Azər TURAN
Ədəbiyyatşünaslıq terminləri lüğətində nə yazılmasından, necə təqdim edilməsindən asılı olmayaraq, publisistikanı klassik Azərbaycan müstəvisində bir kəlmə ilə dəyərləndirmək mümkündür: Azərbaycanda milli özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın dövlət müstəqilliyinin varlığı Azərbaycan publisistikasına - daha çox isə Əli bəy Hüseynzadənin və Mirzə Cəlilin publisistikasına borcludur. Dünya mədəniyyətinə, Avropada gəlişən estetikalara çıxışımız da milli publisistikamızın hesabına mümkün olmuşdur. Bu mənada XX yüzilin əvvəllərində Azərbaycan publisistikası həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan publisistikası doldururdu. 1906-cı ildə yazdığı "Türklər kimdir və kimlərdən ibarətdir" məqaləsi ilə "Qafqaz sıra dağlarının cənubunda sakin Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir. İranın şimal qərb cəhəti sakinləri də bunlardandır" sözləri ilə Əli bəy Hüseynzadənin, 1917-ci ildə qələmə aldığı "Azərbaycan" məqaləsindəki "Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun" sözləri ilə Mirzə Cəlilin publisistikası ərazilərimizin sərhədlərini cızır, toplumun milli şüurunu yaradır, onu təşkilatlandırır və milli mücadiləyə hazırlayırdı. Mirzə Bala Məmmədzadə "Azərbaycan misaqı-millisi" əsərində məfkurə tariximizin üç mərhələsini - məfkurəyə hazırlıq dövrü, məfkurə uğrunda mücadilə dövrü, məfkurənin həyata tətbiq edilməsi dövrünü xatırladır və fikrini belə davam etdirirdi: "Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də əlli il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır". XX yüzilin əvvəllərində gerçəkləşən "Azərbaycan dövrü", əslində, Mirzə Balanın sözlərindən də göründüyü kimi, Azərbaycan publisistikasının bəhrəsidir.
Əslində, publisistika qəzetçilik və jurnalistliklə bağlı bir anlayışdır. Amma onun latın mənşəli publika (ictimaiyyət) sözündən törədiyini nəzərə alsaq, o zaman dünya miqyasında ilk publisistik örnəklərin nədən, hansı mətnlərdən oluşduğunu da düşünməliyik. Hələ XIX yüzildə Ernest Renan "Fiqaro" qəzetində İsrail peyğəmbərlərini ilk publisistlər, özü də alovlu publisistlər adlandırır, anarxist, yaxud sosialist publisistləri Bibliya peyğəmbərləri ilə müqayisə edirdi. Qlobal yanaşmadır və tamam fərqli intibalar doğurur. İctimai fikrə yönəlmiş ilk mətnlər, təbii ki, peyğəmbərlər tərəfindən dilə gətirilirdi və bu baxımdan Renanın sözləri məsələyə bir də bu aspektdən yanaşmağı zəruri edir. Yəni dünya publisistikasının məhvərində teoloji əsaslar dominant olub...
Amma publisistikanın inkişafı, eyni zamanda milli şüurun gəlişməsi birmənalı olaraq, qəzetin meydana gəlişinə bağlı məsələdir. Fransız sosioloqu Tarde bunu dəqiq ifadə edib: "Milliyyət fikri qəzetlə başlayır. Qəzet eyni dildə danışan insanları publika halında toplayaraq onlara müştərək bir vicdan verir". Bizim dildə danışan ilk qəzet "Əkinçi" olduğuna görə, ilk publisistimiz də, təbii ki, Həsən bəy Zərdabidir. Əli bəy Hüseynzadə Zərdabinin 1907-ci ilin 29 noyabrında keçirilən dəfn mərasimində "Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı... Biz Qafqaz türklərinin öhdəsində bu adamın böyük haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır." - deyirdi.
Hüseynzadə həmin vida mərasimində Həsən bəylə bağlı çox sözlər deyib, mən isə burda, məhz bu sözlərin üzərinə vurğu salmaq istədim: İlk publisistimiz bizim üçün dil yaratmışdır, ədəbiyyata qapı açmışdır...
Mətləbdən uzaqlaşmayaq. Son yeddi ilin publisistika mənzərəsində şübhəsiz ki, diqqəti cəlb edən ən dəyərli hadisə Anarın "Yaşamaq haqqı" traktatıdır. "Yaşamaq haqqı" nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. Hüseynzadənin "Siyasəti-fürusət" traktatı da belə idi. Elə buna görə də mən, "Yaşamaq haqqı"ndan bəhs edən məqalədə onu "Siyasəti-fürusət"in çağdaş analoji versiyası kimi şərh etmişdim. Əli bəy Hüseynzadə "Siyasəti-fürusət"i 1907-ci ilin siyasi-publisistik icmalı şəklində yazsa da, burada türk dünyasının, özəlliklə Azərbaycanın iki min beş yüz illik tarixini, onun düşüncə tərzini, etnoqrafik özəlliklərini, milli atributlara və etnik simvollara estetik yanaşmalarını ehtiva etmişdir. Anar da belə bir üsul seçir, başlanğıcdan bu günə qədər Azərbaycan tarixini icmallaşdırır, onun şərhini verir. Məncə, bizim belə bir istiqamətverici əsərin varlığına böyük ehtiyacımız var idi. Bəlkə də, dediklərim birmənalı qaşılanmayacaq, ona görə də aydınlaşdırmağa ehtiyac duyuram. İstiqamətverici deyəndə nəyi nəzərdə tuturam? Böyük alim Xudu Məmmədovun sovetlər dönəmində - 1974-cü ildə yazdığı "Qoşa qanad" əsərini yəqin ki, hamı xatırlayır. Üzeyir Hacıbəyovun xatirəsinə həsr etdiyi "Qoşa qanad" indi humanitar-filoloji araşdırmaların predmetinə çevrilmiş intermediallıq barədə, bəlkə də, ilk fundamental araşdırmaydı. Önəmli olan bu idi ki, hətta ədəbiyyata da yön verən bu əsəri humanitar elm sahəsinin deyil, fundamental elm sahəsinin nümayəndəsi yazırdı. İndi isə təəssüf doğurur ki, bizim dəqiq elmlər sahəsində Xudu Məmmədovdan sonra belə universal düşünən və yazan, düşüncəsi təkcə elm sahəsinə deyil, ədəbiyyata da, ictimai fikrə də yön verən mütəfəkkir alimlər yoxdur... "Qoşa qanad"dan xeyli sonra müstəqillik ərəfəsində qələmə aldığı "Baharın ardınca" əsəri ilə milli problemlərimizin, əsasən də Qarabağın etnoqrafik həyatı ilə bağlı düyünə düşmüş gerçəklərin, heç olmasa, şüurlarımızda çözülməsinə yenə də Xudu Məmmədov təkan verdi. Ciddi, milli və kürəsəl problemlər barədə elmdə gəlişmiş mütəfəkkir sözü cəmiyyət üçün daha aktual və daha gözlənilən olur. Bilirəm ki, məruzəmi qurultaylararası mərhələdə yaranmış bədii publisistika nümunələrinin təhlili əsasında hazırlamalıydım. Amma təbii ki, bu mənada dərc olunmuş saysız publisistik materiallardan deyil, milli intellektə yön verən sistemli yazılardan danışmaq lazım gələcək. Onlar isə etiraf edək ki, çox yazılmayıb. Hətta barmaqla sayılacaq dərəcədə az yazılıb.
Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış - Anarın "Dünya bir pəncərədir", Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində", Sabir Rüstəmxanlının "Ömür kitabı" səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz? Bəs nə üçün müstəqillik dövründə həmin əsərlər kimi, ümummilli məzmun daşıyan nümunələr meydana qoyulmadı? Hansısa publisistik əsər dəyişən toplumun, yeni dəyərlərə adaptasiya olunan gəncliyin stolüstü kitabı olmadı. Bəlkə, bu, sosial şəbəkələrin yayğınlaşması, ifadə imkanlarının genişlənməsi hesabına baş verdi, bilmirəm. Hər halda, belə əsərlərin yaranması müşahidə olunmadı.
Bu məqamda və bu mənada narahatlıq doğuran bir məsələyə münasibət bildirmək istəyirəm. Hamımıza bəllidir ki, son illərdə yaradıcılıq prosesini layihə adlı bir söz müşayiət edir və biz bu anlayışa verdiyimiz yeni məzmunla onu xeyli naqis etmişik. Şəxsi qənaətimə görə, bu anlayış ədəbiyyatda, yazı həyatımızda mənəvi, intellektual aşınmalara rəvac verir. Adamlar əvvəlcədən nəzərdə tutmadıqları mövzuları hansısa layihə çərçivəsində qələmə alırlar. Çünki önəmli olan yazılanların ictimai düşüncədə yaradacağı təsirin miqyası və mahiyyəti deyil, müəlliflərin alacağı qonorardır. Hətta ən pisi odur ki, layihə anlayışı indi bütün yaradıcı sferanı əhatələyib. Qarabağdan yazırlar - layihə. Türkdən yazırlar - layihə. Turandan yazırlar - layihə. Şeir yazırlar - layihə. Vətənpərvərlikdən yazırlar - layihə. Təbiətdən yazırlar - layihə. Multikultural dəyərlərdən yazırlar - layihə. Rəsm çəkirlər - layihə, film çəkilir - layihə. Hətta bəzən hansısa layihəyə görə ideoloji dürüstlüyümüz, azərbaycançılıq konsepti zədələnir. Hətta ayrı-ayrı humanitar istiqamətləri işıqlandıran araşdırmalar da bəzən layihə qəlibinə salınır və elmi tədqiqatların özü də layihə hüdudlarında şəkillənir. Daha doğrusu, dəyərlərimiz bu şəkildə kimlərinsə qazanc yerinə çevrilir... Və qəribədir ki, bu barədə heç kəs danışmır, yazmır. Proses nəzarətə götürülmür. Bədii publisistika barədə məruzədə bu məqamı ona görə qabardıram ki, bir çox aspektlərdən bu proses həm də yazıçıların, özəlliklə bədii publisistikanın problemi və predmetidir və belə bir prosesin fonunda qələm sahiblərinin susması, hadisəyə seyrçi yanaşması anlaşılan deyil.
Məruzəni daha çox ədəbi tənqid, esseistika və bədii publisistika üzərində qurmaq istəsəm də, son mərhələdə ədəbi tənqidlə bağlı hissənin mənə təklif olunmuş mövzudan ayrılması esseistika barədə fikir söyləmək imkanlarımı da məhdudlaşdırdı. Əslində, Azərbaycanda ədəbi tənqidin özü də ilkin başlanğıcına görə Azərbaycan publisistikasına borcludur. "İntiqad ediyoruz, intiqad olunuyoruz" ("Tənqid edirik, tənqid olunuruq") məqaləsində, yəni bir ədəbi-tənqidi məqalədə Hüseynzadə hətta milli triadamızın əsas müddəalarını irəli sürmüşdü. İndi də ötən əsrin əvvəllərində olduğu kimi, ədəbiyyatımızda janr təyinatlarını dəqiqləşdirmək çox çətindir. Janrlar arasındakı fərqlər sürətlə və az qala, gözəgörünməz şəkildə ortadan qalxır... Məsələn, kim dəqiq təsbit edə bilər ki, Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" yazısı publisistik məqalədir, yoxsa milli esseistikamızın ilk örnəklərindəndir? Yaxud indi, Xalq yazıçısı Elçinin xatirələrin, tarixlərin, talelərin parlaq ekspressiyası fonunda yazdığı, bəzən bədii ədəbiyyatla ədəbiyyatşünaslıq elmi arasındakı sərhədləri görünməz edən esseist-publisist yaradıcılığı, xüsusən onun "Taleyin yazısı...Ümm-ül-Banunun "Min bir gecə" nağılı..." essesi təkcə ədəbiyyatımızın deyil, ümumilikdə yaxın tariximizin humanitar meyillərinə işıq salan mətndir. Akademik Nizami Cəfərovun "Ağamusa müəllim idi, Tofiq müəllim idi, bir də mən idim" məqaləsi son illərin həm ən yaxşı esse, həm də ən yaxşı publisistik örnəklərindən biridir. Bədii publisistikadırmı, yaxud ədəbiyyatşünaslıq yazısıdır? Əslində, belə mətnlər hansısa janrın çərçivəsinə sığmır. Kamal Abdullanın son illərdə qələmə aldığı "Düma ilə Coys arasında", "Əvvəl-axır yazılanlar" və "Mənim Füzulim" əsərləri də esse janrını vəsilə edib Azərbaycanda yeni düşüncə modeli yaratmaqdadır... Yaxud ədəbiyyat tariximizlə bağlı ehkamlaşmış düşüncə modelini yeniləmək akademik İsa Həbibbəylinin araşdırma yazılarının da səciyyəvi cəhətlərindəndir.
