Taleyin yazısı... - Gülxani Pənah Rəsul Rza haqqında yazır

 

Gülxani PƏNAH

Filologiya elmləri doktoru

Hərdən təsadüflərə inanıram, hərdən yox. Amma tale yazısına çox inanıram. Uşaqlığımdan ədəbiyyata, şeirə, sənətə vurğun olmuşam. İbtidai sinfi bitirəndə, bu gün də unutmuram, sinif müəllimim bizə böyüyəndə hansı sənəti seçəcəyimizlə bağlı bir inşa yazdırmışdı. O zaman yazmışdım ki, mən şair olacağam. Sinif müəllimim Əsmayə müəllimə gülərək demişdi, "bir şairimiz çatmır". Onda içimdə bir az qırılmışdım, uşaq qəlbim ondan bir az incimişdi də. Amma illər keçdi, yuxarı siniflərdə oxuyanda məktəb divar qəzetinin redaktoru seçildim, hər həftə məktəb divar qəzetini yeniləyirdim, məktəbin şagirdlərinin bir-birini itələyərək orda yazılmış yazıları oxuduqlarını görəndə elə sevinirdim ki...

İllər keçdi, orta məktəbi bitirdim, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə daxil oldum, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Fərhad Zeynalov, Xalid Əlimirzəyev, Şamil Qurbanov... kimi böyük ədəbiyyat adamlarından dərs aldım. Tələbəlik illərindən böyük sənətkarların qayğısını gördüm... universitetdə Bəxtiyar müəllim bizə Azərbaycan ədəbiyyatını tədris edirdi. Biz məktəb illərində böyük sənətkarlarımızla yanaşı, Bəxtiyar Vahabzadənin əsərlərini əli çıraqlı gəzirdik, tapırdıq, oxuyurduq. Bəxtiyar müəllim bizə Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid, Süleyman Rüstəm, Rəsul Rza yaradıcılığının böyüklüyündən, onların sənətkarlıq imkanlarının zənginliyindən mühazirələr oxuyurdu.

Tale elə gətirdi ki, mən arzuladığım dünyanın insanlarının arasına düşdüm. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda çalışarkən bugünkü gəncliyin ancaq kitablarını oxuduğu o böyük sənət dühalarıyla tez-tez rastlaşırdım. Onların kitablarının müzakirələrində iştirak edirdim. Onların çoxu ilə demək olar ki, hər gün görüşürdüm. "Natəvan" klubu onların demək olar ki, hər gün yığışıb söhbət etdiyi, yeni yazılarını bir-birinə oxuduğu doğma məkan idi. Kommunist senzurasının buxovladığı arzu və istəklərini ifadə edən əsərlərinin necə müdafiəyə qalxdıqlarının da şahidi olmuşam.

Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirlərdə, iclaslarda dövlətin ali qurumunda çalışan Mirzə İbrahimovu, Süleyman Rüstəmi. Rəsul Rzanı... şəxsən görmüşəm. AYB-də çalışdığım illərdə AYB-nin sədri Xalq yazıçısı İmran Qasımov idi. Yadımda bir epizod da qalıb ki, "Natəvan" klubunda Xalq yazıçısı Elçinin AYB-nin katibi vəzifəsinə seçilməsi ilə əlaqədar bir təqdimat da oldu. O zaman İsak İbrahimov, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə məsul vəzifələrdə çalışırdılar. İsmayıl Şıxlı "Azərbaycan" jurnalının baş redaktoru, Xalq şairi Qabil baş redaktor müavini idi.

Natəvan klubunda gedən qızğın müzakirələr, gərgin anlar, yaşanan sarsıntılar yaddaşıma həkk olunub. Amma yaddaşımda gözəl bir xatirə də qalıb. 

O zamanlar tələbə idim. Həm oxuyurdum, həm də işləyirdim. Xalq şairimiz  N.Həsənzadə Ədəbiyyat fondunun (o zamanlar "Litfond" deyirdilər) direktoru idi. Hər gün gələn qəzet və jurnallar "Natəvan" klubuna gətirilirdi və gündəlik mətbu orqanlarla yazıçılarımız klubda tanış olurdular. Elə olurdu ki, onları oxumaq üçün gəlib götürürdülər.

