Rahid ULUSEL
Anarın "Həyatımın Kitabı" adlandırdığı, ömrünün 55 ili boyunca - 19 yaşından üzü bəri yazıb toplayaraq 3 ilə çap etdirdiyi 3000 səhifəyə yaxın iri formatda 3 cildlik "Literatura, İskusstvo, Kulğtura Azerbaydjana" əsəri yalnız həcminə görə deyil, daha çox ideya miqyasına görə fikir tariximizdə ilk sınaq və böyük hadisədir. Müəllifin "Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyətinin əsl dəyərləndiricisi", ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə həsr etdiyi bu üçcildliyini onun ədəbi-estetik ensiklopediyası da, mədəniyyətimizin məcnunnaməsi də, bir yazıçının düşüncə həyatı ilə Vətəninin tarixi taleyinə necə sarmaşdığını əks etdirən saqası da adlandırmaq olar. Ancaq bu epik siqlətli salnamə tarixin və müasirliyin diasinxronik müstəvisində Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyətinin mükəmməl obraz-mənzərəsini yaratdığı üçün, yəqin ki, onun adındakı üç sözün baş hərflərinin simvolikası - "LİK Azerbaydjana" ("Azərbaycanın Siması") müəllif qayəsini daha dolğun əks etdirir. Haqqında sanballı dissertasiyalar yazıla biləcək, ensiklopedik tutara malik Külliyyatın zəngin ədəbi-intellektual informasiya bazasında, doğrudan da, elmi-akademik sahə ensiklopediyalarının gələcəkdə ərsəyə gəlməsi də mümkündür. Axı, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti tarixində iz qoymuş elə bir klassik örnək, elə bir yaradıcı və yaradıcılıq nümunəsi yoxdur ki, burada Anarın diqqətindən kənarda qalsın. Xüsusilə, XX əsrin yaradıcıları, onun müasirləri. Hələ bu mənzərəni tamamlayan - dünya və ümumtürk mədəniyyətinin seçkinləri, siyasət, elm və mətbuat sahəsinin nümayəndələri.
Ədəbiyyat, incəsənət, mədəniyyət trilogiyası yaradan Anarın "universallığı" təsadüfi deyil. Axı, o, Azərbaycan ədəbiyyatında yeni yol açmış Rəsul Rza ilə Nigar Rəfibəylinin ailəsində böyüyərək, daim genişüfüqlü intellektual həyatın qaynağında yaşamış, Bülbül adına Musiqi Məktəbini gümüş medalla bitirdikdən, Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali filoloji təhsil aldıqdan sonra, Moskvada ali ssenari və rejissorluq kurslarını başa vurmuş, uzun illər Azərbaycanın mədəniyyət və dil siyasətində dönüş yaratmış "Qobustan" incəsənət almanaxına baş redaktorluq etmiş, teatr və kino yaradıcılığı ilə məşğul olmuşdur. 1991-ci ildən də ölkəmizin ədəbi həyatında çox əhəmiyyətli rolu olan Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir. Üstəgəl, böyük həyat təcrübəsi qazandıran millət vəkilliyi, ictimai-siyasi sferadakı fəaliyyəti. Buna görə də Anar trilogiyasının sənədli-memuar xarakteri, Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət, elm və mətbuat nümayəndələrinin real portretlərini yaratma sənətkarlığı ilə süslənməsi qabarıqdır.
