Qəşəm Nəcəfzadənin "Azərbaycan" dərgisinin 11.2020 və 5.2022-ci saylarında dərc olunmuş şeirləri barədə qeydlər
Poeziyamıza möhürünü vurmuş bir imzadır Qəşəm Nəcəfzadə imzası... Heyrətamiz məhsuldarlığı, bədii sözə hər cür sədaqəti, yalnız özünü ifadə etmək qüdrəti və bacarığı, şeirlə nəfəs almaq istəyi şairi yerdən göyün ənginliyinə qaldırır, fərqləndirir, bütövləşdirir və bu imzanı oxucu yaddaşına köçürür. Xoşbəxtdir o söz adamı ki fərmansız, sərəncamsız yaddaş ağacının budağına dırmaşaraq misralarını düzə bilir. "Allaha xitab" şeirində olduğu kimi...
İlhahi, bu axşam qarını yağdır,
İlahi, bu axşam özünü göstər.
...İlahi, bu səhər günəşi çıxart,
İlahi, bu axşam küləyi qopart,
Bilim ki, sən hələ dəyişməmisən,
Bilim ki, sən bizdən inciməmisən.
"Allaha xitab" eyni ritm, bir ahəng üstə əvvəldən axıradək oxucunun dincliyini pozur, sakitliyini ərşə çəkir. Baxmayaraq ki, bu ovqat, əhval-ruhiyyə şeirini hər kəs öz dinc məcrasında dinləyə və ya oxuya bilər - misraların məna yükünü anlasın, sözlərin "rəqsinə" qulaqları alışsın. Doğrudur, Tanrıya, Yaradana ədəbiyyatımızda Qəşəmsayağı müraciətlər olub, elə Məmməd Arazın "İlahi, qəlbimə bir sevgi göndər. Yazıqdır, yazıqdır məni sevənlər" beytilə başlayan şeiri misal xatirinə yerinə düşür. Lakin fərqlər mövcuddur, Qəşəm istənilən bədii mətni yaxşı mənada "şair cadugərliyi" ilə özününküləşdirməyi bacarır. Fərqi yoxdu, istər çox işlənən "tapdaq" mövzu olsun, istərsə də xoruz səsi eşitməyən "xam" mövzu. Bu ustalıq, kökdən, gendən gələn bələdçilik fərdi üslubunu formalaşdırır. Ona görə Qəşəm Nəcəfzadə ənənəvi heca şeirində sərbəstdir, eyni zamanda modern, sərbəst mətnlərində mühafizəkardır, mənanın alt qatlarında gəzişməyi xoşlayandır.
"Mən daha şəkiləm, şəklimə bax, get", "Anan səni çağırsa", "Qəşəm Nəcəfzadə, sabahın xeyir", "Əvvəl, axır", "Ölüm həyatı", "Unudulan", "Qabar", "Ana laylasına", "İt kapellası", "Əlil arabası", "Cavablarım", "Fənər" kimi müxtəlif tutumlu şeirləri sübut edir ki, lap adi məişət hadisəsinə də bədii don biçmək mümkündür. Sözsüz, gərək böyük şair ürəyin və istedadın ola. Elə gerçəkdən nə gəldi yazsan şeir adına, imzanı urvatdan salarsan. Daha sonra şair demişkən təəssüfünü içində çəkərsən:
Dünya səni də pozdu,
Xətt çəkdi üstünə -
Səhv yazılmış cümlə kimi.
Heyif, sənə!
"Azərbaycan" jurnalının bu günlərdə işıq üzü görən may sayında (2022) Qəşəmin bir kitablıq şeiri verilib. Dərgidəki "Həmin adam" nümunəsini oxuyan kimi dərhal ötən çağların 37-ci il irticası yadıma düşdü. Nakam Mikayıl Müşfiqə, müdrik Hüseyn Cavidə və neçə-neçə bu kimi zərif ruhlu söz sərraflarına atılan şər-böhtan kampaniyasına xidmət edən milli satqınlar, cəlladlar hiddətimi coşdurdu. Əlbəttə, şairin həmin adam kimi ümumiləşdirdiyi o mənfi obraz məgər yalnız adlarını çəkdiklərimdənmi "donos" yazıb tutdurub? Onun qurbanlarının sayı-hesabı yoxdur. Həmin adam cildini dəyişib, xislətini dəyişməyib. O, (ötən yüzilliyin) 60-cı illərdə Əli Kərimi haqladı, böyük talant sahibini qısqandı, kölgəsini zaman-zaman qılıncladı, nəhayət, 38 yaşında çərlətdi, axırına çıxdı.
Yenə mənə söz vermədi həmin adam, Əli Kərim,
Başdaşıtək küləklənən əllərimə heç baxmadı.
Bəlkə bütün yaxşılıqlar getdi sənlə, Əli Kərim,
Səndən sonra sözlər öldü, bir dənə söz sağ çıxmadı.
Şeir qəribə süjetə malikdir, ən maraqlı məqamı odur ki, Qəşəm Nəcəfzadə şikayətini Əli Kərimə üz tutub bildirir. Məhz Əli Kərim ölümsüzlüyü ilə mətndə hökm sahibidir. Burda "həmin adam"
Hardan çıxdı ölüm
bu qoca kaftar.
