“Vaqon”da Dağlarca ilə poeziya və həyat söhbətləri… - Tofiq MƏLİKLİ

 

Deyirlər, həyat maraqlı macəralardan ibarətdir.

Olsun, amma onu gözəlləşdirən macəralar olsun.

V.Şklovskiy

 

Çağdaş Türkiyə poeziyasının klassiklərindən olan Fazil Hüsnü Dağlarcanın yaradıcılıq yolu hər zaman özünün təkrarolunmazlığıyla fərqlənmişdir. Çoxsaylı axın və məktəblərdən kənarda qalaraq, bütün ömrü boyu inadla və durmadan poeziyada özünü və özünəxası olanı axtarmışdır. Fazil Hüsnünün məhz özünəməxsusluğa can atması, ədəbiyyatda öz sözünü demək istəyi, milli mədəniyyətdə sırf özünə aid yeri tapmaq cəhdləri Dağlarca yaradıcılığını "tənha məktəb", "türk poeziyasında başlı-başına bir cərəyan" kimi qiymətləndirməyə əsas vermişdir. Bu təsnifatı inkar etməyərək, əlavə etmək istərdik ki, hər şeyə rəğmən, Fazil Hüsnü yaradıcılığı türk ədəbiyyatı və mədəniyyətilə qırılmaz şəkildə bağlıdır. Onun yaradıcılığı ədəbiyyatın inkişafına nəinki zidd deyildi, əksinə, ümumi axının bir parçasıydı. Onun poeziyası çağdaş türk ədəbiyyatının bədii simasının təşəkkülünə sürəkli təsirini göstərmişdir və bu gün də göstərməkdə davam edir.

Fazil Hüsnü Dağlarca anadan şair doğulmuşdu, onun istedadı Allah vergisiydi. Orijinal düşüncə tərzi, dünyaya baxışı, özünə məxsus üslubu onu fövqəladə dərəcədə yeni, fərqli bir ədəbi dünya yaratmış unikal şəxsiyyət və sənətkar kimi formalaşdırmışdı. "Fazil Hünü Dağlarcanı heç bir şairlə müqayisə etmək olmaz, o, heç kimə bənzəmir, hamıdan kənardadır, özünəməxsusdur, onda hər şey yenidir: mövzu da, forma da, dil də, müqayisəyə ehtiyac varmı? O, sənətdə və həyatda tamamilə yeni və bambaşqa bir şey axtarır" deyən, "müasir türk tənqidinin atası" sayılan Nurullah Ataç çox haqlı idi..

Mən Dağlarca ilə 1969-cu ildə A.S.Puşkinin yubiley tədbirlərində iştirak etmək üçün Moskvaya gəldiyində tanış olmuşdum. O vaxta qədər biz onunla üç il məktublaşmışdıq. Onun Moskvaya gəlişindən sonra tanışlığımız möhkəm dostluğa çevrilmiş və bu dostluq 2008-ci ilə, ta onun ölümünə qədər davam etmişdir. Təxminən bu qırx il ərzində əlaqələrimiz kəsilməmiş, saysız görüşlərimiz olmuş, davamlı məktublaşmışdıq. Bütün bunlar Fazil Hüsnü şəxsiyyətinin vacib tərəflərini görməyimə, parlaq istedadının özəlliklərini təsbit etməyə imkan yaratmış, onun sənətə, həyata baxışı ilə tanış olmağa kömək etmişdir. Aşağıdakı yazıda Dağlarca ilə apardığımız bu söhbətlərin bəzi maraqlı məqamları ilə tanış ola bilərsiniz.

Uzun illər İstanbula hər gəlişimdə ilk işim Fazil Hüsnü Dağlarcaya zəng etmək olurdu. Telefonun dəstəyindən tanış səsi eşidilirdi.

- Sənsən? Xoş gəldin. Səni "Vaqon"da gözləyirəm.

İstanbulun Asiya yaxasına, Kadıköyə gedən bərəyə minib, Fazil Hüsnünün 70-ci illərdən bəri yaşadığı Mərmərə sahilində yerləşən "Vaqona" gəlirdim. O, haylı-küylü, qələbəlik Avropa yaxasındakı Aksaraydan buraya köçmüşdü. Burada - havasında ötən əsrlərin əks-sədası duyulan, sakitliyini yalnız ləpələrin ahəngdar, kəsilmək bilməyən səsi pozan Kadıköydə şair rahat nəfəs alır və işləyirdi.