Anarın üçcildliyi "Odlar yurdunun mənəvi zənginliyi" adlı proloq-esse ilə başlayır. Çünki yazıçı üçün Azərbaycan - təkcə gözəllikləri bərq vuran bir məmləkət deyil, xalçalarındakı ilmələrdən tutmuş, poeziyasındakı misralara, musiqisindəki xallara qədər özünü və dünyanı duyğusallaşdırmağa və dərk etməyə təşnə olan, zaman-zaman daşı qəlbə, suyu ruha, torpağı bərəkətə, qayanı Qobustana, ağacı qopuza, məzarı türbəyə, damı abidəyə, kişini ərənə, qadını xanıma, bəyi Atabəyə, aşiqi aşığa, həyatı sənətə, fikri ideyaya, hadisəni tarixə çevirməyi bacaran mənəviyyat ərazisidir. "Odlar Yurdu" Azərbaycanda təbii yanarlıq yaradıcı enerjiyə çevrilmək gücündə, landşaft, iqlim və rəng əlvanlığı, fizionomiya və çöhrə füsunkarlığı sənətin bütün dürlərini titrətmək sehrindədir. Bu enerji çox zaman gizlində qalmağı sevir və birdən..., yox, zühur etməyə zərurət duyan bir peyğəmbər kimi üzə çıxır, kükrəyir, tütəkdən Üzeyir Hacıbəyliyə, şeyxülislamdan Əli bəy Hüseynzadəyə, Molla Nəsrəddindən "Molla Nəsrəddin" dərgisinə, Babəkdən Şuşa fatehlərinə, miniatürdən, Sultan Məhəmməddən Səttar Bəhlulzadəyə, Toğrul Nərimanbəyova doğru yol gəlir. İşğallarda yağmalanır, repressiyalarda güllələnir də. Ancaq yenə sınmır, qatlandığı yerdən dikəlib "Odlar Yurdu" enerjisini oyandırır da.
Heç zaman sovrulmamış, sovrulmayan və sovrulmayacaq ruhumuzun Azərbaycan Vətənində mənəviyyat tariximizin bütün yaradıcı insanları Anarın ədəbi-estetik ensiklopediyasında bir yerdədir, çiyin-çiyinədir. Yazıçı bu doğma məkanın bütün ünlü yaradıcılarının bircə-bircə dolğun portretini yaradır. Həm də elə bənzərsiz portretini ki, universal Azərbaycan palitrasında onların hər biri seçkin obrazında, sənət mehvərində, üslub özgürlüyündə, şəxsiyyət bütövlüyündə görünür, tanınır. Yazıçı klassiklərimizə və onların əsərlərinə məhz ədəbiyyat, incəsənət və mədəniyyət tariximizin bir parçası kimi, fəqət tamamilə yeni ədəbi-estetik nəzərlə baxdıqca və xüsusilə çağdaşları ilə öz şəxsi və yaradıcı münasibətlərinin incəliklərinə, bəzən də qeyri-adiliyinə, gözlənilməzliyinə vardıqca, bu mənzərə daha parlaq, daha canlı cizgilər alır. İndiki coğrafi sərhədlərimizin bitdiyi yerlərdən o yana da Azərbaycan genişlənir, böyüyür, qol-budaq atır: İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin dəfn olunduğu yurdlara, əqidəsindən dönməyən mühacirlərimizin, repressiya qurbanlarının səpələndiyi, itkin düşdüyü, İkinci Dünya müharibəsində həlak olan on minlərlə azərbaycanlı əsgərin uyuduğu torpaqlara - Sibirdən Avropaya qədər...
Azərbaycana atəşpərəstlər Hindistandan, səyyah və ədiblər Avropadan gəlirdilər. On min illik tarixi olan Qobustanla modern Bakının arası 40 kilometrdir. Anar doğru qeyd edir ki, Azıxdan başlayaraq planetin ən arxaik insan məskənlərindən biri olan Azərbaycan erkən mədəniyyətlərin təşəkkül tapdığı çağlardan üzü bəri "bəşəriyyətin ən qədim sivilizasiya ocaqlarındandır" (I c., s. 9). Buna görə də Anarın çevik manerası, tez-tez Azərbaycanın hüdudlarından kənara çıxaraq, bizim milli mədəniyyətimizin çevrəsində tarixən və indi nə baş verdiyinə də diqqət çəkir, sivilizasiyalararası münasibətlərin arxitektonikasında yerimizi arayır, tutuşdurmalarla ədəbi-bədii düşüncə və sənət dəyərlərimizin sanbalını müəyyən etməyə çalışır. Yazıçının "Şərq miniatürü haqqında düşüncələr. Qərb rəssamlığı ilə müqayisədə" essesi kulturoloji komparativistikanın orijinal örnəyi olaraq, Şərqdə və Qərbdə təşəkkül tapan mədəniyyət düşüncəsinin genezis və tipologiyasına, klassik sənət məktəblərindən müasir sənət axtarışlarına, modernləşmənin müxtəlif axınlarının gəlişməsinə doğru uzanan yolların necə çulğaşdığına aydınlıq gətirir. Özü də konkret əsər və yanaşmaların yorumu ilə. Nəzəriyyə və praktikaya istinad etməklə.
