fəallığı bədii təfəkkürün fəlsəfi dərinliyi və psixoloji incəliyi ilə bağlıdır; bayatı subyektinin özünüdərki elə yüksək həddə çatır ki, lirik "mən" daxilən ikiləşir, batini və zahiri "mən"lərə parçalanır və bu iki tərəf arasında ziddiyyətli mükalimə başlayır. Bayatıda ali tərəf olan batini "mən" digər obraza-daha konkret, həyati, gerçək subyektə, zahiri "mən"ə hökm edir, onu sınayır, sorğulayır. Söyləyici əsasən əmr, sual, nida şəklində öz iç dünyasına müraciət edir və öz ikiləşmiş ruhunu dərkə çalışır. Buna görə də bayatılarda daxili dialoq sorğu və sınaq tonu, ümumən imperativlik intonasiyası ilə seçilir və əsasən əmr formasında ortaya çıxır: Bu yoldan ötənə bax // Köynəyi kətana bax// Qürbətdə gözün açma // Açanda vətənə bax // - Qərib, tənha subyekt özüylə dialoqdadır: vətənə çəkən hisslər (batini "mən") "bu yol"la gedən yolçuya (zahiri "mən") hakim kəsilir. Lirik subyektin ikiləşmiş daxili aləmi təzadlı olduğundan (dəruni "mən" əbədiyyətə, makrokosmosa, ideala yönümlüdür; biruni "mən" isə aniyə, mikrokosmosa, gerçəyə səmtlidir) bayatıda daxili dialoq yüksək hissiyyat və həyəcanla seçilir...." Başqa bir bayatı:
Göydə ulduz xoş keçdi,
Cavan ömrüm boş keçdi.
Fələk, gəl sübut elə,
Hansı günüm xoş keçdi?!
Deməli, makrokosmosla mikrokosmos arasındakı ziddiyyət mətnin ritm və intonasiyasını yaradan, canlandıran əsas mahiyyətdir. "Bədii təfəkkürün fəlsəfi dərinliyi..." Şekspirin sonetinin içindəki məna öz yerini alır: biz insanlar yuxuların yapıldığı nəsnədənik... Əbədiyyətlə aninin bir sintaksisdə, düşüncədə baş-başa gəlməsi bütün gücü ilə daxilə yönəlir, orada olmazın təbəddülat yaradır, insanı sükutun dilində danışmağa məcbur edir. Belə olduqda oyaqlıqla yuxuda olmağın sərhədi pozulur, bu fonda sözlərin əsl obrazı, əsl mənası açılır, onların üzündəki niqab götürülür, həm də elə bir vəziyyət yaranır ki, sözün işarə etdiyi əşyanın dünyada olub-olmaması sual altına düşür. Bayatının poetik sistemi sübut edir ki, reallığı, gerçəyi bütün aydınlığı ilə verə bilmək üçün ondan sərf-nəzər etmək, ondan ayrılmaq, onu görməməzliyə vurmaq lazımdır. "Əkilməmiş ağacdan dərilməmiş bar gətir" deyilən bayatıda ağac əslində daxili qürbətə çəkilmiş insan obrazıdır, bütün nəsnə və əşyaların içində it-bata düşmüş insan... Vüsal... Məhəmməd Füzulinin şərhində bu söz elə Şekspirin sonetindəki məna qəlibində verilir. Vüsalı yuxuda tapmaq gerçək şeylərin içində ən gerçək olanıdır. Şeirdə (qəzəldə) belə deyək, "yuxu dumanının" gəlməsi və çəkilməsi eyni anda baş verir, yuxudan oyanmış mənayla gözü açıq yuxulu sözlərin "qütbləşməsi" sözlərin gerçək danışıqdan keçməyən, bura güzarı düşməyən işarəsidir. Yuxuyla oyaqlığın gizlənpaç oyunu elə şəkildə davam edir və qurulur ki, hər şey - eləyə biləcəyin hərəkətlər, atacağın addımlar yadına düşsə də əyaniləşmir, çünki bu, yuxulu sözlərin diktə etdiyi obrazdır. Sanki səninlə o işarələr arasında görünməyən bir pərdə çəkilib, sən bu virtual aləmdə hər şeyi-nəsnəni ən xırda detalına qədər seyr edə bilirsən. Borxes yazırdı: "...Yuxuda hər bir insanın bir balaca əbədiyyət payı var, bu da onun yaxın keçmiş, bir də heç uzaqda olmayan gələcəklə görüşrə bilməsidir". Sonra, "Yuxunu görən adam bütün bunları, bütün kosmik prosesləri özünün hüdudsuz əbədiyyətindən seyr edən Allah kimi bir baxışla tutur." "Vəhşilər və uşaqlar üçün yuxu həyati epizoddur, şairlərdə və mistiklərdə isə - bütün həyat yuxudur". Daha sonra: "Yuxuda belə də olur, bizdən nəsə soruşurlar, biz isə cavab vermək iqtidarında deyilik, cavabı, elə bil ki, kimsə qulağımıza pıçıldayır, bu isə bizi tamam karıxdırır"
Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Bir xəyal ola məgər gördüyümüz, yoxsa nigar,
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə.