Sahilə enib avtobusların son dayanacağı olan meydanı keçən kimi "Vaqon" kafesiylə qarşılaşırdım.

Kafenin interyeri adına tam uyğun gəlirdi. Yarımdairəvi tavanlı uzunsov sahə həqiqətən qatarın vaqonunu xatırladırdı. Yalnız kupe və ikinci rəflər çatmırdı.

Əslində "Vaqon" bildiyimiz kafelərdən deyildi, daha çox klub idi, burada gündəlik qəzetləri gözdən keçirmək, tavla-nərd, bric oynamaq, televizora baxmaq olardı. Lap mərkəzdə böyük bilyard stolu vardı, ətrafı həmişə mübahisə edən adamlarla dolu olurdu. Bunlar, necə deyərlər, sərbəst peşə sahibləri - yazıçı, jurnalist, rəssamlardı. Kadıköyə köçəndən sonra Fazil Hüsnü "Vaqon"un daimi müştərisi olmuşdu. Məhz o vaxtdan kafe yaradıcı ziyalıların görüş və qızğın diskussiya yerinə çevrilmişdi.

Burada bir arayış verməliyəm. "Vaqon" kimi kafelər indiyədək İstanbulun mədəni həyatında önəmli rol oynayır. Şairlərin, nasirlərin, rəssamların, musiqiçilərin İstanbulda müntəzəm toplandıqları, söhbət etdikləri, kitablar haqqında təəssüratlarını bölüşdükləri, toplananları yeni əsərləri ilə tanış etdikləri, günün maraqlı hadisələri barədə dartışdıqları sevimli yerləri vardı. Çox vaxt bu kafelərdə yeni ədəbi nəşrlərin ideyası doğar, ədəbi manifestlər tərtib olunar, şeir məktəbləri yaranardı. Bəziləri üçün kafelər iş yeriydi. 40-cı illərdə "Müsərət" kafesində hələ o vaxt çox gənc Rifət Ilqaz, Hüsaməttin Bozok, A.Qədir və Ömər Faruk "Yürüyüş" dərgisinin saylarını hazırlayırdılar.

Şair və tənqidçi Saleh Birsel özünün "Kafelər kitabı" və "Bəyoğlu, Bəyoğlu" əsərlərində qeyd edir ki, "İstanbul kafelərinin tarixi müasir türk ədəbiyyatının tarixidir". Həqiqətən də "Eptalafos" və "Çiçek pasaji" kafelərində baş verən olayları bilmədən Səid Faiqin həyat və yaradıcılığının bəzi faktları sirr olaraq qalacaqdı, "İkbal" kafesinə baş vurmadan Orxan Kamalın yaradıcılıq fəaliyyətini anlamaq çətindir. "Nisuaz" kafesilə isə Orxan Vəlinin həyat və yaradıcılığının bəzi sirlərini özündə saxlamaqdadır...

"Vaqon" Fazil Hüsnü Dağlarcanın həyatında belə bir kafe oldu. Demək olar ki, hər gün nahardan sonra buraya gəlirdi. Kafedə onu dostları, gənc şairlər, yazıçılar, pərəstişkarları gözləyirdi. "Türk dili dərgisi"ni yaratmaq, dərginin redaktorluğunu Əhməd Miskioğluna tapşırmaq fikri elə burada doğmuş, seçilmiş əsərlərinin nəşri barədə "İnkilab" nəşriyyatıyla razılığa burada gəlmişdilər...

Pəncərənin yanındakı masada oturub Dağlarca ilə poeziyadan, incəsənətdən, ölkələrimizdə, həyatlarımızda baş verən hadisələrdən danışırıq.

Bu söhbətlərin tarixi qırx ili əhatə edir. İlk dəfə belə söhbət 1969-cu ilin iyununda Fazil Hüsnü Dağlarca Sovet İttifaqına gələndə başlamışdı. Bu söhbətlər məktublarımızda, Moskva və İstanbuldakı saysız görüşlərimizdə davam etmişdir. Dediyim kimi, söhbətlərimiz heç bir çərçivə ilə məhdudlaşmırdı, bizi narahat edən və maraqlandıran hər şeydən danışardıq. Amma hər halda söhbətlərimizin başlıca bir mövzusu vardı, bütün yollar Romaya apardığı kimi, bizim Fazil Hüsnü Dağlarca ilə bütün söhbətlərimiz də bir məxrəcdə birləşərdi. Bu mövzu Poeziya idi. Bunun da "günahkarı" özünü poeziyasız, poeziyanı özü olmadan təsəvvür etməyən Fazil Hüsnüydü. "Yaxşı, poeziya nədir?" - deyə şairə sual verdim.