Görmür əlimdə
nə qədər işim var?
- misraları altında yanıqlı-yanıqlı dillənən, cavan həmkarına qahmar çıxmaq istəyən, kövrək körpə təbəssümlü, utancaq baxışlı Əli Kərimdir. Baxmayaraq ki, əlli ildən yuxarıdır haqq dünyasına qovuşub, həmişə imkansızlığı ilə belə bütün istedadlara dayaq, arxa durmağı bacarıb, heç bir ümidsizi qapısından əliboş qaytarmayıb. Əli Kərimin qapısı sanki Həzrət Əlinin təsəlli qapısıdır, burdan bərk-bərk yapışan şair düşünmür ki, dəryada saman çöpündən yapışıb.
Qəşəm Nəcəfzadənin şeir mətnləri o qədər canlı və diridir ki, hər birinin ruhu olduğuna dərhal inanırsan. Bəli, sözlər, durğu işarələri əzalardır, hecalar, qafiyələr zahiri görkəmdir, yəni formadır. Ancaq "Avtobus hadisələri", "Əl boyda", "Uşaq şeiri", "Göz yaşlarına qulaq asaq", "Niyə eşitmədim sənin səsini", "Tələsməyək" mətnlərinə ayrı-ayrılıqda Yaradan tərəfindən tərəkəmə ruhu üfürülüb. "Avtobus hadisələri" şeirlikdən çıxır, bütöv bir romanın doğurduğu estetikanı doğurur. Bəzən də al-əlvan canlı tablolara nəzər salırsan, səhnələrə varırsan, böyük bir həyat mənzərəsinin tamaşaçısı kimi sözlərin fəlsəfi ruhu səni qeyri-adi tərzdə üfüqdən-üfüqə çəkir.
Adamlara baxırsan, hərəsi bir kitab,
Göz,
Gözdə kədər,
Qaş,
Qaşda vergül.
Burun,
Burunda nida.
Köynəkdə ləkə,
Ayaqqabıya qədər
səhifələr.
Oxu istədiyin qədər
Müharibə, sevgi, sosial kitablar,
Oturacaqlar rəflər.
Nələr yoxdur "Avtobus hadisələri"ndə? Bu kimi şeirlərə xarici bər-bəzək tərifi yapışmır: hər şey mövzunun içindədir, hər şey mövzunun çölündədir. Mənim fikrimcə, "Avtobus hadisələri" Azərbaycan türk şeirinin min qatının min bir çalarında yazılıb. Məncə, bu cür mətn yazılmır, qələmə alınmır, doğulur. Günün təkrar-təkrar doğulduğu kimi, sübh işığının par-par parladığı kimi, dağı-düzü, çölü-çəməni, suyu, küləyi oyatdığı kimi. "Avtobus hadisələri"nin sonluğu isə kəşfdi, poetik qürubun özünəməxsus kəşfi.
Əllər oturacaqların dəstəyindən yapışıb,
Bax, indi mənim əllərim yaşayır -
Nə vaxtsa adam bıçaqlayan
bir əlin qonşuluğunda...
Və yaxud eyni prizmadan "Göz yaşlarına qulaq asaq" şeirinə diqqət yetirək. Bu odlu odanı səssiz-səmirsiz dinləyək. Gözümüzü bir anlığa yumaq və sakit tərzdə didələrimizdən yol başlayan yaş damlalarının süzülüb axan elegiyasına qulaq kəsilək. Yüz şahid nitqi bir şəhidin yas mərasimində kiminsə axıtdığı bir damla göz yaşına dəyməz. Gerçək həqiqət bütün çılpaqlığı ilə bahəm Qəşəm Nəcəfzadənin şeir mövzuları üçün vasitədir. Şair həmişə üstündə işlədiyi mətnin gözlə nəzərə çarpmayan tərəfinə önəm verir. Bu isə şeirə gözlənilməzlik, yeni təravət gətirir. Məsələn, əslində göz yaşının heç eşidilə biləcək səsi-səmiri yoxdur, bulaq deyil ki, qaynaya-qaynaya axıb getsin, çay da deyil, dəniz də - dalğalansın, hayqırsın, coşub-daşsın, şahə qalxsın. Onu olsa-olsa, həssas şair eşidə bilər, ətrafını çağırar, birgə qulaq asar.
Bəzən elə şeir oxuyursan, əlin-ayağın yerdən-göydən üzülür, sanırsan ki, daha dünyanın sonudu. Bəzən də bədii söz nə qədər bədbin notda dolğun ifadəsini tapsa da, misraların ruhundan boylanan sarsıntı, dərd-ələm səni üzmür, əksinə, ürəyində şam yandırır, ziyası, daxili aləmini nurlandırır, səni pərvazlandırır. Qəşəmin haqqında bəhs etdiyimiz "Göz yaşlarına qulaq asaq" şeiri də, "Uşaq köynəyi" on iki misralıq poetik duası da eləcə, düşündüyümüz kimidir.
