PƏRVİN
Akademik Zemfira Səfərova haqqında yazdığım bu yubiley məqaləsinin çapından beş il keçir. Bu gün musiqişünas-alim 85 illik yubileyi münasibətilə ölkə Prezidentinin qərarı ilə "Şöhrət" ordenilə təltif olunub. Beş il öncə yazdığım məqaləni təzədən oxuyanda və bu gün yubileyini qeyd edən alimin bioqrafiyasına, yaradıcılığına, mühüm elmi araşdırmalarına yenidən nəzər salanda başa düşürəm ki, bunlar hamısı bütöv halda məktəbdi, örnəkdi, yeni gələn nəsillərin tərbiyəsi üçün faydalıdır. Əslində, məqaləmin əsas tezisini - hesabat məqamını davam etdirsək, elə son beş ildə də Zemfira xanımın həyatında, yaradıcılığında qeyri-adi yeniliklər olub. Yeni kitablar, çıxışlar, görüşlər, tədbirlər və s. Amma ən vacibi musiqişünas-alimin azad Qarabağın musiqi xəzinəsi haqqında kitab nəşr etməsidir. Bu mənada Vətənin qələbəsi onun bütün cəbhələrində mübarizə aparanların, elə akademik Zemfira Səfərovanın da qələbəsidir. Bu, ayrıca məqalənin, araşdırmanın mövzusudur. İndilikdə isə əziz Zemfira xanımı yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, məqaləmi "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirəm.
Yuvarlaq rəqəmlər hesabat tələb edir insandan. Sanki bir anlıq nəfəs dərmək, keçmişə boylanıb elədiklərinə baxmaq, ya da "düz yaşadımmı?" sualına cavab axtarmaq üçündü yubileylər.
Vaxt sayğacının sürətlə, fasiləsiz işləməsi hüzn gətirir, nostalji keçirirsən, illərin o tayında qalmış adamlardan ötrü darıxırsan, qəribsəyirsən də bir az. Zaman kimlərisə alır əlindən, ölüm əbədi ayrılıqların sayını artırır, həyat qəlizliyi ilə yorur da bəzən! Yaşa dolduqca sevincin azalır, qayğın artır, yükün çəkilməz olur... Hələ üstəlik, kütlə deyilən toplumdan seçilirsənsə, hamı kimi yaşamaq fikrin yoxdusa, axına qarşı getmək istedadın varsa, heç kəsin bacarmadığını etməkdə iddialısansa... Bax onda işin, yəni həyatın yüzqat çətinləşir! İl-ildən sevinc "bahalaşır", rahatlıq əlçatmaz olur. Daha çox xərclənməli, daha artıq zəhmətə qatlaşmalı olursan! Zamanını, sağlamlığını xərcləyirsən... Amma dayanmaq, nəfəs dərmək də istəmirsən. Çünki hər yeni uğurun, nailiyyətinlə yeni hədəflər, yeni məqsədlər açılır qarşında.
Və günlərin birində yeni bir yuvarlaq rəqəmə çatınca, fikrə gedirsən... Dəyərdimi? Bir an da düşünmədən "bəli, dəyərdi" - deyib cavab verirsən. Bax budur qələm adamının üstünlüyü. Yazılardan, kitablardan, əsərlərdən savayı hər şey mirasdı. Topladığın sərvət də, qazandığın maddiyyat da sənin üçün deyil. Səndən sonrakılara qalır, bəzən heç qalmır da, dağıdılır, talan olur. Qələm adamının isə əbədiliyə, ölməzliyə iddiasıdır yazdıqları. Əslində, elə yazılanlar da sonrakı nəsillər üçündür, onlara ötürülür, amma yenə də sənin adınla, imzanla... Söhbət əlbəttə ki, iddiası yazdıqlarının topuğuna çatmayan cızmaqaraçılardan getmir... Sözün əsl mənasında gördüyü işin fədaisi olan adamlardan gedir. Zemfira Səfərova kimi!
Musiqişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, Əməkdar elm və incəsənət xadimi Zemfira Səfərovanın bu gün 80 yaşı tamam olur. Bütün bu titulları, fəxri adları sadalamaqda niyyətim 80 ilin əsas nailiyyətlərini göstərmək deyil. Bu adlar, vəzifələr, mükafatlar əslində böyük, çox böyük zəhmətin təvazökar bir bəhrəsidir. Zemfira xanımın bioqrafiyasına, yaradıcılığına nəzər salanda bütün bu işlərin insan ömrünə sığışmasına, həm də zərif bir xanımın bunların öhdəsindən gəlməsinə heyrətlənməyə bilmirsən. Sirr nədədir görəsən? Güc, iradə, cəsarət, işinə sevgi, özünə dəyər, qorxmazlıq... Yaxud bütün bunların cəmi. Hər halda Zemfira Səfərovanın gördüyü işlər bunu deyir. Həm özünün yazdıqları, həm də haqqında yazılanlar bu son dərəcə istedadlı, öz işinin peşəkarı olan xanımın iradəsindən, böyük məsuliyyətindən xəbər verir. Elə özü də müsahibələrindən birində "Ömrüm boyu mənə xarakterim və yüksək məsuliyyət hissim kömək olub" - deyir. Məncə, bu təvazökar siyahıya cəsarəti də əlavə etmək mütləqdir. Çünki indi yox, hələ lap erkən gəncliyindən Zemfira xanım elə yüklərin altına girib ki... Musiqişünaslıq tarixində, elmində bir çox ilklərə imza atıb, yeniliklər edib və bunları inamla, özünə, tutduğu yola əminliklə həyata keçirib.
Hər şey ordan başlanır ki, 1945-ci ildə, balaca Zemfira gözəl səsi olan, dahi bəstəkarı "Qaragöz" mahnısını yazmağa ilhamlandıran anası Cəvahir xanımla "Koroğlu" operasına baxmağa gedir. Üzeyir Hacıbəyovu görür orda... "Ardı yaşanılır" xatirələr kitabında Zemfira xanım bu qısa görüşü belə təsvir edir: "Lojada Üzeyir bəyi görəndə o mənə dedi: "Bax o lojada əyləşən Üzeyir bəydi". Mən o vaxt dahi bəstəkarı birinci və axırıncı dəfə gördüm". Əslində isə Zemfira xanım dahi bəstəkarla hələ çox "görüşəcəkdi", çox dərdləşəcəkdi, ömrünün ən gözəl illərini ona sərf edəcəkdi. O qısa görüşü isə sanki Tanrıdan göndərilən ismarış da saymaq olar. Amma həm də uzun və çətin yolun başlanğıcı... Elə həmin ildən başlanır o yol. Zemfira xanım əvvəlcə Konservatoriya nəzdindəki (indiki Bülbül adına) Musiqi Məktəbini, sonra Konservatoriyanı Musiqi nəzəriyyəsi ixtisası üzrə əla qiymətlərlə oxuyub bitirir.
Zemfira xanımın həm ciddi, çoxşaxəli elmi araşdırmalarını, həm kiçikhəcmli məqalələrini, həm də "Ardı yaşanılır" bioqrafik əsərini oxuduqca başa düşürsən ki, burda təsadüfi heç nə yoxdur. Yəni sanki lap əvvəldən cızdığı, düşündüyü plan üzrə yaşayıb bu insan. Və qarşısına məqsəd qoyub; yalnız dəyəri olanı təbliğ etmək, inandığını demək və heç vaxt kiməsə, nəyəsə görə danışmamaq. Yəqin ki, bu həqiqətsevərlik, dürüstlük elə ailədən, tərbiyədən gəlir. Atası, neftçi-alim, Neft daşlarının ilk yaradıcılarından biri Yusif Səfərovun çətin həyatı, dövrün qəlizlikləri ucbatından yaşadıqları - sürgün, həbs heç şübhəsiz ki, bu evdə böyüyən uşaqların da xarakterinə təsir edib. "Ardı yaşanılır" kitabında atasının sürgündən qayıdışını müəllif son dərəcə prozaik şəkildə təsvir edir. Amma mənə görə ən təsirli olan Yusif Səfərovun öz nüfuzundan istifadə edib, əla oxuyan qızını məktəbi bitirəndə qızıl medal alması üçün tapşırmamasıdı. Görünür, Zemfira xanımın həyatı boyu üzləşəcəyi haqsızlıqlar o zamandan başlanıb, elə bu haqsızlıqlarla mübarizə də... Həm də heç kəsə yox, məhz özünə, öz gücünə arxalanaraq mübarizə...
1962-ci ildə dahi bəstəkar Qara Qarayevə imtahan verib aspiranturaya daxil olan Zemfira Səfərova elm yoluna qədəm qoyur. Bitib-tükənməyən, sonu görünməyən, zaman və zəhmət tələb edən, amma həm də çox şərəfli işi - musiqimizin tarixini, nəzəriyyəsini araşdırmağı öz boynuna götürür. "Üzeyir Hacıbəyovun musiqi estetik konsepsiyası" mövzusunda dissertasiya müdafiə edir.