Elmi-bədii publisistikamızın uğurlu nümunələrindən biri Səlahəddin Xəlilovun "Gözəllikmi, dini-əxlaqi dəyərlərmi, humanist fəlsəfi təlimlərmi? Yoxsa Ədəbiyyat?!" suallarına aydınlıq gətirmək üçün yazdığı "Ədəbiyyatın fəlsəfəsi və ədəbiyyatda fəlsəfə" əsəridir. Səlahəddin müəllim problemi universal müstəvidə dəyərləndirir. Şərq-Qərb təfəkkürünə yeni rakursdan yanaşır. Din və fəlsəfənin bədii təfəkkürə təsir imkanlarını araşdırır.
Müstəqillik dövrünün, indiki halda isə son yeddi ilin ən önəmli publisistik əsərləri arasında Nizaməddin Mustafanın yüksək intellektual məzmun kəsb edən araşdırmalarını da xatırlatmalıyıq. Nizaməddin Mustafanın çağdaş ədəbiyyatşünaslığımızın olduğu kimi, publisistikamızın da örnək nümunələrindən hesab edə biləcəyimiz yazıları sırf publisistikadırmı? Yaxud bədii publisistikadırmı, yoxsa elmi publisistikadır? Əlbəttə, indiki anlamda, ümumiyyətlə, bu əsərlər publisistikadır - deyə cavab vermək çətindir. Hətta əgər publisistikadırsa, dediyim kimi, elmi publisistikadır və elmi araşdırmalara istiqamət verə biləcək publisistikadır. "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Sabirin kimliyi", "Daha "...bir nəzər" -Səhv nəzərləri sərf-nəzər etmə vaxtı", "Azərbaycan" jurnalının təqdim etdiyi "Türk-islam mədəniyyətinin cüt gücü: şeir və musiqi" yazıları təkcə faktların şərhi deyil, zəngin mütaliə və sistemli axtarışlar nəticəsində əldə etdiyi faktların elmi dövriyyəyə qatılması və şərhidir. Tutaq ki, Nizaməddin bəyin "Ziya Paşaya, Namiq Kamal, Əli Süavi, İbrahim Şinasi və digər tənzimatçılara tək bir ədib kimi yox, Osmanlı imperiyasının müasirləşməsi uğrunda gedən ölüm-dirim mübarizəsinin öncülləri, təkanvericiləri, "Zəfərnamə"yə isə bu mübarizənin bədii proqramı kimi baxanda cəmiyyət həyatında həcvə ayrılan missiyanı obyektiv qiymətləndirmək, onun fikir plüralizminin, bəlkə də, yeganə qaynağı olması fikri ilə razılaşmaq xeyli asanlaşır" qənaəti ədəbiyyatşünaslığımızda yeni nöqteyi-nəzərdir. Yaxud müəllif yuxarıda xatırlatdığım "Türk-islam mədəniyyətinin cüt gücü: şeir və musiqi" məqaləsində musiqi və ədəbiyyat paralelizmlərini incələyir, Fuad Köprülünün müxtəlif əsərlərini, fikir həyatımızda son dövrdə daxil olmuş Frederik Starın "İtirilmiş maarif" əsərinə istinadən sənətlər arasındakı əlaqələri tədqiqat predmetinə çevirir. Etiraf etməliyik ki, "Azərbaycan" jurnalı "Publisistika" rubrikasında təqdim etdiyi bu yazı ilə istər ədəbiyyatşünaslığımız, istərsə də musiqişünaslığımız üçün konseptual bir əsəri meydana qoymuşdur.
Niyazi Mehdinin "Ədəbiyyat qəzeti"ndə dərc etdiyimiz "Mən" olmağımın tarixçəsi" avtobioqrafik əsəri 2019-cu ildə yazıldı və ardıcıl olaraq "Ədəbiyyat qəzeti"ndə dərc olundu. O zaman işğal altında olan Ağdamın təsviri ilə başlayan "Mən" olmağımın tarixçəsi" təkcə Niyazi Mehdinin bioqrafiyasını deyil, həm də yurd yerini itirmiş Azərbaycan ziyalılarının yaşantılarını öyrənmək baxımından önəmli mətndir. "Mən" olmağımın tarixçəsi"ni, əslində, Azərbaycanda fəlsəfi publisistikanın ilk örnəyi hesab etmək olar. Niyazi müəllim bildirirdi ki, "Bu yazını təkcə uşaqlarım üçün yazmıram. Bu yazını həm də Ağdamı, Azərbaycanı sevənlər üçün yazıram. Eləcə də psixoloqlar, kulturoloqlar, yazarlar və daha kimlər-kimlər üçünsə yazıram... Bakıya köçmüş rayonlu kimi mən necə bakılılaşmışam. İlkində elmlə ilgilənməyən mən necə alimləşmişəm. Necə dünyanın çətinliyində bütün mənəvi məğlubiyyətlərimə baxmayaraq, bəzi əxlaqiliyi saxlaya və ya qazana bilmişəm? Bir sözlə, bir azəri türkü necə olub ki, azəriləşib və türkləşib. Azərbaycan necə olub ki, öncəki yüzildə mənəvi axtarışlar, kültür axtarışlar məkanı olub?" və s. Göründüyü kimi, Niyazi Mehdi əvvəlcədən milli baxımdan önəmli sualları cavablandıracağının anonsunu verirdi. Onlar isə Azərbaycanın intellektual həyatı üçün kifayət qədər konseptual suallar idi və təbii ki, bunların çağdaş bir Azərbaycan filosofunun publisistik əsərində cavablandırılmasına da ciddi mənəvi ehtiyac var idi.
Yeri gəlmişkən, yuxarıda Frederik Starın "İtirilmiş maarif" əsərini xatırlatdım. O əsərdən bir parçanı "Ədəbiyyat qəzeti"ndə Nəriman Qasımoğlunun təqdimatında dərc etmişdik. Ümumiyyətlə, Nəriman bəyin son illərdə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş publisistik yazıları ictimai fikirdə bəzən hətta elmi polemikalara yol açdı. Məsələn, "Ədəbi dilimiz və dilçilərimizin konseptual yanlışı" məqaləsinə cavab olaraq akademik Nizami Cəfərov "Anti-konseptual "konseptuallıq" məqaləsini yazdı və s...
