Elnarə AKİMOVA
Adəmin (Nizami Hüseynov) adı son illər çağdaş ədəbi prosesdə postmodernist təmayüllü yazar kimi gündəmə gəlib. Öz absurd və ironiya yüklü hekayələri, çevik dili, məzmunlu mətnləri ilə hekayə janrının son illərdə daha aktiv fazada görünməsinə ciddi təkan verib. Nizaminin dünya ədəbiyyatı və milli nəsrin təcrübəsindən bəhrələnməklə öz üslubunu yaratma cəhdi onun gənc bir yazıçı olaraq daha böyük uğurlara imza atacağını müjdələyir.
"Prometey əfsanəsi" Nizami Hüseynovun ilk romanıdır. Amma romanın özünü də bir çox mövzuların işlənməsi, mətnə gətirilməsi mənasında ilk adlandırmaq olar. Bir əsr öncənin mənzərəsi, respublika quruculuğu, cümhuriyyət sevdalılarının fədakar ömrü, eyni amal yolunda aparılan mücadilələr, yarıda qırılan arzu və ümidlər, pərən-pərən düşüb cəlayi-vətən olmuş milli aydınlar, Sibirin buzlu cəhənnəmində olmazın işgəncələr görmüş millət fədailəri, mart soyqırımının qorxunc ağrılarını canına çəkmiş vətən, yurd aşiqləri. Xalqa dadızdırdıqları istiqlal eşqinə görə müxtəlif əzablar yaşamaqla cəzalandırılan bu insanlar XX əsrin prometey əfsanəsinin qəhrəmanları sayıla bilərlər: "Hər kəsin "kaş ki"ləri olur. Kimində az, kimində bütün həyatı boyu. "Prometey əfsanəsi" bir "kaş" romanıdır - arzuların çin olmadığı, bir millətin alovunun necə söndürüldüyünü ifadə edən roman".
Nizami Hüseynov tariximizin mürəkkəb ziddiyyətli proseslərlə zəngin bir dövrünün üzərinə fokuslanmaqla ciddi bir boşluğa addım atıb. Nə yazıq ki, milli ədəbiyyatımızda bu dövrün geniş siyasi-ideoloji, mənəvi-ruhsal bədii təhlilini verən çox az əsər var. Gerçəkləri daha çox xatirələr, memuar ədəbiyyatı, təhrif olunmuş təəssüratlar əsasında öyrənməyə, bərpa etməyə yönəlmiş yarımçıq bir tarix qoyulub qarşımıza. Çox az halda fərdin taleyi xalqın taleyi ilə birləşib vəhdət yarada bilib. "Prometey əfsanəsi" millətin taleyini yazan, əsarətə üsyanını, milli mücadilə əzmini şəkilləndirən romandır.
Əvvəlcə romanın fabulasına yönələk. Əyalətdə, çox çətinliklə dolanan bir ailədə yaşayıb böyük arzular, xəyallar quran gəncin olimpiadada birinci yer tutması ilə bütün həyatı dəyişir. Çoxdan arzusunda olduğu şəhər həyatı, Bakı ilə görüş, xəyallarının ardınca yollanması üçün vəsilə olur. Burada isə onu 99 yaşlı Azər baba ilə görüş gözləyir. Beləliklə, monoloji etiraf tonallığında qurulan təhkiyə getdikcə daha dərin qatlara açılır. Sibirin cəhənnəmindən dönən Azər baba qəhrəmana olub keçən hər şeyi danışır. Sürgündə baş verənlər, azərbaycanlıların başına açılan oyunlar, həbs düşərgələri və s.
Roman istər struktur, istərsə də məzmun baxımından ənənəvi deyil, modern nəsrin ölçülərində qələmə alınıb. Əhvalatlar ikili xətt üzrə - qəhrəmanın və Azər babanın dilindən nəql olunur. Əvvəlcə bizə elə gəlir ki, əsər ənənəvi romanda olduğu kimi xronoloji ardıcıllıqla davam edəcək. Amma sonra romandakı zaman xətliliyi pozulur, səbəb-nəticə əlaqələri qırılır, təhkiyəçi əsas fiqura çevrilir və toxunulan bütün ümummilli məsələlərdə, qarşılaşdığı ictimai-siyasi problemlərdə qəhrəman öz daxili dünyasını ön plana çıxaran protaqonist kimi təqdim olunur. Şüur axını, iç monoloq fəndindən istifadə, kollaj, intertekstuallıq, retrospektiv sıçrayışlara aludəçilik və s. kimi xüsusiyyətlər romanı ənənəvi strukturundan özgələşdirib postmodern roman estetikasına yaxınlaşdırır. Kitabın redaktoru, istedadlı yazar Cavid Qədir "Əfsanədən alternativ reallığa: Prometeyin yükşəlişi" məqaləsində doğru qeyd edir ki, "Roman təpədən-dırnağa postmodern üslubda yazılıb. Strukturdan əlavə, bütün əlamətlər də bundan xəbər verir: pastiş, ehkamları sorğulama, xaos, xatirələr, fəlsəfə ilə ədəbiyyatın sintezi...".