- Bu, bütün varlığımla xidmət etdiyim həyatımdır. Poeziya varlığımın mənası və məqsədidir. Uşaqlıqda elə bilirdim ki, insanlar məktəbə yalnız şeir yazmağı öyrənmək üçün gedirlər. Bu gün, bu yaşda belə əminəm ki, bu dünyada poeziyaya görə yaşayıram. Mənə elə gəlir ki, insanlar Allah və Poeziyanı kəşf etməsəydilər, onları mən yaradardım. Zaman-zaman səslər eşidilir ki, müasir insanlar poeziyaya biganədilər, bu, o deməkdir ki, bir gün onun sonu gələcək. Bu, doğru deyil. Poeziya yer üzündə sonuncu insanın məhvilə yox olacaq. Poeziya əbədidir, Allah və Sevgi kimi.

- Belə olan halda poeziyanın əsasını nə təşkil edir?

- Səmimiyyət və obrazlılıq - poeziyanın iki ayağıdır. Bunlarsız poeziya sənəti mümkün deyil.

Şairə öz düşüncələrini xatırladıram: "lirizm və obrazlılıq poeziyanı poeziya edir".

- Burada heç bir ziddiyyət yoxdur, - Fazil Hüsnü etiraz edir. - Səmimiyyət lirizmi özündə əks edir, səmiyyət öz-özlüyündə lirikdir. Bu, bizim sərt və amansız əsrimizdə özünü daha açıq bir şəkildə göstərir.

Fazil Hüsnü çox eksperimentlər edirdi, daim yeni şeir formaları, bədii ifadə vasitələri axtarışındaydı. Daim poetik dilini kamilləşdirir, almaz cilalayıcısı kimi sözləri cilalayırdı. Dağlarcanın poetik dil problemlərinə bu sürəkli diqqəti nəylə bağlıdır?

- Poeziya, hər şeydən əvvəl, söz sənətidir. Burada nə deyildiyindən daha çox, necə deyildiyi önəmlidir. Xalq poeziyamızda belə bir beyt var: "Üzündə göz izi var, sənə kim baxdı, yarım". Üstündən neçə əsr keçib, amma bu kiçik şedevr hələ də öz ifadəsiylə adamı heyran edir. Poeziya sənətin heç bir növünə bənzəmir. Musiqi səslərlə, rəngkarlıq rənglər vasitəsilə yaradılırsa, poeziyada sözlər sadəcə vasitə deyil, bu sənətin mahiyyətidir. Sənətkarın ustalığı elə sözləri uzlaşdıra bilməsindədir.

- Bu, əsərin formal cəhətdən üstün olmasına gətirib çıxarmazmı? Və ya məzmunun dəyərinə təsir göstərməzmi?

Suallarımı dinləyib, Dağlarca qımışaraq cavab verdi:

- Xeyr, təsir göstərməz. Çünki məndən asılı olmadan, hər bir şeir öz formasını, dilini, ahəngini müəyyən edir. Bu necə baş verir? Elə bir hiss keçirirəm ki, sanki daxilimdə duluscu dəzgahına bənzər dairə var, bu şeirlər orada hazırlanır. Mənə də özümü dinləmək və hiss etdiklərimi ifadə etmək qalır. Gizlətmirəm, bəzən elə olur ki, bu və ya digər şeirin yaranmasına özüm məəttəl qalıram.

- "İstedad, - Şalom Aleyxem deyir, - pul kimidir: Əgər varsa, var, yoxdursa, yoxdur". İstedad, Allah vergisi olmadan nə şair, nə rəssam, nə də musiqiçi olmaq mümkündür. Lakin olimpi fəth etmək üçün bir tək istedad yetərlidirmi?