Fazil Rəhmanzadənin kitabları son yeddi ildə də Azərbaycan publisistikasının əyarını təşkil edən kitablar oldu. Daha əvvəlki illərdə yazılmış məqalələrini yeni şərhlərlə yeni kitablarında təqdim edən Rəhmanzadənin "Bir ismdə bir can" ikicildliyi milli publisistikamızın örnək abidələrindəndir:
"- Nəhayət ki, mən kim olduğumu bilməliyəm, ya yox?
- Məgər kimliyiniz özünüzə məlum deyil?
- Xeyr. Hələlik mən yoxam, kim olacağımı da bilmirəm, bunu mənə haqqımda yazılacaq əsər deyəcəkdir...".
Hər dəfə masa arxasına keçəndə, əlimdə olan faktları bu və ya digər qeydlərim üçün sistemləşdirəndə mütəfəkkir ədib Naycel Dennisin "Şəxsi vəsiqə" pyesindəki həmin dialoqu xatırlayıram. Fikirləşirəm ki, kimliyindən, təhsilindən, vəzifəsindən, dünyagörüşündən asılı olmayaraq haqqında yazacağım adam da beləcə düşünür. Ona görə də sözlə elə bir ayna yaratmaq lazımdır ki, qəhrəman burada özünü görsün, təkcə görmək deyil, həm də özünü dərk etsin. Bu kitabın qəhrəmanı Azərbaycanımızdır. Görəsən, XX əsrdəki ömür yaşantısını bu aynada görə bilibmi, həm də özünü dərk edə bilibmi?".
Fazil Rəhmanzadə özünün publisist kredosunu bu sözlərlə dəqiq ifadə edib və məncə, əlavə şərhə ehtiyac yoxdur, yaxud əlavə şərhi yenə də onun bu günlərdə nəşr olunmuş "Qarabağ Azərbaycandır" kitabı verir.
Bir məsələyə də toxunmaq istəyirəm. Müstəqillik dövründə kifayət qədər ciddi publisistik içərikli əsərlər bəzən diqqətdən kənarda qaldı, müzakirə predmetinə çevrilmədi. Bu baxımdan, 2004-cü ildə ilk dəfə mənim ön sözümlə, təkrar yenə də 2004-cü ildə professor Aydın Abi Aydının redaktorluğu ilə çap olunsa da, indiyə qədər haqqında bir kəlmə də yazılmayan, təbii ki, laqeydliyimiz hesabına elmi dövriyyədə adı hallanmayan bir əsəri xatırlatmaq istəyirəm. Bu, 1937-ci il repessiyasının qurbanlarından Əsəd Verdiyevin oğlu, dünya miqyasında tanınan fizik Yılmaz Əsədoğlunun "Ləhcə fərqimiz farkımızdadır" əsəridir. Azərbaycanlı bir fizik, özü də güllələnmiş pantürkistin oğlu ictimai həyatımızın ən aktual problemlərindən olan Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin qarşılıqlı əlaqələrinə ayrıca bir əsər həsr etmişdi. Adından da göründüyü kimi, bu kitab Azərbaycan humanitar düşüncəsinin ən çox müzakirə olunan probleminə - iki qardaş millətin ortaq dil probleminə bütün rakurslarda aydınlıq gətirirdi. Halbuki Türkiyə türkcəsində qələmə alınmış o kitab istər Azərbaycanda, istərsə də Türkiyədə mövcud problemlə bağlı diskussiyalara müsbət planda təkan verə biləcək bir gücdə idi.
Yuxarıda qeyd etdim ki, son on ildə sosial şəbəkələrin yayğınlaşması, cəmiyyət həyatında publisistik ifadə imkanlarının genişlənməsi sosial şəbəkə publisistikasının da gəlişməsinə səbəb oldu və Azərbaycan üçün bu yeni olan janrın estetikasını Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı şəkilləndirdi. Bir az da dəqiq desək, sosial şəbəkədə yazdığı statuslarını Rəşad Məcid "Qələmsiz yazılanlar" kitabında sistemləşdirdi və professor Asif Hacılının qeyd etdiyi kimi, bu kitab "sosial şəbəkə ədəbiyyatımızın ilk nümunəsi" oldu.
Sosial şəbəkədən söz düşmüşkən. Bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə Xeyrəddin Qocanın "Dostlar"ımın istedadı..." adlı bir yazısını dərc etmişdik. Yazı sosial şəbəkənin bizdəki halına qısa, korrekt cizgilərlə münasibət bildirirdi. O yazını çapa hazırlayarkən düşündüm, görəsən, Azərbaycanda belə yazılar niyə az yazılır, yaxud heç yazılmır? Yazı gündəlik həyatımıza getdikcə daha çox sirayət edən sosial şəbəkənin ümumiləşdirilmiş obrazını ustalıqla təqdim edirdi.
Bu gün ədəbi publisistikanın ön sıralarında qərar tutan müəlliflərdən biri, bəlkə də birincisi İradə Tuncaydır. İradə xanımın "Ədalət" qəzetində dərc olunan yazıları son illərin ictimai-psixoloji mənzərəsini ən incə detallarına qədər təqdim etməkdə bənzərsizdir. Həm düşüncə, intellekt, həm də dil baxımından bənzərsizdir. İradə Tuncayın son illərdə qələmə aldığı bütün məqalələri aydınlaşdırıcı özəlliyi ilə fərqlənir və İradə xanımın publisistikası, müəllifin yaradıcılıq xüsusiyyətləri özünə qarşı həssas münasibət tələb edir.
