Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları - Azər TURAN

Azər TURAN

 

Bu yazı Fateh Sultan Mehmet barədədir. Amma Selcuk Bayraktarın "Kızılelma" adlandırdığı PUA ilə bağlı xəbərin dövriyyəyə girməsi düşüncələrimi sövq-təbii qızılalmaya yönəltdi. "Kızılelma" PUA-sı Türk Cahan Hakimiyyəti məfkurəsini yenidən aktuallandırır. Çünki Qızıl Alma türk məfkurəçiliyinin, özünüdərkinin, qurtuluş (və birlik!) idealının müqəddəs simvoludur və o, hələ də fəthediləcək yerlərin varlığından soraq verir.

"Türk Cahan Hakimiyyəti məfkurəsi" kitabında Osman Turan yazır ki, "Ayasofiyanın önündə dikili bir sütun üzərində, at üstündə bulunan Konstantinin heykəlinin əlində qızıl bir küpə olub, Türk Qızıl Alması və cahan hakimiyyətinin hədəfi idi".

Bu gün Türkiyə həm də simvolların dili ilə danışır. Bakıda keçirilən "TEKNOFEST" Festivalına iki min kilometr səma yolunu qət edib gələn AKINÇI PUA-sının ardıyca Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə Selcuk Bayraktar yeni yaratdıqları "Kızılelma" PUA-sı barədə informasiya verdi...

Ziya Gökalpın 1912-cü ildə yazdığı "Qızıl Alma" poemasında Bakı türk dünyasının İstiqlal Beşiyi, Azərbaycan isə Turanın üç fışqıran qaynağından biri və birincisi kimi təqdim olunurdu. Qızıl Alma da Bakıdaydı... Ərtoğruldan 110 il sonra, yəni ötən həftə Qızıl Alma PUA-ları barədə məlumat da Bakıda verildi.

Konstantinopolda baş verən zəlzələdə indiki Çəmbərlitaşın üstündə qoyulmuş Konstantinin at belindəki heykəli əlində tutduğu kürə ilə birgə yerə çırpılır... Osman Turan yazır ki, "heykəlin və kürənin (qızılalmanın) düşməsi bir çox ölkələrin itirilməsinə, yəni türklər tərəfindən fəthinə və Bizans imperatorluğunun süqutuna bir işarət sayılmışdır".

1453-cü ildə İstanbul fəth olundu. "Ya İstanbul məni alır, ya mən İstanbulu" - deyən Fateh İstanbula can içrə canı (Hacı Bəktaşi Vəli) bilməklə daxil oldu... "Təcəlli eyləməzsən, pərdədə bən var ikən, // Şərti-izhari vücudumdur adim olmak bana". (Fateh).

Fateh dünyanın düzənini dəyişdi. Amerikanın kəşfinə vəsilə oldu. "Türklük, Əsgərlik və İstanbulda 31 mart vəqəsi" məqaləsində Əli bəy Hüseynzadənin yazdığı kimi, "Fateh Sultan Mehmet Avropaya ayaq basdı. İstanbul denilən "ikinci Romayı" aldı. Bütün Avropayı, o qoca aləmi titrətdi. Üzlərini Qərbə doğru çevirib, dənizlərdə ayrı sığınacaq ararkən Amerikayı kəşfə məcbur etdi".

Ardıyca Roma Papası II Pius Fatehə məktub göndərir: "Siz Şərqi Roma imperatorusunuz. Lakin bu, sizin qabiliyyət və dühanıza uyğun gəlməz. Qərbin və Şərqin - bütün dünyanın sahibi ola bilməniz üçün bir damla xaç suyu bəs edəcəkdir". (Ahmet Kabaklı "Alpərən"). Fateh Sultan Mehmet isə bir damla xaç suyunun hesabına baş verə biləcək cahan hakimiyyəti məqamına göz yumub atlarını İtaliya civarına sürdürür. Vəftiz olunarsa qarşılığında ona təklif edilən ümumdünya hakimiyyəti, cahan səltənəti gənc Fatehin başını dumanlandıra bilmir. Ekrem Memişin "Troya və Troyalılar" kitabında Mişel de Montenin bir mülahizəsi xatırladılır: "Türklərin Padşahı II Mehmet, Papa II Piusa bunları yazmış: Biz də italyanlar kimi troyalıların soyundanıq. Yunanlardan Hektorun qisasını almaq mənim qədər onlara da düşər".