Sənətşünas-alim Aida Tağızadə Zemfira xanım haqqında qələmə aldığı "Ömrün bəhrəli çağları" məqaləsində yazır: "Z.Səfərova musiqi sənətinin müxtəlif sahələrində ilk təşəbbüslər etmiş, bunun da nəticəsində çoxşaxəli yaradıcılığa malik cəfakeş, təmkinli, təvazökar, istedadlı tədqiqatçıdır". Əslində, Zemfira xanımın ömrünün "bəhrəsiz çağını" tapmaq mümkünsüzdü, çünki elə sadəcə, əsərlərinin biblioqrafiyasına nəzər salanda fasiləsiz işlədiyini, yeni-yeni mövzular ətrafında araşdırmalar apardığını görürük. Həm də bunlar elə-belə, sadə məsələlər deyil. Səfiəddin Urməvi, Mir Möhsün Nəvvab, Əbdülqadir Marağayi, Üzeyir Hacıbəyov, Qara Qarayev, Cabbar Qaryağdıoğlu və başqa bu kimi sənətkarların yaradıcılığını araşdıran alim musiqişünaslıq elmində bir çox ilklərə imza atıb. Və təsadüfi deyil ki, bu böyük işləri Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Tofiq Quliyev kimi bəstəkarlar dəyərləndirib, məqalələr yazıb, çıxışlar ediblər.
Dahi Üzeyir Hacıbəyovun əsərlərinin akademik nəşri də Zemfira xanımın adıyla, zəhmətilə bağlıdır. Hələ 1985-ci ildə, bəstəkarın yüz illiyi ərəfəsində gənc xanım bu məsuliyyətin altına girib və işin öhdəsindən uğurla gəlib. Bu faktları sadaladıqca düşünürəm ki, əsas şərt vətəninə, millətinə sevgidir... Həm də başqasının bunu bacarmayacağını, etməyəcəyini dəqiq bilir Zemfira Səfərova. Eyni zamanda, bütün bu məsələləri, problemləri, araşdırmalarını beynəlxalq aləmə çıxarması da xüsusi vurğulanmalıdır. Elə Üzeyir bəy haqqında yeddi dildə çıxan kitab, həmçinin müxtəlif şəhərlərdə, Səmərqənddə, Tbilisidə, Parisdə, İstanbulda, Kayseridə, Ankarada, Tehranda, Sankt-Peterburqda edilən məruzələr musiqimizin təbliğatı istiqamətində böyük işlərdir. Vətənpərvərlikdən danışmışkən "Qarabağın musiqi mədəniyyəti" məqaləsini də xüsusi qeyd etmək istərdim. Həm də Zemfira xanımın bu məqaləni çətin, itkilərlə dolu 93-cü ildə yazması da çox mühüm məqamdı.
Musiqişünaslar Zemfira xanımın uzun illik araşdırmalarının, əsərlərinin dəyərini, əhəmiyyətini daha yaxşı bilirlər əlbəttə. Amma mənə elə gəlir ki, bu əsərlər sadəcə millətini tanımaq, dərk etmək istəyən, zəngin mədəniyyətindən xəbərdar olmaq istəyən hər kəs üçün əhəmiyyətlidir. Şəxsən mənim üçün "Dədə Qorqudun musiqi dünyası", "Füzuli və Azərbaycan musiqisi", "Musiqi və ədəbiyyatın vəhdəti", "Rəsul Rza və musiqi" kimi məqalələri xeyli maraqlı və faydalıdır. Və bu məqalələri oxuyarkən müəllifin təkcə musiqi yox, həm də söz duyğusuna, ədəbiyyat bilgilərinə heyrətlənməyə bilmirsən. Elə "Ardı yaşanılır" xatirə-memuarının da son dərəcə təsirli, maraqlı yazılmasının əsas səbəbi söz duyğusudur. Müəllif bu əsərlə sadəcə öz həyatını, keçmişini, yaşantılarını yazmır, həm də dövrün mənzərəsini yaradır.