İlqar Fəhmi publisistik yazılarında tarix və modern düşüncə arasında sintez yaradır, milli konsepsiyanın modern düşüncə üzərində bərqərar olmasının yollarını təklif edir. "Ədəbiyyat qəzeti"ndə onun 2019-cu ilin aprel saylarında dərc olunmuş "Qızılbaş metafizikası, Səfəvi mistikası", yaxud 2020-ci ilin aprel-may saylarında dərc olunmuş "Qapalı dairə və bitməyən XX" publisistik qeydlərində kataklik proseslərin fonunda gerçəkliklə metafizikanın hüdudları çərçivəsində tarixin və cəmiyyətin yenidən dəyərləndirilməsi aktuallaşdırılıb. İlqar Fəhmiyə görə, koronavirus pandemiyasına qədər XX əsr bitməmişdi və pandemiyanın başlanması ilə birgə tarixin yeni dövrü, yaxud XXI əsr başladı: "Qəfildən dünyanın başının üstünü almış bu pandemiya yeni minilliyin qapısını bizimçün açmış oldu. Bəli, biz həqiqətən də tarixi bir dönəmi - yeni minilliyin doğuluşu prosesini müşahidə edirik. Yeni əsrin - minilliyin yeni insanı doğulur - bu saat ən böyük dəyişikliklər məhz təfəkkürlərdə gedir. Dünənə qədər ağlımıza gəlməyən, yalnız fantastik əsərlərdə rastlaşdığımız, Hollivud filmlərindən müşahidə etdiyimiz hadisələri öz real həyatımızda yaşayırıq... Müxtəlif konspiroloji nəzəriyyələr peyda olur, qeyri-adi fikirlər irəli sürülür. Bu təbiidir, XX əsrin insanı belə öyrəşib - rasional məntiqlə dərk etmədiyini öz-özünə izah etməkçün təxəyyülü işə salır... XIX əsrin doğuluşu Napoleon müharibələriylə, XX əsrin doğuluşu isə Birinci Dünya müharibəsiylə başladı. Bəşəriyyət milyonlarla itki verdi... Bu gün də müharibə şəraitidir... Və yeni doğuluşun ağrılarını yaşayırıq. Dözməliyik... Çünki hər şeydən öncə beynimizdəki köhnə təfəkkür sistemləri dağılır, sınır-tökülür, psixikamız dəyişir... Çətindi, amma qaçılmazdı... Hər halda, müəyyən müddətdən sonra yeni doğulan minilliyin əsl simasını görəcəyik...".
Bu yazılar pandemiya günlərində, yaxud II Qarabağ savaşı, yaxud Rusiya-Ukrayna müharibəsi ərəfəsində yazıldığı üçün indi xüsusən, düşündürücüdür. Tarixin axarı, doğrudan da, dəyişilirdi, dəyişilirmiş...
Ramilə Qurbanlı publisistik yazılardan ibarət "Müharibə miniatürləri" kitabında I Qarabağ savaşından sonra ədəbiyyatda deyil, həyatda "itirilmiş nəsil" amilini qabardır. Bu nəslin nümayəndələrinin obrazını yaradır və etiraf edim ki, mən Ramilə Qurbanlının "Müharibə miniatürü" kitabını ciddi bir ədəbi mətn olaraq diqqətlə oxudum. Və bu yazıların gələcəkdə cəmiyyətşünaslıqla bağlı tədqiqatların predmeti olacağına da inandım.
Sadıq Elcanlının "Əbədiyyət karvanı" kitabına yazıçının əsasən son illərdə yazdığı publisistik əsərləri daxil edilib. Belə kitabların oxucusu olmaq azdır, yeni ədəbi nəslin bu ustad qələmdən öyrənəcəyi çox şeylər var. Mən Elcanlının "Əbədiyyət karvanı" kitabını oxuyanda inandım ki, o, son dövrün klaviatura ilə deyil, qələmlə yazılan kitablarındandır. Belə yazılarda intellekt qələmin romantik tül örtüyünə bürünür. Və bizim publisistikamızdan son illərdə perik düşmüş estetik düzəni qoruyur. Məsələn, "Beş min ilin yalanı" yazısında olduğu kimi: "Qara bir vahimə kimi çırpınan Xəzər sübh günəşinin sevdalı öpüşləriylə qol-boyun olub, bir damcı gülgün göz yaşı kimi durulub. O ilahi duruluğa mat-mat baxa-baxa qəfildən düşünürəm ki, söz, bəlkə də, beş min il əvvəlin ilkin bəşər mətnlərində yasaqlanan o Tanrı gizlinlərinin qapılarını döyməkdən başlayıb; söz, azı, beş min ildir ki, həqiqətin qapılarını döyür və azı, beş min ildir ki, o bağlı qapıları açan yoxdur. Nə Şumer, Elam, Babil yazıları, nə Orxon-Yenisey bəngüdaşları, nə Gəmiqaya, Qobustan təsvirləri, nə Dədə Qorqud kitabı, Homer dastanları, nə söz adına fəth olunan saysız-hesabsız zəfər zirvələri... İnsanla bağlı əzəli gizlinin, Tanrısal sirrin əbədi qapanmış qapılarını aça bilməyib. Acı, ağrılı bir təbəssüm göz yaşı içində çırpınır ki, ədəbiyyat haqqa doğru gedir, özü də haqqın bağladığı qapını açmağa tələsir. Və bu sirri-xuda tilsimin, qaranəfəs tələskənliyin ən azı beş min illik tarixçəsi var..."
Publisistik əsərlərini bədii mətn kriteriyaları ilə yazan Firuz Mustafanın qələmə aldığı yazıları yalnız təhkiyəsinə, rəvan dilinə, obrazlı təsvirlərinə görə deyil, həm də fəlsəfi siqlətinə görə fərqlidir. Onun "Bolşevik lideri Trotskinin Türkiyədə "əbədi lənətlənmiş" evi" məqaləsi bizdə bu mövzuda yazılmış ilk yazıdır. Firuz Mustafa təqdim etdiyi mətndə sanki simvolist yazıçı gəzişmələri edir: "Dönüb yuxarıdan Trotskinin "evi"nə sarı boylandım. Qırmızı kərpicdən tikilmiş uca, möhkəm divarlar yaşıl ağacların arasından boylanır. Bu qıpqırmızı divar, nədənsə, mənə kommunistlərin artıq param-parça olmuş qırmızı rəngli bayrağını xatırlatdı".
Səyyad Aranın publisistik yaradıcılığı barədə deyil, publisistikanı bədii mətnə tətbiq etdiyi məqamlar barədə söz deməyə ehtiyac duyuram. "İrəvanın yolları" romanı II Qarabağ savaşı günlərində ardıcıl olaraq "Ədəbiyyat qəzeti"ndə çap olundu. Doğrudur, "İrəvanın yolları" romandır, amma Xalq yazıçısı Anarın dediyi kimi, əsərin "İkinci hissəsi... publisistik ricətdir. Rauf - "şair" Qarabağ məsələsinin başlanması, davamı, bu qarşıdurmada hansı xarici qüvvələrin iştirakı barədə ətraflı və dürüst məlumat verir". Anar müəllim bildirir ki, "həmin parça dəyərli mətn kimi ayrıca bir kitabda yer ala bilərdi. Onda romanın (!) məhz roman kimi janr bütövlüyü də pozulmazdı. Çünki bu parça roman estetikasıyla yox, publisist yazı səpkisində qələmə alınıb".
