Cavanşir YUSİFLİ
Orxan Həsəninin "Qırmızı ayaqqabılar" hekayəsi ən azı iki baxımdan çox maraqlıdır: onun yaradıcılığındakı yeni, nəsr potensialını müəyyən dərəcədə açıb göstərən güzgü misalında və müharibədən necə yazmalı məsələsində...
Yaxın günlərdə, elə son 30-40 il ərzində müharibədən çox sayda əsərlər yazıldı, bu əsərlərin böyük bir qismi müharibənin insan qəlbində açdığı yaraları, onun hiss və duyğularına təsirini göstərə bilmədi. Belə deyək, ən müxtəlif hadisələrin təsviri insan qəlbinin dibində yuvalanan ağrılara, ümid və qüssəyə gedib çata bilmədi. Sıravi Rayanla bağlı filmi (Sıravi Rayanı xilas etmək...), məşhur kino lentini hamı bilir, tanıyır, o filmdə hadisə xarabazarının içində bir əsas məsələ hər şeyin fövqündədi: ailənin yeganə uşağını qorumaq. Müharibənin faciə və kədəri, çəkilməyən dərdləri bu hər şeyin fövqündə dayanan məsələdədi. Dediyimiz kimi, iki Qarabağ müharibəsindən bəhs edən əksər əsərlərdə hadisələr şəbəkəsi, olaylar yumağı, adına nə desəniz deyin, - var, amma bütün bunların fövqündə dayanan nəsnə yoxdu, özü də yerli-dibli. Bunun özü bəlkə də təbiidir, çünki həmin mövzu rakursu inanılmaz dərəcədə dəyişməyi, başqa, tam fərqli üsluba yiyələnməyi, insan qəlbinin pıçıltılarını başqa bir mövqedən dinləməyi tələb edir. Müharibə mövzusu təhlükəlidir, yazdığın əsəri, həmin o düzgün, uyar mövqeni seçə bilmədikdə tez bir zamanda şablona, şüar və mənasız nəsnəyə çevirə bilir.
Orxanın hekayələri, daha doğrusu, hekayə yazmaq, təhkiyə qurmaq tərzi çox fərqlidir. "Qırmızı ayaqqabılar"la "İnziva" (bu hekayə hələ heç bir yerdə dərc edilməyib) adlı hekayəni oxuyun, iki fərqli üslub görəcəksiniz. Bu o deməkdir ki, Orxan orijinal görünməyə yox, tam fərqli yazı tərzlərinə yiyələnməyə çalışır. Bacarırmı? Axtarışlar, eksperimentlər davam edir. Başı bu fərqi yaratmağa qarışdığından onların necə qarşılanmağı, anlaşıqlı olub-olmaması ilə maraqlana bilmir. Ən yaxşısı elə budur. Həcmcə çox kiçik olan "İnziva" bir neçə mərtəbədən ibarətdir, insan keçmişindən, zaman boyu rastlaşdığı əşya və duyğuların basqısından əziyyət çəkir. Belə olduğu üçün mətndə hər şey - düşüncənin daxili dinamikası metaforik planda açıqlanır: Bax, keçidə burulan qadın külək olub süzüldü, nazildi, kölgə kimi qaranlığa qarışdı. Maşın siqnallarına sürtünüb sağ çıxan ətri burnumu həzlə oxşadı. Bəyaz çantasının üzündə dolaşan, qıvrılan qırmızı naxışlar pivə bakalından qalxan qabarcıqları xatırlatdı. Orxanın demək olar bütün hekayələrində, xüsusən bu iki hekayədə əşyalarla təmas, onları təhkiyə ərazisinə gətirib mənalandırmaq tərzi çox orijinaldır və qəribədir ki, bu əşyalar hamılıqla fəzada süzür. Nə mənada? Bir məqamda sənə elə gələ bilər ki, nəqli də məhz həmin əşyalar (kitab, çörək qırıntısı, qovurcuq, köpük...) icra edir. Bu bir az da qəribə effekt yaradan epitetlər, bənzətmələr bircə sətirdə də nəfəs dərib dayanmır. Davam edir, oxuduqca həmin epitetlərin bir-birini necə irəli apardığının da şahidi olursan. Bu üsul, yəni metaforaların sırasının getdikcə sıxlaşması mətni anlamağı çətinləşdirsə də, bir məqamda gerçəkliklə üz-üzə gəlir, aydınlıq kor bucaqların olduğu yerdən qalxır, günəş kimi... Kölgə və işığın oyunu təhkiyənin sərhədləri boyu rəqs edir, sözün həqiqi mənasında. "Qırmızı ayaqqabılar" küysüz mətndir, hər şey, bütün olub-keçən sükutun dilindən danışılır. "İnziva"da işıqla kölgələrin rəqsi...
