Şeir ümidlərin ilğımı kimi... - Şahnaz Şahinin şeirləri haqqında qeydlər - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Xatirə forması yalnız keçmişin yaşantıları deyil, bir könül təcrübəsidir. Ömrün təcrübəsi yaddaş çatlarında, könül yaddaşı isə nəfəsdədir. Şeir nəfəsin ifadə formasıdır. Ona görə də Şahnaz xanım misralarını qırıq-qırıq, pauzalarla verməyi sevir. "Yadındamı qarışqaların/ Yuvasını dağıtmağın./ Səni vurmasın deyə/ Pətəyini oda bükdüyün/ arılar/ Elə bilirsən səni/ unudublar?.."

Şahnaz Şahinin xatirə yaddaşının və şeirlərinin məkanı "ikiadamlıqdır". Bütün etiraflar, ritorik suallar əslində "o adama" ünvanlanır. Hətta Tanrıya verdiyi sualların arxasından da "o"nun obrazı boylanır, ömründən çıxıb getmiş adamın adı səslənir:

 

Bu gecə də gətirmədi səni.

Hirsindən it kimi

uladı küləklər.

Dəyişmədi əynini

otağım

Altında xəzəl kimi

əzildi xatirələr

bir yataq xəstəsinin...

 

Şahnaz Şahinin etiraflarının ən etibarlı zamanı gecədir. Gecə xəyalların, ağrıların, gümanların, ümidlərin sözə çevrilmə vaxtıdır. Bu şeirləri "gecə söhbətlər"i də adlandırmaq olardı. Ağrılar kimi, o "adamın" adı da gecələr oyanır. "Sözüm sözə baxmayanda/ Hirsimi bu gecədən çıxardıram".

Şahnaz Şahinin "Atılmış uşaqlar" adlı şeiri var. Deyərdim ki, bu mövzuda yazılmış ən yaxşı şeirlərdən biridir. Bu tipli mövzuların adətən "sentimental havası" artıq olur, amma Şahnaz Şahin "kənara çəkilib", təsvir edə bilibdi.

 

Yatar anasını görər yuxuda

Oyanar, özünü tək görər uşaq.

Oynar buludların ətəkləriylə,

Yorulub Allaha söykənər uşaq.

 

Şair atılmış uşaq obrazını detalların dili ilə öz yaşantılarına inandıra bilir. Bəlkə də bu, şüuraltı "tənha qadın" obrazı ilə eyniləşdirməsindən irəli gəlir?

 

Səsi düşən yerdən sınar yuxusu,

Qalxıb dəli kimi qaçar qapıya.

 

Şahnaz Şahin ayrılıq və sevgi tarixçəsini təbii və səmimi danışır - ənənəvi qafiyələr sanki umurunda belə deyil, qulaq qafiyəsi də göz qafiyəsi "qonşu düşür", misranın sonunda rahatca "zühur edir".

 

Yaş ümidlər qoymuşam,

Tüstülənir ocaqda.

Kimsə üzümə durub,

Şər sovurur acıqla.

 

Taleyinin yığcam, obrazlı təqdimatı "ağac"la "ocağ"ın qafiyələnməsini mümkün edir. Mənalar sözlərin "səs ilgəyindən" asılır.

 

Sığalım daşına düşür

Bu qaralmış ocağın.

Hələ də silkələyirəm

Bar verməyən ağacı.

 

Bu cür "sərbəst" qafiyələnmə maraqlı ("çiçəkləyir" - "küləkləri") alliterasiya effekti yaradır: "Adını hər çəkəndə/ Al qanım çiçəkləyir./ Gözlərimdə başlayır/ İlahi eşq küləkləri.

Aşağıdakı bənddə "küləyi" və "hələ ki" sözlərinin qafiyə kimi "doğmalaşmasına" baxın: "Daha könlünü oxşamaz/ Bu sevdanın küləyi/ Paralel xətlər kimidi/ Yollarımız hələ ki..."

Şahnazın şeirinin sonu ilə deyil, ilk misrası ilə maraqlıdır. Şeirin bütün təhkiyə süjet sonunu ilk misranın havası çəkib aparır. İlk misra aşığın qəfil simə toxunması kimidir. Sirrini danışmaq istəyən adamın ilk cümləsi kimidir: qəfil və gözlənilməz. Misra onun hulqumundan necə rahat qopursa dodağında necə pıçıltıya dönürsə, elə də yazıya gətirir. Cəsarətlə deyərdim ki, Şahnaz xanım ilk misrasında qətiyyən saxtalığa yol vermir - bu, poetik mətnin əsas məziyyətlərindən biridir. Bu tezisin təsdiqi üçün istənilən şeirinə diqqət yetirməyiniz kifayətdir.

Şahnaz öz sevgi-ayrılıq tarixçəsini hissə-hissə, fraqment-fraqment . bu sevda hörgüsünün künc daşları misralardır. Hərdən mənə elə gəlir ki, şeirin özü də bəndlərə, beytlərə bölünmüş bütövlükdə bir misradır. Məhz bu misralar "gecə söhbətləri"nin "metaforik damarını" yaradır. Aşağıdakı örnəklərə diqqət yetirək: "Aç ver küləklər aparsın/ Vaxtsız böyüyən kölgəni"; yaxud: "Dodağım üstdə səyriyir/ Demədiyim söz yeri"; Ya da: "Payızda çiçəkləyir/ Sevgidən tutan əllər"; Yaxud: "Səni uşaq da tanıyar,/ Güzgülər yalan göstərir".

Şahnaz Şahinin sevdiyi poetik obrazlardan biri də şəkildir. Şəkil yalnız bir sevginin vizual tarixçəsi deiyl, həm də ayrılığın və faniliyin simvoludur. Şəkil obrazının su obrazı ilə yanaşı gəlməsinin də hər halda mifoloji qatı olması gərək.

 

Yuxum da bal dadırdı

Xoşbəxt idik ikimiz.

Oyandın suya düşdü

Bizim qoşa şəklimiz.

 

Yaxud

 

Tanrım tutmaz bu ahı,

Sevdik, sevildik... yuxu...

Su aydınlıqdı, axı,

Çək sulara şəklimi.

 

Hər sevən qadının yaddaşında kişi jestləri fərqli yaşanılır və xatırlanılır. Şahnazın unuda bilmədiyi taktil (toxunma) akt kişi əllərinin (və küləklərin) sığalıdır.

 

Əllərin qabar-qabar

Xoşbəxtliyi cızır yanağımda

 

yaxud

 

Toxunma, əlin üşüyər,

Belə, qışam, qadan alım.

 

Şahnaz xanım şeirlərini, etiraflarını ya qadın mutluluğunun mənasını və miqyasını anlamaq üçün, ya da içini ovutmaq, kiritmək üçün yazır...

Əslində bu etiraflar ömrüboyu dialoq arzusunda olan bir insanın monoloqudur. Hər gün, hər saat davam edən "dialoqun ilğımı"dır. Ona görə də bu şeirlər sonuncu susqunluğa qədər söyləniləcək...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!