Yazımın əvvəlində yuvarlaq rəqəmlərin insandan hesabat sorduğunu söylədim. Yəqin, Zemfira xanımın bu yubileyinə aid "hesabatı" çox geniş və irihəcmli olar. Gördüyü işləri, yaşadıqlarını, kitablarını, yetişdirdiyi alimləri bir yox, bir neçə kitabla ifadə etmək lazım gələr. Amma yalnız bunlardımı onun qazancı? Heç şübhəsiz ki, yox. Əslində, ömrünü elmə, sənətinə həsr edən insanlar tarixdə çox olub. Amma bu adamların çoxu birtərəfli həyat sürüb. Yəni özünü, şəxsi həyatını kənara qoyub, zamanını yalnız sənətinə həsr edib. Zemfira Səfərovanın qeyri-adiliyi bütün bunları - həm şəxsi həyatını, həm də sənətini birgə, bütöv YAŞAMASIDIR. Mən yaşamaq sözünü təsadüfən böyük hərflərlə yazmıram. Çünki zamanını keçirmək, vaxt öldürmək, illərini bada verməklə sözün əsl mənasında yaşamaq xeyli fərqlənir. Zemfira xanımın isə "yaşayışı" çoxşaxəlidir. Həm ailəsi, əzizləri, doğmaları, həm də elmi araşdırmaları, kitabları, ictimai fəaliyyəti... Bu isə hər Qadının yaşaya biləcəyi həyat deyil...
Yanvar ayında yazıçı Anarla Zemfira xanımın evliliyinin 55 illiyi tamam oldu. Ustad Anar Zemfira xanım haqqında yazdığı məqaləsində həyat yoldaşını həm çətin, həm də xoşbəxt günlərinin rəfiqəsi adlandırır. Zemfira xanım istər Anar haqqında məqalələrində, istərsə də müsahibələrində belə böyük istedad sahibi ilə bir damın altında yaşamağın zövq, rahatlıq olduğunu qeyd edir. Hələ musiqi məktəbindən bir sinifdə oxuyan, sonralar da yolları ayrılmayan, ailə quran, övlad, nəvə, nəticə sahibi olan bu iki ziyalını bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdü. Və doğrusu ayırd etmək çətindir, kim kimə daha çox təsir edib? Ədəbiyyatımızda ən fərqli xarakterli qadın obrazlarının yaradıcısı olan Anar gözünü açıb bu qadını görübsə... Daha doğrusu, o məktəb partası arxasında gördüyü uzun hörüklü qız onunla birgə, gözünün önündə böyüyübsə... Demək ki, o yaratdığı, yazdığı qeyri-adi qadınların hər birində Zemfira xanımdan nə isə var... Eyni zamanda, dərin intellekt sahibi olan, sənətə baxışı ilə, analitik düşüncəsi ilə heç kəsə bənzəməyən Anarın Zemfira xanımı elmi araşdırmalarında ilhamlandırması da şəksizdir... Bu mənada həyatda təsadüfi heç nə yoxdur.
Bütün bu sadaladığım və sadalamaqla bitməyən uğurlar, nailiyyətlər yarımçıq olardı... Əgər Tural və Günel olmasaydı! Zemfira xanımın bioqrafik memuarından da bu fikir duyulur... İki istedadlı, bacarıqlı, cəmiyyət üçün gərəkli övlad böyütmək sadə məsələ deyil. Həm Tural Anaroğlu, həm də Günel Anarqızı cəmiyyətdə özlərinin bacarıqları, istedadları, yazdıqları əsərlər, müəllifləri olduqları layihələrlə tanınır, sevilirlər. Turalın uğurlu diplomatik fəaliyyətindən başqa həm də maraqlı bir yazıçı kimi, satirik hekayələr ustası kimi ədəbiyyatda öz yerini tutması, Günelin isə müxtəlif dillərə çevrilən hekayələri ilə, redaktə etdiyi dərgiləri ilə, həmçinin müasir zamanla ayaqlaşan layihələri ilə nüfuz, söz sahibi olması onlardan daha çox, Anar müəllimin, Zemfira xanımın sevincidir.
Zemfira xanım "Ardı yaşanılır" kitabında həmişə sevinci kədərlə, qazancı itkiylə qoşa, yanaşı yaşadığını yazır. Bu il həm nəticəsinin dünyaya gəlməsi, həm də Akademiyanın həqiqi üzvü seçilməsi ilə əlamətdardır. Bir də yubiley... Arzum budur ki, bu böyük sevincləri kölgələyə biləcək kədər, narahatlıq Zemfira xanımın özünə, ailəsinə, əzizlərinə yaxın düşməsin! Həm də axı elə yazıçı Anarın da söylədiyi kimi...
Yaz ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!