Əsərdə diqqət çəkən əsas məqam müəllifin zamana sərbəst münasibətidir. Hər bir element mətnə ayrıca işarə strukturu kimi daxil olur, bu mənada zamanın qarışıq, çeşidli və xaotik düzümü yaranır, deyə bilərik. Nizami Hüseynov olub bitən keçmişi bütün gerçəkləri və əzablı həqiqətləri ilə oxucunun göz önünə sərir və eyni zamanda ona alternativ olaraq, başqa zamanın xəyali obrazını yaradır. Bədii təxəyyülün çərçivələri daxilində yaşanmamış duyğu və vaqeələrin sahibi kimi çıxış edir. Əsərdə keçmiş zamanla mətn arasında əlaqə mətnin daxilində - onun strukturu, təhkiyə, fabula səviyyəsində, janr-kompozisiya sistemində zaman göstəricisi şəklində gerçəkləşir. Romanda çağımızdan bəhs olunan hekayətlərin nəqli qəfil dayandırılır və təhkiyə keçmiş, yaxud gələcək zaman müstəvilərində davam etdirilir. Zaman içində zaman, mətn içində mətn, indinin içində keçmiş, yaxud əksinə, keçmişin içində bu günün vurğuları kontekstuallıq qazanır. Bu fərqli zaman modellərində danışılan hekayətləri müəllif bir təhkiyə strukturunda əridərək çərçivələnmiş nəql üslubunda təqdim edir. Kiçik bir əyalətdən başlanan macəra qəfil Sibirin buzlu cəhənnəminə qədər uzanır, sənədlər, biblioqrafiq məqamlar, memuar, xatirə qeydləri, məktublar, məqalələr - dövrün mürəkkəb xarakterinin tam inikasına varmaq baxımından romana bəlli məzmun yükü aşılayır və nəticədə, əsərin özünü də gərəkli tədqiqat faktına çevirmiş olur.
Digər bir önəmli məqam. Əsərdəki bir çox kodların etiologiyası ədəbiyyatın müxtəlif mərhələləri və istiqamətləri ilə bağ yaratmasına səbəb olur. Müəllif Abdulla Şaiqin "Məktub yetişmədi", Yusif Vəzir Çəmənzəminlinin "Bir qəpik", Cəlil Məmmədquluzadənin "Saqqallı uşaq" hekayələrini əsərin süjet xəttinə elə müncər edir ki, sanki bir əsərin tərkib hissəsi kimi oxuyuruq. Yəni oxucu qəfil qarşısına çıxan, interpretasiya təsiri bağışlayan bu hekayələrə hazır olur. Bundan başqa roman bir çox düşüncə yönləri ilə bir neçə məşhur əsərə göndərmə edir: Böyük arzular, nəhayətsiz xəyallar ardınca qoşan yeniyetmə qəhrəmanın şəhərə sığışmaması, xüsusən yataqxana otağında yaşadığı hisslər Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərini yada salır. Yaxud müəllifin əzab, günah və qorxu hissi ilə bağlı düşüncələri bizə Joze Saramaqonun "İsanın incili" əsərini xatırladır.
Azər babanın dilindən XX əsrin əvvəli, sürdükləri məşəqqətlərlə dolu həyat, Sibirdə insanların başına açılan oyunlar ekran əsəri kimi təsirli boyalarla mətnə gətirilir. Milli istiqlal mücahidi Məmməd Əmin Rəsulzadə, Musavatın əsas sütünlarından olan, gizli məlumatları ötürmək üçün hazırlanan xüsusi broşurları yaymaqla küçə qəzetçiliyi işini icra edən Seyid, Sibirdə xeyirxahlığı ilə seçilən doktor Cahangir Ağayev, "bir ölünün yerinə bir dirini göndərən" - Azəri Səməd adı ilə həbs düşərgəsindən uzaqlaşdıran, sonradan "SSRİ-də ölüm düşərgələri" kitabını yazan "bolşevik düşməni" Kiselyov-Qromov (Karpov) romanda əsr gerçəklərini, bədii-fəlsəfi həqiqətləri simvolizə edən əsas obraz kimi yadda qalırlar.
Cümhuriyyətə doğru yol alan məmləkətin dramatik halı, insanlığın tarixi faciələri əsərdə psixoloji nüans səhihliyi ilə canlandırılır: "1915-ci ilə yenicə girmişdik. Artıq mən də səhərlər anamla bir yerdə evdən çıxır, axşama qədər işləyir, axşam da yorğun, halsız evə qayıdırdım. Bəzən iş olmayanda şəhəri gəzməyi çox sevirdim. Getdiyimiz küçələrdə, evlərdə, qaldığımız binada yalnız bir şey diqqətimi çəkirdi: heç kim gülmürdü. İnsanlar gülməyi yaddan çıxarmışdılar. Hər kəs tələsirdi, yorulurdu, hirslənirdi, qışqırırdı, dalaşırdı, yəni hır kəs insan kimi reaksiyalar verirdi, bircə gülməkdən başqa. Bütün şəhərin üstünə kədər çökmüşdü".