Bu metaforik plan güzgü rolunu oynayır, bu güzgüdən baxanda bəlkə də həyatı görə bilərsən, ancaq qəhrəmanın yadına düşmür bu, dünyayla onun arasındakı keçid nə qədər şəffaf olsa da, yol yoxdu, hər addım (torpağa damcı-damcı düşən addımlar... - bu isə "Qırmızı ayaqqabılar" hekayəsindəndir...) onu qaçıb yaxa qurtarmaq istədiyi keçmişə aparır. İnziva mümkün deyil, bu gerçəklikdə insan heç özü-özüylə tək qala bilmir, başqaları eşitsə də o, öz səsini eşidə bilmir... Bu hekayədə bizi yeyib-gəmirən gerçəklik metaforik planda ən mükəmməl şəkildə cızılır. İnsan üçün normal duyğu olan həssaslıq əlin, dirsəyin nəyəsə toxunduğu anda qiyamət qopur.
"Qırmızı ayaqqabılar" hekayəsində yazı metodu bu hekayədəkinə yaxın olsa da, çox fərqlidir. Metaforik-şərti plan dərinləşdikcə dərinləşir, baxmayaraq ki, mətn asan oxunur, bəlkə kiminsə hansı qərinədəsə unutduğu nəğmə kimi oxunur, nəsrin oynaq janrı olan hekayə keçmişin səslərini, sönmüş, dayanmış ürəklərin nəğməsini dirildə bildiyi üçün unikal imkanlar vəd edir. Hər iki hekayədə yaddaş problemi var, ancaq kiminsə yaddaşdan əziyyət çəkməsi anlamında yox, yaddaşın nəfəs alması kontekstində. Qaranlığın sunduğu sakitlik sərin-sərin bədənimi çulğadı və yaddaşım nəfəs aldı ("İnziva" hekayəsindən). Bu yaddaş nəfəsi "Qırmızı ayaqqabılar"da daha sürətli hiss edilir, "İnziva"da ağır-ağır. Niyə? Ən azından bunu deyək: "Qırmızı ayaqqabılar"da şəhid olmuş (Həmin gün 26 sentyabrdır, əzizim. Mən sabah öləcəm. Müharibənin ilk günü. Adi ölümlərdən biri. Minaya düşəcəm. Gözlərim dolacaq, amma ağlamayacam....) əsgər, qırmızı ayaqqabılı qızın nişanlısı öləcəyini bilir... Orxan müharibə sözünü bircə dəfə çəkməklə dərdin ən ağrılı yerinə toxunub... "Ölümdən əvvəl hər şeyi xatırlamaq istəyəcəm - avtobusda yanaşı əyləşməyimizi, sürətdə əvəzlənən şəhər mənzərələrini, insanların üzünü, yarımçıq oxuduğumuz kitabların müəlliflərini, telefon nömrəni, ibtidai sinif rəhbərimizin adını, univerisitetdəki ilk dərsimizi, xalangilə aparan avtobusun nömrəsini və həmin günü...".
Hekayədə, ümumən hekayə janrında da "yaddaş problemi" var. Bunu izah edək.
2
...Nəsrdə yazı üslubları, gördüyünü, şüuraltında, ürəyinin hansısa qatında saxlanılan nəsnələri qələmə alma metodu bilmədiyimiz qədər fərqlidir, biz bu fərqləri sadalamaq istədikdə zənn etdiyimizdən çox şeylər yaddan çıxır. Adicə hekayə də belədir, yazırsan, bu proses məhz nələrinsə əvvəlcə yavaş, sonra sürətlə unudulmasına əsaslanır, belə bir "unutqanlıq" olmadıqca yazı - hekayə, ya roman alınmaz. Yazmaq unutmaq sənətidir. Amma bizə elə gəlir ki, biz nələrsə yada düşdükcə, xatirələr canlandıqca yazmağa başlayırıq. Yazanda hər şeyi arxada qoyub hər şeyi sürətlə unudursan... Nələrsə tez-tez, sürəkliliklə xatırlanırsa bu artıq son nəfəs anlamına da gələ bilər, sürəkli yada salmada bədii mətnin hansısa layı unudulan nəsnələrlə dolur, bu iki lay arasında qarşılıqlı nüfuzetmə mətnə hörülən hansısa duyğunu göstərmək, vizuallaşdırmaq anlamına gəlir. "Qırmızı ayaqqabılar"da belədir, hər şey sürəklə yada salınır, son dəfə, elə bir vəziyyətdə ki, adicə nöqtə boyda bir hadisə unudulsa, bayaqdan qurula-qurula gələn kompozisiya dağılar; hekayədə bir yerdə qırmızı ayaqqabılı qız unutqanlıq edir: sinələrində ağ əmcəkləri telefon düymələri kimi düzülən itlər üçün çörək qırıntılarını yığdığı torbanı götürməyi unudur. Demək, bu artıq son gündür, insan ikinci belə unutqanlıq edə bilməz, çünki bunları xatırlayan qız yox, 26 sentyabrda şəhid olacaq nişanlısıdır. Qəribədir, bu tarix mənim də doğum günümə düşür...