Doğrudan da, davamlı tarixi interaksiya proseslərinin bütün mərhələlərində Şərq və Qərb sivilizasiyaları bir-birini qidalandırmış, təcrübələndirmiş, irəli təkanlamış, itələmiş və cəzb etmişlər. Şərq və Qərb, Cənub və Şimal özünəməxsus rəngarənglikləri ilə qlobal sivilizasiyanın seqmentlərini təşkil edərək, onun planetmiqyaslı polifoniyasını yaradırlar. Şərq - dünyanın daha çox mənəvi münasibətlərində, Qərb isə - maddi münasibətlərində dəyişiklik yaratmışdır. Buna görə də Şərq - mədəniyyət, Qərb isə - sivilizasiya və texnosivilizasiya istiqamətində daha çox diferensial keyfiyyətlər əldə etmişdir. Şərq - mədəniyyətin əsas tələbi olan daxiləyönlü fəaliyyətə, özünükamilləşdirməyə, Qərb - sivilizasiyanın əsas tələbi olan xaricəyönlü fəaliyyətə, cəmiyyətitəkmilləşdirməyə üstünlük vermişdir. Bu səbəbdən Şərq fəlsəfəsi - İnsan konsepsiyasından, Qərb fəlsəfəsi isə - daha çox Şəxsiyyət konsepsiyasından çıxış etmişdir. Şərq rasionalizmindən fərqli olaraq Qərb rasionalizmi praktiki fəaliyyət müstəvisinə keçərək onu bütün istiqamətlərdə hərəkətə gətirir. Şərq - insan mənəviyyatının intibahı problemləri ilə, Qərb - cəmiyyət həyatının sosial reformasiyaları ilə məşğul olur. Şərq mədəniyyət düşüncəsi monoloji, Qərb mədəniyyət düşüncəsi isə dialoji modeldə quruluşlanır. Şərq monoloqunun zirvəsi - kamil insan fəlsəfəsi, Qərb dialoqunun zirvəsi - liberalizm və demokratiya prinsipləridir. Mono-loqos özüllü Şərqdən fərqli olaraq, məhz dia-loqos, tənqid və özünütənqid amili Qərb sivilizasiya düşüncəsinin mahiyyətinə çevrilir. Müasir Şərq özünün bütün tarixi və mənəviyyatı ilə bir yerdədir. Müasir Qərb isə bütün tarix və sivilizasiyasının transformasiya məkanıdır.
Şərq və Qərb sivilizasiyaları bugünkü qlobal hərəkatların başqalarını dərketmə üsulu kimi reallaşan proseslərində interaksiyasının iki başlıca effektiv formasını təyin edə bilir: 1) Qərb - Şərqdə Şərqi, Şərq - Qərbdə Qərbi; 2) Şərq - Qərbdə Şərqi, yəni özünü, Qərb Şərqdə Qərbi, yəni özünü daha optimal mənimsəmədə dərk edir. Şərq-Qərb sivilizasiyaları meqasistemi onların arasındakı münasibətlərin qarşılıqlı dərketmə zəminində genişlənməsi, dərinləşməsi ilə möhkəmlənir və bu tendensiya ilə qlobal sivilizasiya quruculuğunun bazisinə çevrilir. Anarın ümumbəşəri mədəniyyətin sərvətləri, tendensiyaları, ayrıca yaradıcılıq üslubları üzərində düşüncələri də "Unity in diversity" ("Müxtəlifliyin vəhdəti"), "Docendo discimus" ("Öyrədərək öyrənirik") prinsiplərinə uyğun, fərddən millətə qədər hər bir subyektin başqalarını tanıma və dərketmə təməlində inkişaf stimullarına yiyələnə bilməsini təqdir edir. İlham da, Peqas da - hücrədən, inzivadan çox, dəyərlərin bölüşüldüyü, dəyərlilərin seçilib arındığı ortamda cövlan edir.