Publisistika və ədəbiyyat arasındakı uzlaşmalar, filoloji fikirdə, tutaq ki, Markesin yazıçılığı ilə jurnalistliyi arasındakı paralellər, romanlarında jurnalistikanın, yaxud əksinə, publisistikasında romanlarının təsiri barədə qənaətləri, publisistika ilə prozanın qovuşması ilə bağlı mülahizələri çoxlarına bəllidir. İndi təsəvvür edək, Səyyad Aranın "İrəvanın yolları" əsəri Lələtəpə döyüşləri barədədir. Və əsər "Ədəbiyyat qəzeti"ndə çap olunanda II Qarabağ savaşı yenicə başlamışdı. Və Səyyad Aran yeni yazdığı bu əsər barədə danışanda mən onu oxumaq, oxucularımıza təqdim etmək üçün israrla istədim. Romanda təsvir olunan yerlər barədə, təbii ki, təsəvvürüm belə yox idi və həmin epizodları da sadəcə, oxucu marağı ilə mütaliə edirdim. Amma sonra hamı kimi, mənim də yolum Lələtəpə səmtindən keçəndə Səyyad Aranın yazıçı fəhminə heyrətlənməyə bilmədim. Əsərdə həqiqətən, publisistik ton var idi, hətta politik məqamlar da yox deyildi (Şuşa ilə bağlı informasiyanı deyirəm), müəllifin diplomatik təcrübəsini də bura əlavə edirəm, amma bu, hər şeydən əvvəl, vətəndaş-yazıçının bütün həssasiyyəti ilə Vətənin ağrılarına hopması idi...
Südabə Ağabalayevanın "Karvan yolu, tənha yolçu", "Vaxtın nə günahı", "Zamanla üz-üzə" kitabları və "Azərbaycan" jurnalında dərc olunmuş yazıları öz əlvan düşüncə improvizələri ilə təkcə publisistikamıza deyil, çağdaş Azərbaycan ədəbiyyatşünaslığına da fərqli və həzin üslub mədəniyyəti gətirməkdədir.
Son illərin publisistika kitabları arasında Fəridə Səfiyevanın Heydər Hüseynov haqqında yazdığı "Bir ömrün iziylə" kitabında Heydər Hüseynovun həyatının faciəli sonluğu, bu tragik sonluğa yol açan səbəblər, özəlliklə, nadir arxiv materiallarının təqdimatı ilə ilk dəfə açıqlanır. Fəridə Səfiyevanın kitabı mürəkkəb, qarışıq və iztirab dolu dövrün ən kədərli məqamlarından birini işıqlandırır. Eyni zamanda qaranlıqları işıqlandırır. Mircəfər Bağırovun fikir həyatmızın, konkret isə Heydər Hüseynovun başına gətirdiyi müsibətlər, dediyim kimi, kitabda indiyə qədər cəmiyyətə məlum olmayan arxiv materiallarının, sənədlərin dili ilə təqdim edilir.
Yazdığı publisistik əsərlərlə ölkəmizin ictimai-siyasi həyatının olduqca mühüm məqamlarını ədəbiyyatın predmetinə çevirən Elmira Axundovanın Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Azərbaycanın Xalq yazıçısı fəxri adına layiq görülməsi bədii publisistikanın ədəbiyyatın digər janrları ilə eyni status qazanmasına rəsmi vəsilə oldu.
Müstəqillik dövrünün publisistikası cəmiyyətdə yaddaş kultunun bərqərar olmasına böyük töhfələr verib. Ədəbiyyat nəzəriyyəsi kontekstində də bu, vacib nüansdır. Bu istiqamətdə Rafael Hüseynovun, Vilayət Quliyevin, Qəzənfər Paşayevin yazıları ayrıca bir mərhələ kimi dəyərləndirilməlidir.
Yuxarıda Anarın "Yaşamaq haqqı" kitabı barədə fikirlərimi bölüşmüşdüm. Əslində, Azərbaycan miqyasında yaddaş kultunu ən qapsamlı şəkildə bu kitab ehtiva edir. Orda millətimizə, milli tariximizə dəxli olan, eləcə də bütöv Azərbaycanın tarixi və taleyi ilə bağlı hər şey var və bütün bunlar, "Yaşamaq haqqı"nı Azərbaycanın yaddaş kultuna çevirir.
"Yaşamaq haqqı"ndan sonra Anar "Söz dünyası" üçcildliyinin ikinci cildini təqdim etdi. Kitab "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda görkəmli ədəbiyyatşünasların iştirakı ilə geniş təhlil olundu. Filologiya elmləri doktoru Elnarə Akimova həmin müzakirədə belə bir fikir səsləndirdi: "Özündə xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini, milli özünüdərk proseslərini, millət kimi formalaşmasına xidmət göstərən amilləri, cərəyanları, fikir adamlarının talelərini, məfkurə mücadilələrinin kodlarını daşıyan belə kitablar zaman keçdikcə daha qiymətli, daha gərəkli statusa malik olur".
Yeri gəlmişkən, "Ədəbiyyat qəzeti"ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn, "Onlar az sayları ilə cəmiyyəti irəli apara bildilər..." başlığı ilə təqdim etdiyimiz müzakirədə milli məfkurəmizin yaranmasına səbəb olan cərəyanlar, "Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə" sərlövhəsi altında təqdim olunan müzakirədə cümhuriyyət ideyalarının qaynaqları, "Repressiya: Gizlin və gerçəkləri ilə..." mövzusunda keçirdiyimiz müzakirədə Azərbaycanda 1937-ci il repressiyaları mütəxəssislərin iştirakı ilə təhlil olunub. "Kərkük və Azərbaycan ədəbiyyatı soylu, köklü bir ədəbiyyatdır" müzakirəsini kərküklü qonaqlarla, mühacirət ədəbiyyatımızın problemlərini türkiyəli alimlərlə bir yerdə gerçəkləşdirmişik, Cənubi Azərbaycan amili hər zaman qəzetin prioritet mövzularından olub və bu mövzuda müzakirəmizi də "Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə..." kontekstində təhlil etmişik.