Mən şeirlərimi müharibə uçqunlarının
üstünə sərilərək,
dodaqlarımı beton plitələrin arasından
tapılmış uşaq köynəyinə söykəyərək,
yazıram.
Qarabağ savaşında, sərhədyanı kəndlərimizdə azmı uşaq itirmişik? Erməni vandallarının raket zərbərlərinə tuş gələn, minaya düşən, öldürülən yavruların, günahsız körpələrin məgər sayı birmi, beşmi? Elə Rusiya-Ukrayna müharibəsində həlak olan, yaralanan yüzlərlə çocuğu gözümüzün qabağına gətirək: kimdir günahkar? Əlbəttə, şairlik həm də odur ki, həyatın cavabı tapılmayan suallarını özünə ünvanlayırsan - yanıb-yaxılır, qovrulursan, təsəlli naminə qələmə sarılırsan, yoxsa ürəyin mina kimi partlayar. Çünki şair demişkən, "Ömür bir ucu harasa bağlanmış ipdi. Qırıldı, çəkildi..." ("Ölüm").
Zəruri ovqat dəyişkənliyi, mövzudan mövzuya keçidlərdə fərqli forma axtarışları, hər cür zahiri və daxili əlamətə uyğun məzmun-fikir biçimi son may nömrəsində gedən əksər poeziya nümunələri üçün xarakterikdir. Şairin "gözünün üstündə gəzdirdiyinin ayağı altında qalmaq olurmuş" qənaəti, "Bir üzük barmağın yaralamışdı. Olmur barmağına başqa bir üzük" lirik ironiyası, "niyə eşitmədim sənin səsini, gözlərin üstünə bir səs yıxıldı" fəlsəfəsi ümumiləşdirməsi ("Niyə eşitmədim sənin səsini") sözün ecazkar dərinliyini lay-lay açır. İfadə yeniliyi, obraz ənginliyi və zənginliyi, metafora bolluğu bir-birinə maneçilik törətmir, bir-birini tamamlayır.
Anlada bilmərik bir-birimizi,
Yatırdıb axşamı, açıb səhəri.
Hansı axşam idi sən çıxıb getdin,
Hansı səhər idi qayıtdın geri?
"Tələsməyək" şeirindəki qeyri-müəyyənlik təkcə hansısa vüsal dəminin vaxtını-vədəsini aramır, həsrətin, intizarın bütöv şəklini çəkir. "Görən hansı ayın hansı günündə, hansı saatında ağlayacağıq?". Məgər haçansa ağlayacağın tarixini də irəlicədən müəyyənləşdirmək mümkündür? Ağlamaq ruhi bədbinliyin doğurduğu ekstremal haldır, onu planlaşdırmaq olmur. Qəşəm Nəcəfzadə bircə anın bəxtəvərliyini yada salmaq naminə ömrünü girov qoyur, ötən çağları ələk-vələk edir, "tapdım" demir, hər yerdən əli üzülür və axırda gəlib sözə tapınır. Söz-intiharın və intizarın son həddidir, şairin güman yeridir, ona pənah aparır, heç kəs təəccüblənmir.
Qəşəm özünü tam ifadə etmək üçün "bu tabutun altından ayaqlarımı, Allah, necə açım mən? Bu tabutun altından Allah, hara qaçım mən?" - olum-ölüm düsturunu ortaya atanda ("Tabut") və yaxud "Getdiyi cığırla yeriyirdi qan" şeirində məlum dilemmanın mahiyyətinə varanda, taleyin ucuz oyunlarına rişxənd edir, əslində ağlamır, qəh-qəh çəkib gülür. Şair adi bir həyat hadisəsini şeirdə belə nağıl edir. Yol üstündə qoyun kəsən, onu ağacın budağından asıb dərisini soyan qəssablar qatillərdir, təbiətə qənim kəsilənlərdir.
Dünəndən boş idi dolça çalalar,
Qoyunun qanını başa çəkdilər.
Qoyunu ağacdan kəsib soyurlar,
Sabah da ağacı kəsəcəkdilər.
Şairin jurnalda gedən "Söz üstündə", "Qocalıq", "Çayçı", "At haqqında", "Daş", "Çayçı Zöhrab", "Həmin küçədə" əsərlərində də kifayət qədər obrazlı deyimlər, təzə-tər fikirlər əksini tapıb. Kim nə deyir desin, söz yalnız əsl şairin ifasında qiymətə minir, təzələnir, adamın ruhunu oxşayır. Çünki talant Allah vergisidi, hər yoldan keçənə verilmir, seçilmiş nadir bəndələrin qismətidi. Və indi xoşdur ki, qırx ilə yaxın yaradıcılığını izlədiyim, şeiri ilə nəfəs dərdiyim Qəşəm Nəcəfzadə təbii istedadı ilə fərqlənir, oxucunu heyrətləndirir, təəccübləndirməyi bacarır, yolundan sapmır. Şeir yarışmalarında Niderlanddan vurub Norveçdən çıxır. İrili-xırdalı əsərləri gündoğar Yaponiyada, Çində nəşr olunar, İtaliyada, Fransada işıq üzü görür.
Davamlı olsun, "Yolçu yolda gərək", şairim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!