Anar "İpək yolu" essesini 30 il bundan öncə yazıb. Ancaq konseptual ideya başlanğıcına malik olan bu yazının bir sətri də köhnəlməyib, əhəmiyyətini itirməyib. Anar hələ Azərbaycanın müstəqillik qazanmasından 4 ay sonra - 1992-ci ilin əvvəlində yazırdı ki, yalnız suveren türk dövlətlərinin "Vahid Mənəvi Məkan yaratması" onların mövcudluğunun şərtidir (III c., s. 559). Türk sivilizasiyası - dünya tarixində epizod deyil, hadisədir. Avrasiyanın özünü bütöv qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki prosesi məhz Türk sivilizasiyasının quruluşyaradıcı təbiəti ilə bağlıdır. Dünya türk milli dövlətlərinin birliyi ideyasının kökündə də bu dövlətləri yaratmış türk xalqlarının etno-genetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etno-mədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Qlobal inteqrasiya prosesləri dünya türk milli dövlətlərinin bir sistem olaraq həmin proseslərdə iştirak etməsini, müttəfiqliyin ən yüksək səviyyəsində öz bütövlüyünü və birliyini təzahür etdirməsini tarixi zərurətə çevirir. Süni sintezləşmənin birqütblü-piramidal stixiyasından qorunmaq, universal-qlobal sivilizasiya mühitində, planetin həyat rejiminin yeni məkan-situasiyasında yaşamaq və çiçəkləmək üçün Türk sivilizasiyasının kifayət qədər güclü potensialı vardır.
Anar türk dünyasındakı diferensial və inteqral özünütəşkil proseslərinə münasibət bildirərək göstərir ki, Azərbaycan bu proseslərin nəticələnməsində "həlledici körpü" rolunu oynayır (III c., s. 560). Böyük imperatorluq, çoxəsrlik dövlət, zəngin mədəniyyət təcrübəsi və çağdaşlaşma potensialı Türk sivilizasiyasına planetin sivilizasiyalar sistemində özünü qərarlaşdırmasına tam imkan verir.
Anar bu ideyanı dürlü esselərində davam etdirərək, Mədəniyyətlərin "İpək Yolu"na çıxır. Mədəniyyətlərin "İpək Yolu" - dünya miqyaslı orqanikləşmənin təməl yollarındandır. Bu Yol planetimizə onun Yaponiya proloqundan Britaniya epiloqunadək tamlığını və bölünməzliyini duyurur, onu parçalayıb tikə-tikə udmaq istəyənlərə "inteqralkontinentallıq" gerçəyi ilə sinə gərir. Bizim Qalaktikanın - Süd Yolunun Günəş ailəsinin Yer planetində İnsan yaratdığı mədəniyyətlə - İpək Yolundan Süd Yoluna çıxmaq imkanları ilə Kainat Ruhunun həyat proseslərini öz varlığında yaşadır və kamilləşdirir. Subyektlərinin hərb yönündə tarixi təcrübəsinin daim dolanan çarxını - savaşı sinirlərində hifz edən Yer sivilizasiyasının özək psixologiyası - qorxudur. "Qorxu kompleksi" nəinki burada insanların bir-birinə qarşı, həm də kosmik həyat alternativlərində "yerdənkənar sivilizasiyalara" qarşı özünü hazır vəziyyətə gətirmək yollarını arayır, proqnozlaşdırır. Yer sivilizasiyasının missiyası isə onu dramatik kosmos məkanlarında belə yenilməz edəcək - mədəniyyətdir, mədəniyyəti çiçəkləndirmək, onu həm ozon qatı kimi İncə Zirehə, həm də Böyük Dialoq vasitəsinə çevirməkdir. Anarın üçcildliyini süsləyən esseləri onun həm özü ilə, həm çağdaşları ilə, həm də zamanın keçmişdən gələcəyə doğru yolunda karvan-karvan nəsillərlə dialoqudur.