Tofiq Məliklinin "Suyu axtaran adam" əsəri bədii publisistikamızda hadisə sayıla biləcək kitablardandır. Doğrudur, müəllif bu əsərin janrını avtobioqrafik roman olaraq təyin edir. Haqlıdır. Bu mövzuda kitablar bizdə nadir hallarda yazılır. Sabir Əhmədlinin "Yazılmayan yazı", Seyran Səxavətin "Qaçaqaç" romanlarında müəllifin obrazı hansı funksional xarakter daşıyırsa, Tofiq Məliklinin "Suyu axtaran adam" əsərində də mərkəzi personajın, əsas obrazın özü kifayət qədər ciddi intibalar doğurur. Elə buna görə də bu kitab Azərbaycan bədii nəsrində olduğu kimi, Azərbaycanın bədii publisistikasında da nadir əsərlərdən hesab olunmalıdır.
Fazil Güneyin "Dilmanc" kitabını da elə bu şəkildə dəyərləndirməliyik. Əsər Fazil Güneyin vaxtilə dilmanc kimi çalışdığı Suriya, İraq, Liviya kimi ölkələrdə ictimai-mədəni həyatın, siyasi-hərbi durumun təsvirini verir. Etiraf etməliyik ki, Fazil Güneyin "Dilmanc" əsəri təkcə publisistikamızın deyil, bədii nəsrimizin, memuar ədəbiyyatmızın da dəyərli nümunələrindəndir.
Professor Nizaməddin Şəmsizadənin "Mən kiməm: müxtəsər həyatnamə" kitabı özünün soykökü, yetişdiyi mühit, həyatı, taleyi, yaradıcılığı, müasirləri və yaşadığı zaman haqqında müşahidə və mülahizələrindən ibarətdir.
Akif Əli bədii publisistikanın aparıcı təmsilçilərindəndir. Amma onun Ömər Faiq publisistikasını xatırladan mücadil üslubu zaman ötdükcə esse ruhuna keçid etdi. "Yaradan" kitabını oxuduqca inanırsan ki, məhz bu məqamda, yəni bədii publisistika ilə esseistika baxımından janr təyini şərtidir. Əsas məsələ yazıçılıqdır.
Qəşəm Nəcəfzadənin "Yerdən aşağı, göydən yuxarı" kitabında təqdim olunan yazılar bədii publisistika ilə esseistikanın qovuşağında yaranmış mətnlər toplusudur.
Vaqif Bəhmənlinin Qəzənfər Paşayevlə söhbətini əks etdirən "Həyat düşüncələri", yaxud Şuşa yaddaşımızın ən maraqlı səhifələrindən biri olan "Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun söz xalçasından butalar" - "Bağlı qapı açaram" kitabları xatirə və zaman anlayışını Vətən müstəvisində çevrələyir. Millətimiz üçün gərəkli yaddaş məxəzinə çevrilir.
Hüseynbala Mirələmovun "Şərəfsizlik tarixi", yaxud Vernadski prospektində" kitabı təkcə müəllifin deyil, ümumiyyətlə, Azərbaycan bədii publisistikasının son dövrdə erməni terrorizmi barədə ortaya qoyduğu maraqlı və zəngin mənbələrdən biridir. Etiraf edək ki, bu kitab erməni terrorizminin qanlı mənzərəsini təqdim etmək baxımından mənəvi miqyasına görə nadir kitabdır. Erməni terroru ilə yaralanmış bütün tariximiz bu kitabın səhifələri arasındadır.
Yunus Oğuzun "Tarix ibrətdir" kitabı fəlsəfi-tarixi-publisist düşüncələr toplusudur. Əsər yazıçı-publisist qələmi ilə yaradılmış esseistika nümunəsi kimi düşündürücüdür. Yunus Oğuza görə, Azərbaycan insanı etnopsixoloji sosiumdur və daşıyıcıdır, özündə keçmişi gələcəyə daşıyır. Ona görə də dövlətin əsas sərvəti olan insanı xurafatlaşmadan, manqurtlaşmadan, cahilləşmədən, zombiləşmədən qorumaq və xilas etmək hər kəsin borcudur. Politik təfəkkürlə yazılmış bu kitab aydınlaşdırır ki, biz keçmişdən bu günə nə gətirmişik və etnopsixoloji sosium bu gündən gələcəyə nəyi daşıyır. Yunus Oğuzun publisistikasından söz düşmüşkən, bir vacib məqamı xatırlatmadan keçə bilmirəm. 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını da o, qələmə almışdı. Söhbət Şuşa barədə deyil, böyük zəfərdən sonra Şuşada yazılmış ilk publisistik yazıdan - Yunus Oğuzun "Mən Şuşada yazıram" məqaləsindən gedir...
Məruzəmin əvvəlində dedim ki, XX yüzilin əvvəllərində Avropada gəlişən estetikalara çıxışımız da milli publisistikamızın hesabına mümkün olmuşdur. İndi həmin missiyanı ədəbi tənqid yerinə yetirir. Çağdaş ədəbi tənqid isə son illərdə sələflərin universal yaradıcılıq təbiətini yenidən ehya etməkdə, həyata qaytarmaqdadır.
Elnarə Akimovanın "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" kitabında toplanan yazılar həmin dalğanın XXI yüzilin əvvəllərində yenidən və təbii ki, yeni məzmunda hərəkətə gəlməsindən soraq verir.
Mətanət Vahidin yazıları da elədir. Özü demişkən, "esselərini usandırıcı akademizmin triviallığını ədəbiyyatımızdan uzaqlaşdırmaq üçün yazır". Bu baxımdan, onun qələmə aldığı esselər ədəbi tənqidlə publisistika arasında şəffaf bir bağ kimi müşahidə olunur. Mətanətin "Ədəbiyyat və reklam", "Ədəbiyyat və yeddi not", "Ədəbiyyat və iqtisad", yaxud "Qalib ölkənin vətəndaşı olmaq" məqalələri essedirmi, publisistikadırmı, ayırd etmək çətindir, amma həqiqətdir ki, bu yazılar esseistikamızın da, publisistikamızın da, ədəbi tənqidimzin də ortaq dəyərli mətnləridir.
"Güzgü günü" kitabında ədəbi tənqidin çərçivələrindən kənara çıxan Rüstəm Kamal təxminən yeddi ildir ki, "Ədəbiyyat qəzeti"ndə Azərbaycan yazıçılarının əsərlərini psixoanalizin predmeti kimi təhlil edir.