Yar mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım sərf nəmiz var isə mehmanimizə!
Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib dilbəra, minnət qoyalım canimizə.
Əbədi kitab obrazının başqa bir tərəfi məhz Füzuli qəzəlində təqdim edilir. Kitabı açırsan, sözlər yuxudan oyanıbmış kimi, gözlərini açır, gerçəkliyə (insanın daxilindəki sonsuz əraziyə - taleyin qürbət adlı ölkəsinə) baxıb dilinə gələn bütün sözlərin arxa planındakı sirləri faş edir. Orta əsrlər poetikasında belə bir məqam maraqlıdır: divan ona görə bağlanır ki, dünyanı öz içinə, bətninə yığaraq tutsun, içində həbs edib saxlasın; daha sonra əks proses gedir - bir kitab içinə sığınan dünya qəliblərin içindən çıxaraq açılır və beləcə dünyanı əvəz edən kitab zaman keçdikcə bir ovuc içinə sığınır.
"İnsan danışır. Ayıq olanda da, yuxuda da. Biz bir kəlmə söz tələffüz etmədən, dinləyəndə və mütaliə edəndə, işləyəndə və istirahət edəndə də danışırıq. Hər necə olur-olsun...danışırıq. Ona görə danışırıq ki, bu bizim üçün təbii xassədir. İnsan dili təbiətdən alıb. Belə bir təlim var ki, heyvanlardan və bitkilərdən fərqli olaraq, insan danışan varlıqdır. İnsanı insan edən də dildir...." (Haydeger).
Məşhur filosofun fikrinə dəstək kimi, deyə bilərik ki, dil... həm də insanı dəyişdirir, üz-gözü öyrəşən dünyadan qaçmağa məcbur edir. Dil "qurtaran" kimi, insan ölür (Haydeger: dil həm də dərin uçurumdur). Bəs yazmaq necə, onun insanın yaşamısına və ölümünə - həyatına münasibəti necədir? Təkcə bu məlumdur: yazı çoxlarının güman etdiyi kimi, insanı açıb ortaya qoyan vasitə deyil, daha çox onu öz sərhədləri içində kilidləyən, göyün yeddi qatına və yerin ən dərin təkinə qədər gizlədən bir nəsnədir. Danışıqdan fərqli olaraq yazıda, bədii mətndə ən işlək sfera, fikrimizcə arxa plandır, yazı - bədii mətn zaman-zaman bu saxlanca yığılan enerjinin hesabına təsir göstərir, onun içindəki potensial qətrə-qətrə açılsa da, birdən təsir göstərir, beyindəki "yuxu şırımları" oyanır, bir anlığa ölümü həyat və əksinə həyatı ölüm kimi qavrayırsan, yazıda deyilə bilməyən sözlərin, açıla bilməyən mənaların yaratdığı bu cazibə sahəsi - dilin arxa planı real olanın irreal fakturasını açıb-göstərir. Kamyunun "Qonaq" hekayəsində bu təsir mexanizmi - ölümə yollanan insanın beynindəki, ürəyindəki bütün düyünləri açır, heç bir təəssüfə yer qoymayan zalımlıqla qardaşının başını çinləməsi...bu əhvalatı özü üçün dəfələrlə danışır, küydən beyni uğuldayır, amma onun səsini heç kəs eşitmir. Dilin arxa planı bu eşidilməyən səslərdən yaranır. Hekayədə qatil ərəb birdən yerdən götürdüyü daşı göyə tolazlayır, elə atır ki, daş elə bil bir də yerə qayıtmayacaqdı. Bu hərəkət "səssiz dildir", insanın özü-özünə dil deməsidir...