Təkcə Konstantinopol deyil, Troya da Fatehin Qızıl Alma arealına daxildir. Beşir Ayvazoğlu "Tanrıdağından Hira Dağına" kitabında Stefanos Yerasimosun qeydlərini yada salıb: "Fateh Sultan II Mehmet şəxsi tarixçisi Kritovulosun anlatdığına görə, 1462-ci ildə Midillini almağa gedərkən Troyaya uğrayıb "İliada"da adları keçən qəhrəmanların məzarlarını aramış və yanındakılara, illərdən sonra olsa da, bu şəhərin və bu şəhərdə yaşayanların intiqamını aldığını söyləmişdir". Doğrudan da, intiqam almışdı. İsland ədibi və tarixçisi Snorri Sturluson 1222-ci ildə (!) qələmə aldığı "Edda" əsərində Troyanı "Türklərin vətəni" adlandırır...

1453-cü ildə artıq bürclərində bayquşlar ötən Konstantinopolu fəth edib onu mədəniyyət və eşq İstanbuluna çevirən gənc padşah saray hərəmlərində məst olmadı, əvəzində səltənət taxtında əyləşib qızılgül qoxladı... İlahi fərəh ona Peyğəmbəri xatırlatdı. Gül və Fateh qaynayıb-qarışdı. Evliya Çələbinin babası rəssam Sinan bəy venedikli Bellinidən fərqli olaraq, Fatehi Qızılgüllə birgə rəsm edib. Gül irfanda fərəh və peyğəmbərlik rəmzidir. Qızılgülün ətri, Peyğəmbərə cazibə və eşq Fatehin ruhuna Ağşəmsəddinin təlqinləri ilə saçılırdı. İstanbulun fəthi də bu irfan sirrinin içərisində gizliydi. "Aşiqsən məşuqa, ey Şəms, əgər, // Məşuqun sirrini pünhan eyləgil". Bunu Fatehə eşq əsrarını təlim edən Ağşəmsəddin deyir.

İtalyan rəssamı Zanoranın "II. Mehmetin Konstantinopola girişi" tablosunda ordunun önündə İstanbulu Fatehə təlqin edən Ağşəmsəddin addımlayır... Dünyanın ən gözəl çağları da elə o zamanlar olub. Şeyxlər saraya deyil, əksinə, sultanlar təkkəyə gəlib. Şeyx Ədabalı ilə Osman Qazinin, Ağşəmsəddinlə Fateh Sultan Mehmetin, Əziz Mahmud Xudayi ilə I Sultan Əhmədin... könül irtibatı Osmanlının təkcə mənəvi deyil, dövləti yapısının da təməlli qalmasında əsas amil olub... Sultan II Murad Bayrami Vəli ilə təkkədə görüşüb. Konstantinopolun fəthi ilə bağlı niyyətini Şeyxə söyləyəndə Bayrami Vəli ona "Padişahım, İstanbulu şahzadəniz Mehmetlə Ağşəmsəddin alacaqdır" - deyib.

Fateh sultandı, eyni zamanda Ağşəmsəddinin müridiydi. Bu silsilədə Fatehin Hacı Bayram Vəli ilə səhabə ruhu və əxlaqı Hacı Bayramın və Avni təxəllüsü ilə irfani şeirlər yazan Fatehin könül zirkrlərində əks olunub.

Bu, Hacı Bayram Vəlinin zikrlərindəndir:

 

Noldu bu gönlüm, noldu bu gönlüm,

Dərd ü qəm ilə doldu bu gönlüm.

Yandı bu gönlüm, yandı bu gönlüm,

Yanmada dərman buldu bu gönlüm.