Cavanşir Yusifli əsasən "Ədəbiyyat qəzeti"ndə dərc olunan esseləri ilə dünyada gedən nəzəri prosesləri Azərbaycan ədəbiyyatşünaslığına tətbiq edir. Gənc ədəbi nəslin yazdıqlarını dünya ədəbi-estetik və nəzəri prinsipləri ilə şərh edir. Bu isə özümüzü tanımaq, çağdaş dünya ədəbiyyatındakı yerimizi müəyyənləşdirmək baxımından zəruridir.
Pərvinin "Vəziyyət ruscadır", Günel Natiqin "Ədəbi talelər", Ramil Əhmədin "Orxan Pamukun evində", Ülvi Babasoyun "Doğumun unuduluşu" kitabları esseistika ilə publisistikanın qovuşuğundan yaranmış yeni düşüncə dalğasının mətnləridir...
Nargisin "Metakədər" kitabının üslubu da, obrazlar sistemi də yenidir. Antik və modern miflər Nargisin qələminə gözlənilmədən sıçrayır, düşüncələrinə maneəsiz sirayət edir.
Hədiyyə Şəfaqət yazılarında hadisənin, həyatın, insanın, mətnin ezoterik, metafizik qatlarına enir.
Dediyim kimi, bəzən janr təyini barədə düşünməyə ehtiyac qalmır. Bəlkə ona görə ki, önəmli olan mətndir. Məsələn, İlya Erenbuqrun Parisdən yazdığı publisistik qeydlərini, kim çağdaş anlamda esseistikanın ən yaxşı nümunələri ilə müqayisə etməz. Yaxud Andre Moruanın "Ədəbi portretlər"ini hansı janra aid edə bilərik?
Anar da "Yaşamaq haqqı"nın janrını müəyyənləşdirməkdə tərəddüd edir.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun 1990-cı illərin elmi-ədəbi xarakterini yansıdan "T.Mustafayinin ədəbiyyat söhbətləri" kitabının ardınca bu yaxınlarda "Müxbir üzvün qeydləri" kitabı da işıq üzü gördü. Qarabağ savaşının zəfərlə bitən atmosferində yazılmış bu kitab, əslində, Azərbaycan ədəbi tənqidinin və bədii publisistikanın Zəfərnaməsi mislində dəyərli və önəmli kitabdır.
Yazıçı-publisist Mustafa Çəmənlinin musiqi tariximizdə müstəsna yeri olan sənət xadimləri haqqında, eləcə də tanınmış jurnalist Vasif Quliyevin Qarabağ tarixi, xüsusilə Şuşa barədə qələmə aldığı silsilə yazılar publisistikamızın uğurlu nümunələri kimi dəyərləndirilməlidir.
Zemfira Məhərrəmlinin bir çox mənalarda ədəbiyyatımızın Qarabağnaməsi olan "Bədii düşüncədə Qarabağ" kitabı yazıçı tənqidinin "Ədəbiyyatlaşan Qarabağ" səhifəsidir. Kitabının mütaliəsi zamanı diqqətimi həssas bir məqam cəlb etmişdi və ona yazdığım ön sözdə bunu ayrıca qeyd etmişdim: Müəllif otuz ildən sonra həm "Ömür kitabı"nı təhlil edir, həm də Qarabağdakı qələbəmizi vəsf edən Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması barədə fikir söyləyir. Kifayət qədər fərəhli faktdır.
II Qarabağ savaşı günlərində publisistika ədəbiyyatın aparıcı janrına çevrildi. Böyük zəfərimizdən sonra meydana çıxan publisistika içərikli kitablar saysız-hesabsızdır. Mən isə onlardan üçünü xatırlatmaq istəyirəm: Azərbaycan Yazıçılar Birliyinin hazırladığı, ideya müəllifi Xalq yazıçısı Anar, redaktoru və Ön sözün müəllifi Rəşad Məcidin olduğu "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı, Elçin Hüseynbəylinin ön sözü və redaktorluğu ilə nəşr olunmuş "Bütün yollar Şuşaya aparır" kitabı, bir də Mirmehdi Ağaoğlunun azad olunmuş ərazilərdən ilk reportaj toplusu olan "Zəfərin izi ilə" kitabı. İdeya-estetik planda bir-birinin davamı olan və bir-birini tamamlayan bu kitabları niyə fərqləndirirəm. 1. "Qarabağ dastanı" işğaldan azad olunmuş bölgələrimizi təmsil edən yazıçı və şairlərimiz tərəfindən yazılıb və həqiqətən, epos içərikli dəyərli kitabdır. 2. "Bütün yollar Şuşaya aparır" Vaqif məqbərəsinin bərpadan sonra yenidən açılışı və Vaqif Poeziya Günlərinin materialları, yazıçılarımızın 30 ildən sonra Şuşaya ilk səfərinin təəssüratlarını əks etdirən yazılar əsasında hazırlanıb və konseptuallığı ilə fərqlənir. 3. "Zəfərin izi ilə" dediyim kimi, işğaldan azad olunmuş bölgələrdən ilk reportajlar toplusu kimi tarixi məzmun kəsb edir.
Dəyərli dostlar, diqqətinizi bir məqama yönəltmək istəyirəm. Anar müəllim qurultayqabağı hesabat xarakteri daşıyan bu məruzəni hazırlamağı mənə tapşıranda 2020-ci ilin fevralıydı. Sonra bəşəriyyətin başı üzərinə koronavirus dumanı çökdü. Dünyanın bütün işləri, o cümlədən Azərbaycan yazıçılarının qurultayı da, oradakı məruzələr də, təbii ki, arxa plana keçdi. Ardınca II Qarabağ savaşı başlandı... Tarixi zəfərimizlə yekunlaşan bu savaşın xalqımıza, tariximizə nə verdiyi bəllidir. Savaş dönəmində ədəbiyyatımız da ordumuzla bir yerdə Şuşanın fəthində iştirak etdi. Bu zəfərin Azərbaycan yazıçılarına bəxş etdiyi bəxtiyarlıq sözlə ifadə edilməz. Amma Azərbaycan Yazıçılarının XIII qurultayının Şuşada keçirilməsinin özü istər ədəbi, istər estetik, istərsə də mənəvi baxımdan ən böyük ədəbiyyat faktıdır.
Önəmli və fərəhli, həm də qürurverici olan budur ki, düşüncə həyatımızın XXI əsri istər ədəbiyyatımız, istərsə də ictimai fikrimiz üçün Qarabağın fəthi ilə yeni və fərqli müstəvidə başladı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!