Litfondda aylıq maaşımı alıb gələn günü Nəriman müəllimin stolunun üstündə də olan xeyli qəzet və jurnalları götürüb "Natəvan" klubuna gətirdim. Klubda iki böyük stol vardı. Qəzetləri yerbəyer elədim, səliqəyə saldım və birdən yadıma düşdü ki, əlimdə pulum da vardı. Baxdım ki yoxdur. Bütün qəzetlərin arasına baxdım, axtardım, bir az da itirmək həyəcanı məni sıxdı... Pulu tapa bilmədim. Çıxdım qapıdan, ətrafa baxa-baxa qalxdım yuxarıya, qızların yanına. Litfondda Sona vardı, yaşca bir az məndən böyük olardı, ondan soruşdum ki, bəlkə yerə düşüb... O da maaşımı götürəndən sonra qəzetləri götürmək üçün Nəriman müəllimin kabinetinə girdiyimdən keçdi onun otağına. Nəriman müəllim də məsələni bildi, pərt oldum ki, gərək gəlməyəydim. O da Sonaya yanımdaca dedi ki, otaqlardan, redaksiyalardan soruşun, ola bilər düşüb götürən olar... bilsinlər ki, kimin pulu itib.

Məni xəcalət təri basmışdı... utandığımdan bilmirdim neyləyim, tərs kimi "Azərbaycan" jurnalı redaksiyasının qapısında Qabil müəllim bizi gördü, "nə axtarırsan, ay Sona" deyəndə Sonanın yerinə özümü itirdim... Sona məni sıxıntıdan qurtardı, dedi ki, get kluba, tapan olsa göndərərlər ora...

Gəldim zala. Pulumu itirməyimdən çox, bu xəbərin yayılmasından utanırdım. O gün pul tapılmadı. Litfondda qızlar da hiss edirdim ki, heyifsilənirlər...

Sabahı gün getdim işə. Günortaya qədər zaldan çıxmadım, rəhmətlik Kübra xanım vardı, üzü gülməzdi, gəldi zala ki, İmran Qasımov "Kommunist" qəzetinin bir həftəlik bütün nömrələrini istəyir. Hiss elədim ki, məsələdən xəbəri yoxdu. O, zaldan çıxanda elə bil üstümdən dağ götürüldü...

Günortadan bir az keçmişdi. Adı yadımda dəqiq qalmayıb, qız vardı, Seva deyə çağırırdılar, həmişə rusca danışırdı, o gəldi ki, İsmayıl Şıxlı səni çağırır.

Getdim İsmayıl müəllimin otağına. Qeyd edim ki, İsmayıl müəllim demək olar ki, hər gün gəlib o qəzetlərə baxardı... çox ciddi, zəhmli adamıydı...

Otaqda tək idi. Stolunun üstündəki qəzetə bükülmüş kitabı əlinə götürdü və mənə dedi:

- Bu kitabı Rəsul müəllimə aparıb vermək lazımdır.

Mən Rəsul müəllimin harada, hansı idarədə işlədiyini bilmirdim. Şəhəri də əməlli-başlı tanımırdım. Amma İsmayıl müəllimin də sözünü yerə sala bilməzdim. Necə də olsa aparacaqdım.

- Rəsul müəllimin oturduğu yerin ünvanını kuryer bilir, onunla gedəcəksən. Aşağıda səni gözləyir. Verəcəyi amanatı da gətir, - deyib kitabı mənə uzatdı, - İsmayıl Şıxlı göndərib deyərsən.

Kitabı götürüb çıxdım. Lətif Vəliyev vardı. O da "Natəvan" klubunun direktoru idi. Ondan öyrəndim ki, Rəsul Rza Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının baş redaktorudur.

Kuryer orta yaşlı adam idi. Mən də şəhəri tanımayan bir kənd uşağıydım, onunla birlikdə  gəldik redaksiyaya. O, həyətdə dayandı, mən qalxdım pilləkənlərlə...

Girişdə bir qadın vardı. Gəlişimin səbəbini bilib "gözlə" deyib, içəri keçdi, tez də döndü.