Hüsserl özünün "Zamanın daxili dərkinin fenomenologiyası" əsərində yazırdı ki, insan şüurunda daimi, əzəli formalardan özgə heç nə mövcud deyildir. İnsan üçün keçmiş, olub bitmiş hadisələr "daşlaşmış", əşyalaşmış proseslər dünyasıdır. Gələcəyə əl çatmır, ən iti baxışlar belə onun qatı dumanını yarmağa qabil deyildir. Real dünyanın harasında olursa-olsun - olduğu, durduğu nöqtə onun üçün dünyanın mərkəzidir. Belə bir müvazinət insanın mövcudluğu üçün hava və su kimi lazımdır. Zaman axdığı, öz yolu ilə varıb getdiyi üçün heç bir nöqtəsində öz-özünə bərabər olmur, hansı yaşdasa görüb-götürməkdən, təcrübədən asılı olaraq hiss eləyirsən ki, kimsə qulağına pıçıldayır: heç bir şey gördüyün kimi, yaxud göründüyü kimi deyil. Bu, dünyanın altını üstünə çevirən böyük bir paradoksdur. Ancaq bu ilahi sözün deyilişinə qədər min bir qat açılmalı, çarpazlaşa-çarpazlaşa bir-birinin içinə keçən çevrilmələrin heç olmazsa bir zərrəsini dərk eləməlisən. Bizim poeziyamızda özünə möhkəm yer alan - ...Dünya duracaq yer deyil... Gəl gedək bu yerlərdən... nidaları ilə müşahidə edilən dünyadan qaçmaq, qurtulmaq motivi də məhz yuxarıdakı anlamın ekvivalentidir. Həm də adi, bu motivin strukturyaradıcı özülü seyrçi gözlə görünməyən çevrilmələrdə, daim hərəkətdə olan, özü-özünü basdalayıb keçən bir əşyaya bərabər tutulur, ya da bu motiv vasitəsi ilə heç olmazsa sonsuz hərəkət obrazı yaradılır:
Bu çərxi-fələyin nərdivanı var,
Düşən ağlayarmış, qalxan gülərmiş...
XVII əsr ispan barokkosunun ən parlaq nümayəndəsi Pedro Kalderonun "Həyat yuxudur" dramında yuxu metaforası vasitəsilə insan varlığı və təbiətinin həqiqi mahiyyəti açılır. "Həyat yuxudur" pyesi üç "xornad"dan ibarətdir. "Xornad" sözü ispan mənşəlidir, mənası "insanın gün ərzində keçdiyi həyat yolu"dur. Dramın bədii zamanı da elə üç günü əhatə edir: birinci gün (Sexismundo - həbsxanadada məhbus) qəhrəmanların konflikt mövqeyinə daxil olmalarını bildirir; ikinci gündə (Sexismundo artıq sarayda şahzadədir) gərginlik kulminasiya həddinə çatır. Üçüncü gündə isə (Sexismundo məhbus və gələcəyin kralı) razvyazka baş verir.
Birinci gün Sexismundo vəhşi heyvandan az fərqlidir. Bütün ömrünü yalın qayalar arasında keçirmişdir və ona yalnız insan hissləri və əxlaqının olmadığı bu təbii varlıqlar tanışdır.
Təbii mühitindən ayrılan qəhrəman özünü əsl vəhşi heyvan kimi aparır - amansız, qaniçən, alçaldığına görə hər kəsdən qisas alan, o cümlədən doğma atasından. İkinci gün hakimiyyət Sexismundoda ən pis keyfiyyətləri də açır. Eqoizm, hövsələsizlik və şəhvət.
Gözünü həbsxanada açan keçmiş şahzadə belə bir nəticəyə gəlir ki, "həyat yuxudur" və Risauradan özünə aid real detalları öyrəndikdən sonra da bu qənaəti dəyişmir. Kalderon Sexismundonun diliylə bütün zamanların və xalqların xristian imanını dilləndirir: bu dünyada oyanana qədər yatmalıyıq. Hakimiyyətindən nəşələnən çar yatır, yalnız cizminion qeydinə qalan varlı da yatır, həyatının acısı dodaqlarında kasıb da yatır, gec ya tez, bir gün ölüm gələndə hamı bu yuxudan oyanacaq. Bunu dərk edən Sexismundo xeyirxah işlər görmək istəyir, ona görə bu, yeganə iz salan işdir - həm yuxuda, həm də insan kimi fəaliyyətində.
Bu əsərində Kalderon insan həyatının heç bir çıxış yolu olmayan faciəvi ziddiyyətlərini göstərir, həyat üzücü iztirab kimi təsvir edilir, dünyadakı səadət adına heç nə real deyil, real həyatla yuxunun sərhədləri aradan götürülüb. İnsan hissləri belə etibarsızdır... Xəyal... bəla gətirir...
Varlığın mənası haqqında fəlsəfi suallarla dolu olan "Həyat yuxudur" dramında tale (qədər) və onun azad iradəylə aradan qaldırılması problemi qaldırılır. Hamilə qadının qorxunc yuxularından və astroloqların öncəgörmələrindən qorxan kral Basilo yeni doğulan yuxularını həbsxanada dustaq etmək qərarına gəlir. Beləliklə, adi insani qorxu Sexismundoda yırtıcı heyvan zalımlığının yaranmsına təkan verir. Özünün heyvani hisslərinin öhdəsindən o, yalnız həyatla tanış olduqdan sonra gəlir. Beləliklə, təsdiq edir ki, bizim hər birimizin içində hər şeyə rəğmən bir şəfqət hissi var, onu dinləmək lazımdır.
Yağışın səsini dinlədiyin tək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!