 

Bu isə Avni təxəllüsü ilə şeirlər yazan Fatehin "Divan"ından:

 

Sevdün ol dilbəri söz esləmədün, vay gönül.

Eylədün kəndözünü aləmə rüsvay, gönül.

Sana cevr eyləmədə qılmaz o pərvay, gönül,

Cevrə səbr eyləyəməzsən nideyin hay gönül

Gönül, eyvay gönül, vay gönül, eyvay gönül.

 

Fateh, şübhəsiz ki, Ağşəmsəddinin yaratdığı şəmsiyyə təriqətində olub. Ağşəmsəddinə həsr olunmuş mənbələrin birində Fatehin belə bir etirafı var: "Mən şeyxə təzim eyləmədə ixtiyarsızam. Digər şeyxlər gəlib mənimlə söhbət edəndə onların əli titrər, Ağşəmsəddinlə söhbət eyliyəcək mənim əlim titrər". Bu, orta əsrləri sona çatdıran, Bizansı çökdürən, Şərqi Roma imperatorluğunu yer üzündən silən 22 yaşlı sultanın etirafıdır...

İtalyan intibahının klassikləri Leonardo da Vinçinin və Mikelancelonun ya Fateh, yaxud II Bəyazid tərəfindən İstanbula dəvət edilməsi tarixən təsbit olunmuş faktdır. Bəzi mənbələrdə isə Leonardo Bəyazidin dəvətinə razılıq versə də, Papanın təkidli etirazı ilə onun bu dəvətdən imtina etdiyi qeyd olunmaqdadır. Rus alimi Yevgeni Boqat "Leonardo dünyası" adlı kitabında daha real tarixi mənbəyə istinad edir, Leonardo da Vinçinin II Bəyazidə göndərdiyi məktubun mətnini təqdim edir: "Eşitdiyimə görə, Qalatadan İstanbula körpü çəkdirmək istəyirsiniz. Bu işdə sizə yardımçı ola bilərəm...".

Bəyazid Leonardoya "yox", - deyir, onu İstanbula dəvət etmir: "Şayət bunu qəbul edərsək, ölkəmizdə üslub və ruh etibarı ilə kilsə memarlığının təsirinə düşmüş bir üslub hakim olar, öz islam memarlığımız inkişaf etməz və nüfuz qazanmaz".

Orta əsrlərdə türklərin Qızıl Alması Romadaydı.

Hətta İstanbulun fəthindən sonra bəziləri Fatehi Şərqi Roma imperatoru kimi görür. Amma Zəki Vəlidi Toğan deyir ki, "kəndi mazisini (keçmişini) əski zamanlarda Batı (Qərb) heyranlığı içində keçmiş kimi zənn etmək türkiyəli aydınlarda da vardır. Türk aydınlarından bəzilərinin Fateh Sultan Mehmeti Avropa, bilxassə İtaliya Renessansının aşiqi kimi görmək istəmələri tarixə uyğun deyildir. Fateh mənsub olduğu islam mədəniyyətinin tam bir müməssili idi, o Avropalıların mədəniyyətinə yuxarıdan baxır və öz mədəniyyəti ilə qürur duyurdu".

Fatehin dünyanı vəcdəgəlmiş ruhani bir enerji ilə ram edə bilməsinin səbəbini Əhməd Kapaklı belə şərh edib: "Ağşəmsəddin əfəndinin önündə diz çöküb haqq divanına durmağı sarayında kef çəkməkdən üstün tutan, İstanbulun fəthi sabahı Topqapı ordugahında yüz minlərlə əsgərinə, bəyinə, paşasına imam olub zəfər namazı qıldıran odur... Amma dualarla, təkbirlərlə bərabər Urban ustaya, Müslihiddin bəyə tökdürdüyü topları Bizansın qatil bürclərinə yönəldən də Sultan Mehmet olub. Dolmabağçadan Bəyoğlu təpələrinə gəmilər çıxarıb donanmanı xizəklərlə Halicə endirən də yenə odur. Yəni məna-maddə birliyini, örnək tutduğu Peyğəmbərimiz kimi o da saxlamış, uyğulamış, Alpərənlik törəsinin timsal insanı olmuşdur".