- Min kərə "yox" deyirəm. Yalnız istedadın üzərinə çalışqanlıq gələrsə, uğur qazanmaq olar. Həyatım boyu çox parlaq, istedadlı insanlar görmüşəm, elə Kəmaləddin Kamunu götürək, onlar ədəbiyyatda özlərini ona görə ifadə edə bilmədilər ki, zəhmət çəkmədilər, istedadlarnı püxtələşdirmədilər. Bir neçə yaxşı şeir yazıb, ədəbiyyat meydanından getdilər.

- Çalışqanlıq ilk növbədə, - Dağlarca davam edir, - fikrin, həm də tənqidi fikrin aktiv çalışmasıdır. İstedadı inkişaf etdirmək üçün bu işlədiyin sahədə olanları dərk etməyə yetməz, dərk etdiklərinə də tənqidi yanaşmalısan. Bir də, hər bir şair, nasir daim yazmalıdır ki, sözlə rahat işləyə bilsin, özüylə dil arasındakı məsafəni minimuma endirə bilsin. Daşa forma vermək üçün tonlarla lazımsız material çapıb tökən heykəltaraş kimi şair elə nəhəng söz ehtiyatından sadəcə 100, 150 və ya 300 söz seçərək bunların köməyilə özünün bənzərsiz əsərini yaratmalıdır. Sənətkarın ustalığı onunla müəyyən edilir ki, öz fikrini, düşüncəsini ifadə etmək üşün adekvat forma tapa bilsin. Bunun üçün daim çalışmaq, eksperimentlər aparmaq lazımdır. "Uşaq və Allah" kitabında bir şeirim var, orada bir feil belə işlənməyib. Bu şeiri özümü, imkanlarımı yoxlamaq üçün yazmışdım. Daim çalışdığımdan əsər üçün gərəkli ölçünü, quruluşu, ahəngi tapmağı tez öyrəndim.

- Məsləhət üçün gənc şairlər sizə tez-tez müraciət edirlər. Onlara nə deyirsiniz, hansı məsləhətləri verirsiniz?

- Öz orijinal əsərlərini yazmağa başlamadan öncə hər bir gənc şairimiz keçmiş təcrübəni, klassik və şifahi ədəbiyyatı kökünə qədər öyrənməlidir. Məsləhət üçün mənə müraciət edən gənc şairlərə adətən deyirəm: "Həvəskar deyil, əsl sənətkar olmaq istəyirsinizsə, dediklərimə əməl edəcəksiniz: əlli ədəd ümumi dəftər alacaqsınız, çünki bizim ənənəvi poeziyamızda əlli ölçü var -otuz beşi əruzda, on beş hecada. Sonra bu dəftərin üzərində göstərilmiş ölçülərə müvafiq olaraq şeirlərlə doldurun. Dəftərlərin əllisini də doldurduqdan sonra mənə gətirəcəksiniz. Şeir ölçülərini düzgün işlədib-işlətmədiyinizi yoxlayacağam. Hər hansı bir ölçünü mənimsəmədiyinizi görsəm, o zaman daha bir dəftər doldurmağınız lazım gələcək. Ta məqsəd hasil olmayınca, yəni ölçülərin sirlərinə yiyələnmədikcə, beləcə davam edəcək. Bundan sonra bütün dəftərlərinizi yandırıb, özünüzün orijinal şeirlərinizi yaza bilərsiniz. Bu məsləhətləri dinləyib, gənc şairlər soruşurlar ki, bütün bunlar nəyə gərəkdir, axı biz sərbəst şeirlər yazmağı düşünürük? Məsələ də elə bundadır, deyirəm onlara, sərbəst şeir yazmaq üçün siz əvvəlki bütün şeir sistemlərini, bütün ölçü və formaları bilməlisiniz: bunları öyrəndikdən sonra zahiri deyil, daxili harmoniyaya malik sərbəst şeir yazmağın nə qədər çətin olduğunu, sərbəst şeirin zahirən nə qədər aldadıcı olduğunu anlayacaqsınız".

Bu məsləhətlərində Dağlarca şəxsi təcrübəsinə istinad edirdi, hələ hərbi liseydə oxuyarkən özü də indi gənc şairlərə məsləhət etdiyi kimi başlamışdı. Uzun illər əruz və heca vəznlərini tam şəkildə mənimsəmək məqsədilə şeirlər yazmışdı. Yalnız bundan sonra Fazil Hüsnü sərbəst şeirə keçmişdi.