Biz bu mənzərəni bir əsr öncənin Bakısını təsvir edən tablolardan, ağ-qara filmlərdən çox görmüşük. Bəli, məhz ağ-qara! Qara çadra ilə örtülmüş qadınların, sümükləri çıxmış, üzlərindən qüssə və əzab yağan kişilərin harasa yürümələri, mazuta və çirkə bulanan şəhər həyatı. Bu həyat içində insanların başı yaşamaq üçün bir qarın çörəyi qazanmağa qarışmışdı. Daha doğrusu, milləti elə günə qoymuşdular ki, başını qaldırıb öz nicatını aramağa, haqqını sorğulamağa nəinki zamanı, cəsarəti, haqqı qalmasın. Bu haqqın sorulacağı tarix isə uzaqda deyilmiş. "Prometey əfsanəsi" romanında bununla bağlı bir məqam yer alır: "Bizim qarın dərdi çəkdiyimiz bu illərdə məmləkətdə başqa proseslər cərəyan edirdi. O vaxt haqqında ara-sıra yayılan şayiələrdən xəbər tuturduq ki, dünyada müharibə gedir, yüzdən çox ölkə eyni müharibədə savaşır, kimin kimi qırdığı bəlli deyil. Müharibənin əsas iştirakçılarından biri də bizi əsarətdə saxlayan çar Rusiyası idi. Çox az adamın isə xəbəri var idi, Bakıda - hər gün keçib getdiyimiz məhəllələrin alçaq daxmalarında rəsulzadələr meydana gəlir, milli Azərbaycan hərəkatına start verilirdi".
İstiqlal, hürriyyət, müstəqillik adlı neməti xalqa dadızdıran, xalqın qəlbində azadlığın müqəddəs odunu atəşləndirən cümhuriyyətçilər. Ona aparan yol isə asan deyildi. Qarşıda soyqırıma məruz qalmaq faciəsi də varmış. Əsərdə 1918-ci ilin 31 mart soyqırımı, insanların başına açılan amansız oyunlar tükürpədici faktlarla təqdim olunur, mənliyi, ruhu, varlığı sarsılmış insanların obrazı boylanır. Küçə və səkilərdə yaranmış qan gölü, qalaq-qalaq olmuş insan meyitləri, ölənlərin və yaralıların üzərində aparılan təhqir və işgəncə oyunları, adamlara verilən vəhşi əzablar, hər yerdən eşidilən çığırtı və inilti səsləri və bir də bu amansız qırğını törətmiş erməni cəlladlarının və rus bolşevizminin bədii portreti. Nizami Hüseynov mart qırğınını millətin içindəki nifrət püskürməsinin, milli oyanış ruhunun dirçəlişi üçün böyük qığılcım adlandırır. "Allahlarla savaşmaq üçün insana od lazım idi", - deyir. Bu Prometey əfsanəsinin yaranış nöqtəsidir. Savaş olmasa əfsanənin də yaranacağı mümkünsüz idi, amma bu savaş üçün də oda ehtiyac vardı. Müəllif mart qırğınına müstəqilliyə addım-addım gedən xalqın mənəvi qüdrətinin əsas qaynağı kimi yanaşır: "Nənə-babalarımız odu qorumaq üçün onu külün içində basdırıblar. Ocaqda közün üstünü kül tutanda həmin köz sönmür, amma alovlana da bilmir. Bir külək, bir nəfəs, bir tərpəniş közün yenidən alovlanmasına səbəb olur. Mart hadisələri də illərdir, milli ruhun, müstəqillik alovunun, azadlıq atəşinin üstündə əsən fırtına olmuşdu. Bu fırtına hər şeyi yıxıb töksə də, alovu gücləndirmişdi. O alov ki, 1918-ci ilin mayında Azərbaycana müstəqil olma gücü vermişdi".
Əsər bəhs olunan hekayətlərin "Kaş" bölümündə başqa versiyada təqdimi ilə maraqlı şəkil alır və deyə bilərik ki, bununla yazıçı postmodernizmin nəzəri-estetik prinsiplərindən olan - reallığa çöxölçülü planda yanaşmaq, gerçəkliyin dəyişkən olması, daha çox ehtimala varmaq fəndindən bacarıqla istifadə edir. "Kaş" bölümlərində danışılanlar artıq reallıq deyil, xəyalın dalğalandığı məkandır. O əzab çəkən insanlar olmasaydı, tarix tərsinə yazılsaydı, mücadilələr layiqli nəsibinə varsaydı və hər şey işğalla deyil, zəfərlə sonuclansaydı, o zaman yazılanlar da, yaşananlar da fərqli olacaqdı.
"Prometey əfsanəsi"ndə məni qane eləməyən cəhət sonluğun tələsik yekunlaşmasıdır. Əlbəttə, başdan-ayağa postmodern nəsr estetikası ilə nəfəs alan əsəri bu şəkildə bitirmək bəlkə müəllifin seçdiyi üsuldur, - deyə bəraətləndirə də bilərik. 1918-ci ildə müstəqillik gözəlliyini dadmış məmləkətin gözlənilməz, qəfil sona varan xoşbəxtliyi kimi... Amma nə edək ki, nəsrin öz tələbləri və qanunları var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!