 

Saqiya, mey ver ki, bir gün laləzar əldən gedər,

Gün irər fəsli-xəzan, bağü bahar əldən gedər.

...Gırrə olma, dilbəra, hüsn ü cəmala qıl vəfa,

Baqi qalmaz kimsəyə nəqş u nigar əldən gedər.

Yar üçün əğyar ilə mərdanə cəng etsəm gərək,

İt kimi murdar rəqib ölməzsə yar əldən gedər.

 

22 yaşlı Osmanlı sultanının şeiridir. Avni belə düşünürdü. Sultan Mehmet Yar üçün əğyarla cəng edib İstanbulu fəth edir və ona öz ruhunun möhürünü vurur.

Nihal Atsız yazır: "Fatehin adını İstanbula verib onu Fatehkənd adlandırsaq yenə də azdır". Atsız haqlı olsa da Fatehin şəxsiyyəti bir şəhər, bir İstanbul, bir Ayasofya, bir Türkiyə tarixi ilə məhdudlaşan hadisə deyil. Fateh böyük bir tarix çevrəsinin, yeni dünya düzəninin banisidir. 1453-cü ildən etibarən dünyanın Fateh dövrü başlayır və hətta bir neçə ictimai formasiya, Xristofor Kolumb, Amerika bu dövrün içərisində cərəyan edir. Dünyanın siyasi ahəngi, mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı münasibəti Fateh dövrü ilə yeni məzmun kəsb edir, sonrakı fəlsəfələr, müharibə və inqilablar Fateh dövrünün təsiriylə baş verir. Yahya Kamal Bayatlının "Əziz İstanbul" əsərində yazdığı kimi: "İstanbulun fəthi mənəvi bir hadisə olaraq çox dərindir, siyasi, hərbi, milli və mədəni təsirləriylə hüdudsuz bir qiymətə malikdir".

 

Tanmıdır etsə gönül naləvü əfğan bu gecə,

Gəlmədi məclisə ol dilbəri-fəttan bu gecə.

...Nə əcəb ağlar isə bülbüli-can, çünki gəlib

Gülüb əylənmədi ol yüzi gülistan bu gecə.

 

Fatehlər heç zaman gənc olmur... Arif Nihat Asya demişkən:

 

...Üzünə çarpmaq gərək zəmanənin fəndini,

Göstər qabaran sular nasıl yıxar bəndini;

Kiçik görmə, xor görmə dəliqanlım kəndini,

Şu qırıq abidəni yüksəldəcək daşdasan,

Fatehin İstanbulu fəth etdiyi yaşdasan!

 

Şu kitablar Fatehdir, Səlimdir, Süleymandır,

Şu mehrab Sinanüddin, şu minarə Sinandır.

Haydi, artıq uyuyan dastanını oyandır!

Bilməm nədən gündəlik işlərlə təlaşdasan,

Qızım, sən də Fatehlər doğuracaq yaşdasan...

 

Fateh 48-dən bir az artıq yaşayıb. "Quran"ın  48-ci surəsi Fəth surəsidir. Hələ Peyğəmbərə istinad edilən belə bir hədis: "Qənstəntiniyyə (Konstantinopol, İstanbul), əlbəttə, fəth ediləcəkdir. Onu fəth edən komandan nə gözəl komandan, onu fəth edən əsgər nə gözəl əsgərdir".

 

***

İstanbulda Laləli səmtindəydim. Bir az aralıda Fəth Şəhidlərinin uyuduğu kiçik bir bağça var. 1453-cü ildə İstanbulun fəthi zamanı ilk şəhid olan 18 alpərənin məzarı burdadır...

1453-cü ildə olduğu kimi, bu gün də Ayasofyada azan verilir...

Türk hərbinin son nailiyyətlərindən biri isə ötən həftə təqdim olunan Kızılelma PUA-larıdır...

 

1 iyun 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!