Fazil Hüsnü Dağlarca türk ordusunda on beş ildən artıq xidmət etmişdir. Deyirlər, iş insanın xarakterinə öz möhürünü vurur, onun təfəkkürünə, dünyabaxışına təsirini göstərir. Orduda xidmət Fazil Hüsnüyə nə verdi?

- Ordu, hər şeydən əvvəl, mənə intizamlı olmağı, daha doğrusu, özünü nizamlamağı öyrətdi, öz vaxtına, işinə intizamla yanaşmağı öyrətdi. Bundan başqa, orduda xidmət insandan müşahidə qabiliyyətini, hadisə və faktları dəyərləndirmək bacarığını inkişaf etdirir. Bilirsənmi, zabit hər gün tabeliyində olanların zahiri görünüşlərinin nizamnamə tələblərinə nə qədər uyub-uymadığını yoxlamalıdır. Bax beləcə, zamanla məndə bir baxışla əsgərlərdən kimin formasının düymələrini axıra qədər bağladığını, kimin bağlamadığnı görmək qabiliyyəti yaranmışdı. Yeri gəlmişkən deyim ki, ilk oxunuşda çox zəhmət çəkmədən yeni yazılmış əsərin nöqsanlarını görə bilirəm. Digər tərəfdən, orduda xidmət, təəssüf ki, aktiv şəkildə Qərb, dünya mədəniyyətinə qatılmağa imkan vermir. Bu çatışmazlığı ordudan istefa etdikdən sonra haqlaya bildim.

- Siz Nazim Hikmətlə tanışdınız?

- Təəssüf ki, yox. Mən orduda xidmət edirdim. İstanbulda gec-gec olurdum. Onunla görüşməyi çox istəyirdim, amma mümkün olmadı. 1937-ci ildə tutuldu...

Həyatın hər bir yönünə böyük maraqla yanaşan Fazil Hüsnü Dağlarca şair olaraq sevgi kimi önəmli mövzuya uzun müddət nadir hallarda müraciət etmişdir. Ancaq 70-ci illərdən sonra məhəbbət lirikası şairin əsas janrlarından birinə çevrilmişdi. Onun yaradıcılığının ilk mərhələsində sevgi şeirlərinə, demək olar ki, yer verilməmişdir. "Bu, nəylə bağlıdır?" - deyə Fazil Hüsnüdən soruşuram.

- Gəncliyimdə, - deyir şair - həmkar yaşıdlarımın çoxunun yaradıcılığında sevgi şeirləri əsas yer tuturdu. 30-cu illərdə ədəbi dərgi və qəzetlərin səhifələri bu şeirlərlə dolub-daşırdı, çoxu da zəif, bəsit yazılardı. Bu hal məndə etiraz doğururdu, zamanla da sevgi mövzusundan tamamilə uzaqlaşmağıma səbəb oldu. Özlüyümdə qərara aldım ki, sevgi şeirləri yazmayacağam.

Həqiqətən də, nadir istisnalar nəzərə alınmazsa, Fazil Hüsnü Dağlarca uzun illər bu prinsipə əməl etmişdir. Lakin son illər tez-tez şairin qələmindən cəsarətlə intim lirikaya aid edilə biləcək şeirlər çıxmağa başlamışdır. "İncimiş" kitabı meydana çıxdı, "Sevmək" kitabı çap olundu. Bu, sevgi lirikasının tabusunun qaldırıldığı demək deyilmi?

- Bəli, son illər az sevgi şeiri yazmamışam, - Fazil Hüsnü Dağlarca qəfildən sükutu pozdu. - Nə gizlədim, yetkin yaşımda ağır bir sevgi dramı yaşadım. O vaxt elə vəziyyətdəydim ki, hər cür ağılsızlıq, dəlilik edə bilərdim. O vaxtlar, ən bəsit musiqi canıma üşütmə salırdı, məni ağlada bilirdi, qəlbim isə əzabdan üzülürdü. Allah bunu mənə bir daha yaşatmasın. Bir sözlə, gözəl bədbəxt sevda macərası yaşadım.

- Bədbəxt sevgi gözəl ola bilərmi?

- Ola bilər. Məncə, xoşbəxtliklə bitən sevgini gözəl adlandırmaq olmaz, çünki belə halda xəyalınızda yaratdığımız məhəbbət yox olur .