"Qırmızı ayaqqabılar", məncə, Orxanın hələlik ən yaxşı təhkiyəsi sayıla bilər: metaforik düşüncəni ən uyar şəkildə lirik, psixoloji... diskursa çevirə bilməsi ilə. Orxanın üslubunda çox maraqlı nüanslar var, bütöv mətn kölgəylə işığın və ümumən səs və rənglərin oyunundan toxunsa da, o, sanki bir cümləlik mətn yaradır, məsələn, bu hekayədə o cümlədən bir neçəsi var: Bakıda insanlar sanki tənəffüsdə olduğu kimi yaşayırlar, bu şəksiz ki, çox gözəl bir müşahidədir, eyni zamanda şüuraltının müdaxiləsidir, Orxan hekayələrdə modern gedişlər edir, mətn əslində, "mən sabah öləcəm" deyən adamın kədərinə çevrilməyə macal gəzir və bu kədər qırmızı ayaqqabıların, təhkiyənin sel kimi axıtdığı sirli səslərin, işıq və kölgələrin fonunda gerçəkləşir. Bu gedişlərə cəhdin izlərinə onun "İnziva" hekayəsində də rastlanmaq olur. Həmin hekayədə arxitektonika quruluşu mürəkkəb olduğundan mətnin "mərtəbələri" arasındakı əlaqələr bəzən çox zəif təsir bağışlayır. Sanki mətləbin çözümü bu mərtəbələr, səviyyələr arasında ilişib qalır. Sanki hekayənin içində, bədii mətnin özündə olan nələrsə, yaxud olmayan nələrsə mənzərənin, görüntünün daha da tündləşməsi ilə sonuclanır. "Qırmızı ayaqqabılar" hekayəsinin arxitektonikası fərqlidir, hekayədə təhkiyə sanki yuxuyla reallıq arasındakı nazik şülüzlərin arasıyla keçib maddiləşir. Birinci hekayədə küy getdikcə çoxalır, burda arındıqca arınır. Nazik telə dönür, onun qırılma ehtimalı yuxuyla reallığın, həyatla məzarlığın sərhədindən keçir. Oxuduqca qüssəni, dərdin özünü, kədərin üzünü görmək həmin təhkiyə modusu sayəsində gerçəkləşə bilir.
Elə buna görə də bu hekayədə sözlər həm əsasdı, həm də belə deyək, görünməmək üçündü, birinci halda qeyd etdiyimiz rəng və səslər məhz onların içindən çıxır, efirə qarışır, təsvir məqamlarında bu hal mükəmməl ifadə olunur, su şüləyinin qıvrım söyüdlərin altında sivişib pəncərəni öpməsi, tora dəyib canını itirməsi, su damcılarının qövsi-qüzeh monitorunda əksi və sair bu kimi fraqmentlərdə sözlərin çəkdiyi rəsmlərin ilıq rəngləri anidən qarışır, ayrılır, yaranan spektrin gözəlliyin özü olduğuna rahatca aldanmaq istəyirsən, amma bütün bunların mahiyyətində indicə doğulub insanları, bütün mahalı yerlə-yeksan edəcək ağrı da var, yəni dünyada, bu göylərin altında nə varsa elə sözlərin canındadı, Füzuli demişkən, söz candı əgər bilirsə insan, bu məqamı oxuduğun anda uşaqlıqda oxuduğum bir şeirlə assosiasiya yaranır, əsgər ilk anda döşünü dəlib keçən yaradan axan qanı qızılgülə bənzədir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!