Məhz bu baxımdan yanaşdıqda, Anarın "Azərbaycanın siması"nı əks etdirən trilogiyasının, mənim fikrimcə, başlıca monumental ideyası da üzə çıxır:
Mədəniyyət - canlı bir orqanizmdir. Orqanlarının sağlamlığı və onlar arasındakı əlaqələrin sağlamlığı - mədəniyyət orqanizminin yaşam və inkişaf şərtidir. Qan dövranı, maddələr mübadiləsi ilə sağlam mədəniyyət orqanizmi sağlam düşüncənin də, onun daşıyıcısı olan sağlam millətin də varlıq şərtidir. Mədəniyyətini yarada bilməyən cəmiyyət - əhali olaraq qalır. Mədəniyyətini yarada bilən cəmiyyət - özünüyaratmanın həlledici toplumsal mərhələsini adlamış olur. Ona görə də millət və mədəniyyət - biri-birini yaradan, biri olmayanda o biri də mümkün olmayan Can və Ruh kimidir. Ona görə də millət və mədəniyyət - dövlət və siyasətin təməlidir. Buradakı boşalma və sınmalar bu dörd başlanğıcın hər zaman bir-birindən qopması təhlükəsini yaradır. Baxın dünyanın ardıcıl böhranlar yaşayan tezsınar-kövrək dövlətlərinə (fragile states). Görəcəksiniz ki, onlarda bu dörd başlanğıcdan hansısa ya özülsüzdür, ya yarımçıqdır, ya da yerli-dibli yoxdur. Nə mutlu ki, biz bu dörd başlanğıcın dördünə də sahib olan Azərbaycanıq (amma necə amansız, necə ağrılı tarixi sınaq və sarsıntılardan keçərək!). Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, milli humanitar siyasətin, milli ideologiya quruculuğunun böyük məsuliyyətini dərk edən Anar şəhadət barmağını "Azərbaycanın siması"ndakı bu gerçəyə tuşlayır. Dəyərlərimizdən muğayat olaq! Dəyərlilərimizdən muğayat olaq!
Anar sağlam və qüdrətli Azərbaycan mədəniyyətini getdikcə daha kamil sənətkarlıqla, daha incə məharətlə, daha cilalı yönləri ilə, aramsızca yaratmağın və yaşatmağın qaçılmaz zərurətini də bunda görür:
Dünya mədəniyyət tarixinin sınanmış təcrübəsi arxamızda deyil, önümüzdədir: həmin təcrübə - doğuluşundan belə ayrılmaz olan ədəbiyyat, incəsənət və mədəniyyətin orqanikasını vücuda gətirənlərin sıx yaradıcı münasibətləri zəminində ərsəyə gəlir. Bu qaynar mühitin şairi filosofundan, alimi memarından, rəssamı bəstəkarından ... aralıda dayanmır. Onlar bu orqanikanı (elə Baxın orqanda çalınan fuqası kimi!) birgə yaratdıqlarını və yaratmalı olduqlarını bütün sinirləri ilə hiss edirlər. Birgə hərəkatı onların oxşayışlarına deyil, epiqonçuluğuna deyil, bənzərsizliyinə şərt olur. Universal mühiti onların fərqli yaradıcılığının estetik polifoniyasını törədir. Bəzən bir məmləkətdə, bir şəhərdə, bir mədrəsədə, bir universitetdə klassiklər bir-birilə nəfəs-nəfəsə, bəzən bir-birilə gərgin, hətta düşmənçilik münasibətlərində, bəzən də bir yerdə, fəqət tək-tənha... yaşayıb yaradırlar. Çjou