Bir dördlük-haydidə bunumu demək istəyirdi Dağlarca:

 

Səni sevər-sevməz,

Sezərəm birdən-birə

Səni sevdiyimi sevmişəm

Səni sevmək yerinə.

 

Fazil Hüsnünün sevgi haqqında düşüncələri Kafkanın sözləriylə səsləşir: Mən, hətta, səni də deyil, sənin vasitənlə mənə bəxş edilmış həyatı sevirəm".

- Sevgi şeirləri yazan şairlər, - Dağlarca fikrini bir az da açıqlayır, - elə zənn edirlər ki, öz məhrəm duyğularını yazırlar. Bu, yanlış təsəvvürdür. Uzun illər sonra mən konkret bir qadına şeir həsr edərkən, birdən anladım ki, şeirin bu qadına çox uzaq aidiyyəti var. Konkret ilham mənbəyi olmasına baxmayaraq, mənim sevgi lirikam təxəyyülümdə yaratdığım qadına ünvanlanmışdır. Bu səbəbdən əminəm ki, bu şeirlər bütün qadınları gözəlləşdirməyə qadirdir, çünki eyni vaxtda bütün qadınlara müraciət edirəm...

Cəsarətli açıqlamadır, deyilmi?

Əlbəttə ki, şair təbiətli bütün insanlar kimi, Fazil Hüsnü Dağlarca sevib də, sevilib də, həm də bir dəfə yox. Həyatında önəmli rol oynayan qadınlar gəlib-keçmişdir. Lakin evlənməyib. Dağlarcadan bu barədə birbaşa soruşmağa cəsarət etmirəm, ona görə də ailə həyatı barədə nə düşündüyünü soruşuram:

- İnsani münasibətlərin ailə həyatı kimi ənənəvi forması zamanla aradan qalxacaq. Çünki bu bir insanın digərinin azadlığına təzyiqinin ən bəsit formasıdır. Bir insan on, iyirmi, otuz, qırx, əlli il başqa insanla bağlı ola bilməz... Əslində bu bağlılıq elə indi də yoxdur, lakin insanlar, cəmiyyət inersiya ilə özünü doğrultmamış nikah institutunu dəstəkləməkdə davam edirlər. Bu gün evli olanların çoxunun həyatları iki paralel axan, bir-birinə qovuşmayan çaya bənzəyir.

Fazil Hüsnü Dağlarca uzun həyatını tənhalıqda keçirmişdir. Azadlıq bezdirici deyilmi?

- Mənim tənhalığım lüğətdə sözün tənhalığına bənzəyir, - deyə şair cavab verir.

Bu poetik ifadə Fazil Hüsnü Dağlarcanın həyatını ən gözəl şəkildə açıqlayır. Bu tənhalıq ona özünü tamamilə poeziyaya həsr etmək imkanı verir. Son görüşlərimizin birində elə də dedi:

- Poeziya naminə mən iki barmaq və bir gözümdən başqa hər şeyimi qurban verməyə hazıram: barmaqlar qələmi tutmaq üçün, göz də nə yazdığımı görmək üçün lazımdır.

1987-ci ildə Fazil Hüsnü Dağlarcaya İstanbulda keçirilən Beynəlxalq kitab yarmarkası mükafatının verilməsilə bağlı tanınmış türk şairi və tənqidçisi Əhməd Oktay yazırdı: "Fazil Hüsnü Dağlarca ilk kitabını əlli il əvvəl nəşr etdirmişdir. Əlbəttə ki, şairin böyüklüyü bununla ölçülmür. Biz türk poeziyasının durmadan yenilənməsi uğrunda onun yarıməsrlik fəaliyyətini xatırlamalıyıq. Fazil Hüsnü Dağlarca sağlığında artıq abidəyə çevrilib...".

Əhməd Oktayın sözləri mübaliğə deyildi. Hələ sağlığında yaşadığı küçəyə onun adı verilmiş, elə oradaca abidəsi qoyulmuş, evi muzeyə çevrilmişdir. Böyük istedad, sonsuz zəhmətsevərlik, kamil sənətkarlıq, sözün sehri Fazil Hüsnü Dağlarcanı - tənhalığın dahisini müasir türk poeziyasının klassiki, çağın böyük şairi etmışdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!