Mən otağa girəndə böyük bir mizin arxasında oturmuş Rəsul Rzanın zəhmindən çaşdım. Özümü itirsəm də tez ələ almağa çalışdım. Kitabı verdim və "İsmayıl Şıxlı göndərib" dedim. Kitabı götürdü, qəzeti sakitcə açdı və içində bir kitab vardı. Qəzeti də səliqəylə qatlayıb kənara qoydu. Mən də gözləyirəm ki, get desin və qaçım çıxım bu otaqdan. Onun ağır baxışları, zəhmi indi də gözlərimin önündən getmir.

Yavaşca başını qaldırıb stolu göstərdi.

- Çək stolu otur, - dedi.

Oturdum.

- Çoxdan işləyirsən Yazıçılar Birliyində?

- Beş aydır.

- Həm də oxuyursan.

- Bəli.

Sakitcə böyür tərəfdən deyəsən siyirtməni çəkdi. Ordan götürdüyü pulu uzatdı mənə sarı.

- Say pulu.

Mən də düşündüm ki, İsmayıl müəllimin dediyi amanat yəqin, budur. Götürdüm. Saydım, 75 manat, içim gizildədi, dünən itirdiyim maaş gəldi düşdü yadıma.

- Nə qədərdir?

- 75 manat.

- Sənin bir aylıq maaşın.

Duruxdum. Özüm də bilmədən "bəli" dedim.

Mən qəfildən onun üzündə elə bir qəribə təbəssüm hiss etdim ki, bütün buzum çilk-çilik oldu. Allahım, elə mehriban bir səslə danışırdı ki... - İnsan özü öz zəhmətinə dəyər verməlidir. Pulunu itirmisən, koridorda yerdə idi... İsmayıla dedim ki, o zəhmətinin qədrini bilməyən uşağı göndərsin bura görüm kimdir?

Səsindəki mülayimlik, incə məzəmmət...

- Əlimdə çoxlu qəzet və jurnallar vardı, arasından düşüb... -deyə bildim.

Rəsul müəllimlə təhsilimlə, yaradıcılığımla bağlı az-maz söhbət etdik. Uzun sözün qısası; Məni Azərbaycan Dövlət Universitetinə çəkib gətirən arzularıma müvəffəqiyyətlər arzuladı...

Yanılmışdım... Rəsul Rzanın yaddaşıma həkk olunan zəhmli baxışlarını görmüşdüm, amma böyük sənətkarın görünən zəhmini, sərtliyini mum kimi əridə bilən gözəl ürəyini də mən görə bildim.

Sabahı gün işə gəldim, İsmayıl müəllimi görmədim. İki gün sonra İsmayıl müəllim adəti üzrə səhər "Natəvan" klubuna gəldi, ona təşəkkürümü bildirəndə sakit və təmkinli bir səslə dedi:

- Rəsul müəllim dedi ki, o uşağa qayğı göstərin, çünki o, puldan çox qəzet və jurnalları qiymətli bilir...

İsmayıl müəllim iki dəfə "Azərbaycan qadını" jurnalında yazılarımın çapına kömək edib. "Ulduz" jurnalında yazılarımın çapında Yusif Səmədoğlu, Mövlud Süleymanlı, Vaqif Bayatlının böyük rolu olub...

Mənim, bəlkə də, bədii yaradıcılığımla yanaşı, elmi fəaliyyətimi də davam etdirməyimdə məhz bu böyük sənətkarların yaradıcılığının araşdırılması, tədqiqatı arzusu böyük rol oynayıb.

İllər keçir. Mən dedim sözümün əvvəlində ki, təsadüflərə yox, tale yazısına inanıram. İllərdir Rəsul Rzanın oğlu, Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyində çalışıram və bütün yazarlara olduğu kimi, özümə də hörmətini, qayğısını görürəm.

Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının inkişafında xidmətlərimə görə 2010-cu ildə "Rəsul Rza", bu il də "İsmayıl Şıxlı" adına mükafata layiq görüldüm. Və ürəyimi qürurla dolduran odur ki, bu mükafatı mənə Xalq şairi Rəsul Rzanın oğlu Anar və İsmayıl Şıxlının oğlu Elçin Şıxlı təqdim etdi. Bundan böyük qürur duyuram. Bu iki böyük sənətkarlarla bağlı xatirələrimi sizinlə bölüşərkən gəncliyə böyük qayğının səbəbkarlarına olan hörmət və ehtiramımı da ifadə etmiş oluram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!