xanədanlığının dövlət arxivində görüşən Lao Tsı Çin və Konfutsi, antik fəlsəfənin klassikasını yaradan Platon Akademiyasının filosofları, İslam dini, fəlsəfəsi, elmi və poeziyasını vəhdətə yetirən Şərq ensiklopedistləri, Rumi və Təbrizi, Nəimi və Nəsimi, Florensiyanı, Vatikanı, Venesiyanı planetin muzeyinə çevirən Renessans yaradıcıları, bütün Avropanı yeni inqilabi düşüncənin fırtınasına bürüyən fransız maarifçiləri, alman romantizminin nümayəndələri, Napoleon müharibələri çağında İen Universitetini Almaniyanın mədəniyyət mərkəzi edən Fixte, Şellinq və Hegel, Berlin Universitetində bir yerdə çalışan Hegel və Şopenhauer (burada Şopenhauerin Hegellə müəllimlik rəqabəti onun özünün uğursuzluğu ilə nəticələnir), XX yüzilliyin ilk çərəyinin rus novatorları, mühacir ərəb romantikləri - "Suriya-Dağlıq Livanın azadlığı uğrunda İttifaq"da birləşən Cibran, Reyhani və Nuayme, Anarın da bəhs etdiyi Azərbaycan milli mədəniyyətinin yeni çağda inkişafına yol açan Füyuzatçılar və Mollanəsrəddinçilər, Üzeyir bəy Hacıbəyli məktəbinin yetirmələri, muğam və simfoniya kontrapunktunun virtuozları, dünyanın qlobal inkişaf proqramlarını hazırlayan Roma klubunun üzvləri, birgə elmi layihələr üzərində işləyən nobelçilər, qeyri-səlis məntiqin yaradıcıları və davamçıları (Lütfi Zadə və Rafiq Əliyev) kimi... Klassikanın yaranma tezliyi və sıxlığının eyni zamanda baş verdiyi və baş vermədiyi çağlar da olur. Bu da sanki kosmik proseslərin planetləşmə ritmi kimidir...
Anar möhtəşəm üçcildliyində klassikaya retrospektiv baxışı ilə birgə, XX əsr və XXI əsrin ilk əvvəllərini çevrələyən tarixi zamanda məhz Azərbaycanın ədəbiyyat, incəsənət və mədəniyyət həyatını yaradanların sıx qarşılıqlı münasibətləri təməlində ədəbi-mədəni-estetik polifonizmin yüksək nəticələrini ümummilli sərvət olaraq dəyərləndirir. Bu - bütövlükdə ulu mədəniyyətimizin varlığı, yüksəlişli perspektivi naminə Anarın meydana qoyduğu ciddi elmi-humanitar faktdır. Və o dəyərləndirmənin sətiraltında da Anar düşündürür: bax indi, yaşadığımız günlərdə, ümumən Azərbaycan mədəniyyəti məkanında bütün yönləri ilə onu inkişaf etdirəcək, avanqarda çevirəcək təkanverici ideyalardan yoğrulmuş, çoxspektrli baxış və yanaşmaların, hətta təzadlı mövqelərin qaynayıb-qovuşduğu, bəsiti, yarımçığı, ortababı deyil, dolğunu, bütövü, kristalı, seçkini irəli atan, şairli, alimli, memarlı, heykəltəraşlı, filosoflu, sosioloqlu, jurnalistli, rəssamlı, dramaturqlu, rejissorlu, bəstəkarlı ... yaradıcı mühitin orqanikası varmı?! Və əgər o kaldırsa və ya yoxdursa, neyləmək gərək?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!